“Dağlar nəğməsi”
Əsərləri iyirmidən çox dünya dillərinə
tərcümə edilən görkəmli şair,
dramaturq və publisist
Hidayətin bu yaxınlarda Özbəkistanda
daha bir kitabı
işıq üzü görmüşdür.
"Mənəviyyat" nəşriyyatında çap olunmuş "Dağlar nəğməsi" şeirlər
kitabını Azərbaycan ədəbiyyatından
çoxsaylı tərcümələr etmiş
istedadlı özbək şairi Osman Kuçkar özbəkcəyə
uyğunlaşdırmışdır. Nəfis poliqrafik
icrası, bədii və texniki tərtibatı
ilə göz oxşayan
şeirlər toplusuna Özbəkistanın
xalq şairi Osman Əzim ön söz yazmışdır.
Ön
sözə müəlliflə görüşünün
tarixçəsindən bəhs etməklə başlayan
Osman Əzim 2005-ci ildə Bakıya səfərindən
də söz açmışdır:
"Mən Azərbaycan şairi Hidayət
ilə ilk dəfə 1982-ci ildə Gürcüstanda görüşmüşdüm.
Orada sabiq İttifaq şairlərinin iştirakı ilə
böyük poeziya
bayramı keçirilmiş, müxtəlif
respublikalardan gəlmiş sənətkarların
müxtəlif dillərdəki şeirləri səslənmişdi.
Bu törəndə mən
Gürcüstanın Mayakovski adına
Dövlət mükafatına layiq görüldüm. Bu mükafatla
məni ilk təbrik edənlərdən biri də Hidayət olmuşdu.
2005-ci ildə Azərbaycanda çap olunan "Dünya ədəbiyyatı"
jurnalının baş redaktoru
Səlim Babullaoğlunun təşəbbüsü
ilə bir dəstə özbək şairini Bakı şəhərinə dəvət
elədilər. ...Bakı şəhərinə
gəlib çatan kimi
poeziya törənləri, ədəbi
söhbətlər, Bakı şəhərinin tarixi yerlərinə səyahətlər bir-birini əvəz etməyə
başladı. Səhərisi günü bizi Azərbaycan Respublikasının Milli siyasət məsələləri üzrə
dövlət müşaviri Hidayət
Xuduş oğlu Orucovun qəbul edəcəyini dedilər. Böyük
kabinetdə cüssəli, səmimi bir insan qapı önündə bizi
gülərüzlə qarşıladı. O, bundan
təxminən iyirmi il
əvvəl Gürcüstanda görüşdüyümüz həmin şair Hidayət idi".
Ön söz müəllifi
yazır ki, mən bu
söhbət əsnasında hansı vəzifədə
işləməsindən asılı olmayaraq,
Hidayəti hər şeydən əvvəl ədəbiyyatın
qüdrətinə inanan, onun
bəşər sivilizasiyasındakı yeri
və rolunu dərindən hiss
edən yazar kimi kəşf
etdim.
Özbəkistanın
xalq şairi qeyd etmişdir ki, şeir haqqında
danışmaq xeyli çətin məsələdir.
Çünki onda şairin yüksək duyğuları, ahəngləri,
bədii məharəti, şeir dili adilik kəsb edir. Nəzmi tərcümələr
haqqında danışmaq isə ikiqat
çətin məsələdir. Çünki
belə poetik əsərin arxasında
artıq həm şairin özü,
həm də onun tərcüməçisi
dayanır: "Lakin Hidayətin
şeirlərini oxuyan şeir
həvəskarı onların bizim qəlbimizə
çox yaxınlığını hiss eləyir. Çünki
onlarda da həmin ana təbiət, məhəbbət, xalqın tarixi, arzu-ümidləri, ana
yurd, Vətən sevgisi,
övladları kamil görmək istəyi,
yer üzündə xeyir
və ədalətin qələbəsi... Bir sözlə, bizə yaxşı
tanış mövzular!"
Osman Əzim
yazır ki, Hidayətin özbək dilinə
tərcümə olunmuş şeirləri
ilə tanış olduğu vaxt bir misra
yaddaşına həkk olunmuşdur: "Ağacsansa - çinar ol!"
Ön söz müəllifinin fikrincə, Hidayət
hansı mövzunu qələmə
alırsa-alsın, ona öz
qəlbinin cilasını, hərarətini bəxş edir, öz poetik-fəlsəfi
xülasələrini sərgiləyir. Buna
görə də bu şeirlər bizi dünyaya dərindən
nəzər yetirməyə, hər bir
vaqiə-hadisənin dərinliyindəki poetik
mənanı qavramağa dəvət edir. Məsələn, Hidayət
Vətən haqqında yazanda ona həmd-səna oxumaq, təntənəli
müraciət etmək, ona özünün hədsiz məhəbbətini
çılpaq və ritorik üsulla izhar etmək yolu ilə getmir. Şair üçün
beşikdəki ana laylası da, min illər əvvəl
yaşamış əcdadların öz güzəranları, arzu-istəkləri
haqda şəkillər həkk etdikləri
Qobustan qayalıqları da,
adamları köçürülüb
kimsəsiz qalmış, ucqar bir kənddə ahəstə ləpələnən
Göygöl (Zəngəzurdakı Göygöl) də, böyük
günahlarla zəngin nurani
keçmiş də,
öz gözəl istiqbalını yaratmaqda olan zəhmətkeş
xalq da Vətənin
ayrılmaz hissələri, bir-birini tamamlayan anlayışlardır.
"Şərq şeiriyyətində ustadlara
ehtiram həmişə yüksək məqamda
yer tutub, onların
xatirəsinə dərin hörmət-ehtiram bəslənilib"
- deyə yazan özbək şairi
bunun səbəbini belə izah etmişdir ki, dahi ustadların
yaradıcılığı, həyat, cəmiyyət
haqqında fəlsəfi görüşləri, bədii
məharəti nəsillər üçün
böyük bir məktəbdir:
"Azərbaycan ədəbiyyatında, o
cümlədən, Hidayətin poeziyasında da
bu cəhət aydın nəzərə
çarpır. Hidayət dünya
ədəbiyyatına Nizami, Nəsimi, Füzuli,
Xətai kimi bir çox dahilər vermiş
Azərbaycanla fəxr eləyəndə həmin ustadların
nə qədər yüksək zirvələr fəth etdiyini, onların qarşısında hər sənətkar
özünü sənətkar adlandırmağa
cürət etmədiyini, xəcalət hissi
keçirdiyini etiraf edir. O cümlədən Hidayət "Nizaminin məqbərəsi önündə"
adlı şeirində "Xəmsə" ənənəsinin
əsasını qoymuş Nizami Gəncəvinin əlçatmaz məqamına
fəxrlə və həvəslə baxır:
Bura qonaq gələn böyük
şairlər
Şair olduğunu demir,
utanır...
Hidayət
həmin şeirinə:
Razıyam,
adicə
gözətçi olum
Belə
əbədiyyət məqbərəsinə! -
misraları
ilə yekun vurur".
Osman Əzim
yazır ki, bu misralarda söhbətin adi
gözətçilikdən deyil, misilsiz irsi göz-bəbəyi
kimi qoruyaraq ona toz toxundurmadan
yeni nəsillərə
çatdırmaqdan getdiyini həssas
şeirsevər dərhal hiss edir.
Hidayətin şeirlərinin
formasından da söz
açan ön söz müəllifi qeyd etmişdir ki, o, "dördlük yazacam", "səkkizlik yazacam"
- deyə əvvəlcədən hazırlanmış
ölçülər əsasında yazmır, onun yaradıcılığında həm heca, həm də sərbəst şəkilləri,
bir ölçü, eyni qəlibə sığmayan sətirlər,
daxili qafiyələr axıb gəlir, hər
bir şeir
özünə uyğun libas,
özünə münasib don
seçir.
Osman
Əzim Hidayətin şeirlərinin çağdaş
özbək şeiriyyəti ilə həmahəng
cəhətlərinin olduğunu vurğulayaraq qeyd etmişdir ki, xüsusən,
onun məhəbbət, vəfa, həya, sədaqət,
mərdlik, düzgünlük, vicdan, halallıq kimi bir sıra mənəvi-ruhi, əxlaqi
anlayışlara insani və poetik münasibəti bu iki xalq şeiriyyətinin bir-birinə nə
qədər yaxın olduğunu göstərir:
"Bax, bu
nöqtədə türk xalqları
poeziyasının, onların hansı torpaqda
kök atırsa-atsın, böyük
bir çinar timsalında
canlandığına, hansı irmaqlardan
axır-axsın, nəhəng bir dənizə
töküldüyünə iman gətirirsən.
Ən qədim daşbitiklərdən tutmuş
Nəvai və Füzuli, Nəsimi
və Məşrəb, Babur və Xətai,
Abdulla Qədiri və Hüseyn
Cavid, Qafur Qulam və Səməd Vurğundan
üzü bəri müntəzəm davam edən ənənələrin əbədi
olacağına inanırsan. Xüsusən
müstəqillik illərində Daşkənddə böyük Azərbaycan şairi
Nizami Gəncəviyə, Bakıda isə
ulu özbək şairi
Əlişir Nəvaiyə heykəl ucaldılması, iki xalq arasında bir çox ədəbi-mədəni
törənlərin keçirilməsi ənənəsi əzəldən
möhkəm olan dostluğumuzun
bundan sonra daha da möhkəmlənəcəyini
göstərir. Bu cərəyanda isə ədəbiyyatın,
o cümlədən poeziyanın öz yeri, vəzifəsi,
öz mövqeyi
vardır".
S.Hacıyeva
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.-S.2.