Mirzə
İbrahimov və XX əsr Azərbaycan ədəbi-nəzəri
fikri
XX
əsr Azərbaycan ədəbi-nəzəri fikri
bütöv bir
anlamdır və onun inkişaf
qanunauyğunluqlarının mahiyyətini obyektiv
şərh etməkdə bu ədəbiyyatı
təmsil edən hər bir fərdin yerini və rolunu obyektiv dəyərləndirməyin zərurəti
gündəmdədir. Azərbaycan xalqının dövlətçilik
və ədəbi-bədii fikir tarixində
müstəsna xidmətləri olan Mirzə
İbrahimov çoxsahəli fəaliyyətində
sənətin nəzəri məsələləri, milli ədəbi irs, dünya ədəbiyyatı, müasir
ədəbi prosesin problemləri xüsusi yer tutur. Mirzə İbrahimovun
ədəbi-nəzəri irsi 30-cu illərdən
əsrin sonuna qədərki böyük bir epoxanı əks
etdirir, onun nəzəri-metodoloji
nailiyyətlərini və ideoloji kontekstini özündə əks etdirir. Belə əhatəli mövzu
haqqında yığcam təsəvvür yaratmaq
üçün onun ədəbi-nəzəri
görüşlərinin müasir tutumu güclü olan bir neçə istiqamətinə
nəzər salacağıq.
1945-ci
ildə təsis edilmiş Azərbaycan Milli Elmlər Akademiyasına iki
yazıçı seçilmişdir: Səməd
Vurğun və Mirzə İbrahimov.
Bunu bir neçə mənada
yozanlar olmuşdur. İlk növbədə hər iki yazıçının ictimai-siyasi
nüfuzu önə çəkilmiş,
onların humanitar fikrimizin
inkişafındakı xidmətləri arxa
planda qalmışdır. Birinci
amilin rolu şübhəsizdir,
lakin XX əsr humanitar
fikrinə yenidən nəzər saldıqda görürük
ki, Səməd Vurğun
və Mirzə İbrahimov hələ
30-40-cı illərdə milli-mənəvi tərəqqiyə
istiqamət verən şəxsiyyətlər idi.
Mirzə İbrahimov bir
alim kimi geniş erudisiyaya, milli və bəşəri ictimai
tutumlu təfəkkür tərzinə malik tədqiqatçı idi.
Onun ilk tənqidi və
nəzəri məqalələrindəki təhlil mədəniyyəti,
elmi məntiq və mühakimə səviyyəsi,
düşüncə tərzinin vüsəti dərhal seçilirdi. Hələ 1939-cu ildə nəşr
edilmiş "Böyük
demokrat" monoqrafiyası dediklərimizə
parlaq sübutdur. Bu monoqrafiya təkcə
Mirzə Cəlil yaradıcılığını əhatə
etmir. Mirzə Cəlil sənətinin milli qaynaqları, onun
qidalandığı rus, Avropa
mədəni irsi bu tədqiqatın
kontekstində dayanır. Azərbaycan ədəbiyyatı
tarixində yeni dövrü
şərtləndirən ictimai-fəlsəfi və ədəbi
amillər Mirzə İbrahimov tərəfindən
güclü elmi məntiqlə,
tarixi inkişaf
prosesində tədqiq edilir. Azərbaycan ədəbiyyatında
realist başlanğıcın
qaynaqları, onun Vaqif,
Zakir poeziyasında dərinləşməsi
və M.F.Axundov yaradıcılığında
yaradıcılıq metodu kimi
reallaşması yüksək təhlil mədəniyyəti
ilə sübut olunur.
Mirzə İbrahimov gənc tədqiqatçı
ola-ola müdrik bir alim kimi
təmkinli elmi intonasiya
ilə danışır. Onun elmi təhkiyəsindəki sanbal,
güclü daxili məntiq
ədəbiyyatımızın böyük
tarixi dövrünün
inkişaf səciyyəsi haqqında dəqiq
təsəvvür yaradır. Şübhəsiz ki, Mirzə İbrahimov klassik irsi dəyərləndirmədə
marksist metodologiyaya əsaslanırdı,
daha doğrusu tarixilik prinsipini rəhbər
tuturdu və bu öz aktuallığını
saxlamaqdadır. Mirzə İbrahimovun milli dövlətçilik təfəkkürü
öz xalqının sahib
olduğu zəngin mənəvi sərvətlərin
zəminində formalaşmışdı. Milli
poetik inkişafın tarixi
mənzərəsinə nəzər salarkən Vaqif sənətinə verilən qiymət bunu ehtiva edir:
"Vaqif klassik ədəbiyyatın
köhnəlmiş ənənələrini pozur.
Şeiri xalqla daha artıq
yaxınlaşdırır, xalq ruhuna uyğun sadə və
təbii şəklə salır. Vaqif
yazılı ədəbiyyatdan daha dərin
tarixə malik olan və
daim geniş xalq kütləsinin həyatını, arzu və istəklərini ifadə edən
canlı, zəngin Azərbaycan folklorunu
yaradıcılığının əsasına qoyur."
"Böyük demokrat"
monoqrafiyasında tarixi ədəbi
inkişafın göstəricisi kimi, realizm kateqoriyası əsas götürülür
və bu fonda ədəbiyyatın
janr, üslub, qəhrəman,
bədii təsvir sistemi baxımından təkamülü
izlənilir. Bədii fikrin tarixi
təkamülü haqqında nəzəri mülahizələr
konkret kateqoriyaların təhlili ilə
reallaşdırılır. Tədqiqatçı ictimai-sosial mühitin ədəbi
inkişaf təsirini doğru
qabardır və bu zəmində çar Rusiyasının imperiya
üsul-idarəsinin mahiyyətini dəqiq müəyyənləşdirirdi:
"Çarizmin soyğunçuluğuna
və hiyləgər siyasətinə düşmən olan Zakirin etirazında
müəyyən dərəcədə geniş
Azərbaycan əhalisinin də etiraz və
narazılığı ifadə olunmuşdur.
Bunun da real ictimai səbəbləri
vardır. Məlum olduğu üzrə, çar idarə sistemi ilə
bərabər, Azərbaycana çarizmin klassik bürokratizmi və
zülmü gəlirdi."
Göstərilən
monoqrafiyanın bugünkü elmi-metodoloji dəyəri Mirzə Cəlil fenomenini müəyyən edən sosial və estetik şərtləri
təkamüldə götürməsidir. Müəllifin M.F.Axundova
ünvanladığı aşağıdakı mülahizəni
o, eyni dərəcədə
Zakir, Haqverdiyev, Vəzirov,
nəhayət, Mirzə Cəlil sənəti timsalında da əyaniləşdirə bilir:
"M.F.Axundovun geniş demokratizmi və qüdrətli realist
ədəbi cərəyanı əvvəlki ictimai-iqtisadi
və ideoloji inkişaf
tərəfindən hazırlanmışdır."
Monoqrafiyada Mirzə
Cəlilin ədəbi fikrin və milli ideologiyanın inkişafındakı misilsiz xidmətləri onun
əsərlərinin bədii sistemində izlənilir. Bədii
əsərin bütün vahidlərini
özündə birləşdirən milli
ruhun və düşüncənin reallaşma məqamları sərrast şərh
edilir: "Ədəbi əsərdə milli xüsusiyyətlər döşdən
asılan lövhə ola bilməz. Bu xüsusiyyətlər realist
əsərin bütün quruluşuna,
bütün yazılışına və
süjet xəttinə üzvi
surətdə daxil olur.
Süjetin inkişafında, surətlərin
böyüyüb boy
atmasında, büllurlaşmasında əsas zəminədir. Bu, yalnız ayrı-ayrı tiplərin,
ünsürlərin iki-üç xarakter sözü təkrar
etməsindən ibarət deyildir. Surətlərin
düşüncə və tipologiyasının, hərəkət
və danışığının xüsusi
şəklidir. Cəlil Məmmədquluzadənin əsərlərində
milli kolorit surətin bütün varlığında, bədii
düşüncəsində və həyatı idrak üsulunda özünü göstərir."
Mirzə
Cəlilin publisistik fəaliyyətinin tarixi mənası, milli
ictimai-mənəvi tərəqqidə yeni
bir epoxanı müəyyən etməsi bu əsərdə - "Böyük
demokrat" monoqrafiyasında bir də ona görə dəqiq
elmi şərhini tapır ki,
müəllif "Əkinçi"dən "Molla Nəsrəddin"ə gedən yolun zaman məsafəsində
xalqın məişətində, yaşayış tərzində,
təsərrüfat fəaliyyətində, siyasi
və mədəni tərəqqisindəki irəliləyişi
mətbuatla həyat arasında apardığı paralel təhlillərlə üzə
çıxardır.
Bu əsər üzərində
geniş dayanmağımızın konkret səbəbləri var.
Öncə, bu əsər çox
gənc, iyirmi səkkiz yaşlı Mirzə
İbrahimovun elmi-nəzəri
hazırlığı, analitik təfəkkür
tərzi, Azərbaycan ədəbiyyatı ilə yanaşı
dünyanın qabaqcıl mədəniyyəti ilə
tanışlığının əyani nümunəsidir.
Digər tərəfdən, Azərbaycanda yeni
dövr ədəbi-bədii təsisatlarını
müəyyən edən amillər doğru
müəyyən edilir, yığcam bir əsərdə yeni bir epoxanın ideya-estetik
mahiyyəti haqqında dolğun təsəvvür
yaranır. Mirzə İbrahimovun bu əsərinin tarixi əhəmiyyətini unudulmaz Yaşar Qarayev çox sərrast
ifadə etmişdir: "Geniş
nəzəri əhatə və miqyas, faktlar zənginliyi, aydın metodologiya,
estetik qiymətin və meyarın dəqiqliyi,
məntiq və ifadə sərrastlığı - bütün bunlar M.İbrahimovun filologiya əsərlərinin
ləyaqətini təşkil edir.
Xüsusən, "Böyük demokrat" - böyük milli klassik haqqında yeni tipli, müasir
kamil metodoloji səviyyədə
yazılmış ilk müştərək
tədqiqat kimi bu
silsilədən olan bütün
sonrakı əsərlərin əsasını qoydu".
Mirzə
İbrahimovun bədii
yaradıcılığında olduğu kimi, ədəbi-nəzəri irsində də
hadisə və faktlara milli
tutumu güclü olan geniş vüsətli
siyasi təfəkkür baxışı mövcuddur. O, heç bir klassiki, ədəbi əsəri
dar çərçivədə qəbul
etmir, onun ictimai-sosial mənasının müasirliyini
önə çəkirdi. Təsadüfi deyil
ki, onun milli və dünya
klassikası, folklor abidələri, müasir ədəbi proses,
o cümlədən sırf nəzəri
səpkili əsərlərində milli-siyasi
xadimin nəfəsi duyulur.
Bunu Mirzə müəllimin 30-cu illərdən
başlayaraq yarım əsrdən
artıq davam edən ədəbi-nəzəri
irsi də sübut edir.
Şekspir, Şiller, Höte, Bayron, Molyer, Hegel, Didro, Russo,
Puşkin, Qoqol,
Krılov, Belinski, Çernışevski kimi 30-cu illər tənqidində intensiv tədqiqat predmeti
edilən ədəbiyyatşünaslığın
yaradıcılıq axtarışları və onun məzmunu haqqında real
təsəvvür yaradır.
Azərbaycan
tənqidi rus və dünya
ədəbiyyatına müraciət etməklə nəzəri
metodoloji səviyyəsini yüksəltmək
yolunda öz praktik imkanlarını genişləndirirdi.
M.Rəfili, Ə.Nazim, H.Zeynallı, M.Arif, M.Cəfər, C.Cəfərov və
başqaları rus və Avropa
ədəbiyyatından tərcümələr etməklə
bərabər nəzəri və təbliği səpkidə
məqalə, kitabça və monoqrafiyalarla çıxış edirdilər.
30-cu illərdən başlayaraq bədii
yaradıcılıqla paralel elm və publisistika sahəsində səmərəli fəaliyyət
göstərən M.İbrahimov da ədəbi-elmi fikirdəki bu
prosesin fəal
iştirakçılarından idi. Azərbaycan
tənqidinin bu istiqamətdəki
axtarışlarını ümumiləşdirən M.İbrahimov onun rus ədəbiyyatına ardıcıl
müraciət etməsinin əhəmiyyətini 1949-cu ildə
yazdığı "Mübariz ədəbi
tənqid uğrunda" məqaləsində
elmi cəhətdən əsaslandırırdı.
"Onun (Azərbaycan tənqidinin -
Ş.A.) rus mədəniyyətini və ədəbiyyatını
daha dərindən öyrənməsi, bu ədəbiyyatın Azərbaycan
yazıçılarına təsirini şərh və təhlil
etməsi, istər tənqidin özünün,
istərsə də bədii
yaradıcılığının inkişaf
yolunu xeyli genişləndirir,
ideyalılıq, reallıq və həyatiliyin dərinləşməsinə
doğru aparır."
M.İbrahimov
yarım əsrdən artıq bir dövrü əhatə edən tənqidi-publisist
yaradıcılığında klassik və
XX əsr rus ədəbiyyatının
görkəmli simaları haqqında müxtəlif münasibətlərlə
bəhs etmişdir. Ədəbi icmal, portret, yubiley məqaləsi, xatirə, nəhayət,
nəzəri problemləri əhatə edən elmi-tənqidi əsərlər
M.İbrahimovun dünya
ədəbiyyatına müraciətinin əsas
formalarıdır. Bu formaları
yazıldığı dövrün ədəbiyyatşünaslıq
qarşısında qoyduğu vəzifələr
və müəllifin konkret məqsədi
müəyyən edir. "Çexov və zəmanəsi",
"Ölməz sənətkar", "Mütəfəkkir
tənqidçi", "Çernışevski", "Böyük yazıçı və
inqilabçı demokrat" məqalələri
30-40-cı illər Azərbaycan ədəbiyyatşünaslığının
nəzəri səviyyəsini yaxşı əks etdirir. Bu məqalələr
tənqid tarixində ilk növbədə
rus ədəbi fikrinin
milli elmi-tənqidi dərki və
qavranılması faktı kimi əhəmiyyətlidir.
M.İbrahimov klassik rus ədəbiyyatını milli
ədəbiyyat tarixi ilə müqayisələr
apararaq təhlil edir,
Azərbaycan ədəbiyyatının realizm
və xəlqilik baxımından sürətlə inkişaf etməsində mütərəqqi rus ədəbiyyatının rolunu
aydınlaşdırır.
M.İbrahimovun rus klassiklərinə həsr etdiyi
məqalələrdə keçmiş mədəni
irsin müasir estetik şərhi əsas yer
tutur. O, Krılov və Qoqol
satirasını, Tolstoy və Çexov realizmini müasir ictimai gerçəkliyin
irəli sürdüyü problemlər
nöqteyi-nəzərindən araşdırır, bu klassik ənənəni
yaşayan, ədəbi fikrin
inkişafına qida verən zəmin kimi qiymətləndirir. İ.A.Krılov
haqqında yazdığı məqalədəki
aşağıdakı mülahizələr bu
baxımdan yerinə düşür.
"SSRİ xalqları isə xeyirlə şərin bugünkü qüdrətli
çarpışmasında Krılovun əsərlərindən
kəskin bir silah kimi istifadə edirlər. Çünki
ölməz və həqiqi bir sənətkar
olan Krılov bütün
ömrü boyu xeyri, xeyirxahlığı tərənnüm etmiş, insanları zülm,
ədalətsizlik, cəhalət və yalana
qarşı mübarizəyə
çağırmışdır" (M.İbrahimov.
"Ölməz sənətkar". Həyat və ədəbiyyat.
Bakı, Azərnəşr, 1947, səh. 114).
M.İbrahimovun klassik rus
yazıçıları haqqında portret
məqalələr yazması Azərbaycan ədəbiyyatşünaslığındakı
mövcud boşluqdan
irəli gəlirdi. Xüsusilə 30-40-cı illərdə rus ədəbiyyatı haqqında milli dildə elmi ədəbiyyatın
azlıq təşkil etdiyi bir vaxt böyük
rus sənətkarlarının həyat və
yaradıcılığı haqqında yazılmış məqalələr
xüsusi əhəmiyyət kəsb edirdi. Bu tipli
məqalələr həmin dövrün
Azərbaycan tənqidində tez-tez
yazılırdı. Lakin bütün
məqalələr orijinal tədqiqatın
nəticəsi olmadığı üçün
şərh olunan problemlər rus ədəbiyyatşünaslığının
təcrübəsinə əsaslanırdı.
Mirzə
İbrahimovun rus
klassikləri haqqında məqalələrində
yazıçı və cəmiyyət, həyat və ədəbiyyat
məsələləri, realizm, xəlqilik
kateqoriyalarının şərhi əsas yer
tutur. Bu keyfiyyət onun məqalələrinin nəzəri tutumunu artırır. Ümumiyyətlə, M.İbrahimovun ədəbi-tənqidi
yaradıcılığını xarakterizə edən
yüksək elmi-nəzəri səviyyə onun
dünya ədəbiyyatına həsr olunmuş əsərlərinin də əsasında
dayanır.
A.Radişev,
İ.Krılov, N.Qoqol, L.Tolstoy,
A.Puşkin, A.Belinski,
N.Çernışevski, M.Qorki kimi klassiklərin
yaradıcılığında əks olunmuş
böyük ictimai mətləblərdən
danışarkən bir tədqiqatçı
kimi M.İbrahimovu böyük rus ədəbiyyatını
yaradan ictimai-sosial məsələlər
düşündürür. Sənətkarın
dünyagörüşünün və estetik baxışlarının
formalaşmasını şərtləndirən amillər
"Lev Tolstoyun realizmi haqqında", "Çexov
və zəmanəsi", "Mütəfəkkir tənqidçi",
"Həyat və həqiqət müğənnisi" kimi məqalələrdə geniş
şərh olunur. Müəllif
haqqında danışdığı
yazıçıların ədəbi mühitini,
xalqla ünsiyyətini, ümumən həyat
yolunun bütün mərhələlərini
onun yaradıcılığındakı
dönüşləri şərtləndirən amillər kimi təhlilə cəlb edir.
Krılov satirasının ictimai satiraya çevrilməsinin, tədqiqatçı
yaradıcılıq prosesinin dialektik mahiyyətindən irəli gəldiyini
göstərir, onun sosial
əsaslarını aydınlaşdırır. Krılovun bir janrdan başqa
janra keçməsini də müəllif
haqlı olaraq yazıçının
yaşadığı dövrün ictimai mətləbləri ilə
bağlayır. Tədqiqatçı Krılov təmsillərinin
rus realist təfəkkürünün
inkişafında rolunu yüksək qiymətləndirir:
"Onun demokratizmi və
ifşaçı realizmi o
zaman çox güclü olan Karamzinin və onun ətrafında
toplanmış dvoryan
yazıçılarının sentimentalizminə qarşı
çevrilmişdi. Bu
sentimentalizm həyat hadisələrini və
varlığı rəngləyir, boyayır, malalayırsa,
Krılovun ifşaçı realizmi əksinə
olaraq, onların üzərindən pərdə
və dumanı qaldırıb həyat və
varlığın həqiqi və canlı cəhətlərini
təsvir edirdi" (M.İbrahimov.
Həyat və ədəbiyyat. Bakı, Azərnəşr,
1947, səh. 151).
Böyük ictimai xadim kimi
rus klassik və sovet ədəbiyyatının Azərbaycanda təbliği
və yayılmasında səmərəli
yaradıcılıq və təşkilati iş
aparan M.İbrahimovun Puşkin, Belinski, Çexov, Tolstoy, Qorki kimi sənətkarların
yubileyləri münasibəti ilə müxtəlif vaxtlarda yazdığı məqalələr adi yubiley məqaləsi
olmayıb bu sənətkarların
yaradıcılığının ən mühüm
problemlərinə həsr olunmuşdur.
L.Tolstoy
haqqında yazarkən M.İbrahimovun məhz
onun realizmini xüsusi təhlil predmeti
seçməsi bir tədqiqatçı kimi onun ümumi
maraq dairəsi ilə bağlıdır. Realizmin bir yaradıcılıq tipi və metodu kimi qaynaqları, onun Azərbaycan
ədəbiyyatında təşəkkülü məsələləri,
eləcə də sosialist realizminin
mühüm yaradıcılıq problemləri
M.İbrahimovun ədəbi-nəzəri
görüşlərində əsas yerlərdən birini tutur. Təsadüfi deyil ki, Azərbaycan ədəbiyyatında
realizmin qaynaqlarına həsr edilmiş ilk
monoqrafiyanın müəllifi məhz M.İbrahimovdur.
Tədqiqatçı
L.Tolstoyun yaradıcılıq yoluna onun realizminin
tarixi təkamülü baxımından nəzər
yetirir, onun əsərlərinin
psixoloji təhlil qüdrətini,
yazıçının dövrün tipik xarakter və
obrazlarını yaratmaqda böyük
kəşflərini şərh edir. M.İbrahimovun bir tədqiqatçı
kimi müşahidə və ümumiləşdirmələrinin
elmi-nəzəri tutumu ona
görə orijinal olur
ki, o, bir
yazıçı kimi bədii
yaradıcılığın qanunauyğunluqlarına dərindən
bələddir. Tolstoy sənəti
haqqındakı aşağıdakı mülahizələrdə
tənqidi bədii təfəkkürün imkanları vəhdətdə
çıxış edir:
"Tolstoydakı psixoloji təhlillər ancaq həqiqətə, insan
ürəyinin təbii və həqiqi duyğularına əsaslandığı
üçün qiymətlidir. Məhz buna görə də onun
mühakimələri, poetik ricət və
təsvirləri, qəhrəmanların ürəyində baş qaldıran ən incə hərəkətləri
araşdırması süjetin
inkişafını, əsərin dramatik
gərginliyini azaltmır, daha da qüvvətləndirir" (Mirzə İbrahimov. Lev Tolstoyun realizmi. "Xəlqilik
və realizm cəbhəsindən". Azərnəşr,
1961, səh. 369).
M.İbrahimov rus ədəbiyyatının elə cəhətlərini
xüsusi nəzərə
çarpdırır ki, onlar
Azərbaycan ədəbiyyatının müasir
sənətkarlıq axtarışlarında bir
təcrübə, ənənə kimi
qiymətlidir. O, klassik rus
ədəbiyyatının ayrı-ayrı milli
ədəbiyyatların, o cümlədən
Azərbaycan ədəbiyyatının yeni
məzmunda inkişafına böyük təsirini
konkret müqayisələr, paralellər əsasında
aydınlaşdırır.
Klassik rus və Azərbaycan ədəbiyyatı
arasındakı əlaqələrə xüsusi
tədqiqat həsr etməsə də, müəllifin ədəbiyyatın
ümumnəzəri məsələlərinə həsr edilmiş məqalələrinin əksəriyyətində
rus və Azərbaycan ədəbiyyatından
gətirilən paralellərə tez-tez təsadüf
edilir. Bu, M.İbrahimovun rus ədəbiyyatına,
rus ictimai-fəlsəfi fikrinin
inkişafına yaxından bələd olduğunu
təsdiq edir. Belinski,
Çernışevski kimi mütəfəkkirlərin
yaradıcılığından bəhs edərkən M.İbrahimov onların Rusiyada
yaşayan xalqların ictimai,
fəlsəfi və bədii fikrinə böyük
təsirini ön plana
çəkir. "Mütəfəkkir tənqidçi",
"Çernışevski", "Böyük realist" məqalələrində M.İbrahimovun rus fəlsəfi
və estetik fikir
tarixinə dərindən bələdliyi və onu şərh etməkdə elmi-nəzəri
hazırlığı qabarıq nəzərə
çarpır. Buna görə də rus nəzəri-estetik fikrinin
Azərbaycan yazıçılarının
yaradıcılığına təsirinin tarixi
mahiyyəti haqqında əsaslı elmi nəticələrə
gəlir. Müəllif Çernışevskinin ədəbi-fəlsəfi
irsinin böyük
beynəlmiləl təsirindən danışarkən
yazır: "Onun bədii və nəzəri
irsi bütün sovet xalqlarının ədəbiyyat və mədəniyyətinə
təsir etmiş, mütərəqqi və
qabaqcıl xadimlərin yetişməsində böyük
rol oynamışdır. Azərbaycan ədəbiyyatının
görkəmli simaları olan Mirzə Fətəli Axundov,
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Cəlil
Məmmədquluzadə Çernışevskidən realizmi, xəlqiliyi, ideyalılığı
öyrənmişlər" (M.İbrahimov.
Çernışevski. "Xəlqilik və realizm
cəbhəsindən". Bakı, Azərnəşr, 1961, səh.
369).
Azərbaycanda
inqilabi-demokratik ideyaların təşəkkül
tapıb inkişaf etməsində ədəbi
təsir problemini M.İbrahimov
mexaniki hadisə hesab etmir. Milli sosial
və bədii fikrin bu
ideyaları qəbul etməyə hazır olduğunu,
Azərbaycanda real ictimai
zəmin yarandığını göstərir.
Ədəbiyyatın
və incəsənətin nəzəri məsələlərinin
şərhində M.İbrahimov rus ədəbiyyatının ənənələrinə
ardıcıl müraciət edir. Sənətin
ictimai məzmunu, dünya
bədii fikrində realizmin
inkişafı, ədəbiyyatın janrlarının tarixi və nəzəri məsələləri
ilə bağlı mülahizələrində, polemik fikirlərində Puşkin,
Qoqol, Qorki, Şoloxov və digər rus
yazıçılarının ədəbi irsinə yeni mövqedən yanaşılır, onun konkret mətləblərlə
bağlı cəhətləri diqqət mərkəzinə
çəkilir. Real ictimai
gerçəkliklə ədəbiyyatın dialektik
əlaqəsini izah edərkən
yazır: "Sənətkarın mütərəqqi ideallarla yaşadığı zaman
öz dövrünə, müasirlərinin
fikir və ehtiraslarına nə qədər
güclü təsir etdiyini
göstərmək üçün Almaniyada Şilleri, Rusiyada Qorkini, Azərbaycanda
Sabiri xatırlatmaq kifayətdir" (M.İbrahimov. "Realizmin
yeni yollarında". Ədəbi qeydlər.
Bakı, Azərnəşr, 1970, səh. 39).
"Ədəbiyyat
və incəsənətdə satira",
"Yaradıcılıq vəzifələrimiz", "Novatorluq və xəlqilik" məqalələrində
M.İbrahimov bədii fikir
tarixində satiranın rolunu, onun müasir ədəbiyyatda
mövqeyini, güclü
bədii obrazların yaranmasında zəngin həyati biliyinin əhəmiyyətini, həmçinin
ənənə və novatorluq məsələləri
haqqında öz fikirlərini əsaslandırarkən
Qoqolun "Müfəttiş", Puşkinin "Kapitan
qızı", Tvardovskinin "Vasili Tyorkin", Şoloxovun "İnsanın taleyi"
əsərlərinə də geniş istinad edir.
Mirzə
İbrahimovun milli klassik irsimiz və eləcə
də müasir ədəbi proses, həmçinin sırf nəzəri-estetik
kateqoriyaları şərh edən məqalələrinin
yaşarılığını ehtiva edən
amillərdən ən başlıcası bu
məsələləri imkan çərçivəsində
dünya ədəbi-bədii prosesi konteksti çərçivəsində
götürməsidir. Onun "Böyük demokrat" əsəri
milli klassikamızı tədqiq etməyin
nəzəri-metodoloji başlanğıcına çevrildiyi kimi,
"Aşıq poeziyasında realizm" əsəri
milli tariximizin
aparıcı qollarından biri kimi bu misilsiz
sənət nümunələrini tədqiq etməkdə elmi təhlil səviyyəli meyarı müəyyən
etdi. Şübhəsiz ki,
materializmə paralel realizm
axtarışı özünü doğrultmur. Lakin sənətdə
realist ifadə imkanlarının fasiləsiz
inkişafı təkzibedilməzdir və bu
anlamda aşıq poeziyasının tədqiqi
real bəhrələrini verdi.
İlk növbədə bu
zəngin poetik irsin
xalqın bədii təfəkkürünün, onun estetik təcəssümünün
dinamikasını göstərən milli
sənət nümunələri kimi təhlilini
tapdı.
Ötən
əsrdə xalqımızın taleyi, onun dili və mədəniyyəti
ilə bağlı elə ciddi hadisə,
elə elmi mübahisə, müzakirə
olmamışdır ki, orada
Mirzə İbrahimovun sərrast, müdrik sözü
eşidilməsin. Ədəbiyyatda realizm
müzakirələrindən sonra Şərq
renessansı, o cümlədən Azərbaycan
intibahı ətrafındakı mübahisələrə M.İbrahimov belə yekun vurdu: "Azərbaycan intibahı müzakirə
predmeti yox,
faktdır."
Mirzə
İbrahimovun ədəbi-nəzəri irsi onun bədii
yaradıcılığı ilə bərabər XX əsr Azərbaycanının
mədəni tərəqqisində böyük
rol oynamış və bu
irsin əxlaq və sənət dərsləri
tükənməz bir məktəbdir.
Şirindil Alışanov
Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.-
S.1-3.