Bir fotoşəklin tarixçəsi
Arxasında yazdığım
tarixdən məlum olur ki,
bu fotoşəkil 1982-ci il
noyabr ayının 17-də çəkilib
və o zaman mən
Yazıçılar İttifaqının katibi
vəzifəsində işləyirdim, Mirzə İbrahimov
isə rəhmətlik İmran
Qasımovun vəfatından sonra yenidən
- səhv etmirəmsə, dördüncü dəfə
İttifaqın sədri vəzifəsinə gəlmişdi.
Bu fotonun
necə çəkildiyi mənim yadımda deyil
və mən hərdən qeydlər apardığım dəftərçələri
nəzərdən keçirdim ki, bəlkə həmin tarixdə nəsə
yazmışam. Maraqlısı da bu oldu ki,
mən doğrudan da o tarixdə qısaca qeydlər etmişəm və
o qeydlər də, görünür,
elə bu fotoşəklin tarixçəsidir.
Köhnə
dəftərçəmdəki həmin qeydləri olduğu kimi
köçürürəm, yalnız bir
nəfərin "filankəs" deyərək, adını
çəkmək istəmirəm, çünki
çoxdan haqq
dünyasındadır.
Düz 29 illik bir keçmişdə
qalmış həmin qeydlər bunlardır:
"Bu gün İttifaqın katibliyində "Ulduz" jurnalının müzakirəsi idi, birdən qapı açıldı və
filankəs çox əsəbi halda içəri girdi,
ağzı köpüklənə-köpüklənə,
gözləri də hədəqəsinin içində
fırlana-fırlana:
-
Mirzə müəllim, - dedi.- Mən
Elçindən Mərkəzi Komitəyə şikayət məktubu
yazmışam! İndi oxuyacağam!
Siz də bilin burda yazılmış həqiqəti! Katiblər
də bilsin!
Mirzə
müəllimin: "Sakit ol,
filankəs yoldaş!"- deyə yumşaq şəkildə onu
sakitləşdirmək cəhdlərinə baxmayaraq,
o, kabinetin ortasında
ayaq üstə durub,
eləcə ağzı köpüklənə-köpüklənə
əlində tutduğu məktubu tələm-tələsik
oxumağa başladı.
Az qala on il bundan
əvvəl bu adamın yazdığı
romanı parodiya adlandırmışam, çünki doğrudan da parodiyadan başqa bir şey deyil, o vaxtdan bəri yorulmaq bilmədən, böyük
bir əzmkarlıqla mənim haqqımda dalbadal danoslar yazır: Moskvaya, MK-ya, KQB-yə. Yenə
də eyni sözlər idi:
Elçinin atası kulak oğludur,
özü qatı "antisovetçik"dir, əvvəllər yazılarını
atası yazırdı, indi də ələ
aldığı cavanlar onun
üçün yazırlar,
tayfaçılıqla məşğuldur, başına
xunveybinlərdən ibarət qorxunc bir dəstə yığıb, kinlidir, onu tərifləməyənlərdən
qisas alır, ədəbiyyatımızın
ürəyinə xəncər soxur və
s.
Cabir:
- Belə
olmaz axı, Mirzə müəllim…- dedi.
Yusif:
-
Bi-i-a-a-abırçılıqdır!..-
dedi.
Mirzə
müəllim eyni soyuqqanlılıqla onlara:
- Xahiş
edirəm, sakit olasız, - dedi, sonra ayağa qalxıb:- filankəs yoldaş, qurtardın?- soruşdu.
Filankəs də:
- Bəli,
qurtardım!- dedi.
Mən də
ayağa qalxanda Mirzə müəllim:
- Elçin,
sən danışma! Mənim səndən şəxsi
xahişimdir!- dedi, sonra üzünü
çox sərt şəkildə filankəsə tutdu: - Deyirsən
ki, Elçin sənə qarşı qərəzlidir, ancaq
özün başdan-başa qərəzli yazı yazmısan!
Səndən kin-küdurət saçır,
başa düşürsən?! Belə işlərlə
məşğul olma! Ayıbdır! Nə qədər
yazmaq olar?! Ora yazırsan, bura yazırsan! Bəs
deyil?! İndi isə necə içəri girmisən, eləcə
də çıx otaqdan!- Və
barmağı ilə qapını göstərdi.
Deyəsən,
filankəs Mirzə müəllimdən belə sərtlik
gözləmirdi, bir az
şaşırdı, sonra mənə baxdı, mən də
özümü saxlaya bilməyib, bir-iki yağlı söz
dedim. Filankəs:
-
Gördüz?! Gördüz?!- deyə çığırıb, hirslə
qapını çırparaq, kabinetdən çıxdı.
Doğrusu,
mən özüm də həmişə təmkinli olan, əsəbiləşməməyə
çalışan Mirzə müəllimdən belə bir sərtlik
gözləmirdim.
İclas
qurtarandan sonra İttifaqdan Mirzə müəllimlə bərabər
çıxdıq və yaxşı hava olduğu
üçün evlərinə qədər söhbət edə-edə
piyada getdik.
Ayrılanda həmişəki
özünəməxsus təbəssümlə gülümsəyərək:
- Belə
şeyləri ürəyinə salma…- dedi.
17 noyabr
1982."
O zaman Mirzə
müəllimin 71 yaşı var idi. Bu gün isə
100 yaşı tamam olur.
İllər
ötür, xatirələr isə qalır və
yaşayır.
ELÇİN
21 noyabr 2011-ci il
Ədəbiyyat qəzeti.- 2011.- 25
noyabr.- S.3.