Ədəbiyyat
muzeyində Mütəfəkkir
yazıçı və ictimai xadim
Azərbaycan
ədəbiyyatının təşəkkülündə və
ikişafında xalq yazıçısı Mirzə
İbrahimovun xidmətləri misilsizdir. O,
yaradıcılığa 30-cu illərin əvvəllərindən
başlamış, öz istedadı və əməyi sayəsində
görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünas
alim və fəal ictimai xadim dərəcəsinə qədər
yüksəlmişdir. Onun əsərlərində müasir
xalq həyatının canlı lövhələri,
insanların əməyi, mənəvi-əxlaqi sifətləri,
arzu və düşüncələri ilə yanaşı cəmiyyətdə
baş verən mühüm hadisələr də öz parlaq əksini
tapmışdır.
Xalq
yazıçısı Mir Cəlal Paşayev Mirzə
İbrahimovun yaradıcılığına yüksək qiymət
verərək demişdir: "Onun qələmi həmişə
cilalı, parlaq, kəsərli, heç vaxt qınına
salınmayan silahdır. Kənd olsun, şəhər olsun,
müharibə, sülh olsun, ailə ya ictimaiyyət olsun,
kütləvi səhnə ya qəlb aləmi olsun, həyatımızın
elə sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz
etməsin, ədibin səsi, sözü eşidilməsin. O, təbiətən
fəal, özünə tələbkar şəxsiyyətdir".
Yazıçının
həyatında dövlətçilik fəaliyyəti
xüsusi yer tutmuşdur. Dövlətçilik fəaliyyətində
keçdiyi yol yazıçı, publisist və dramaturq kimi
Mirzə İbrahimovun ədəbi
yaradıcılığına böyük təsir göstərmiş,
ona geniş həyat materialı vermişdir. Bir çox
mühüm vəzifələrdə
çalışmasına baxmayaraq, daim ədəbiyyatla
bağlı olmuş, tarixi və müasir mövzularda hekayə,
povest və romanlar yazmışdır. Belə ki,
yazıçı-dramaturq Mirzə İbrahimov
Naxçıvan Muxtar Respublikasında da bir müddət
işləmiş, elə ilk böyük ədəbi
uğurunu da burada qazanmışdır. O, Naxçıvanda
gördüyü hadisələr əsasında "Həyat"
pyesini yazmış və bu pyes müəllifə,
böyük şöhrət gətirmiş, mükafata layiq
görülmüşdür. Özünün dediyi kimi:
"Deməliyəm ki, konkret həyat hadisəsi məni
"Həyat"ı yazmaq fikrinə salmışdır. O
zaman Naxçıvanda Qoşadizə kolxozu rayon təşkilatlarını
və xüsusən mənim də işlədiyim siyasi
şöbəni narahat edən kolxozlardan idi. Nəhayət,
ora ordudan təzəcə qayıtmış Abbas adlı bir gənc
göndərilmişdi…
Bir
günəşli qış günü Abbas yanıma gəldi, iki
saat redaksiyada oturdu, kolxozu kəsirdən
çıxarmaq üçün
başladığı işlərdən, kənddə mədəniyyət
evi, yeni məktəb
binası, su kəməri, elektrik
işığı yaratmaq
haqqındakı xəyallarından danışdı: məndə
kəndin yeni adamları
barədə xoş xəyallar, uca fikirlər oyadıb getdi…
Sabahısı isə səhər açılmamış onun öldürüldüyünü
eşitdik. Bu "Həyat"
üçün əsas oldu.
Abbasın xatirəsinə hörmət olaraq,
yeni Abbasları ruhlandırmaq üçün mən "Həyat"ı
yazmağa başladım. Abbasın
adını da saxladım, hətta tərcümeyi-halının
da müəyyən hissələrindən
istifadə etdim".
"Həyat"
pyesi müqəddəs teatr
mehrabına Mirzə İbrahimovun vəsiqəsi
olmuşdur. Bu pyes dəfələrlə Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili
Dram Teatrında da tamaşaya qoyulmuşdur.
Mirzə
İbrahimov həm də görkəmli ədəbiyyatşünas
alim idi. Onun ədəbiyyatımızın
bir sıra ciddi
yaradıcılıq problemlərinə, o
cümlədən Azərbaycanın intibahına dair, eləcə də ayrı-ayrı sənətkarlar,
əsərlər, xalq ədəbiyyatı
haqqında məqalələri vardı. Mirzə İbrahimov görkəmli
yazıçımız Cəlil Məmmədquluzadə
haqqında da daha geniş və xüsusi elmi tədqiqat işi apararaq "Böyük demokrat" adlı monoqrafiyasında ədibin povest və hekayələrində
yaratdığı surətləri
araşdırmışdır. O, Mirzə Cəlil bədii irsinin tədqiqi və təbliği üzərində
gərgin, səmərəli yaradıcılıq işini davam etdirərək
"Böyük satira
ustası", "Cəlil Məmmədquluzadə"
adlı kitablarını yazmışdır. Onun
ədibin yaradıcılığının müxtəlif
sahələrindən bəhs edən bir çox məqalələri də vardır.
Öz mənalı
ömrünü ədəbiyyatımızın,
mədəniyyətimizin zənginləşməsinə sərf
edən yazıçı-publisist Mirzə İbrahimovun
bu il 100 yaşı tamam olur.
Yazıçının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyev 19 iyul
2011-ci il tarixli sərəncam
imzalamışdır. Sərəncama əsasən Cəlil Məmmədquluzadə
adına Naxçıvan MR Ədəbiyyat Muzeyində
"Mirzə İbrahimov - 100"
başlıqlı sərgi hazırlanmışdır. Sərgidə yazıçının portreti, həyat və
yaradıcılığının müxtəlif
anlarını əks etdirən - xalq
yazıçıları Mirzə İbrahimov
Naxçıvan şəhərində 1981; Mirzə İbrahimov ədəbiyyat və incəsənət
xadimləri ilə birlikdə Şamaxıda Seyid
Əzim Şirvaninin məzarı
yanında; Mirzə İbrahimov və
Rəsul Rza; Mirzə Ələkbər Sabirin 100 illik yubileyinin Moskvada keçirildiyi ədəbi gecədə Mirzə
İbrahimov çıxış edərkən;
İlyas Əfəndiyev, Süleyman
Rüstəm, Mirzə İbrahimov
yazıçılar arasında və sair,
fotoları nümayiş olunan
maraqlı materiallardandır. Həmçinin sərgidə
tamaşaçıların diqqətini cəlb edən
yazıçının avtoqrafla muzeyə
hədiyyə olunmuş, "Seçilmiş əsərləri", "Məhəbbət
dastanı", "Pərvanə", "Gələcək
gün", "Həyat", "Böyük dayaq",
"Sarı sim", "Tufanlara
kömək edən", "Aşıq poeziyasında realizm", uşaqlara
vətənpərvərlik, təhlisə, əməyə məhəbbət,
dostluğa sədaqət kimi
nəcib hisslər aşılayan, məktəblilərin həyatından
bəhs olunmuş "Anama
deyərəm ha!", "Pərvizin həyatı"
və başqa kitabları, müxtəlif
sənədlər, məktublar nümayiş
olunur.
Həmçinin
muzeydə "Görkəmli yazıçı və ictimai xadim" mövzusunda tədbir keçirilməsi də
nəzərdə tutulubdur. Eyni zamanda muzeyimizdə
Mirzə İbrahimov irsi
bu ünvana üz tutan hər bir tamaşaçıya tam
dolğunluğu ilə çatdırılır
və onun keçdiyi
həyat yolu haqqında məlumat verilir.
Günel Novruzova,
Cəlil
Məmmədquluzadə adına
Naxçıvan MR Ədəbiyyat
Muzeyinin böyük elmi işçisi
Ədəbiyyat qəzeti.- 2011.- 25
noyabr.- S.2.