Böyük ədib Mirzə İbrahimovun anadan
olmasının 100 illiyinə həsr edilmiş
tədbir keçirildi
Noyabrın
24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatları laureatı, akademik Mirzə
İbrahimovun anadan olmasının 100 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi.
AzərTAc
xəbər verir ki, teatrın foyesində görkəmli
yazıçının kitablarından ibarət sərgi
açılıb.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev böyük
yazıçının mənalı ömür yolu və zəngin
yaradıcılığı haqqında danışıb.
Bildirib ki,
müasir Azərbaycan ədəbiyyatının
inkişafında misilsiz xidmətləri olan M.İbrahimov XX əsr
Azərbaycan tarixində yazıçı, alim, tənqidçi,
publisist, tərcüməçi, ictimai və dövlət
xadimi kimi tanınan görkəmli şəxsiyyətdir. O, gənc
ədəbiyyatşünasların hazırlanmasına,
yetişməsinə xeyli əmək sərf
etmişdir.
Qələm əhlinə böyük diqqət və qayğı ilə
yanaşan ulu öndər
Heydər Əliyevin M.İbrahimovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı
imzaladığı Sərəncamı xatırladan nazir xüsusi olaraq vurğuladı ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev də xalq
yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi
haqqında müvafiq Sərəncam
imzalamış və ölkəmizin hər yerində böyük ədiblə bağlı tədbirlər
keçirilməkdədir.
Tədbirdə
çıxış edən filologiya elmləri
doktoru, professor Nizaməddin
Şəmsizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar və
başqaları böyük
yazıçının əsərlərindən və onun ədəbiyyatımızın
inkişafı naminə gördüyü
əvəzsiz işlərdən danışıblar. Bildiriblər ki, hələ
uşaqlıqdan onun həyatı
ağrı-acılarla dolu olmuşdur.
1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri
yaxınlığındakı Evə kəndində dünyaya göz açan M.İbrahimov 3
yaşı olmamış anasını itirmiş,
atası Əjdər iki körpə
uşağı ilə Bakıya pənah gətirmişdir.
Bir neçə il sonra atası da
dünyasını dəyişmiş, balaca
Mirzə 7 yaşında yetim
qalmışdır.
Qeyd edilib ki, bənzərsiz elmi, bədii və publisistik
əsərlər yaradan ədəbiyyatşünas
alim M.İbrahimov Azərbaycan
dilinin inkişafı, şəffaflığı
uğrunda daim
mübarizə aparmışdır. Onun roman və povestləri müxtəlif dillərə
tərcümə olunaraq keçmiş
Sovet İttifaqının
hüdudlarından kənarda da
tanınmış, əsərləri əsasında bədii
və sənədli filmlər çəkilmişdir. M.İbrahimovun dünya
klassiklərinin əsərlərinin dilimizə tərcümə
olunmasında da böyük
xidmətləri olmuşdur.
Zaman
keçdikcə Mirzə İbrahimovun
yaratdığı ölməz sənət inciləri heç vaxt öz təravətini itirmir.
Ədəbiyyat qəzeti.- 2011.- 25
noyabr.- S.2.