Sevda intizarında

        

Onun "Sevda yoldaymış" adlı şeirlər toplusunu varaqladıqca hər misrada tanış olduğum mənalar məni müəllifin poetik aləmində hakim olan əhval-ruhiyyəyə bir qədəm də yaxınlaşdırdı. Orasını qeyd edim ki, kitab "Dayaq" nəşriyyatının oxucularının mütaliəsinə təqdim etdiyi 9-cu şeirlər toplusudur.

Şair İsmayıl Ülkər qiyabi opponentinə, yəni yaradıcılığı barədə o qədər də müsbət rəydə olmayan həmkarına ürəyincə cavab verməyi aşağıdakı misralarına etibar edir:

 

Uzun sözün qısası…

Dəli-dolu bir şairlə tərəfsən.

Nağılına, noğuluna uyan deyil bu oğul.

Aşıqların ağlar qoyan fələk.

Ananı ağladacağam!

Ananı ağladacağam!

 

Diqqəti cəlb edən ümdə mətləb ondan ibarətdir ki, poetik aləmdə axtarışlarının onu yaradıcılığın ucsuz-bucaqsız ümmanında arzuladığı hədəfə çatdırdığını bir zərgər səliqəsi ilə dəqiqləşdirməyə nail olur:

 

Gəldi yol oldum…

Aldı əllərinə

Qolundakı əl oldum.

Çox şükür, dünya.

Muştuğulumu ver, Tanrım, muştuluğumu!

Sevdalandım mən,

Sevdalandım.

 

Şair dəruni bir inamla oxucusunun mütaliəsinə təqdim etdiyi şeirini "Duyğu" adlandırmışdır.

Amma mətləb bununla bitmir. Müəllifin əsas qayəsi müasir Güney poeziyasında qüdrətli qələm sahibləri tale tutumlu bu mövzunu tərənnüm etməyi özlərinə ilkin və müqəddəs borc hesab etmişlər. Bunun əks-sədası ulu Şəhriyarın, qüdrətli söz ustası Səhəndin, Haşım Tərlanın, misralarını ürəyinin qanı ilə səhifələrə köçürən Sönməzin, habelə ruhları şad olsun Ülyainin, Qaflantının, İmran Səlahinin, Xeyrulla Saplağın xidmətləri yetərincə olmuşdur.

Tərənnüm obyektinin ünvanı bundan ibarətdir: Güneydən olan şairlərin məftun olduqları bir varlıq kimi pərəstiş və tərənnüm etdikləri - Azərbaycan!

İsmayıl Ülkər bu mövzuya öz şeir pərisinin zövqünə uyğun gələn bir səliqə ilə yanaşır:

 

Səsin -

Bir iksir kimi

Hər dilə damınca dəyişir.

Sən - Azərbaycan türkcəsisən.

Dillənincə

Hər söz türkiləşir…

Sən,

Mənim ruhumun

Nuh gəmisisən…

 

İsmayıl Ülkərin eşqi, məhəbbəti, sevgisi də öz poetik rəng və boyasının onun istədiyi nəğməni ötməyə qadir olan lirasından alır. Bunun üçün səhər nəsiminə müraciət edib sevgilisindən soraq tutmağı vacib hesab edir. Onun bircə gülüşünü ömrünün yaz səhərinin şərəflərinin ötdükləri nəğmə kimi qiymətləndirir. Şair məftunu olduğu gözəldən soraq tutmaq üçün qar çiçəyinə müraciət edir. O, təbiətin bu cüssəli pak ruhlu varlığından dildarı barədə ürəyinə yatan, varlığına fərəh bəxş edən cavab alacağına əmindir.

Lakin bütün bunlarla bərabər sevgilisinə qovuşmaq xatirinə həyatın bütün sınaqlarından başıuca çıxacağına, məftunu olduğu pərinin döşündəki "quzusunun" vüsalına nail olacağına arxayındır. Bir də ona görə ki, həyatın verdiyi təlimə sədaqəti sarsılmazdır. Bu, İsmayıl Ülkər sevgisinin hər qəbil sınaqdan müzəffər çıxan əvəzedilməz aşqarıdır:

 

And içmişəm ağlayaraq gülməyə,

Yaşamaqçün and içmişəm ölməyə.

O mənimdir istər ola, olmaya

Döşündəki quzusundan öpdüyüm.

 

Bir şair kimi İsmayıl Ülkərin bəşəri eşqin qüdsiyyəti barədə oxucunu cəlb edən, onu heyran qoyan çalarları vardır. Onun "Ağ çiçəyim" adlı şeirində oxucuda daxili məmnunluq hissləri doğuran nümunələrlə görüşə gəlir. Şair etiraf edir ki, ay çiçəyim - hər yönə gedirəm - o yana əsirsən. Bu sadəcə fiziki dönüş deyil. Bu həqiqi məhəbbətin hökmü ilə baş tutan dönüşdür.

Şairin qələmi daha qüdrətli, təbiətin insan övladına bəxş etdiyi əzəmətli sevginin tərənnümünün öhdəsindən də uğurla gəlir. Həqiqi aşiqlərin sinələrində daha ürəyəyatımlı mahnılar olduğuna inanır:

 

Sən mənə damandan bəri ağzım -

Gülüşlərinin ətrini qoxuyur.

Eşqi böyüklərə bir ürək yetəməz.

Sağ döşüm altında

Sol sinəndəki qırmızı qənarən oxuyur.

 

Şairin özünün etirafına görə sevgi, məhəbbət haqqında söz-söhbət bitib-tükənən deyil. Bəşərin ülviyyət dünyasının bu əbədi yolçusu olsa-olsa yaşadığı məkanı dəyişə bilər. Amma maraqlı burasıdır ki, heç bir mühit və şərait onun mahiyyətini dəyişməyə qadir olmur.

İsmayıl Ülkər "Son söz" ünvanlı şeirində əbədiyyətin bir ürəyəyatımlı obrazını yaradır. Şeirdə söhbət bu ətrafda gedir: "Sevgilisi şairə müraciət edərək mənə son sözünü yaz, - deyir".

Bu xahişə şairin cavabı həm maraqlı, həm də düşündürücüdür:

 

Mənə son sözünü yaz deyirsən…

Qalx.

Aynanın düz ortasına qoymuşam onu.

İnanmırsan?

Dur bax.

 

İsmayıl Ülkərin "Sevda yoldaymış" adlı şeirlər toplusunda "Yaşama dair" ünvanlı oxucuda yetərincə maraq doğuran bir bölməyə də yer verilmişdir. Bir qədər qətiyyətli olsam, deyərdim ki, həmin bölmədə dərc edilmiş 9 yığcam həcmli şeirdə müəllifin hadisələrə fəlsəfi baxışı əksini tapmışdır. Maraqlıdır, hər bölmədə söz açdığı məsələyə ağır çəkili, yığcam misralarla cavab vermişdir:

 

Həyat

Üzümüzə açmalıdır qapını.

Açmaz isə -

Biz dəyişən deyil,

Düşünənik.

Dəyişdirməliyik yapısını.

 

Şairin son dərəcə nikbin bir rəyi:

 

And olsun yaşama

Mən öldüyüm zaman

Gülərək öləcəyəm.

 

Kitabdakı "Yaşama dair" bölmədə şairin poetik aləmdə çox çəkili yer tutan mövzuya orijinal münasibəti əksini tapmışdır. İsmayıl Ülkərin ədəbi qənaətinə görə eşqin, məhəbbətin və sevginin ən ali qayəsi insanı həyatı istədiyi kimi yaşamağa sövq etməkdir. O, həyatı iki əllə, dörd əllə deyil, min əl ilə tutmağa dəvət edir. Söhbət özünün üzərinə gəlincə, qərarında daha önəmlidir. Ona bu qətiyyəti bəxş edən isə sədaqətli aşiq olmasıdır:

 

Min əllə tutmuşam dünyanı,

O boşlasa da, mən boşlamaram:

Aşiqəm,

Sevgiliyəm,

Sevdalıyam mən!

 

Şərq poeziyasında, o cümlədən Azərbaycan poetik təfəkküründə anaya, onun övlad məhəbbətinə həsr edilən əsərlərin dünyanın ən dəyərli poetik nümunələri şöhrətini qazandığı inkar edilməz bir həqiqətdir. Mən bu yerdə iki şairin - Güneydə İrəc Mirzənin "Ana məhəbbəti", Quzeydə dünya şöhrətli sənət korifeyi dahi Cəfər Cabbarlının "Ana" ünvanlı qələm məhsullarını yada salmaq istərdim. İrəc Mirzə anaya həsr etdiyi şeirini bu misralarla sona çatdırır: "Ana, mən sənin varlığının bir parçasıyam - nə qədər varam, sən varsan, səni canım kimi sevəcəyəm". Böyük Cəfər Cabbarlının ümdə amalı isə belə səslənir: "Ana, sən varsan deyə, bütün dünya mənə düşmən kəsilsə, azacıq belə ehtiyat etmərəm".

Ümumiyyətlə, İsmayıl Ülkərin yaradıcılığı barədə yazını qələmə aldığım prosesdə belə bir sorğuya cavab verməyə cəhd etdim.

Görəsən, dünyada elə bir sağlam şüurlu insan tapmaq olarmı ki, ana qüdsiyyəti qarşısında baş əyməsin?

Qulaqlarımda bircə söz əks-səda verdi: Yox!

İsmayıl Ülkər dünya poeziyasında ölçüyə gəlməz bir mövzuya öz lirasının imkanları daxilində çox səmimi və inamlı səslənən məntiqlə cavab verir. Şeirin hələ sərlövhəsi ilə tanışlıq oxucuda yetərincə zərif və düşündürücü hiss doğurur:

 

Hər zaman yola salanda məni -

Gözlərində iki yaşlı köz.

Hər zaman qabağıma gələndə:

İki yaşlı göz…

Hər zaman:

- Oğul,

Özündən muğayat ol!

 

İlahi! Şeirin "Özündən muğayat ol" misrasında əksini tapmış mənanı hansı ölçü cihazı ilə çəkmək olar?

Şair İsmayıl Ülkərin doğulduğu Urmu şəhərinə həsr etdiyi şeirini yığcam həcmli dastan da adlandırmaq olardı. Ən başlıcası, vətənə olan məhəbbətinə, onu ünvan edərək doğma diyarına həsr etdiyi misralara və bir döyüşçü kimi doğma yurdunun şərəfini qorumaq üçün göstərməyə hazır olduğu rəşadətə görə. O, vəfalı bir övlad kimi vətənini xilas etmək üçün o torpağın yetirmələrinin göstərdikləri tarixi qəhrəmanlıqları, bu şəhamətin hansı çeşmədən su içdiyini yetərincə açıqlayır. O, müqəddəs vətən torpağını düşmən tapdağından xilas etmək üçün sələflərinin göstərdikləri igidliklərdən şərəf duya-duya söz açır. Həm də bu həqiqətə laqeyd qalmaq doğru olmazdı ki, o, həmvətənlərinin göstərdikləri qəhrəmanlıqları müasirlərinin andı kimi səslənməsini etirafda da səhv etmir:

 

Kazım xan,

Qurd Osalı boğazı ilə belə uladın:

Bu ölkədən bir çınqıl

Yad nalına dərilməz.

Can-başdan pay verilsə -

Torpaqdan pay verilməz.

At döşündən,

İt dişindən aldıq səni!..

 

Lakin həyatda olduğu kimi, sənətdə də döyüşləri tərənnümün arası kəsilmir. Yetişən hər nəsil doğma torpağı, onun istiqlaliyyəti və şərəfini qorumaq üçün yeni sınaqlardan çıxmalı olur. Şair nəsillərin bu ağır döyüşlərdən qalib çıxması üçün lirasının ahənginə uyğun gələn bir tərənnüm yolu seçir. Şeirin son iki misrasında onun tərənnüm etdiyi poetik tapıntı müasir nəsillər tərəfindən təqdirəlayiq bir sürpriz kimi qiymətləndirilir:

 

Nə qədər varsa gəlsin,

Yurdumuza göz dikən,

Çağrılmamış qonaq.

Türkük,

Qonaq sevirik -

Torpağımızın üstündə də olmasa

Hamısına altında yer verə bilərik.

 

Nə möhtəşəm poetik tapıntıdır: - Torpağımızın üstündə də olmasa - hamısına altında yer verə bilərik! Yəqin ki, izaha ehtiyac duyulmur.

Xalqların salnamələrində elə məfhumlar var ki, onları bir sözlə ifadə etmək olmur. Səbəb isə, belə demək mümkünsə, hadisələrin və zamanın dəyişməsi ilə onların yeni-yeni və məzmun kəsb etmələri olur. Belə məfhumlardan biri Azərbaycan xalqının həyatında çəkili yer tutan ayrılıq məfhumudur. Mənə belə gəlir ki, tale adlandırılan mələk bu arzuolunmayan neməti millətlər arasında bölüşdürərəkən xalqımız barədə "səxavətini" əsirgəməmişdir. Bu ağır çəkili payın əsas nüanslarından biri XIX əsrin ortalarında "Köşkü balaban Araza baxar Arazın suyu gözlərdən axar" deyimində özünün poetik əksini tapmışdır. Sonrakı dövrlərdə bu halı ifadə etmək üçün həsrət, fəraq, ən çox ayrılıq ünvanından istifadə edilmişdir. Həmin mövzuya qoşulan mahnıların başlıqlarının ayrılıq sözü ilə ifadə edilməsini zamanın hökmü kimi qiymələndirmək naşılıq olmazdı. Qəribə səslənməsin, mənə belə gəlir ki, "hər dərddən olan yaman ayrılıq" sözləri yaranan mahnıların mətnlərinə öz qədəmləri ilə yol tapmışlar. İsmayıl Ülkərin də poetik aləminə öz addımları ilə qoşulan misralar onun həyatda həsrət və fərağın əlindən nələr çəkdiyindən soraq verir. Doğru fikirdir: yanmayan ocaqdan tüstü çıxmaz:

 

Acımazcasına,

Sarı dişlərini göstərir,

Müzəffərcəsinə ayrılıq.

Dadızdırır dərin-dərin

Bütün sarsıntıların acısını.

 

Son misralarını kağız üzərinə köçürərkən şairin qəzəbi yüksək həddə çatır.

 

Dedim nə olsun,

Nə deyim olsun ayrılığı?

Bu ölümün doğma qan bacısını.

 

Müxtəlif nəsillər tərəfindən dönə-dönə dəsdiq edilmiş belə məşhur bir ifadə vardır. Dünyanın ən görkəmli sənət korifeyləri tərəfindən inşa ediən poetik saraylar məhz sevgidən yaradılmış özül üzərində ucalmışdır. Bu mövzu ətrafında fikirləşib bir əsər yazmaq zərurəti meydana gələndə öz mübarək qədəmləri ilə görüşə gələn deyimlər içərisində dahi Nizaminin kalamının fəxri yeri olmuşdur: Mehrabı eşqdir uca göylərin - Eşqsiz ey dünya, nədir dəyərin - bu misralar öz qədəmləri ilə əsərlərin dərəli-təpəli aşırımlarını keçərək İsmayıl Ülkərin poetik dünyasına da yol tapmışdır. Əgər desək ki, İsmayılın sevgi barədə baxışları söz sərkərdəsinin misralarının ahəngi ilə mayalanmışdır, heç də bünövrəsiz bir iddia olmazdı. Mənə bu fikri irəli sürməyə imkan verən şairin bu misraları oldu:

 

Sevgidir, sevgi varlığın amacı,

Sevgidir, sevgi yoxluğun əlacı.

Sevgi varsa, zəhər şəkər kəsilər,

Sevgi yoxsa, pətək zəhərdən acı.

 

Özünün sosioloji mənsubiyyəti haqqında İsmayılın maraqlı mülahizələri vardır. Şairin onu "türkçülükdə" və "Azərbaycançılıqda" təqsirləndirərək açdırmaq istəyənlərə cavabı yetkin olmaqla yanaşı, həm də çox kəskindir. Şair etiraf edir ki, məni türkçü, Azərbaycançı hesab edənlər rəylərində yanılırlar. "Mən nə türkçüyəm, nə də Azərbaycançı". Onun poetik və sosioloji ölçü-biçisinə görə bu az olardı. Bəs şair özünü hansı ünvanla təqdim etdikdə ruhən və vicdanən rahatlıq tapır? Onun bu sorğuya cavab verən misralarına müraciət edək:

 

Mən

İmaməddin Nəsiminin nəticəsi,

Və Qurd Osalının nəvəsiyəm.

Bir şamanam.

Mən

Cılxa türkəm, gədə.

Teyxa azərbaycanlıyam!

 

Şairin "Həna gecəsi" ünvanlı şeiri ilə tanışlıq oxucuda xoşa gələn bir ovqat yaradır. Doğma torpağının naz-nemətləri ilə ətə-qana dolan sənətkar heç vaxt xalqının intim hisslərinə, illərlə formalaşıb gələn adət-ənənələrinə laqeyd qala bilməz. Əslində sənətkarı və mənsub olduğu yurdun insanlarını digər xalqlara tanıtdırmaqda milli ənənələrlə tanışlıq həmişə nadir incilər rolunu oynamışdır. Ülkərin "Həna gecəsi" adlı şeiri onun yetərincə xalqın adət-ənənələrinə bələdliyindən xəbər verir. Bu əsərində şair iki gəncin qovuşması simasında mənsub olduğu xalqın gələcək xoşbəxtlik dünyasının sorağını alır, böyük bir həyati həqiqətin real cizgiləri ilə tanış oluruq:

 

İki ürək diz çökür -

Sevgi, sevda naminə.

İki bilək döndərir

Dünyanı öz kamına.

 

Əsərin sonluğunu həm "Həna gecəsi" şeiri, həm də İsmayıl Ülkərin "Sevda yoldaymış" şeirlər toplusu üçün necə deyim, uğurlu final hesab edərdim. Bir də ona görə ki, şairin həmin parçadakı misralarda bədii həllini tapmış xoş əhval-ruhiyyəsi onun yaradıcılığının kredosuna çox yaraşır:

 

Alqış elin bəyinə,

Alqış bəyin elinə.

Qoyun bir xeyir-dua təqdim edim gəlinə:

Üzüklü barmağın, hənalı əlin,

Qızım, ilk bəzəyin, ziynətin olsun.

Bu gün nişanlısan, sabah bir gəlin,

Bir gün də analıq qismətin olsun.

 

Şairin xalqına elə xoşbaxt günlər yaşamasını arzu edirəm ki, onun vətəni, eli-obası haqqında arzuları həqiqətə çevrilsin.

 

 

Sabir NƏBİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.- S.4-6