Dədə
Qorqudun xələfi
Türk
yazarı Mustafa Miyasoğlu "Güldürən Övliyə
aramızda" məqaləsində yazır: "Mövlana
kimi bu ilk dönəm türk böyükləri də
Osmanlıdan öncə bu torpaqda yaşayan insanların təməl
dəyərlərini ifadə edərlər. Yunis İmrə,
Dədə Qorqud və Nəsrəddin Xocanın türk dili və
duyarlığı ilə ortaya qoyduğu dəyərləri
o dönəmdə aydınların dili ilə ortaya qoyan
Mövlana bütün əsərlərində toplamış
kimidir. Bunlardan Yunis lirik, Dədə Qorqud epik və Nəsrəddin
Xoca da satirik ifadəyə öncəlik vermiş və sanki eyni
çağlarda yaşayan bu insanlar kəndi aralarında
söz sənətlərinin hər birinə daha çox
önəm verərək iş bölümü
yapmışlar. Bunu ancaq təsəvvüf
kültürüylə anlaya bilirik...Yunis İmrəyi XX
yüzilin başında kəşf edən ədəbiyyatımız
Dədə Qorqud ilə Nəsrəddin Xocanı da XXI
yüzildə anlar və dəyərləndirər
umarız". ("Türkiyə ədəbiyyatçılar
və Kültür adamları ensiklopediyası". c.6. səh.
2592-2593).
Doğrudan
da zaman və məkan hansı durumda olur-olsun, öz
dühalarını yetişdirir. Qorqud Dədəmiz
özünə qədərki bütün olmuş keçmişlərin
epik mənzərəsini əbədiləşdirdi,
özü də onun içərisində əbədiləşdi.
Mövlana öz dövründən öncəki durumu da,
öz dövründəki durumu da yazıda əbədiləşdirdi.
Yunis İmrə dəruni duyğulara rəvac verdi. Nəsrəddin
Xoca ayrı yol tutdu, o yazısız-pozusuz zamanının səsinə
əks-səda verdi. Onun hər bir əks-sədası bir zərb-məsəl
oldu, beyinlərə, şüurlara köçdü,
zamandan-zamana keçdi, dünyanı dolaşa-dolaşa gəlib
bizim zamana da çatdı və bizdən sonrakı zamanlara da
çatacaq. Xoca Nəsrəddin üçün zaman və məkan
anlamı yoxdur. O, bütün zamanlar üçün və
bu gün də təzədir, sabah da təzə olacaq. Məhz
buna görə də Xoca Nəsrəddinin doğulduğu evə
ziyarətə getdim.
Türkiyəyə
bu ilki səfərimi Əskişəhər bölgəsində
Nəsrəddin Xocanın evindən başladım. Əskişəhər
yolunun qırağında Nəsrəddin Xocanın eşşəyin
üstündə tərsinə oturmuş heykəli o saat
ötənin diqqətini özünə cəlb edir, baxıb
gülürsən və düşünürsən, görəsən
Nəsrəddin Xoca eşşəyin üstündə niyə
tərsinə oturub?..
Heykəlin
yanından Nəsrəddin Xocanın kəndinə 4 km yoldur.
Maşını kəndə sürdük. Kənd geniş
bir dərənin sol yaxasında axar-baxarlı bir sahildədir.
Qarşı tərəf boz qayalarla bəzənmiş rəmələrdir.
Kənddə qırmızı kirəmitdən tikilmiş
bir-birinə çox yaxın evlər uzaqdan baxanda
qırmızıya bürünmüş sərgiyə bənzəyir.
Qıraq evlərin sonralar tikildiyi bilinir. Kəndə girdik,
qarşımıza cərgə ilə düzülmüş
heykəllər çıxdı. Bu heykəllər qədim və
orta yüzilliklərin böyük türk öndərləridir;
Oğuzxan, Dədə Qorqud, Cəlaləddin Rumi, Mövlana,
Alp Aslan və b.
Bir
ağsaqqaldan Nəsrəddin Xocanın evini soruşduq. Bir az qabağa, mərkəzə gedin
oradadır - dedi. Getdik, mərkəzdə kiçik
meydança, çox yaşlı insanlar əli əsalı
balaca bağçanın ağac kölgəli yerində
oturub söhbət edirdilər. Salamlaşıb Nəsrəddin
Xocanın evini soruşduq. Biraz qabaqda solda görəcəksiniz
- dedilər.
Kəndin
ortası bir-birinə bitişik çox qədim evlərdən
ibarətdir. Sağa sola dar yollar dönür. Hətta
xırda maşın da sığışmaz. Sol tərəfdə
enişdə Nəsrəddin Xocanın doğulub və gəncliyinə
qədər yaşadığı ev çox qədim,
qalın taxtadan qoşaqapı, qapının sağında
eyni ilə yolda gördüyümüz eşşək heykəli
üstündə tərsinə oturmuş Nəsrəddin Xoca,
pyedestalın iki qabaq və sağ yarısında latın əlifbası
ilə yazılmış "Xoş gəlmisiniz" və Nəsrəddin
Xocanın həyatından bilgilər verilmişdir.
Qapının üstündə iki evin damında üç
türk bayrağı dalğalanır. Evlə üzbəüz
yolun sağında divarda qədim türk öndərlərinin
rəsmləri, altında da doğum və ölüm tarixləri
yazılmışdır.
Evin
açarı bələdiyyə başqanında idi.
Qardaşım oğlu Elxan gedib bələdiyyədən
açarı alıb gətirdi. Qapını açıb Nəsrəddin
Xocanın doğulduğu evə daxil olduq. Qapının
iç tərəfində ağ daşdan döşənmiş
kiçik meydança (Türkiyədə ağ mərmərə
bənzər daş çoxdur) üç qatlı binanın
birinci qatında bir neçə otaq. Sağdakı otaqda
çörək bişirmə və xörək hazırlama
otağıdır. Ocaq yeri, divar boyu oturma yeri mətbəxi
xatırladır. Soldakı otaqlarda divardan kitab və əşya
qoymaq üçün dolablar. Otaqlar çox da böyük
deyil 20-25 kv/m, döşəmələr torpaq
örtüyüdür. Qalın taxta pilləkənlərlə
ikinci qata qalxırıq, burada da irili-xırdalı bir
neçə otaq, divardan kiçik taxçalar. Eyni ilə də
üçüncü qat. Bir neçə otaq, xeyli xalça
yığılıb. Hər mərtəbədə
açıq aynəbənd, dirəklər öz rəngində
laylanıb. Evin döşəmələri də, dirəkləri
də, üstündəki buruzlar da hiss olunur ki, yüzilliklərin
materiallarıdır. Ancaq buruzların üstü dəyişdirilib.
Görünür yağış, qar işini görüb.
Evin mərtəbələri indiki kimi tam üst-üstə
düşmür. Hər mərtəbənin üstü
bir-biri ilə bağlı dəmir örtüklərdir.
Ümumiyyətlə, kəndin qədim evlərinin bəziləri
qırmızı kərpiclə deyil, dəmir laylarla örtülüb.
Evin ümumi görünüşündən aydın duyulur
ki, Nəsrəddin Xocanın evi bir neçə yüz ilin
evidir.
Bəs Nəsrəddin
Xoca özü bu evdə nə zaman doğulub yaşayıb?
Xatırladım
ki, keçən yüzilin ortalarından başlayaraq Azərbaycanda
Molla Nəsrəddin lətifələri toplanılıb bir
neçə dəfə çap olunub. Ancaq onların
heç birində Molla Nəsrəddinin doğulduğu yer və
il göstərilməyib. Keçən yüzilin
ortalarında Məmmədağa Sultanov, M.H.Təhmasib, Təhmasib
Fərzəliyev (o bu mövzuda namizədlik dissertasiyası
yazıb) lətifələrin məzmununa görə XIII
yüzildə yaşadığını təxmin ediblər.
O da bəllidir
ki, hələ XIX yüzilin ortalarından başlayaraq
dünyanın müxtəlif ölkələrində Xoca Nəsrəddin
özü və lətifələri haqqında bir-birini təsdiq
və inkar edən fikirlər söylənmiş, ancaq onun
yaşadığı dövrü doğulduğu ili təsdiq
edən tutarlı bir mənbə göstərilməmişdir.
Bununla belə Nəsrəddin Xocadan bəhs edən bəzi
müəlliflər onu öz xalqının lətifə qəhramanı
kimi təsdiq etməyə çalışmışlar. Məsələn,
özbəklər onu özbək kimi, qazaxlar qazax kimi,
türkmənlər türkmən kimi, qırğızlar
qırğız kimi, tatarlar tatar kimi, Qafqaz xalqları da,
bolqarlar da, hətta yunanlar belə onu özlərinin lətifə
müəllifi olduğunu yaymağa
çalışmışlar. Bəziləri də onun
adını da özəlləşdirib milli bir ad qoymağa cəhd
göstərmişlər. Xatırladığımız həmin
xalqlar Nəsrəddin Xocanın lətifələrini öz
dillərində özlərinin folklor nümunəsi kimi dəfələrlə
nəşr edib yaymışlar. Bu da onun geniş
yayılmasına səbəb olmuşdur. Molla Nəsrəddin
araşdırıcıları nədənsə onun həyatını
ciddi tədqiq edib doğulduğu ili, əsl vətəni, təhsili
və kimliyi haqqında ağlabatan bir mənbəyə
söykənən mötəbər elmi fikir söyləməmişlər.
Söylənən qənaətlər yalnız onun tarixi şəxsiyyətlərlə
orta yüzillərdə yaşamış hökmdarlarla
bağlı lətifələrə istinad etmişlər.
Onların da ən çox yayılanı Əmir Teymurla
bağlı lətifələrdir. Halbuki Nəsrəddin Xoca
XIII yüzildə Əmir Teymur isə XIV yüzildə
yaşamışdır. Xoca Nəsrəddin kəndinin bələdiyyəsinin
bələdçi kitabçasında Nihat Sami
Banarlının bir cildlik "Rəsmli türk ədəbiyyatı
tarixi" kitabında və "Türkiyə ədəbiyyatçılar
və kültür adamları ensiklopediyası"
kitabında onun mənbələr əsasında tərcümeyi-halı
verilmişdir.
Əskişəhər
valiliyi il kültür və turizm müdirliyinin
buraxdığı "Nəsrəddin Xoca"
kitabçasında deyilir:
Türk-islam
kültürünün böyük bilicisi və gülməcə
ustası Nəsrəddin Xoca 1208-ci ildə Əskişəhərin
Sivrihisar elçisinə bağlı adı sonradan "Nəsrəddin
Xoca Bəldəsi" olaraq dəyişdirilən
"Hortu" kəndində doğuldu. Atası Abdullah əfəndi,
anası Sidiqə xanımdır. Nəsrəddin Xoca ilk təhsilini
din xadimi atasından almışdır. Atası həmin kəndin
bələdiyyə başqanı olmuşdur. Sonra Sivrihisar və
Konya mədrəsələrində oxumuş və kəndinə
dönüb bir müddət imamlıq (mollalıq) və
vaizliklə məşğul olmuşdur. Sonra biliyini
artırmaq üçün Ağşəhərə gedir.
Burada Seyid Mahmud Heyrani və Seyid Hacı İbrahim vəli kimi
dövrünün tanınmış elm adamlarından dərs
alır. Təhsilini bitirdikdən sonra Ağşəhərdə
yerləşir.
Nəsrəddin
Ağşəhərdə təhsil alarkən maddi durumunun
ağırlığına görə hətta müəllimi
Seyid İbrahim evini ona hədiyyə etmişdir. O da
xatırlanır ki, Xoca Konyada Mövlana ilə də
görüşmüş, hətta Mövlana ona ərəbcə
bir sual göndərmişdir. Nəsrəddin Xoca cavabında
demişdir:
Zalım
dünya əyri-büyru
dönərəst,
Dostunu kor,
düşmənini
övərəst,
Lalə
sünbül urba bulmaz
geyməyə,
Acı
soğan qat-qat urba
geyərəst.
Mövlana
türkcə rübaini oxuyub heyrətlənmiş və
demişdir: Xocanın bu dördlüyü mənim məsnəvimdən
dəyərlidir.
Mənbələrdən
anlaşılır ki, Nəsrəddin Xoca həm Konyada, Əskişəhərdə,
Sivrihisarda, həm də bir sıra başqa ölkələrdə
gəzib-dolaşmış, hara gedibsə, orada dəyərli
lətifələri ilə şöhrət qazanmış,
silinməz izlər buraxmışdır. Bütün bu illərdə
çalışması ona xalq arasında xüsusi hörmət
və nüfuz qazandırır.
Xoca (Molla) Nəsrəddin
yaşadığı Ağşəhərdə ailə
qurur, xanımı dünyasını dəyişir. İkinci
dəfə evlənir, bu evlilikdən iki qızı və bir
oğlu olur. Qızları Fatma, Dürrü-Mələk,
oğlu Ömərdir.
Nəsrəddin
Xoca 1284-cü ildə 76 yaşında Ağşəhərdə
vəfat edir. Ağşəhərin qədim Səlcuqlu qəbiristanlığında
dəfn edilir. Çox sonralar məzarı üstündə
türbə tikdirilir.
Türbə əvvəlcə
Nəsrəddin Xocanın gülməcə təbiətini
ifadə edən divarsız iri qıfıl asılmış
qapıdan ibarət olub, yüzillər boyu beləcə
qalıb. Nəhayət, 1905-ci ildə II Əbdülhəmid
dövründə Konya valisi faiq bəylə Ağşəhər
qəza başqanı Mustafa Şükrü bəy tərəfindən
dörd sütunlu türbə tikilmişdir. Xocanın
qızı Fatma Sivrihisara ərə getmiş, orada da vəfat
etmişdir. Məzar daşının üstündə
727-1326 taixi qeyd edilmişdir.
Bələdiyyənin
bizə verdiyi Bələdçi kitabçasında və bəzi
qaynaqlarda deyildiyi kimi Nəsrəddin Xocanın
yaşadığı XIII yüzil Yaxın Şərqdə
eləcə də Anadoluda qızğın savaşlar, siyasi
çəkişmələr, iqtisadi sıxıntılar, hərcmərcilik
dövrü kimi xatırlanır. Bütün bu ziddiyyətlərə
baxmayaraq, Nəsrəddin Xoca dərin zəkası ilə
kütlə arasında da, dövlət işlərində də
çox nikbin davranmış, insanlara mehriban və
xeyirxahlıqla yanaşmış, köməyini onlardan əsirgəməmişdar.
İnsanları da özü kimi nikbin olmağa, həyatın
nemətlərindən bəhrələnməyə, ümidlə
yaşamağa çağırmışdır. Məhz buna
görə də onun lətifələrində söylənən
çox zəngin, rəngarəng dialoqlar, sual-cavablar, fəlsəfi
düşüncələr, zarafatların arxasında gizlənən
dərin düşündürücü eyhamlar onu demək
olar bütün dünyada tanıtmışdır.
Nəsrəddin
Xoca özü lətifələrini heç vaxt yazıya
almamış, bu və ya başqa olaya bədahətən cavab
verib, münasibətini bildirmişdir. Onun adı ilə
bağlı lətifələr çox-çox sonrakı
yüzillərdə müxtəlif ölkələrdə
yazıya alınıb yayılmışdır.
Nəsrəddin
Xoca sadəcə doğulub yaşadığı
torpağın deyil, bütün dünyanın
Xocasıdır. Onun lətifələri hələ
Osmanlılar zamanında Anadoludan Orta Şərqə,
İrana, Qafqaza, Asiyaya, Balkana, Quzey Afrikaya qədər və
bütün Avropaya yayılmışdır. Get-gedə
Türküstandan Avropaya, Krımdan bütün Afrikaya qədər
həm türk-islam, həm də başqa ölkələrə
gedib çıxmışdır. Məhz buna görə də
bəzi ölkələr Nəsrəddin Xocanı
özününküləşdirmişlər. Bu da Nəsrəddin
Xocanın 700 ildən bəri həyatına və şəxsiyyətinə
kölgə salmış, nəsrəddinşünaslar
arasında fikir ayrılığına səbəb
olmuşdur. Hətta mübahisə belə bir məqama yönəlmişdir
ki, Xoca Nəsrəddin sadəcə xalq tərəfindən
uydurulmuş bir lətifə qəhrəmanı, bir
obrazdır. Onu hətta IX yüzilə aid edənlər də
olmuşdur.
Bütün
bunlar bu ulu öndərin 700 ildən bəri dünyanın
bütün ölkələrinə yayılıb, həmin
ölkələrin onun lətifələrini eşidib gülə-gülə,
düşünə-düşünə yaymalarından irəli
gəlmişdir. Ancaq qəribə burasıdır ki, Hortu kəndində
19 yaşına qədər yaşadığı üç
mərtəbəli qədim ev, təhsil aldıqdan sonra
yaşadığı Ağşəhərdə çox
möhtəşəm türbəsi, qızı Fatmanın
Ağşəhər muzeyində məzar daşı, oğlu
Ömərin Sivrihisardakı böyük camidə məzar
daşı bu gündə saxlanılır.
Nəsrəddin
Xocanın soyundan olan XV yüzilin tanınmış elm
adamlarından Xızır bəy Sivrihisarda hakim işləmiş
Molla Cəlaləddinin oğludur. Molla Cəlaləddinin Nəsrəddin
Xocanın qız törəməsindən olduğunu qeyd edirlər.
Xızır bəy zamanında dəbdə olan ərəb və
fars dillərini mükəmməl öyrənmiş, müxtəlif
elmlərə yiyələnmişdir. O, Sivrihisar hakimi işləmişdir.
İstanbulun fəthindən sonra Sultan Mehmet şəhərin
hakimliyini Xızır bəyə
tapşırmışdır. Xızır bəy 1458-ci ildə
vəfat etmiş, Vəfa yaxınlığında dəfn
edilmişdir. Doğulduğu Kadıköy də onun
adını daşımışdır. Sinan, Yaqub, Əhməd
adlı oğulları vəzir vəzifələrində
işləmişlər. İstanbulda adına cami
tikilmişdir. YUNESKO 1996-cı ili Nəsrəddin Xoca ili elan
etmiş, haqqında araşdırmalar aparılmış, film
çəkilmiş, pyes yazılmış, musiqi bəstələnmiş,
lətifələrinə rəsm və karikaturalar çəkilmişdir.
Türkiyənin
tanınmış ədəbiyyat və sənət
adamları; Əhməd Qabaqlı, Əhməd Qutsi Tecer, N.Əhməd
Özalp, Əflatun Cəm Güney, Behcət Necatigil və b.
çox dəyərli fikirlər söyləmişlər.
Əskişəhər
Mərkəz Sivrihisar və Nəsrəddin Xoca bələdiyyəsində
hər il 3-10 iyun tarixində Nəsrəddin Xocanın
doğum şənlikləri həftəsi düzənlənir.
Qara Namazov
Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.-
S.6.