Dağ yəhudilərinin Azərbaycan
sevgisi
- Fikrət müəllim, bu günlərdə xalq
yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla bərabər
İsraildə olmusunuz, orada
ədəbiyyatımızın, mədəniyyətimizin təbliği
ilə bağlı bir çox
görüşlər keçirmisiniz.
Şübhəsiz ki, səfər təəssüratlarınız
bizim üçün
də çox maraqlıdı.
- Bəri başdan
deyim ki, Anar müəllimlə bərabər bu səfərdə Yazıçılar Birliyinin sədr müavini
Nazim İbrahimov,
"Azərnəşr"in direktoru Azər
Mustafazadə, yazıçılardan Günel
Anarqızı və Elçin Hüseynbəyli
ilə də yol yoldaşlığı etdik. Çox maraqlı
görüşlər oldu. Bu sırada İsraildə yaşayan
dağ yəhudilərinin nümayəndələri
ilə ünsiyyətimizin, onlarla olan xoş söhbətlərin
xüsusi yeri var. Onların çoxu
vaxtilə Azərbaycanda yaşamış, bir
çox bölgələrimizdə
sıx şəkildə məskunlaşmış insanlar idi. Elə indinin özündə də Azərbaycanı
özlərinə vətən hesab edir, bunu qürurla
söyləyirdilər. Xüsusi olaraq bizdə ayrı-ayrı dost
xalqların, millətlərin nümayəndələrinə olan yüksək sayğıdan, qonaqpərvərlikdən
söz açır, Azərbaycanla
bağlı unudulmaz xatirələrini dilə
gətirirdilər. Bunları eşitmək mənə çox xoş idi, xüsusi qürur duyurdum. Xüsusilə,
yaradıcılıqla məşğul olan
dağ yəhudilərinin şeir
və hekayələrində Azərbaycanla bağlı xoş fikirlərin ifadə olunması adama ləzzət edirdi. Onlar Qarabağ itkisinin ağrısını da
elə bizim kimi
çəkir, Qubanın, Göyçayın, Bakının bənzərsiz
təbiətini də içdən gələn bir səmimiyyətlə tərənnüm
edirlər. Görüşlərin birində mən təklif etdim ki, İsraildə Azərbaycan
Yazıçılar Birliyinin bölməsi
yaradılsın. Bu fikir
hərarətlə qarşılandı. Vurğulandı ki, İsraildə Azərbaycan
Yazıçılar Birliyinin üzvü olan bir çox
yazıçı və şair, ədəbiyyatşünas
alim yaşayıb-yaradır. Bir çox görkəmli
Azərbaycan şair və
yazıçılarının əsərləri yəhudi
dilinə çevrilərək antologiya
şəklində işıq üzü görüb. Eyni zamanda Yazıçılar Birliyinin
Moskva, Gürcüstan
və Dərbənd bölmələri simasında bu təcrübə var. Anar müəllim də mənim fikrimi dəstəklədi. Beləcə,
Yazıçılar Birliyinin İsrail bölməsi yaradıldı və Eldar Qurşumov bölmənin
sədri seçildi.
-Fikrət
müəllim, israilli oxucuların Azərbaycan
yazıçıları ilə tanışlığı
yetərli idimi?
-
Deyim ki, mən bu tanışlıqda xüsusi
bir hörmət, borc
və vəfadarlıq duyğusunun
yaşandığını daha aydın gördüm və sevindim.
Bizim bir çox tanınmış yazıçı
və şairlərimizin, eləcə də Anar
müəllimin, lap elə mənim öz kitablarımın orada
yetərincə oxunması, kitabxanalara
verilməsi məni məmnun etdi. Bu kitabların çoxunu dağ yəhudiləri buradan
gedəndə özlərilə aparıblar. Bunu
bilmək və görmək çox xoş idi. Görünür,
ədəbiyyatın bəşəri dəyərləri həmişə
xalqları eyni bir doğma hücrəyə cəzb etməsi həqiqəti
burada da öz missiyasını ləyaqətlə
yerinə yetirir. Bircə görəydiniz ki, o insanlar
bizim xalqın adət-ənənələrindən,
milli dəyərlərimizdən necə böyük vəcdlə, minnətdarlıq
hissilə söhbət açırlar.
Görüşlərin
birində "Azərnəşr"in direktoru
Azər Mustafazadə İsrail
yazıçılarının hekayələrindən ibarət
antologiyanı təqdim etdi,
vurğuladı ki, bu cür nəşr faktlarının
qarşılıqlı olması daha çox səmərəli olur.
Yeri gəlmişkən, görüş
zamanı bizə İsraildə yaşayıb-yaradan şair və yazıçıların əsərlərindən
ibarət antologiya da hədiyyə
etdilər. Batsion Abramovanın, Solomon və Xananil
Abramovların, Şuşana Avinin, Anton Aqarunovun,
Şabtay Aqarunovun, Eldar Qurşumovun, Şain İbraqimovun və
başqalarının əsərlərilə maraqla
tanış oldum.
Sonra biz İsrailin bir çox şəhərlərində
olduq. Qüdsdə - Yerusəlimdə,
Təl-əvivdə xalqımıza, ədəbiyyatımıza
xüsusi məhəbbət, diqqət gördüm. Ədəbiyyatın
barışdırıcı, dostluq tellərini,
körpüsünü möhkəmləndirən
gücünə bir daha
inandım.
Söhbətləşdi: Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 25
noyabr.- S.5.