"Ədəbiyyatda son bahar"
16-20 noyabr tarixində qardaş
Türkiyə Cümhuriyyətinin Alanya vilayətində -
Ağdəniz sahillərində keçirilən XXI
Uluslararası KİBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk
Edəbiyyatları Kurumu) ədəbiyyat simpoziumunun mövzusu
məhz belə idi. Dünyanın müxtəlif ölkələrindən,
o cümlədən Türkiyənin müxtəlif bölgələrindən
bu tədbirə qatılan türk əsilli şair və alimlər
istər öz şeirləri, istərsə də
araşdırmaları ilə təbiətdən ədəbi
müstəviyə keçən son baharın (payızın)
gerçək mahiyyətini, fəlsəfi məzmununu
açmağa çalışdılar.
Öncə
KİBATEK Vəqfinin başqanı İsmayıl Bozqurd
giriş nitqi ilə belə bir tədbirin düzənlənməsinin
uluslararası əhəmiyyətdən, türk əsilli
ziyalıların - araşdırmaçı və
yazarların bir-birinə daha da yaxınlaşmasına
yaratdığı şəraitdən və ümumtürk ədəbiyyatında
son bahar mövzusunun geniş yer almasından
danışdı. Alanya bələdiyyə başqanı Həsən
Sipahioğlunun və Alanya şəhərinin meri Hulust
Doğanın çıxışlarında türk qançəkərliyinin
və qonaqpərvərliyinin bir daha şahidi olduq. Bu məqamda
keçirilən tədibirin düzənlənməsində hər
iki şəxsin də dəstəyini xüsusi qeyd etməyə
dəyər.
Dünyanın
bir çox ölkələrindən - Almaniyadan, Rusiyadan,
Ukraynadan, Dağıstandan, Makedoniyadan, Moldovadan, Kosovadan,
Fransadan, Özbəkistan və Azərbaycandan bu tədbirə
qatılan dəyərli alim və şairlərin üç
gün davam edən simpoziumdakı
çıxışları ədəbiyyatda son bahar
mövzusuna elmi-ədəbi yanaşmanın yüksək səviyyədə
ümumiləşdirilməsi ilə sonuclandı.
Simpoziumun təşkilat
rəhbəri - KİBATEK-in məsul işçisi,
araşdırmaçı, şair dr. Mətin Turanın və
Arslan Bayırın son bahar mövzusunda təhlili
çıxışları, həmçinin oxuduqları
şeirlər iştirakçıların diqqətini çəkdi.
Mətin Turan son bahar mövzusunda
çıxışını belə ümumiləşdirdi
ki, bizim mövzumuz "Ədəbiyyatda son bahar" adlanır.
Bu mövzu ədəbi yaradıcılığımızda hər
zaman olub və təbii ki, olacaqdır. Təki ədəbiyyatın
son baharı olmasın.
Türkiyənin
müxtəlif bölgələrindən - İstanbuldan,
Ankaradan, həmçinin Kıbrısdan bu tədbirə
qatılan şair və araşdırmaçılardan Həvva
Təkin, Savaşkan İlmak, Emel Kaya, Aynur Şahin, Umut
Yaşar və b. ümumtürk ədəbiyyatının həm
klassik, həm də müasir mərhələsindən
"Son bahar" mövzusunun qırmızı bir xətt kimi
keçdiyini araşdırmaları və şeirləri ilə
isbatladılar.
Azərbaycandan
bu simpoziuma qatılanlar - f.ü.fəlsəfə doktoru
Allahverdi Məmmədli, f.ü.fəlsəfə doktoru,
şair Adil Cəmil və şair-tədqiqatçı Nizami
Muradoğlu "Ədəbiyyatda son bahar" mövzusunda
çıxışları ilə türk
soydaşlarımızın xüsusi rəğbətini
qazandılar. Simpoziumun yekun günü
iştirakçıların gəzintisinə həsr olundu. Səlcuqlar
dövründən qalan möhtəşəm Alanya qalası,
Ağdəniz sahillərindəki türk xanədanlığının
silinməz izləri, ilin bütün fəsillərində
baharı yaşadan bu ecazkar torpağın gözəllikləri,
saf havası, səmimi insanları unudulmaz yaşantılara və
solmaz xatirələrə çevrildi. Toros
dağlarının dövrəsində Ağdənizin ləpədöyənindəki
həmişəbahar Alaniyadan bu ovqatla, bu təəssüratla
ayrıldıq - ayrılmaq istəməsək də…
A.Cəmil
Ədəbiyyat qəzeti.- 2011.- 25
noyabr.- S.5.