Naxçıvanda
xalq rəssamı Tahir
Salahovun xalça
üzərində əsərlərindən ibarət sərgi
açılıb
Noyabrın
19-da Naxçıvan şəhərindəki Heydər Əliyev
sarayında Azərbaycanın və Rusiyanın xalq rəssamı Tahir Salahovun xalça üzərində
əsərlərindən ibarət sərginin açılışı
olmuşdur.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünya
şöhrətli rəssam Tahir Salahovun xalça üzərində
əksini tapmış əsərlərindən ibarət sərginin
açılışı münasibətilə rəssamı
və onun timsalında bütün
yaradıcı ziyalıları təbrik edərək demişdir:
-
Naxçıvanda bu sərginin
açılışının keçirilməsi ölkəmizin
mədəni həyatında mühüm
hadisədir. Ona görə ki, müasir təsviri sənətimizin
səviyyəsi xeyli dərəcədə
Tahir Salahov kimi qüdrətli sənətkarların
yaradıcılığından asılıdır. Bu mənada qətiyyətlə demək mümkündür ki, Tahir Salahov
yaradıcılığı milli mədəniyyətimizin
inkişafında mühüm rola malikdir. Onun əsərləri mövzu
və janr zənginliyi, bədii forma rəngarəngliyi və estetik
kamilliyi ilə səciyyələnir.
Tahir Salahovu əbəs yerə müasir
Azərbaycan təsviri sənətinin patriarxı
adlandırmırlar. Görkəmli rəssamın əsərləri
Bəhruz Kəngərlidən Səttar Bəhlulzadəyədək
şərəfli yol keçmiş
Azərbaycan təsviri sənətinin yeni
təzahür forması və zirvəsidir.
Ali Məclisin sədri demişdir:
-
Elə rəsm əsərləri var ki, onlara baxdıqda
mütləq köməkçi söz,
şərh və ya izahat
da tələb olunur. Tahir Salahov
yaradıcılığında isə fikir
və düşüncənin sözsüz
ifadəsi öz əksini
tapmışdır. Onun hər bir əsərinin öz mənası
və fəlsəfəsi vardır. Qeyd olunanlar bir daha
göstərir ki, Tahir
Salahov hər şeydən əvvəl,
mütəfəkkir sənətkardır.
Qeyd olunmuşdur ki, hörmətli
rəssamımızın əsərlərində diqqəti
çəkən mühüm cəhətlərdən
biri də Vətənə
bağlılıq, Vətənə böyük
məhəbbətdir. O, hansı mövzuda
yaradırsa yaratsın, ilk növbədə
milli ovqata köklənmiş
sənətkar və azərbaycanlı rəssamdır.
Azərbaycan
boyakarlıq sənətinin görkəmli nümayəndəsi
olan Tahir Salahov həyatın ritmini
tutan, daim müasir olan, zamanın
fövqündə dayanmağı bacaran sənətkardır.
Onun yaradıcılığında müasirlik qırmızı xətlə
ayrılır.
Sənətdə
müasirliyin vacib
elementlərindən biri də onun hər dəfə yeni
formada, yeni biçimdə
təzahür etməsidir. Bu dəfə məşhur
rəssamın əsərləri xalçaya
köçürülmüş formada təqdim olunur.
Ali Məclisin sədri demişdir:
-
Naxçıvan Azərbaycan tətbiqi sənətinin mühüm mərkəzlərindən biridir. Xalçaçılıq sənəti
bu torpaqda uzun bir yol
keçmiş,
boyaqçılığın və toxuculuq
sənətinin, bunlarla birlikdə
yaradıcı düşüncənin üstün
cəhətlərini bir-birinə qovuşduraraq
dövrümüzə qədər gətirib
çıxarmışdır. Düşünürük ki, Tahir Salahovun yeni formada xalça üzərində
işlənmiş əsərləri rəssamlığımızla
yanaşı, xalçaçılıq sənətimizə
də müsbət təsirini göstərəcək, Tahir Salahov
yaradıcılığının nəyə qadir olduğunu bir daha bütün
əzəməti ilə nümayiş
etdirəcəkdir.
Ali Məclisin sədri rəssamı
yeni fərdi sərgisi münasibətilə
ürəkdən təbrik etmiş, ona yaradıcılıq uğurları,
möhkəm cansağlığı arzulamışdır.
Rusiyanın Azərbaycandakı
səfiri Vladimir Doroxin
böyük rəssam Tahir
Salahovun Naxçıvanda xalça
üzərində əsərlərindən ibarət sərgisinin
açılışının mühüm
bir mədəni hadisə olduğunu
bildirərək demişdir ki, Azərbaycanın dövlətçilik
tarixində mühüm yer tutan, dünyaya
Heydər Əliyev kimi böyük
şəxsiyyəti bəxş edən Naxçıvanda belə
bir tədbirin keçirilməsi həm də
muxtar respublikanın müasir
inkişaf və tərəqqisinin göstəricisidir.
Bu tərəqqi blokada
vəziyyətində yaşayan
Naxçıvanda aydın görünür.
Səfir demişdir ki,
dünya mədəniyyətinə nadir sənət inciləri bəxş edən
Tahir Salahovun
yaradıcılığı və fəaliyyəti həm də
Azərbaycan-Rusiya mədəni əlaqələrinin rəmzidir.
Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin direktoru,
sənətşünaslıq doktoru, professor Röya
Tağıyeva görkəmli rəssam Tahir
Salahovun
yaradıcılığının bütün
dünya ictimaiyyəti tərəfindən
təqdir edildiyini bildirmişdir.
Xalq Rəssamı
Tahir Salahov göstərilən
böyük diqqətə, yüksək
qonaqpərvərliyə görə minnətdarlığını
bildirərək demişdir: Azərbaycan rəssamlığı,
boyakarlığı XX əsrin 70-ci illərində böyük dövlət xadimi
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən
sonra yüksək qayğı ilə əhatə
olunmuşdur. Ulu
öndərimizin qayğı və himayəsi sayəsində
milli mədəniyyətin və təsviri
sənətin inkişafında yeni mərhələ
başlanmışdır. Görkəmli sənətkar
vurğulamışdır ki, Bəhruz Kəngərli
tərəfindən əsası qoyulan
Naxçıvan rəssamlıq məktəbi də bu gün özünün
yeni inkişaf dövrünü yaşayır. Xalq rəssamı
Tahir Salahov
dünyanın bir çox
yerlərində sərgilərinin təşkil olunduğunu bildirmiş, xalça üzərində əsərlərindən
ibarət sərginin Naxçıvanda təşkil
olunmasının onun üçün
böyük dəyərə malik olduğunu
vurğulamışdır.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov, Xalq Rəssamı Tahir Salahov və Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin sərginin
açılışını bildirən rəmzi lenti kəsmişlər.
Sonra sərgiyə
baxış olmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov və
Xalq Rəssamı Tahir
Salahov ulu öndər
Heydər Əliyevin portretinin əks olunduğu xalçanın önündə
xatirə şəkli çəkdirmişlər.
Tahir
Salahovun "Qız qalası", "Dədə
Qorqud", "Aydan-Şərq ulduzu", "Şərq əfsanəsi-Alagöz",
"Atəşgah", "Uçan xalça", "Fikrət Əmirov", "Rostropoviç", "Qara
Qarayev", Fikrət Əmirovun "Min bir
gecə" baletinə çəkilən dekorasiyalar
və digər məşhur əsərlərinin xalça üzərindəki əksi sərgiyə
gələnlərə xoş ovqat bəxş etmişdir.
Sənətsevərlər
böyük estetik
zövqlə işlənmiş əsərlərə maraqla tamaşa etmişlər.
Sonra tədbir
iştirakçıları naxçıvanlı rəssamların
əsərlərinin nümayiş olunduğu Naxçıvan Dövlət Rəsm
Qalereyası ilə də tanış olmuşlar.
Xalq rəssamı
Tahir Salahovun xalça üzərində əsərlərindən
ibarət sərgi dekabrın 1-dək davam
edəcək.
Ədəbiyyat
qəzeti.- 2011.- 25 noyabr.- S.2.