II Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında
Ötən
həftə Bakı İdman Sarayında Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə həsr
edilmiş ikinci Beynəlxalq kitab sərgi-yarmarkasının
açılış mərasimi keçirildi. Üç
gün davam edən sərgi-yarmarkada 120 yerli, 35 xarici olmaqla,
ümumilikdə 25 ölkəni təmsil edən çap və
poliqrafiya müəssisəsi, çap işi ilə məşğul
olan qurumların təmsilçiləri iştirak edirdi.
Sentyabrın
28-də işə başlayan sərgi-yarmarkanın
açılış mərasimindən hazırlanan
materialı qəzetimizin ötən sayında təqdim
etmişdik. Rəsmi açılış mərasiminin
ardınca, saat 12-dən başlayaraq sərginin proqramına
daxil edilən tədbirlərə start verildi. Sərgi çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
təmir edilən mədəniyyət ocaqlarına aid "Heydər
Əliyev Sarayı", "Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı", "Azərbaycan Dövlət
Kukla Teatrı", "Azərbaycan Dövlət Film Fondu",
"Azərbaycan Dövlət Rus Dram Teatrı" kitablarının
təqdimat mərasimləri keçirildi. Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat və reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin
giriş sözündən sonra nazir Əbülfəs Qarayev
çıxış edərək incəsənətin
müxtəlif nümayəndələrinin iştirakı ilə
həyata keçirilən sərgi-yarmarkada təqdimatı
baş tutan kitabların teatr tariximizdəki yerindən
danışdı. Sənətşünaslıq doktoru,
professor Məryəm Əlizadə, təqdim edilən nəşrlərin
müəllifi, professor İlham Rəhimli və "Təhsil"
nəşriyyatının direktoru Bəhruz Axundov
çıxışlarında bu kitabların qədim köklərə
malik Azərbaycan teatrının günümüzün
reallıqlarını əks etdirdiyini, mədəniyyət
ocaqlarının mənəvi varlığına işıq
tutmaq vəzifəsini yerinə yetirdiyini diqqətə
çatdırdılar.
Böyük maraqla davam edən sərgi-yarmarka
çərçivəsində həmin gün
görkəmli Ukrayna şairi
Taras Şevçenkoya
həsr edilmiş "Sənət
ustadı, həqiqət carçısı" adı
altında tədbir keçirildi.
Şair-tərcüməçi Səyavuş Məmmədzadənin
aparıcılığı ilə reallaşan
mərasimdə Ukraynanın ölkəmizdəki fövqalədə
və səlahiyyətli səfiri Aleksandr Pavloviç, şair-tərcüməçilər
Abbas Abdulla, Ayaz Vəfalı, Səlim Babullaoğlu,
Ağacəfər Həsənli çıxış edərək
qüdrətli söz ustasının
yaradıcılıq məziyyətlərindən
danışdılar.
Ayaz Vəfalı
çıxışında dedi: - Ədəbi-mədəni
həyatımızda mühüm hadisə
olan II Bakı Beynəlxalq kitab
sərgi-yarmarkasının bir vacib cəhəti də müvafiq
müzakirələr zamanı bədii tərcümə problemi ilə əlaqədar fikir
mübadiləsinə imkan
yaratmasıdır.
Dahi Ukrayna şairi Taras Şevçenko və
Türk dünyasının qüdrətli
söz ustası Qabdulla
Tukaya həsr olunmuş
ayrıca tədbirlər gərəkli məqamlarla yadda qalacaq.
Bir daha məlum
oldu ki, Taras Şevçenkonun sənət
qüdrətini - dünya şöhrətini
gərəyincə dərk və şərh etmək, ona olan böyük
xalq məhəbbətinin sirlərini
lazımınca öyrənmək üçün
ölməz söz ustasının dilimizə
tərcüməsi təcrübəmizi araşdırmağa xüsusi ehtiyac var.
Şevçenkonun
yaradıcılığı üçün səciyyəvi
sayılan bir sıra mühüm keyfiyyətləri
özündə əks etdirən "Kor qadın"
poeması əsərin tərcüməçisi kimi şəxsən
mənim üçün xüsusi əhəmiyyət kəsb
edir.
Əvvələn
onu deyim ki, nəşriyyat Şevçenkodan tərcümə
təklifi ilə mənə müraciət edəndə əsərin
seçiminin özümə həvalə olunmasını istədim.
Kobzarın
zəngin irsi içərisində "Kor qadın"
poeması (müəllif bu əsərini rus dilində
yazıb) bütün ruhu, ahəngi və şeiriyyəti ilə
məni valeh etdi. Şevçenko bu poemada doğma
xalqının sadə, köməksiz qızlarının -
analarının, varı-yoxu yalnız təmiz vicdanı olan,
lakin bu ismətin-qismətin də onlara çox
görüldüyü milli faciənin, mən deyərdim,
yüksək poetik abidəsini yaratmışdır.
Mülkədar
oğlu tərəfindən atılmış kor anası qədər
bədbəxt olan Oksana haqsız cəmiyyətdən baş
götürüb qaçmağa can atır:
Vəfası
yox, ilqarı yox, -
Onu niyə
sevdin, ana?!
Dayanmayaq bu
yerdə çox, -
Gedək,
gedək lap o yana!
Çarəsiz ana hara
gedəcəyini bilmir:
Aman,
qızım, hara gedək?!
Bir yer
varmı ora gedək?!
Çılğın
Oksana yerə, göyə, ədalətsiz cəmiyyətə
üsyan edir:
Meşələrə
gedək, ana! -
Canavarlar sevər
bizi;
İnsana yox,
tək heyvana
Danışarıq
dərdimizi!..
Bu etiraz dolu sətirlər
bilmirsən sözdür, yoxsa közdür?! Maraqlıdır
ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi məktəbinin ölməz
nümayəndəsi Füzulinin
Məcnunu da oxşar mühitdə az qala eyni
üsyankarlığı edir.
Müqəddəs Kəbə ziyarətində məşhur
iltimasını xatırlayın:
Çoxdur bəni-adəm
içrə bidad,
Et
könlümü vəhşət ilə mötad!
Bir mülkdə
ver mənə qərarı
Kim, yetməyə
adəmi qübarı!..
(İnsanlar
arasında zülm çoxdur, könlümü vəhşilərə
bağla; mənə elə yerdə qərar tutdur ki, ora
insanın izi-tozu belə yetməsin…)
Necə deyərlər,
izaha ehtiyac qalmır. Həqiqətən əsl, əbədi ədəbiyyat
həyatın, bəşəri fikirlərin yüksək bədii
ifadəsi olduqda yaşayır, cəmiyyətin təsəlli
və ümid yerinə çevrilir.
Sonra
Ukraynanın "Barvinok" ansamblının və Bakı
Slavyan Universitetinin ukraynaşünas tələbələrinin
çıxışları maraqla qarşılandı.
Açılış
günü Timuçin Əfəndiyevin "Mədəniyyətdə
tarixilik və müasirlik" kitabı də təqdim olundu.
Professor Aqşin Babayevin aparıcılığı ilə
baş tutan mərasimdə şair Vaqif Bəhmənli
vurğuladı ki, bu yeni nəşr Azərbaycanın mədəniyyət
tarixi ilə bağlı qiymətli bir mənbədir. Kitabda
Azərbaycan mədəniyyətinin haradan
başladığı, yaranma prosesi və necə şaxələndiyi
araşdırılıb.
Sonra
çıxış edən professor Nizaməddin Şəmsizadə
müəllifin Azərbaycan mədəniyyətinin tədqiq
olunmasına böyük töhfə verdiyini bildirdi: "Mədəniyyət
millətin sinir sistemidir. Bu sahədən yazmaq
üçün böyük və həssas qəlbə malik
olmalısan. Timuçin müəllim kitab üzərində
məhz bu meyarlarla işləyib".
Filologiya üzrə fəlsəfə doktoru Vəfa
Əliyev də yeni nəşri kulturologiya tariximizin önəmli
faktı kimi dəyərləndirdi, təqdir etdi ki, kitabda Azərbaycan
mədəniyyəti dünya mədəniyyətinin
mühüm tərkib hissəsi kimi təqdim olunur.
Sentyabrın
29-da davam edən tədbirdə əvvəlcə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
əsasən işıq üzü görən 150 cildlik
"Dünya ədəbiyyatı" seriyasından nəşri
başa çatmış kitablar təqdim olundu.
Vurğulandı ki, bu nəşrlər Azərbaycan dövlətinin,
ölkəmizin başçısı cənab İlham Əliyevin
milli dəyərlərə, kitaba olan böyük diqqətinin
bariz nümunələrindən biridir.
Həmin
gün AMEA-nın müxbir üzvü Nizami Cəfərovun
aparıcılığı ilə "Azərbaycan Dövlət
müstəqilliyi və kitab sənətinin
inkişafı", AMEA-nın müxbir üzvü Teymur Kərimlinin
aparıcılığı ilə "Qabdulla Tukay - Türk
dünyasının unudulmaz şairi" mövzularında
konfranslar da keçirildi. "Ədəbiyyat qəzeti"nin
baş redaktoru Ayaz Vəfalı, filologiya üzrə fəlsəfə
doktoru Rüstəm Kamal, tənqidçi Əsəd Cahangir
görkəmli sənətkarın sənət yolu,
ümumtürk ədəbiyyatındakı yerindən ətraflı
bəhs etdilər.
Sərginin
son günü tanınmış şair Çingiz Əlioğlunun
Moskvada keçirilən VII Beynəlxalq "Kitab sənəti"
müsabiqəsinin baş mükafatına - "Qran-Pri"yə
layiq görülmüş "Çərçivə"
kitabının təqdimatı ilə başladı. Tədbirin
aparıcısı, tanınmış yazıçı
Mustafa Çəmənli təqdim olunan kitabın tərtibat
özəlliklərindən söz açaraq qeyd etdi ki, bu həm
də bir ömür kitabıdı, yeni nəşrin adı əslində
simvolik mahiyyət daşıyır. Bu kitab Azərbaycan nəşriyyatlarının
son illərdəki uğurlarını çox dolğun şəkildə
əks etdirir.
Şair Vaqif
Bəhmənli çıxışında sərginin
uğurla davam etdiyini diqqətə çatdırdı, Azərbaycan
kitabına olan oxucu marağından söz açdı, eyni
zamanda Ç.Əlioğlu yaradıcılığına olan
səmimi münasibətini, onun mövzularının
çoxşaxəli olmasını önə çəkdi:
"Çingiz Əlioğlunun bu kitabında forma və məzmun
vəhdəti bir aradadı. "Çərçivə"
bu vəhdətin tələblərinə tam cavab verir, eyni
zamanda öyrəşdiyimiz kitab çərçivələrini
dağıdır. Yeni kitab elə bil özü öz
içində yaranıb - ilhamla, ruhla, qələmlə
baş-başa, həm müəllif, həm naşir, həm də
rəssam işi bir-birini tamamlayır".
Xalq rəssamı
Arif Hüseynov da yeni nəşrin rəssam işindən, tərtibçilik
mədəniyyətindən ətraflı bəhs etdi.
AYB-nin gənclər
üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad
Məcid vurğuladı ki, Ç.Əlioğlunun şeirlərində
çox doğma bir aura var. Onun yaradıcılığı
keçmiş sovetlər məkanında və dünyanın
bir çox ölkələrində yaxşı
tanınır. Çingiz müəllim həmişə, hər
yerdə Azərbaycan poeziyasını ləyaqətlə təbliğ
edir. Bu nəşrlə Bəhruz Axundov Azərbaycan kitab mədəniyyətində
inqilab etdi, biz "Çərçivə"nin
"Qran-Pri" almasından fəxarət duymalıyıq.
Belə kitabları vaxtilə sultanlar yalnız iki-üç
nüsxə basdıraraq şairlərə hədiyyə edərmişlər".
Şair-tərcüməçi
Səyavuş Məmmədzadə də qələm dostuyla həmrəyliyini
ifadə etdi, Ç.Əlioğlundan etdiyi tərcümələrdən
söz açdı.
Ədəbiyyatşünas
alim Rüstəm Kamal qeyd etdi ki, yaxşı, zövqlə tərtib
edilən kitabdan yaxşı, maraqlı şeirlər
oxumağın özü ikiqat zövq məsələsidi.
"Çərçivə" bir film kimi təqdim olunub -
kollektiv əməyin məhsulu olaraq müəllifi, naşiri
və rəssamı, eləcə də oxucunu bir araya gətirib.
Professor
Elçin İsgəndərzadə
çıxışında yeni nəşri kitab mədəniyyətimizə
layiqli töhfə kimi dəyərləndirdi.
Mərasimdə
İran İslam Respublikasının naşirlərindən Rza
İzrail, "Təhsil" nəşriyyatının
direktoru Bəhruz Axundov çıxış edərək yeni
nəşrlə bağlı fikirlərini
bölüşdülər, Ç.Əlioğlu xoş
söz üçün çıxışçılara
minnətdarlığını bildirdi.
Sərgi
çərçivəsində "20 ilin ədəbi mənzərəsi"
mövzusunda keçirilən "Dəyirmi masa"da ədəbiyyatşünas
alimlərdən Nizaməddin Şəmsizadə, Şirindil
Alışanlı, Arif Əmrahoğlu, Buludxan Xəlilov, Mahirə
Abdulla çıxış edərək müstəqillik
dövrü ədəbiyyatımızın
uğurlarından, ənənə və novatorluğun bir vəhdət
halında ədəbi həyatımızı irəli
aparmasından söz açdılar, bu sahədəki bir
çox problemləri qabartdılar, Akif Azalp yeni şeirlərindən
nümunələr oxudu.
Sonra
"Qızıl kəlmə" ədəbi mükafatı
laureatları ilə görüş və imza mərasimi
keçirildi. Tanınmış şair Əjdər Olun
aparıcılığı ilə baş tutan mərasimdə
tərcüməçi Telman Vəlixanlı, şairlərdən
Ağacəfər Həsənli, Taleh Həmid, Səlim
Babullaoğlu, Mahirə Abdulla, yazıçı Varis
çıxış edərək ürək sözlərini
söylədilər, Qismət yeni şeirlərini oxudu.
Gənc ədiblər məktəbi üzvlərilə
görüş də
sentyabrın 30-da keçirildi.
AYB-nin gənclər üzrə katibi Rəşad Məcid tədbiri açaraq sərginin əhəmiyyətindən,
Gənc ədiblər
məktəbinin üzvləri
olan yazarların sənət uğurlarından
danışdı. Ötən
il bu məktəbin
üzvlərindən 50 nəfərə
Mədəniyyət və
Turizm Nazirliyinin xüsusi diplomları verildiyini önə çəkdi, Qismətin,
Cavad Zeynallının,
Zərdüştün, Nərminin,
Şahinin sənət
uğurlarını təqdir
etdi. Sonra Qismət, Elşad Ərşadoğlu, Zərdüşt
Səfa, Elvin yeni şeirlərini oxudu, Pərvin və Cavad yeni hekayələrindən
söz açdılar.
Tədbirdə iştirak edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı gəncləri
təbrik edərək
dedi: "Mən ömrüm boyu gənclərin tərəfində
olmuşam, "Ədəbiyyat
qəzeti"ndə, "Yazıçı"
nəşriyyatında işləyəndə
də çalışmışam
gənc istedadlara kömək edim. Rəşad Məcid vaxtilə məni bu gənclərlə görüşə dəvət
etdi. Maraqla iştirak etdim. Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi ki, həmişə
boynumun arxasında gənc şairlərin nəfəsini hiss etmək
istəyirəm, istəyirəm
o nəfəs məni
yandırsın, mən
irəli qaçım.
Xalqımız istedadlıdır.
Gəncliyin səsinə
inanıram. Şairlər
dünyaya fərqli baxışlarla baxan insanlardı. Ancaq gənclər bəzən
iki-üç yaxşı
şeir yazırlar, sonrası gəlmir, yorulurlar. Arzu edərdim ki, gənc istedadlarımız
həmişə öz
üzərlərində işləsinlər,
vətəndaşlıq duyğusu
ilə yazıb-yaratsınlar".
Sərgi mükafatlandırma, bağlanış mərhələsi
ilə başa çatdı. Mədəniyyət
və Turizm Nazirliyinin məsul işçiləri Çingiz
Əlioğlu, Vaqif Bəhmənli, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov kitab bayramında
iştirak edənlərə
təşəkkürlərini bildirdilər. "Təhsil",
"Şirvannəşr", "Qanun", "Çıraq",
"Yazıçı", "Şəms", "Çinar-Çap",
"Səda", "Elm və
təhsil", "Şərq-Qərb",
"Gənclik", "Azərnəşr",
"Nil" və başqa
nəşriyyatlara, eləcə
də Türkiyə milli kitabxanasına,
ABŞ səfirliyinə, Makedoniya
kitabxanasına, Latviya,
Qırğızıstan, Özbəkistan
Milli kitabxanalarına və s. sərgi-yarmarkasının
xüsusi diplomları
təqdim edildi.
Hazırladı: S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 7
oktyabr.- S.1-2.