Elm fədaisi,
yorulmaz müəllim, qeyrətli
vətəndaş
Azərbaycan
ədəbiyyatşünaslıq elminin XX əsrin ikinci
yarısında yetişmiş görkəmli simalarından
AMEA-nın müxbir üzvü, professor Abbas Zamanovun anadan
olduğu gündən 100 il keçir. O, özünün Məmməd
Arif Dadaşzadə, Feyzulla
Qasımzadə, Mir Cəlal, Cəfər Xəndan, Əli
Sultanlı, Məmməd Cəfər və Həmid Araslı
kimi böyük məsləkdaşları ilə birlikdə
ölkəmizdə ədəbiyyatın və elmin
inkişafında, ədəbi əlaqələrimizin vüsətlənməsində,
alimlərimizin yeni, istedadlı, vətənpərvər nəsillərinin
yetişməsində təqdirəlayiq xidmətlər
göstərmişdir. Ümummilli lider Heydər Əliyev Abbas
Zamanovu yaxından tanımış, xalqımız
qarşısında xidmətlərini yüksək qiymətləndirmişdi.
O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
vəzifəsində çalışarkən A.Zamanovun vəfatı
xəbərini alanda "Səs" qəzetində nəşr
olunan başsağlığı məktubunda
yazmışdı: "Böyük alim, Azərbaycan elminin, ədəbiyyatının,
mədəniyyətinin inkişafında öz fədakar əməyi
ilə əvəzsiz rol oynamış Abbas Zamanovun xidmətləri
unudulmazdır. Ədəbiyyatımızın bir çox
ölkələrdə tanınması və təbliğ
olunması onun adı ilə bağlıdır. Şübhə
yoxdur ki, Abbas Zamanovun yaratdığı əsərlərdən
milli mədəniyyətimiz gələcəkdə də bəhrələnəcəkdir"
("Səs" qəzeti, 7 aprel 1993-cü il).
***
Abbas Fəttah
oğlu Zamanov 1911-ci ildə oktyabr ayının 10-da Şərurun
Maxta kəndində yoxsul əkinçi ailəsində
dünyaya gəlmişdir. Özü danışardı ki,
1918-ci ildə erməni quldur dəstələrinin
hücumundan xilas olmaq üçün Cənubi Azərbaycana
köçən şərurlular arasında onların da ailəsi
varmış. Anadan yetim qalmış Abbas atası və
qardaşı İsmayılla Xoyda sığınacaq
tapmışdılar. Fəttah kişi bir ərbabın malikanəsində
muzdurluq edir, ailəsinin yarımac güzəranını
böyük çətinliklə yoluna qoyurdu. Xeyli zəifləmiş
xəstə qardaşı məhrumiyyətlərə,
müalicəsizliyə dözməyib dünyasını dəyişmişdi.
Daşnak həmlələrinin
qarşısı alınandan sonra Maxtaya qayıdan Fəttah
kişi evlənmiş, uşaqlarının sayı
artmışdı. Cütü, öküzü olmayan ailəni
dolandırmaq zor iş idi. Əlacsız qalan ata Abbası
uşaq evinə verməli olur. Burada yaşaya-yaşaya təhsil
almağa müvəffəq olan A.Zamanov 1926-cı ildə
Bakı darülmüəlliminə qəbul edilmişdir. O, təxminən
40 il sonra Maarif komissarlığının arxivində
çalışarkən özünün o zamankı şəxsi
işinə rast gəlib. Saralmış qovluğunun üzərində
yazılıbmış: "Ədəbiyyatdan "əla",
riyaziyyatdan "iki üstəgəl" qiymət
aldığı və çocuq evində
yaşadığı üçün qəbul edilsin". Ədəbiyyatdan
"əla"nı imtahan günü ona şəxsən
Abdulla Şaiq müəllim yazıbmış… (Bu sənədin
fotosurətini vaxtilə Abbas müəllim xəfif kədər
qarışıq bir iftixar duyğusu ilə bu sətirlərin
müəllifinə göstərmişdi).
Darülmüəllimini
bitirdikdən sonra Astraxanbazarda (indiki Cəlilabad) bir il müəllimlik
edir. Onu rayon komsomol komitəsinin katibi seçirlər. Daha bir
ildən sonra A.Zamanovu gənclər mətbuatında işə
köçürürlər. O dövrün çox populyar qəzetlərindən
"Gənc işçi"nin redaktor müavini olur və
uzun müddət dövri mətbuatda, mədəniyyət sahəsində
çalışır, Azərbaycan Dövlət Opera və
Balet Teatrının direktoru vəzifəsində işləyir.
Bakıda
Nizami muzeyinin ekspozisiyasında Böyük Vətən
müharibəsi dövrü ədəbiyyatının əks
olunduğu xüsusi guşədə Sevastopolun müdafiəçisi
Əbülhəsənin, Kerçdə panton batalyonunda
vuruşan İsmayıl Şıxlının, topçu zabit
Ənvər Əlibəylinin, kəşfiyyatçı
İslam Səfərlinin portretləri cərgəsində rəngi
solmuş bir foto da nümayiş etdirilir. Cəbhə şəraitində,
irəlicədən heç bir hazırlıq görülmədən,
tələm-tələsik çəkilmiş bu şəkildə
kontrast o qədər zəifdir ki, təsvir edilən adamın
paqonlarından onun hərbi rütbəsini çətinliklə
təyin etmək olur. Lakin dolu sifət, təbəssüm
qonmuş qalın dodaqlar, nikbinlik və xeyirxahlıq ifadə
edən gözlər isə… Özüdür ki, var: şəkildə
cəbhəçi-jurnalist Abbas Zamanovun tanış və
mehriban siması canlanır. O, öz cəbhə oçerklərini
qələmə alanda məhz həmin şəkildəki
görkəmdə və qiyafədə olmuşdur. Bəli, Azərbaycan
ədəbiyyatının yorulmaz tədqiqatçısı
kimi yalnız respublikamızda və keçmiş Sovetlər
İttifaqında deyil, bir sıra xarici ölkələrdə
də yaxşı tanınan Abbas müəllim Azərbaycan mətbuatı
tariximizdə həm də qorxmaz cəbhəçi jurnalist
kimi yaşayır.
Şimali
Qafqaz cəbhəsində 58-ci ordunun tərkibində
vuruşan və əvvəlcə "İrəli", sonra
isə "Fəhlə-Kəndli
Qızıl Ordusunun döyüşçüsü"
adlı cəbhə qəzetlərində əməkdaşlıq
edən A.Zamanovun aldığı təltiflər və təşəkkürlər
arasında bir sənəd var. Bu, 1943-cü ildə Sovet
İttifaqı Teleqraf Agentliyi (TASS) tərəfindən cəbhəyə
- Abbas müəllimin adına göndərilmiş fəxri fərmandır.
Həmin fəxri fərmana o, öz əsas əsgəri vəzifəsini
yerinə yetirməklə yanaşı, Azərbaycan
oxucularını cəbhə həyatı ilə tanış
edən maraqlı yazılar yazıb çap etdirdiyi
üçün layiq görülmüşdür. Bu
yazıların səhifələrində sərrast atəşlə
onlarca faşisti məhv etmiş snayper Ziba Qəniyevanın,
qeyri-bərabər döyüşdə xariqələr
göstərib düşmən generalını əsir
almış Fariz Səfərovun,
qara xaç nişanlı təyyarələri vurub salan Adil
Quliyevin, od saçan düşmən puleymotunun lüləsinə
sinəsini sipər edərək hücuma keçən
döyüşçülərimizə yol açan Gəray
Əsədovun, faşist tanklarının qənimi Yaqub
Gözəlovun, yaralanmış komandirini öz çiyinlərində
atəş yağmuru altından çıxarıb xilas edən
tibb bacısı Səlimə Xəlilovanın fədakarlıqlarına
dair unudulmaz epizodlar canlandırılmışdır.
O
zaman hələ şairlər böyük epik
poemalarını, ədiblər roman və povestlərini hasilə
gətirib ayrıca kitablar kimi nəşr etdirməyə,
dramaturqlar pyeslərini tamaşaya qoydurmağa macal
tapmamışdı. Operativ yazılan şeirlər, xırda
hekayə və oçerklər, publisist məqalələr qəzet
sütunlarında, jurnal səhifələrində, təşviqat
vərəqələrində dərc olunur, öz oxucusuna
vaxtında çatır və dövrün tələblərindən
doğan böyük vətənpərvərlik vəzifəsini
vicdanla yerinə yetirirdi.
Nəsrimizin,
onun bədii publisistika qolunun və oçerkliyin müasir mərhələsində
A.Zamanovun "Cəbhə dəftərindən" kitabı
bəlkə də sənətkarlıq baxımından bu
gün bir o qədər diqqəti cəlb etməzdi. Lakin
Böyük Vətən müharibəsinin canlı şahidləri
tərəfindən yazılan şanlı salnaməsində
azərbaycanlı cəbhəçi jurnalistin qələmə
aldığı kiçik bir yarpaq olmaq etibarilə bu
kitabça nadir hadisələrdəndir. Onu oxuyarkən bir
daha aşkar görmək olur ki, dünənki adi Azərbaycan
fəhləsi, kəndlisi, həkimi, müəllimi, tələbəsi,
şagirdi, müharibə günlərində xalqın taleyi həll
edilərkən az bir müddət içərisində cəbhə
gerçəkliyinin tələblərinə əsasən necə
dəyişmiş, təkcə zahiri görkəmi,
paltarı, silahı ilə deyil, mahiyyətcə, mənaca,
öz xarakteri və psixikası etibarı ilə necə
mübariz əsgərə çevrilmiş, rabitəçi,
tankçı, topçu, snayper, təyyarəçi, tibb
bacısı… olmuşdur. Bu böyük tarixi həqiqətin
kiçik bir hissəsini də olsa əks etdirdiyinə görə
Abbas müəllimin oçerkləri bizim üçün
xüsusi əhəmiyyət kəsb edir.
Mən
bəzi cəbhə qəzetlərində də, arxanın mətbuat
orqanlarında da Abbas müəllimin 1941-45-ci illərdə
çap etdirdiyi bir çox oçerklərini oxumuşam.
Onlarca oçerki arasında ikisini göstərmək
mümkün deyil ki, eyni tərzdə yazılmış olsun.
Vaxtın qıtlığına baxmayaraq, öz oçerklərinin
kompozisiyası üzərində müəllif dönə-dönə
düşünüb-daşınmış, onların hər
biri üçün xüsusi təqdimat üsulundan istifadə
etmişdir.
Bu
oçerklər döyüşləri kənardan görən,
yalnız eşitdikləri əsasında yazan bir nabələdin
yox, cəbhənin sınaqlarını, səngər həyatının
üzüntülərini, hücum döyüşünün
oyatdığı yüksək əhval-ruhiyyəni, güllə
yarasının ağrısını, dost itkisinin
acısını şəxsən yaşamış bir
zabitin, qeyrətli Azərbaycan oğlunun canlı şəhadətidir.
Vaxtilə onlar Vətənin səadəti uğrunda
vuruşan igidləri yeni qəhrəmanlıqlara
ruhlandırmış, arxa cəbhə adamlarının qələbəyə
inamını qüvvətləndirmişdir. Bu
yazıların alovu vətənimizin bədxahlarını həmişə
alışdırıb yandırmışdır. Alov
saçan bu sətirlər o illərdə olduğu kimi, bu
gün də Qarabağın azad olunması üçün
amadə olan müstəqil Azərbaycanın fədakar əsgərlərinə
mənəvi dəstəkdir.
Müharibədən
sonra A.Zamanov Azərbaycan Dövlət Universitetində təhsil
almağa başlayır. Lakin vaxt dar idi. Cavanlıq
çağlarını cəbhə yemişdi. Sənədlərini
qiyabi Pedaqoji İnstituta verir və iki ilə oranı müvəffəqiyyətlə
bitirib həmin institutda ədəbiyyat nəzəriyyəsindən
dərs deməyə başlayır. Feyzulla Qasımzadə və Əli
Sultanlı kimi tanınmış həmkarlarının məsləhəti
və tövsiyəsi ilə iş yerini dəyişir və
universitetdə XX əsr Azərbaycan ədəbiyyatından
mühazirələr oxumağa başlayır. Əsrin ədəbiyyat
korifeyləri Mirzə Cəlil və M.Ə.Sabir barədə
elmi axtarışlar onu cəlb edir və bu nəcib fəaliyyətini
ömrünün sonuna qədər davam etdirir.
Beləliklə
də universitetin filologiya fakültəsində sıravi
müəllimlikdən başlayan A.Zamanov həmin ali məktəbin
ən nüfuzlu qurumlarından biri olan Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının müdiri vəzifəsinə qədər
yüksəlmiş, 8 il həmin kafedranı böyük
müvəffəqiyyətlə idarə etmişdi. O, bir
müəllim kimi ali təhsil, tədris prosesinə öz
adı ilə bağlı yeniliklər tədbiq edirdi. Məsələn,
ilk dəfə məhz Abbas müəllim universitet mühazirəsini,
özəlliklə seminarları bunun üçün zərurət
olduqda auditoriyadan çıxarıb Nizami adına Azərbaycan
Ədəbiyyatı Tarixi Muzeyinin salonlarına, bəzi
görkəmli şair və ədiblərin mənzil-muzeylərinə
aparmışdı. Məhz onun təşəbbüsü və
müşayiəti ilə bizim bir çoxumuz ilk dəfə
Nizami muzeyində olmuş, XX əsrin əvvəllərindəki
ədəbi proses haqqında mühazirəni həmin mərhələni
əla əyani vasitələrlə əks etdirən əlvan
salonda, C.Məmmədquluzadənin ev muzeyində dinləmiş,
"Molla Nəsrəddin" jurnalının 1906-cı ilin
aprelində çıxmış birinci sayını
heyran-heyran əlimizə almış, bu tarixi və
taleyüklü təmasdan ürəklərimiz riqqətə
gəlmişdir.
Onun
müəllimliyi dərs deməklə bitmirdi. Tələbələrinin
yataqxana, təqaüd, məişət, sağlıq problemləri
də həmişə Abbas müəllimin diqqət mərkəzində
idi. 1950-ci ilin fevralında - çovğunlu bir gündə bərk
soyuqlamış, hərarətim yüksək olduğu
üçün bir neçə gün dərsə gedə
bilməmişdim. Bunu eşidən Abbas müəllim dərhal
universitetin yaxınlığındakı "Passaj"
bazarından mer-meyvə alıb bir-iki tələbə
yoldaşımla yanıma gəlmişdi. Onun həyəcan təbili
bütün yataqxana rəhbərliyini ayağa
qaldırmışdı. Dərhal təcili yardım gəlmiş,
mənə o zaman çox dəbdə olan pensilin iynəsi
vurulmuş, hərarətim düşmüşdü. Üzərindən
60 il keçəndən sonra demək çox çətindir:
həmin gün, o uzaq "Altıncı Dağlıq"
küçəsindəki yataqxanada mənim
qızdırmamı salan həkimin vurduğu iynə idi, yoxsa
Abbas müəllimin özünün dənələyib
ağzıma qoyduğu, "güleyşə" narın
cana məlhəm şirəsi?
Tələbələrinə
böyük qardaş, ata münasibətini Abbas müəllim
ömrünün axırına qədər qoruyub saxladı,
istedadına inandığı cavanların aspiranturaya qəbulundan
başlamış, ailə həyatı qurarkən onlar
üçün elçilik etməyə qədər,
bütün müşküllərinin həllində
yaxından iştirak etdi. O, yüz işin içində vaxt
tapır, universitetin son kursunda təhsil alan yetirmələrinin
diplom işləri, aspirantların namizədlik
dissertasiyaları haqqında məqalələr yazıb
dövri mətbuatda nəşr etdirir, onları
ruhlandırırdı. A.Zamanovun sözün həqiqi mənasında,
mənəvi atalıq, ağsaqqallıq qayğısından
pay almış bu cür gənclərdən Baloğlan Şəfiyev,
Kamran Əliyev, Nizaməddin Şəmsizadə və qeyriləri
artıq çoxdan elmlər doktoru, professor kimi ali məktəb
kafedralarında, akademiya institutlarında səmərəli
elmi yaradıcılıq işi ilə məşğuldurlar.
Belə bir faktın da üzərindən keçə bilmirəm:
Abbas müəllim mənim də ilk kitabım ("Firidun bəy Köçərli")
haqqında rus dilində ilk geniş məqalələrdən
birini yazıb "Literaturnıy Azerbaydjan" jurnalında nəşr
etdirmişdi (1964).
***
A.Zamanovun tərcümeyi-halında
taleyüklü rol oynamış məşhur hadisə də
onun ali məktəbdə müəllimlik fəaliyyətinin
qaynar çağında baş vermişdi. Məlum olduğu
kimi, xalq şairi Səməd Vurğunun vaxtsız vəfatından
sonra, 1957-ci ildən başlayaraq hər il baharda şairin xatirəsinə
həsr olunmuş anım gecəsi keçirilirdi. İş
elə gətirib ki, mən bu gecələrin hamısında
iştirak etmişəm.
S.Vurğun
martın 21-də doğulmuşdu.
1960-cı
ilin Novruz bayramından bir həftə sonra, martın 29-da
Akademiyanın böyük salonunda keçirilən növbəti
tədbirin aparıcısı AEA-nın vitse-prezidenti, akademik
M.A.Dadaşzadə, məruzəçisi isə filologiya elmləri
doktoru, professor Cəfər Xəndan idi. Hər şey o
zamankı rəsmi yığıncaqlarda olduğu kimi,
"öz qaydası ilə" davam edirdi. Məruzədən
və irəlicədən çıxışı nəzərdə
tutulmuş bəzi natiqlərdən sonra Abbas müəllim
söz istəyib xitabət kürsüsünə qalxdı.
S.Vurğun yaradıcılığının əhəmiyyətindən,
onun əsərlərində öz əksini tapan xalqlar
dostluğu ideyasından müxtəsər danışan natiq
getdikcə həyəcanlanırdı. Bu yerdə heç kəsin
gözləmədiyi, lakin bir-iki saniyə keçər-keçməz
salondakıların 99 faizinin şərik olduğu çox
güclü bir həyəcan yaşandı. Abbas müəllim
deyirdi:
- Çox
təəssüf ki, indi bu dostluğu pozmaq istəyən bəzi
qüvvələr meydana çıxıb. Bu yaxınlarda
Yerevanda idim. Mənə məlum oldu ki, orada
Naxçıvanın Ermənistana birləşdirilməsi
üçün yığıncaqlar keçirilir, qərarlar
qəbul edilir, təxribatçılıq ruhunda tərtib
olunan sənədlər hazırlanır. Mən inanıram, əgər
Səməd Vurğun sağ olsaydı, hökmən deyərdi
ki, biz Naxçıvanın bir qarışını da
heç kəsə verməyəcəyik!
Salondan o
vaxta qədər heç bir yığıncaqda eşitmədiyim
bir gurultu qopdu, güclü çəpik dalğası qəzəblə
döşəməyə çırpılan təpik
gumbultularına, aramsız davam edən
fit-fışqırıq səslərinə
qarışıb elə bir təəssürat oyadırdı
ki, vaxtilə ermənilərin yandırıb xaraba
qoyduqları "İsmailiyyə" binasının
tavanı indicə çatlayıb dağılacaqdı. Nə
zaman qoşulduğumu bilmədiyim bu uğultu bir neçə
dəqiqə çəkdi. Arif müəllim sarsılmış,
həyəcandan rəngi qıpqırmızı
qızarmışdı. Axı bu gecə də olmasa,
günü sabah ondan yığıncağın
aparıcısı kimi bu fövqəladə ideoloji hadisə
haqqında "yuxarı idarə" qarşısında
hesabat vermək tələb olunacaqdı… Nəhayət, salonda
nisbi bir sakitlik əmələ gəldi.
Yığıncağın sədri salona müraciətlə
dedi:
-
Yoldaşlar, Abbas Zamanov çox həyəcanlı
olduğundan bir qədər hissə qapılmışdı.
İndi o da sakitləşib, yəqin ki, çıxış
edib dediklərindən peşiman olduğunu etiraf edəcəkdir…
(Bununla dünya görmüş Arif müəllim A.Zamanovun
qarşıdan gələn çox ağır cəzasını
bir qədər yüngülləşdirmək istəyirdi).
Lakin bir daha xitabət kürsüsünə yaxınlaşan
Abbas müəllim sözünün üstündə
çox möhkəm durmuşdu:
- Mən
dediyimi demişəm və sözümdən
qaçmıram!
Yenə də
gurultulu alqışlar qopdu… Yığıncaq pozuldu. Həmin
tədbirin iştirakçılarından Elçin Əfəndiyev
(o zaman 16 yaşı təzə tamam olmuşdu) xeyli sonra
2003-cü ildə yazmışdı: "Qardaş olub
Hayıstan-Azərbaycan!" kimi süni mahnıların sədaları
altındakı yalançı "xalqlar dostluğu"
şüarçılığı mühitində Abbas
Zamanovun o axşamkı çıxışı sosialist
Bakısının ətalət içində mürgüləyən
ictimai həyatında günün günorta çağı
çaxan qəfil ildırım kimi bir şey oldu. Sonralar isə
məlum oldu ki, o çıxış Azərbaycanın
taleyində mühüm rol oynayıb…" Tezliklə Abbas
müəllimi partiyadan çıxardılar. Tələbələrilə
ünsiyyətini təhlükəli sayaraq universitetin filologiya
fakültəsində mühazirə oxumaqdan kənar etdilər,
kitab və məqalələrinin nəşrinə qadağa
qoydular, ayda 83 manat almaqla kiçik elmi işçi vəzifəsində
işləmək üçün bizim Nizami adına Ədəbiyyat
İnstitutuna göndərdilər. Akademik Məmmədağa
Şirəliyev o zaman İnstitutun direktoru, mən partiya təşkilatının
katibi və elmi katib, f.e.d. Məsud Əli oğlu isə həmkarlar
təşkilatının sədri idi. Bu gün məmnun-məmnun
xatırlayıram ki, bütün hüquqlarının bərpa
olunduğu 1968-ci ilə qədər Nizami İnstitutunda ona
"gözün üstə qaşın var" deyən
olmadı. İşlədi, yazdı və tədriclə
çap olunmağa başladı…
Sözü
gedən yığıncaqdan bir qədər sonra məlum oldu
ki, sən demə, Moskva Mikoyan, Tevosyan kimi yüksək vəzifəli
bişərəf ermənilərin təşəbbüsü
və təhşkilatçılığı ilə
qaldırılmış bu müdhiş məsələni xəlvətcə,
o vaxt deyildiyi kimi, "afişirovat eləmədən", əl
altından "həll edib" cəmiyyəti artıq
baş vermiş fakt qarşısında qoymaq istəyirmiş.
Amma
müdrik bir Azərbaycan atalar məsəlində deyildiyi kimi,
"daş qayaya rast gəlmişdi". Abbas müəllimin
o tarixi çıxışı və həmin
çıxışın doğurduğu əks-səda
Xruşşova gedib çatmış, o da "ağrımaz
başına dəsmal bağlamaq" istəməyib
deyibmiş ki, "biz ölkə daxilində ərazi məsələlərini
müzakirə etmirik…"
Xruşşovun
ağlının beşdə biri Qorbaçovda olsaydı, Ermənistan
heç vaxt Dağlıq Qarabağla bağlı indi
şahidi olduğumuz bu qələti edə bilməzdi.
***
Abbas Zamanov
çox mötəbər bir mənəviyyat
körpüsü idi: Azərbaycanla xarici ölkələr arasında,
ədəbiyyatımızın və elmimizin dünəni ilə
bu günü arasında, artıq ömrünü başa
vurmaqda olan yaradıcı ziyalılarımızla gənc
istedadlar arasında…
Təqribən
60 il bundan əvvəl bu sətirlərin müəllifi Azərbaycanın
yeganə Dövlət Universitetində tələbə ikən,
filologiya fakültəsində müntəzəm olaraq
keçirilən ədəbi yığıncaqların,
görkəmli yazıçılarla görüşlərin,
müxtəlif yubiley təntənələrinin təşkilində
sevimli müəllimimiz Abbas Zamanov xüsusilə fəal
iştirak edərdi. Həmin yığıncaq və
görüşlərin bir çoxu haqqında o, özü təşəbbüs
irəli sürər, sonra isə necə deyərlər, qolunu
çırmayıb hazırlıq işinə girişər,
tələbələrə unudulmaz təsir
bağışlayan həmin görüşlərin yüksək
səviyyədə, mütəşəkkil keçməsi
üçün əlindən gələni əsirgəməzdi.
Vaxtilə M.Ə.Sabiri yaxından tanımış, onun
şagirdlərindən olmuş xəstə
pensiyaçını bu məclislərdən birinə gətirib
öz böyük müəllimi haqqında xatirələrini
söylətmək üçün o nə qədər səy
göstərmişdi! Qocaman yazıçılarımız Məmməd
Səid Ordubadini və Abdulla Şaiqi, C.Məmmədquluzadənin
həyat və məslək yoldaşı, böyük ədib
haqqında mötəbər xatirələr kitabı
yazmış Həmidə xanım Məmmədquluzadəni,
M.Ə.Sabirin müasiri və yaxın dostu, görkəmli
maarif xadimi Camo Cəbrayılbəylini, Abbas Səhhətin
şagirdlərindən, təbabət professoru Emin Əfəndiyevi
bizim nəsil ilk dəfə universitetin akt salonunda, filologiya
fakültəsinin 107 saylı çoxyerli auditoriyasında, tələbə
yataqxanamızın qiraət salonunda keçirilən həmin
görüşlərdə şəxsən
tanınmışdır. Bu cür görüşlər nəsillər
arasında canlı körpü yaradır, qocaman ədəbiyyat
və mədəniyyət xadimlərimizə gümrahlıq,
sevinc bəxş etdiyi kimi, elm təşnəsi olan gəncləri
də həvəsləndirir, onların seçdikləri sənətə
məhəbbətini daha da artırır, vətənpərvərlik
duyğularına pərvəriş verirdi.
***
XX əsr ədəbiyyatı
son dərəcə mürəkkəb, ziddiyyətli bir
dövrün, inqilablar epoxasının ədəbiyyatıdır.
Bu ədəbiyyatın böyük nümayəndələri,
ilk növbədə C.Məmmədquluzadə və M.Ə.Sabir,
onların əməl və məslək dostları olan digər
görkəmli sənətkarlar Rusiyada baş vermiş 1905-ci
il inqilabının bilavasitə təsiri nəticəsində
ictimai-ədəbi həyatın qaynar qoynuna
atılmış, xalq səngərində öz baş
mövqelərini tutmuş, buradan da ədəbi fikrin
inkişafına istiqamət vermiş, qəflətdə
qalanların gözlərinin açılması, azadlıq və
tərəqqi arzularının Azərbaycanda və Yaxın
Şərqdə geniş yayılması üçün
tarixi xidmətlər göstərmişlər. Buna görə
də tamamilə təbiidir ki, A.Zamanovun elmi fəaliyyətində
C.Məmmədquluzadə və M.Ə.Sabirin
yaradıcılığı, bütövlükdə
"Molla Nəsrəddin" ədəbi cərəyanı əsas
yer tuturdu. Bu sahədə Abbas müəllimin apardığı
uzun müddətli ardıcıl elmi axtarışların ilk
və ən uğurlu nəticəsi "Sabir və müasirləri"
probleminin həllinə həsr olunub 1966-cı ildə hasilə
yetmiş namizədlik dissertasiyasıdır. Məlum olduğu
kimi, bu əsər üçün Ali Attestasiya Komissiyası
müəllifə birbaşa filoloji elmlər doktoru alimlik dərəcəsi
vermişdi. Həmin tədqiqat və "Sabir
gülür", "Şairin dünya şöhrəti",
"Yaşasın şəhriyari-hürriyyət" kimi
sanballı məqalələri də müəllifin öz əsas
tədqiqat obyektinin vacib problemlərinə qarşı
heç zaman soyumaq bilməyən məhəbbətindən
bizə yadigar qalan gözəl nişanələrdir.
"Əməl
dostları", "Aydan arı, sudan duru", "Ömər
Faiq Nemanzadə", "Məsləkim tərcümeyi-halımdır"
kimi məqalələri A.Zamanovun bir araşdırıcı
kimi daim narahat təbiəti haqqında, ictimai fikir tariximizin
ayrı-ayrı faktlarını dürüstləşdirmək
üçün qeyrətlə sərf etdiyi əmək
haqqında aydın təsəvvür oyatmaqdadır. Keçən
əsrin əvvəllərində xalqın qabaqcıl
yaradıcı ziyalıları ən mütərəqqi
ideyaları həmvətənlərinə, soydaşlarına
çatdırmaq üçün bədii ədəbiyyatdan,
böyük çətinliklə açmağa nail
olduqları yeni kitabxana və məktəblərdən, təsis
etdikləri qəzet və jurnallardan, teatrdan, musiqidən, bədii
tərcümədən xüsusi səy və
ardıcıllıqla istifadə edirdilər. Maraqlıdır
ki, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Hüseynzadə,
N.Nərimanov, Ə.Qəmküsar, A.Səhhət, A.Şaiq,
Ü.Hacıbəyli, Ö.Faiq, S.Hüseyn, S.S.Axundov kimi
yaradıcı ziyalılarımızın istisnasız olaraq
hamısı o zaman müəllimlik etmiş, böyük əksəriyyəti
mühərrirliklə məşğul olmuş, bir çoxu
dram əsəri yazmış, teatr yaratmış, pyeslərin
tamaşaya qoyulmasında şəxsən yaxından
iştirak etmişlər. XX əsrin görkəmli xadimlərini
bu mənada xalqımızın iş və fəaliyyət
ensiklopedistləri adlandırmaq olar. Buna görə də Abbas
müəllimin kitab və məqalələrində Azərbaycan
yazıçılarının ədəbi
yaradıcılığı ilə yanaşı, onların
ictimai fəaliyyətinə, pedaqoji işinə də
geniş yer verilmiş, teatr məsələlərinə
xüsusi diqqət ayrılmışdır.
Abbas Zamanov
Mirzə Ələkbər Sabirin bir növ fanatına
çevrilmişdi. Şairin
yaradıcılığının elmi-nəzəri təhlili
və əsərlərinin nəşri sahəsində
bitib-tükənməyən fəaliyyəti öz yerində.
Sabirin həyat tarixçəsində
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, elə bir fakt, hadisə, sənəd
yoxdur ki, Abbas müəllim onu ələk-vələk edib dəqiqləşdirməsin,
öz mötəbər tədqiqatçı möhürünü
vurmasın.
Öz tədqiqatları
nəticəsində prof. A.Zamanov belə obyektiv bir qənaətə
gəlmişdi ki, Sabir nəyin pis, nəyin əyri, nəyin
düz olduğunu müstəqim tərzdə demirdi. On illər
boyu cəhalətin kütləşdirdiyi şüurları
oyatmaq, hərəkətə gətirmək üçün
moizə və nəsihət artıq kara gəlmirdi. Şirin
qəflət yuxusuna dalanları "bidar etmək"
üçün onlara gülmək, onları güldürmək
lazımdır ki, diksinib ayılsınlar, gözlərini
açıb gərnəşdikdə bərk sancmaq
lazımdır ki, bir daha qəflət yuxusuna getməsinlər.
Alim, el arasında deyildiyi kimi, qala üstündə qala qurur,
yəni Sabirin yaradıcılıq amalı haqqında şəxsi
qənaətini dahi M.F.Axundzadənin bu mötəbər
mülahizəsi ilə bir növ möhürləmiş
olurdu: "Pis və çirkin adətləri insanın təbiətindən
istehza və masqaradan başqa heç bir şey qoparıb
çıxara bilməz".
Abbas
Zamanovun elmi tədqiqatlarının ədəbiyyat elmimizin
tarixində oynadığı çox əhəmiyyətli
rol haqqında təsəvvürü tamamlamaq məqsədilə
akademik Həmid Araslının özünə məxsus səmimiyyətlə
qələmə aldığı bir etirafını yada
salmağa ehtiyac duyuram. O, hələ 1981-ci ildə A.Zamanovun
"Sabir gülür" kitabına müqəddiməsində
yazmışdı: "Müasirləri Sabir haqqında"
kitabının nəşrindən sonra məlum oldu ki, biz
böyük şair barəsində çox şeyləri
bilmirmişik. Həmin monoqrafiyanın elmi məziyyətini Həmid
müəllim, haqlı olaraq həm də onda
görürdü ki, "Yazılış tərzi etibarilə
bu əsərdə sosioloji təhlil ilə bədii təhlil
bir-birini tamamlayır, beləliklə, Sabir kimə və nəyə
gülür sualı ilə yanaşı, o, necə
gülür sualına da cavab verilir".
***
Abbas müəllim
Cənubi Azərbaycanla hər cür əlaqələrin
canlandırılmasını, ədəbiyyatımızın
İranda yaşayan soydaşlarımız arasında geniş
yayılmasını, Cənubdakı ədəbi proseslə
bizləri tanış etməyi özünün birinci dərəcəli
vəzifələrindən biri sayır və bu vəzifənin
yerinə yetirilməsi üçün fədakarlıqla
çalışırdı. Bu münasibətlə 1980-ci illərin
əvvəllərində "Azərbaycan müəllimi"
qəzeti səhifələrində "Cənubdan səslər"
adı altında maraqlı bir rubrika açmışdı. Həmin
mövzuda nəşr etdirdiyi məqalələrin hər
birində alim o illərdə Təbrizdə və Tehranda az da
olsa nəşr edilən bədii kitablardan birini təqdim və
təhlil edir, öz tələbələrini, gənc
ardıcıllarını da bu işə həvəsləndirirdi.
Bir dəfə məndən soruşdu:
- Sən 25
il əvvəl dissertasiya yazanda oxuyub istifadə etdiyin ərəb
əlifbasını unutmamısan ki?
Cavab verdim
ki, "Xeyr, Quranı orijinalında oxumağım da bu işə
öz müsbət təsirini göstərir".
- Bəs elə
isə Təbrizdən, Tehrandan gələn təzə
kitablara niyə reaksiya vermirsən?
Haqlı
irad idi. Müəllimimin qarşımda qoyduğu vəzifə
borcuma əməl edib bu mövzuda bir neçə yazı
yazdım, elə onun təqdimatı ilə "Azərbaycan
müəllimi" qəzetindəcə dərc etdirdim. Bəli,
A.Zamanov bizim ədəbiyyatçılar mühitində elə
böyük nüfuz sahibi idi ki, onun daş qoyduğu yerə
biz, tələbələri həmişə baş qoymağa
hazır idik. Güney Azərbaycan poeziyasının o
zamankı ağsaqqalı Həbib Sahirin, xalqın səadəti
uğrunda cavan canını qurban vermiş Əlirza
Oqtayın, dahi sənətkar Məhəmmədhüseyn Şəhriyarın
kitabları haqqında həmin yazılarımın əmələ
gəlib işıq üzü görməsi üçün
mən öz unudulmaz müəllimimin işıqlı xatirəsinə
minnətdaram.
A.Zamanov tərtib
və mətnşünaslıq sahəsində də səmərəli
çalışmış, M.P.Vaqif, C.Məmmədquluzadə,
M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, S.Qənizadə,
S.S.Axundov, B.Abbaszadə Hambal, S.Hüseyn və
başqalarının ədəbi irsinin müxtəlif illərdə
nəşrə hazırlanmasında tərtibçi, redaktor,
şərhçi, müqəddimə müəllifi qismində
böyük yaradıcılıq əməyi sərf
etmişdir.
Abbas müəllimin
hazırlayıb nəşr etdirdiyi tematik məcmuələr ədəbiyyatşünaslıq
elmimizdə tərtibçilik mədəniyyətinin ən
kamil nümunələrindəndir. İstedadlı tələbələrindən
Kamran Əliyevin köməyi ilə tərtib etdiyi "Molla Nəsrəddinçi
şairlər" adlı sanballı kitabda bu qəbildən
olan on yeddi şairin irsindən səciyyəvi nümunələr
toplanmış, onların hər birinin tərcümeyi-halı
barədə ən zəruri məlumatlar verilmiş, şeirlərdə
rast gəlinən əcnəbi sözlərin mənası mətnin
altındaca açılmış, müəlliflərin
şəkilləri dərc olunmuşdur.
Təkcə
bunu yada salmaq kifayətdir ki, "Müasirləri Sabir
haqqında" kitabında yerləşdirdiyi A.Səhhətin
"Sabir" məqaləsinə Abbas müəllim 20 şərh
vermişdir! Həmin şərhlərdə digər xalqlara məxsus
görkəmli sənətkarlar, konkret bədii əsərlər,
məşhur dövlət adamları, dövri mətbuat
nümunələri və s. haqqında müxtəsər,
lakin dəqiq məlumat var. Bu, iynə ilə gor qazmaq məsəlini
yada salan çox ağır bir iş olub fədakarlığa
bərabərdir. Odur ki, Abbas müəllimin tərtib etdiyi hər
hansı kitabı vərəqləyən hər bir oxucu əlavə
heç bir soraq kitabına, ensiklopediya və lüğətə
müraciət etmədən həmin kitabdakı bütün
vacib məqamları lazımi dərəcədə mənimsəyə
bilir.
Abbas müəllimin
həyat və yaradıcılığının bəzi məqamları
kimi, onun dissertasiya müdafiə edib elmi dərəcə
alması da sözün yaxşı mənasında
böyük sensasiya doğurmuşdu. İş belə gətirmişdi
ki, dostu, yaşıdı, hətta tələbəsi olan həmkarlarının
bir çoxu çoxdan elmlər namizədi, doktoru, professor
olmuşdu. Onların arasında akademiya üzvləri də
vardı. Müxtəlif səbəblər üzündən
Abbas müəllimin müdafiə məsələsi gecikirdi.
O, öz nəcib missiyası, az-çox maddi imkanları, məqalə
və resenziyaları, ədəbi-ictimai tədbirlərdəki
çıxışları ilə elmimizin ağsaqqalı Əziz
Şərifdən tutmuş, tələbəsi Bəkir Nəbiyevə
qədər bir sıra iddiaçılara əlindən gələn
köməyi əsirgəməmiş, bəlkə elə bir
də buna görə özünün elmi dərəcə
alması məsələsi xeyli ləngimişdi. Moskvadakı
görüşlərimizdən birində öz dostunu ərkyana
məzəmmət edən professor Əziz Şərif Abbas
müəllimə demişdi: "Sən nə vaxta qədər
başqalarının dəyirmanına su tökəcəksən,
öz dəyirmanını işlətməyin vaxtı
keçir axı?!" Nəhayət, 1967-ci ildə dekabr
ayının ikisində Abbas Zamanov namizədlik əsəri
kimi müdafiəyə təqdim etdiyi dissertasiyası
üçün birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsi
alır. (Bu münasibətlə elmi şura əlavə bir
yığıncaq da keçirməli olmuşdu).
Onun
dissertasiyası belə adlanırdı: "M.Ə.Sabir və
müasirləri". Abbas müəllim hələ ADU-nun
filologiya fakültəsində çalışmağa
başladığı 1948-ci ildən etibarən XX əsr Azərbaycan
ədəbiyyatı fənnindən mühazirələr
oxuyur, elmi axtarışlarında da bu istiqamətə
üstünlük verirdi. Ədəbiyyatımızın
tarixinə yaxşı bələd olan alim istedadlı bir tədqiqatçı
həssaslığı ilə müəyyən edə
bilmişdi ki, keçən əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatı öz inkişafının
yeni, mürəkkəb və məsul bir mərhələsinə
daxil olmuşdur. Əsasən realist və romantik istiqamətlərdə
inkişaf edən ədəbiyyatın milli azadlıq hərəkatı
və xalqın milli özünüdərkinin inkişafı
ilə təması bu zaman daha da genişlənib möhkəmlənmişdi.
Ədəbiyyat yalnız kəskin sosial problemləri və
prosesləri əks etdirmir, həm də öz bədii
imkanları ilə bu proseslərə təsir göstərir,
xalqın milli şüurunun formalaşmasını sürətləndirirdi.
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Hadi, Ə.Hüseynzadə,
H.Cavid, A.Şaiq, N.Nərimanov, M.Ə.Rəsulzadə,
Ü.Hacıbəyli kimi böyük yazıçı,
şair, dramaturq, publisist və mütəfəkkirlərin
yaradıcılıqlarında, ictimai-ədəbi
görüşlərində Azərbaycan ədəbiyyatının
yeni bir mərhələsinin bədii yetkinlik səviyyəsi,
inkişaf qanunauyğunluqları öz əksini
tapmışdır. Adları ədəbiyyatımızın
tarixinə qızıl hərflərlə həkk edilmiş
bu böyük ədəbi simalar arasında dahi satirik Mirzə
Ələkbər Sabirin özünə məxsus şərəfli
yeri var.
Sabirin sənətdə
yolu, müxtəsər tərcümeyi-halı, ədəbi
irsinin böyük məna və əhəmiyyəti
haqqında ilk mötəbər məlumatı şairin
müasiri və ən yaxın dostu, ixtisasca həkim olan
görkəmli şair və tərcüməçi Abbas Səhhət
(1874-1918) vermiş, "Hophopnamə"nin ilk nəşrini
yoluna qoymuşdu. Bu geniş və dəqiq məlumat sonralar
Sabirə dair nəşr olunmuş bütün tədqiqatlarda
yetərincə kara gəlmiş, haqlı olaraq yüksək
qiymətləndirilmişdir.
Sabirşünaslıq
elmimiz böyük şairin vəfatından, "Hophopnamə"nin
ilk nəşrlərindən sonra uzun müddət durğunluq
mərhələsini yaşamışdı. 1922-ci ildə
Bakıda şairə heykəl qoyulduğuna, paytaxtın ilk
kütləvi kitabxanasına onun adının verildiyinə
baxmayaraq, Sabir haqqında kitablar bir yana dursun, peşəkar
alimlərin geniş tədqiqatının nəticəsi olan
iri həcmli, sanballı bir elmi məqalə belə
yazılıb nəşr edilməmişdi. Çoxları
bilmir ki, Azərbaycanda Sabir haqqında 1923-cü ildə nəşr
olunmuş ilk kitabçanın müəllifi ADU-nun müəllimi,
rus və qədim slavyan dilləri mütəxəssisi
Aleksandra Vasilyevna Lukyanova (1894-1974) olmuşdur. O xanım Azərbaycan
dilini bilmədiyinə görə Maarif
komissarlığının sifarişi ilə Sabirin şeirləri
rus dilinə tərcümə olunmuş, A.Lukyanova həmin sətri
tərcümə əsasında öz əsərini rusca
yazmışdı. Sonra bu kitabça Azərbaycan dilinə tərcümə
edilib nəşr olunmuşdu… Məşhur ədib və tənqidçi,
Stalin repressiyasının qurbanı olmuş Seyid Hüseyn
(1887-1937) keçən əsrin 30-cu illərinin əvvəllərində
Sabirin həyat və yaradıcılığı ətrafında
xüsusi araşdırmalar aparmış, onun bu zaman hələ
sağ olan ailə üzvləri, dostları, müəllim
yoldaşları, keçmiş şagirdləri ilə
görüşmüş, xatirələrini dinləmiş,
bütün bunların əsasında 1934-cü ildə
şairin "Bütün əsərləri"nin
("Hophopnamə"nin) yeni, mükəmməl nəşrini
hazırlamış, həmin nəşrə yarı elmi,
yarı bədii, çox da oxunaqlı bir müqəddimə
yazmışdı. S.Hüseyn özü də Sabiri
yaxından tanımış, bir müddət ona böyük
şairlə dostluq etmək şərəfi nəsib
olmuşdu. 1910-1911-ci illərdə Bakının Balaxanı kəndindəki
camaat məktəbində müəllimlik edən Sabir ailəsinin
güzəranına dəstək olsun deyə axşamlar
Bakıda nəşr edilən bəzi qəzetlərin mətbəələrində
mürəttib (tərtibçi), müsəhhih (korrektor) kimi
çalışırdı. S.Hüseyn də sözü gedən
çağlarda öz hekayə və məqalələrini nəşr
etdirməklə yanaşı, mətbəədə də
çalışırdı və onlar bu zəmində
tanış olmuşdular… Sözü gedən geniş müqəddimədəki
bir sıra çox maraqlı fakt və hadisələri, o
cümlədən də şairin evlənmə tarixçəsini
S.Hüseyn dostluq çağlarında bilavasitə Sabirin
özünün ona danışdıqları əsasında işləyib
hazırlamışdı. Professor Cəfər Xəndan
1940-cı ildə bu müqəddimədəki faktlardan da
faydalanmaqla Sabirin yaradıcılığı haqqında
ayrıca namizədlik əsəri yazmış, 1961-ci ildə
isə "Şairin həyatı" adlı yaxşı
elmi-bədii bir kitab nəşr etdirmişdi. Sabir irsinin
peşəkar tədqiqatçıları professor Mir Cəlal
Paşayev, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov,
dosent Həbibulla Səmədzadə, professorlar Məmməd Məmmədov,
Alxan Bayramoğlu A.Səhhətin məlum müqəddiməsindən
nəşət edən faktları öz tədqiqatlarında
yeni tapıntıları ilə zənginləşdirmiş,
özəlliklə də şairin satiralarının müfəssəl
elmi təhlilini vermişlər. Lakin Sabirin öz müasiri
olan Azərbaycan yaradıcı ziyalıları - şair, ədib,
müəllim, jurnalist və mütərcimlərlə
qarşılıqlı əlaqələri, ümumən
müasirlərinin ona münasibəti, dərin hörmət və
ehtiramı, əlbəttə, barmaqla sayılan qədər az
da olsa, bəzi nadan və mürtəce müasirləri tərəfindən
təqiblər, böhtanlar… açılmamış
qalırdı. A.Zamanov öz tədqiqatları ilə çox
zəngin faktlar əsasında sübut etdi ki, Sabir
yaşadığı mühitdə heç vaxt kimsəsiz,
köməksiz qalmamışdır. Xalq, onu təmsil edən
mötəbər insanlar, qədirşünas oxucular həmişə
öz qüdrətli şairini sevmiş, şeirlərini məmnun-məmnun,
həvəs və həyəcanla oxumuş, bu sədaqətli
oxucular dar gündə, özəlliklə ağır xəstə
çağlarında öz kömək əlini sənətkara
uzatmış, ona yardımçı olmuş, nadanların təqib
və təhqirlərindən qorumuşlar. Müasirləri
şairin hakim dairələrdə layiqincə qiymətləndirilmədiyindən
sıxılır, kədərlənir, inciyir, lakin ruhdan
düşmürdülər. Onlar inanırdılar ki, haqq nazilsə
də, üzülməyəcək, dahi Sabir həyat səhnəsinə
çıxan yeni, qədirşünas nəsillər tərəfindən
yetərincə qiymətləndiriləcəkdir. Sabirin Abbas
Zamanov tərəfindən araşdırılıb ümumiləşdirilən
belə müasirləri arasında F.Köçərli, Qafur
Rəşad, Abbas Səhhət, Əli Fəhmi, Üzeyir
Hacıbəyli, Sara xanım Vəzirzadə, Tağı
Şahbazi, Yusif Vəzir, Türfəsultan Rəhimbəyli,
Şirin Qiyasbəyli, Əliabbas Müznib, Mehdi bəy Hacinski,
C.Məmmədquluzadə, S.M.Qənizadə, Əli Razi, Əliskəndər
Cəfərzadə, Qantəmir, Seyid Hüseyn, İsmayıl Həqqi,
İsgəndər Qəffari, Abdulla Şaiq, Mustafa Mərdanov,
Hacağa Abbasov, Nemət Bəsir, Əli Nəzmi, Məhəmməd
Hadi kimi şair, nasir, jurnalist, müəllim, mütərcim və
aktyorların yetmişdən artıq nümayəndəsi
vardır!
Beləliklə
də şəxsən şahidi olduğum namizədlik əsəri
üçün elmlər doktoru dərəcəsi almaq Azərbaycan
filologiya elminin tarixində çox nadir hadisə idi, lakin yeganə
hadisə deyildi. İlk dəfə 1943-cü ildə görkəmli
dilçi alim Məmmədağa Şirəliyev namizədlik
dissertasiyası kimi müdafiəyə təqdim etdiyi
"Bakı dialekti" əsəri üçün
birbaşa filologiya elmləri doktoru adına layiq
görülmüşdü. Sonralar o, professor elmi adı
almış, Azərbaycan Elmlər Akademiyasına üzv
seçilmişdi. Dünya türkologiya elmində təqdir
olunan akad. M.Ş.Şirəliyev uzun illər boyu (vəfat
etdiyi günədək) Dilçilik İnstitutunun direktoru vəzifəsində
çalışmışdı…
Abbas Zamanov
da çoxdan layiq olduğu şöhrətə məhz elmlər
doktoru olduqdan sonra qovuşmağa başladı. 1968-ci ildə
akademiyada Nizami adına Ədəbiyyat Muzeyinin direktoru vəzifəsinə
təyin edildi. 1974-cü ildə ona professor elmi adı verildi.
Elə həmin ildə Türkiyə Cümhuriyyəti Dil
Qurumunun üzvü seçildi, müsabiqə yolu ilə
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının
müdiri vəzifəsini icra etməyə başladı.
1980-ci ildə ona əməkdar elm xadimi adı verildi. 1982-ci ildə
Yazıçılar İttifaqına üzv qəbul edildi.
1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü
seçildi. 1989-cu ildə Türkiyənin Konya şəhərindəki
Səlcuq Universitetinin fəxri doktorluğuna layiq
görüldü…
Abbas müəllim
klassik irsi intensiv olaraq tədqiq etməklə yanaşı,
çağdaşı olan cari ədəbi prosesi də diqqətlə
izləyirdi. Onun yeni bədii və elmi kitablar, müasiri olan
görkəmli yazıçı, alim və tənqidçilərin
yubileyləri, digər dillərdən dilimizə
çevrilmiş təzə əsərlər, Bakı, Gəncə,
Naxçıvan teatrlarının premyeraları, təzə
filmlər, qarşılıqlı ədəbi əlaqələr
və s. haqqında məqalələri, ədəbi-nəzəri
mübahisələrdə fəal iştirakı "Cari ədəbi
proses və ədəbi tənqid" mövzusu daxilində
ayrıca araşdırma üçün zəngin mənbədir.
A.Zamanovun bu qəbildən əsərlərinin mühüm
bir qisminin ayrıca kitablar kimi nəşr olunması təqdirəlayiq
bir hadisədir ("Cənubdan səslər", toplayan, tərtib
edən və müqəddimənin müəllifi Orxan Seyidov,
elmi redaktoru akademik İsa Həbibbəyli, 364 səh.,
Bakı, 2010. "Seçilmiş əsərləri", tərtib
edən akad. İsa Həbibbəyli; redaktoru Dilsuz, 311 səh.,
Bakı, 2003). Yeri gəlmişkən, f.e.n. Gülgün
Rzayevanın "Abbas Zamanov" (Bakı, 1999) kitabının
ciddi tədqiqat əsasında, həm də alimin
yaradıcılığına yüksək ehtiram duyğusu
ilə yazıldığını məmnuniyyətlə qeyd
etməyi lazım bilirəm).
Abbas müəllimin
məqalə və resenziyaları prinsipial, obyektiv mövqelərdən
yazılmış ədalətli çıxışlar
olduğu üçün həmişə rəğbətlə
qarşılanırdı. Tək bircə resenziyasını
yada salmaqla kifayətlənəcəyəm. "Yersiz
müdaxilə" adlı bu rəy "Ədəbiyyat və
incəsənət" qəzetinin 9 dekabr 1956-cı il tarixli
sayında dərc olunmuşdu. Dahi Üzeyir Hacıbəylinin
sözü gedən məşhur komediyasının tarixi əhəmiyyətindən
bəhs edən müəllif göstərirdi ki, "əsərin
yaşarılığına səbəb onun ürəkləri
dilləndirən nikbin musiqisi, xalq müdrikliyindən doğan
mənalı satirası və oynaq dramatik konfliktidir". Bunun
ardınca elə ilk abzasdaca "filmin bəzi müvəffəqiyyətləri
ilə yanaşı" sözlərindən sonra göstərilirdi
ki, onun çəkilişində "ciddi nöqsanlara da"
yol verilmişdir. Başlıca qüsur kimi göstərilirdi
ki, filmi yaradanlar iş prosesində ilk mənbə olan məşhur
komediyaya yersiz müdaxilə, əlavə və ixtisarlar
etmiş, bununla da əsərin fikri-bədii səviyyəsinə
xələl gətirmişlər. Abbas müəllim "Molla
Nəsrəddin" jurnalının redaksiyasındakı
epizodları filmə almağı əsassız hesab edir və
göstərirdi ki, əsərdəki hadisələrin baş
verdiyi 1910-cu ildə bu redaksiya Bakıda yox, Tiflisdə fəaliyyət
göstərirdi. Abbas müəllimin bu mülahizəsinə
də şərik olmamaq mümkün deyil: Cəlil Məmmədquluzadənin
Gülnazı qaçırmaq üçün Sərvərin
düzəltdiyi kələyin iştirakçısı kimi
göstərilməsi həqiqətən də
tamaşaçıların çox ciddi etirazına səbəb
olur…
Mirzə
İbrahimovun "Böyük dayaq" romanı, Nəbi Xəzrinin
"Avropa xatirələri" şeirlər məcmuəsi, Həmid
Məmmədzadənin "M.F.Axundov və Şərq"
monoqrafiyası, Əkrəm Əylislinin "Quşu uçan
budaqlar" dramının səhnə təcəssümü,
İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan"
dramı, Süleyman Rəhimov, Rəsul Rza, Əziz Şərif
və başqaları haqqında nəşr etdirdiyi məqalə
və rəylər, 1988-ci ilin aprelində Azərbaycan
Yazıçılar İttifaqında keçirilən
yığıncaqda gənc ədəbi qüvvələrin
yaradıcılığına dair çıxışı
və s. Abbas müəllimin ədəbi prosesi diqqətlə
izləyən və yaxşı bilən tənqidçi,
nüfuzlu söz sahibi olduğunu dönə-dönə təsdiq
etməkdədir.
***
Abbas Zamanov
bütün şüurlu həyatını, istedad və
bacarığını Azərbaycan ədəbiyyatının,
ədəbi əlaqələrimizin tədqiqinə, nəşrinə
və təbliğinə həsr etmiş görkəmli alim,
tədqiqatçılarımızın böyük bir nəslinin
yetişməsində müstəsna əməyi olan yorulmaz
müəllim, xalqının taleyüklü problemləri yolunda
canfəşanlıq nümunəsi göstərən möhkəm
iradəli, qeyrətli Azərbaycan vətəndaşı idi.
Halal şöhrəti vətənimizdən xeyli uzaqlarda
yayılmış Abbas müəllimi yalnız yaxın
qonşularımız İranda və Türkiyədə deyil,
Avropa və Asiyanın bizdən uzaq ölkələrində də
ədəbi-elmi dairələr, görkəmli alim, ədib və
jurnalistlər on illər boyu Azərbaycan ədəbi-elmi
fikrinin mötəbər bilicisi və təmsilçisi kimi
tanımış, uyarlı problemlərlə bağlı
onunla müntəzəm olaraq yazışmış, məsləhətləşmiş,
ona inanmışlar. O, mənim bildiyimə görə, yeganə
Azərbaycan alimi idi ki, uzaq-yaxın ölkələrdən
aldığı məktub və teleqramların üstündə
poçt şöbəsi, küçə adı, ev və mənzil
nömrəsi əvəzinə cəmi üç kəlmə
söz olardı: "Bakı, Abbas Zamanov".
"Ələxa"
(Bağdad), "Qardaş ədəbiyyatlar" (Ərzrum),
"Ulduz işığı" (Təbriz) və digər dərgilərdə
Abbas müəllimin qarşılıqlı ədəbi əlaqələr
sahəsindəki təmənnasız xidmətləri dərin
minnətdarlıq duyğuları ilə etiraf edilir. Onların
birindən alınmış bu səmimi etirafı həyəcansız
oxumaq olmur: "Biz, Cənubi Azərbaycan ədibləri
A.Zamanovun hər bir kitabını, məqaləsini səbirsizliklə
gözləyirik. O, öz şəxsi nümunəsi ilə
bizi tərbiyə edir, doğma ədəbiyyatı sevməyin,
araşdırmağın yolunu göstərir". A.Zamanovun
Azərbaycan ədəbiyyatı və elmi,
qarşılıqlı ədəbi əlaqələr sahəsində
böyük xidmətləri Bolqarıstan, Avstriya, Almaniya və
bir sıra digər Avropa ölkələrində dönə-dönə
etiraf edilmiş, minnətdarlıq duyğuları ilə yad
olunmuşdur. AMEA-nın müxbir üzvü Yaşar Qarayevlə
professor Şamil Salmanov bu qənaətlərində tamamilə
haqlı idilər ki, A.Zamanovun şəxsiyyəti, alim və
vətəndaş fəaliyyəti mənəvi
yaddaşın, varislik hissinin nuruna qərq olub. Tədqiq etdiyi
dövrün klassikləri ilə o qədər
qaynayıb-qarışıb ki, Abbas müəllimin
özünün surətini də daha çox Sabirin, Mirzə
Cəlilin, Hüseyn Cavidin müasirləri arasında təsəvvürümüzə
gətiririk.
***
Ölkəmizin
elmi-ədəbi ictimaiyyəti bu günlərdə görkəmli
elm fədaisi, yorulmaz müəllim, qeyrətli vətəndaş
Abbas Zamanovun 100 illiyini qeyd edir. İnanıram ki, onun elmi irsi gələn
yüzillikdə də, sonradan da, yəni Mirzə Cəlilin və
Sabirin irsi durduqca yaşayacaqdır. Onların irsi isə
ölməzdir.
Bəkir NƏBİYEV
Ədəbiyyat qəzeti.- 2011.- 7
oktyabr.- S.1-3.