Bəstəkar ömründən akkordlar

        

Oktyabrın 4-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Maestro özüzaman haqqında" sənədli filminin təqdimat mərasimi keçirildi. Film başlamamışdan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin müasir musiqi mədəniyyətinin tarixində Xəyyam Mirzəzadənin böyük xidmətlərini qeyd etdi, vətənin yüksək mükafatına - "Şərəf" ordeninə layiq görülməsi münasibətilə ona cansağlığı və uğurlar arzuladı. O, "Sərəf" ordenini dövlət başçısı adından Xəyyam Mirzəzadəyə təqdim etdi. Yüksək mükafat münasibətilə ölkə rəhbərliyinə təşəkkürünü bildirən bəstəkar dedi ki, mən fərəh hissi keçirirəm. Son illər əsərlərimin iki cildliyi nəşr olunmuş, 6 diskdən ibarət musiqi əsərlərim hazırlanmışdır. İndi də mənə "Şərəf" ordeni təqdim olundu. Ümummilli lider Heydər Əliyevin mənə "Şöhrət" ordenini necə təqdim etdiyi yadımdadır. İkinci ordenə isə mən İlham Əliyevin sərəncamı ilə layiq görüldüm. Sonra isə o müəllimi, görkəmli sənətkar Qara Qarayevi xatırladı, doğulduğu Bakı şəhərinin son illərdə abadlaşdırılmasını diqqətə çatdırdı.

Rəsmi açılış bitdikdən sonra "Maestro özüzaman haqqında" sənədli filmi nümayiş olundu. Filmdə görkəmli bəstəkarın, xalq artistinin, Azərbaycan Dövlət mükafatı laureatının portreti diktor mətninə istinad olunmadan üç vasitə ilə verilir: Bəstəkarın özünün xatirələri və düşüncələri, əsərlərinin səsləndirilməsi, Fərəc Qarayev kimi tələbəsinin, Vaqif Səmədoğlu kimi dostunun, Bəxtiyar Vahabzadə kimi məsləkdaşının ürək sözləri, söhbətləri ilə.

Film boyu Xəyyam Mirzəzadə danışdıqca ekranda Bakının müxtəlif dövrlərdəki təsvirləri canlanır. Siyasətçilərə heykəllərin qoyulması da, dağıdılması da göstərilir. Amma uçulan heykəllərdən, dəyişən şəhərdən fərqli olaraq Xəyyam Mirzəzadə musiqisi film boyu səslənir.

Bəstəkar filmdə bəhrələndiyi Üzeyir Hacıbəyli dühasından da bəhs edir. Onun şagirdləri olmuş, sonralar Azərbaycan və dünya musiqisinə incilər vermiş böyük bəstəkarlar barədə də danışır. Ən başlıcası isə biz filmdə möhkəm xarakterli, sözünü çəkisini və hədəfini bilən Xəyyam Mirzəzadəni görürük. Filmin yaradıcı heyəti, bəstəkarı musiqisini öz tələbələrinə öyrədərkən də canlandırır. Musiqiləri isə pianoda Murad Adıgözəlzadə, orqanda Rasimə Babayevə, arfada Könül Əmirova, klarnetdə Anar Seyidov ifa edirlər. Bu məqam xüsusi ilə diqqətçəkəndir. Çünki burada bəstəkarın öz musiqisini ifaçılardan hansı səviyyədə almaq istəyi ilə tanış oluruq.

Yaradıcı heyət Xəyyam Mirzəzadəni bəstəkar və pedaqoq kimi təqdim edir, onu bir vətəndaş kimi dəyərləndirir. Filmin leytmotivinə uyğun olaraq bəstəkarın simfonik və kamera əsərlərindən nümunələr təqdim olunur, mahnıları səsləndirilir. Onun filmlərə, teatr tamaşalarına yazdığı musiqilər xatırlanır. Bununla əlaqədar yeri düşdükcə təsvir vasitələrindən istifadə olunur. Biz ekrandan dünyanın müxtəlif guşələrində səslənən Xəyyam Mirzəzadə musiqisinin sədasını eşidirik.

Film boyu ekranda tamaşaçı alqışlarının da şahidi oluruq. Tamaşaçı alqışlarını qazanmaq üçünsə istedad, zəhmət azdır. Bəzən həyatdakı axına qarşı da üzməli olursan. Bu axından üzüağ, zəfərlə çıxmaq insandan hünər, mərdanəlik tələb edir. Ömrü boyu da Xəyyam Mirzəzadəyə bu keyfiyyətlər xas olub.

Filmin nümayişi başa çatdıqdan sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" və "Cinealliance" studiyalarının müştərək çəkdikləri filmin yaradıcı heyəti ilə görüş keçirildi.

Görüşdə filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, prodüserləri Əliağa Məmmədov, Böyükağa Məmmədov, operator Ziya Babayev, filmin musiqi redaktoru Rauf Əliyev, filmin redaktoru Ramiz Rövşən, filmi montaj edənlər - Hüseyn Quliyev və Elmin Seyidli, səs operatoru Altay Useynov iştirak etdilər. Onlar film üzərindəki yaradıcı işləri barədə tamaşaçılara məlumat verdilər.

Film Ramiz Rövşənin "Tək əldən səs çıxmaz" şeiri ilə sona çatdı.

 

 

A.İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 7 oktyabr.- S.6.