"Mən
XX əsrdə qaldım" poetik məcmuəsinin
təqdimatı oldu
Oktyabrın 5-də, Azərbaycan
Yazıçılar Birliyində əməkdar incəsənət
xadimi, uzun illər
"Literaturnı Azərbaycan" jurnalının baş redaktoru işləmiş,
"Humay" beynəlxalq
mükafatının laureatı, 1999-cu ildə Puşkin
yubiley medalı ilə təltif edilmiş şair Mənsur
Vəkilovun şeirlərindən ibarət "Mən XX
əsrdə qaldım" məcmuəsinin təqdimatı olmuşdur. Kitab "Elm və təhsil" nəşriyyatında
işıq üzü görmüşdür.
İstedadlı
şairin xatirəsini anmağa
tanınmış ədəbiyyat xadimləri, həvəskar
şairlər, Mənsur Vəkilov
yaradıcılığının pərəstişkarları
gəlmişdilər. Onların bəziləri Mənsur Vəkilovu
uzun illər tanımış, bir çoxları onunla bir o qədər də
sıx ünsiyyətdə olmamışdır. Lakin hamısı şair
haqqında xoş xatirələr qoruyub saxlamış, onun
yüksək insani keyfiyyətlərini
vurğulamışlar.
Tədbirdə
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar,
Yazıçılar Birliyinin katibi, xalq şairi
Fikrət Qoca
iştirak etmişdir.
Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov tədbiri giriş
nitqi ilə açaraq
şeirlər toplusunun nəşrini Azərbaycanın
rusdilli ədəbiyyatında,
bütövlükdə respublikanın mədəni həyatında
əhəmiyyətli hadisə adlandırmışdır.
"Mən XX əsrdə
qaldım" məcmuəsinin tərtibçi-redaktoru,
yazıçı-şairə Nelli Atəşgah,
yazıçı-tərcüməçi Enar
Hacıyev, şairə Valentina Əfəndiyeva,
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, şairlər Elberd Tuqayev, Paşa Yusifov, Elza Babayeva, Oqtay Rza,
yazıçı-fantast Aleksandr Həkimov,
bard Sergey Aronoviç və başqaları
gözəl lirik poeziya
nümunələri yaratmış Mənsur Vəkilovun böyük poetik istedada malik olduğunu vurğulamışlar. O, müxtəlif
illərdə nəşr olunmuş 8 şeir toplusunun müəllifidir.
Mənsur Vəkilovun ilk şeirlər məcmuəsi
hələ 1965-ci ildə çap olunmuşdur. Bu məcmuələrə
daxil olan şeirlərin
başlıca mövzusu məhəbbətdir.
Mənsur Vəkilov üçün məhəbbət
çox geniş məfhum
olub anaya, Vətənə,
qadına, bütün bəşəriyyətə
olan sevgi hisslərini əhatə
edir. Şairin bəzi
sözlərinə gözəl mahnılar bəstələnmişdir.
Uzun
illər "Literaturnı Azərbaycan" jurnalının baş redaktoru işləmiş,
qələm dostlarının yaradıcılığına həmişə
həssas və səmimi bir münasibət
bəsləmiş Mənsur Vəkilov Sevinc
Heydərova, Alina Talıbova, Marat Şəfiyev və b.
kimi tanınmış gənc ədiblərin
parlaq pleyadasını yetişdirmişdir.
Tədbirdə
müəlliflərin ifasında Mənsur Vəkilova həsr olunmuş şeirlər, habelə şairin öz şeirləri
səslənmişdir.
Sonda tədbir
iştirakçılarına nəfis tərtibatda çap olunmuş "Mən
XX əsrdə qaldım" məcmuəsi
paylanmışdır. Kitabın özü
kimi, hissələri də şairin
şeirlərindən götürülmüş
misralarla adlandırılmışdır.
"Qayada külüng"
adlandırılmış birinci hissəyə
Mənsur Vəkilovun müxtəlif illərdə
yazdığı 137 şeir daxildir. "Mən hamını sevirdim" adlandırılmış ikinci hissədə şairi
yaxından tanıyan insanların xatirələri, habelə ona həsr olunmuş
şeirlər yer almışdır.
Ədəbiyyat qəzeti.- 2011.- 7
oktyabr.- S.6.