Üzeyir bəyi düşünərkən...
Sentyabrın 16-da “Mədəniyyət”
kanalında “Musiqi irsimiz” verilişinin Üzeyir Hacıbəyliyə
həsr olunmuş sayında çıxışım
İki
gün sonra dahi bəstəkarın anadan olan
günüdür. Bu günü əbədiləşdirmək,
ümumxalq bayramına çevirmək üçün
ümummilli lider Heydər Əliyev hələ 1995-ci ildə
Üzeyir bəyin anadan olmasının 110 illiyi ərəfəsində
sərəncam imzalamış və o vaxtdan hər il
sentyabrın 18-i ölkəmizdə Milli Musiqi günü kimi
qeyd olunur. Bu, təsadüfi deyildir. Üzeyir bəy Azərbaycan
musiqişünaslığı tarixində ölkənin
hüdudlarını yararaq beynəlxalq arenaya çıxan, nəzəri
musiqişünaslığın zəngin üfüqlərində
bərqərar olan ilk Azərbaycan bəstəkarıdır. Fəxrlə
qeyd etməliyəm ki, onun yaratdığı əsərlər
dünya musiqi mədəniyyəti xəzinəsinə daxil
olmuşdur. Üzeyir bəy Yaxın Şərqdə ilk opera
və operettaların müəllifidir. O, Azərbaycan peşəkar
bəstəkarlıq məktəbinin əsasını
qoymuşdur. Üzeyir bəy dahi idi, korifey idi. Yalnız
korifeylərin ilk əsəri klassikaya çevrilə bilir.
Üzeyir bəyin 22 yaşı olanda yazdığı,
yüz ildən artıq zaman kəsiyində səhnədən
düşməyən "Leyli və Məcnun" operası
kimi.
Bir
neçə kəlmə də Üzeyir bəy və
aşıq sənəti barədə.
Üzeyir bəy
aşıq sənətinə, aşıq
yaradıcılığına da xüsusi diqqət və
qayğı göstərirdi. Aşıq sənətinin,
aşıq musiqisinin həmişəyaşar olmasını
bir çox məqamlarla əlaqələndirirdi. Bu münasibətlə
yazırdı: "Aşıq yaradıcılığı
elə bir sənət aləmidir ki, orada şairin də,
yazıçının da, bəstəkarın da, xanəndənin
də, rəqqasın da istədiyi qədər götürəcəyi
pay vardır".
Beləliklə
o, aşıq sənətinin sinkretikliyini ortaya qoyurdu. Buraya
aşığın aktyor olmağını da əlavə
etmək olar.
Dahi
bəstəkarın Azərbaycan aşıqlarının
1938-ci ildə keçirilən II qurultayında "Azərbaycan
aşıq sənəti" adlı
çıxışı (mən çəkinmədən onu çıxış yox,
məruzə adlandırardım) bir çox mətləblərdən söz açır: Aşıqların təşkilatının yaranma məsələsini, musiqi
məktəblərində aşıq sənətinin tədrisi,
yerlərdə aşıqlar xorunun
yaradılması, aşıq havalarının nota
köçürülməsi - bunların hamısı Üzeyir bəyin ölümündən çox-çox sonralar yerinə
yetdi.
Aşıqlar
Birliyi yaranıb. Müvafiq
məktəblərdə və universitetlərdə
aşıq sənəti tədris edilir. Sənətşünaslıq doktoru,
prof. İlqar İmamverdiyev saz
havalarının hamısını nota köçürüb. Üzeyir
bəyin əsərləri gənclərdə məhəbbət,
vəfa, sədaqət, qəhrəmanlıq, vətənpərvərlik
hisslərinin aşılanmasında müstəsna rol oynayır. Yaxşı
yadımdadır, keçən əsrin 90-cı illərində
Qarabağ məsələsi ortaya çıxanda toylar
"Koroğlu" operasının
uvertürası ilə başlayırdı. Hamı ayağa qalxıb əl-ələ verir, yumruq kimi
birləşirdi. Üzeyir bəyə rəhmət
oxuyurdu.
Bütün
bu deyilənlər qəti qənaətə
gəlməyə imkan verir
deyim ki, hər bir müsəlman üçün
hər şeyə Allahın adı ilə başlamaq
zəruri olduğu kimi,
milli musiqimizlə bağlı hər bir yeniliyə Üzeyir bəyin
adı ilə başlamalıyıq.
Qəzənfər Paşayev
Ədəbiyyat qəzeti.- 2011.- 7
oktyabr.- S.5.