Adam tanıyıram

 

Adam tanımaqda itidir fəhmim,

Qaçmır nəzərimdən yaxşı, pis.

Doğru zənddə mənə tay olmaz heç kim,

Tanrı vergisidi bu duyum, bu hiss.

 

Adam tanıyıram, qəlp pul kimidi,

Özü saxtadı, sözü saxta.

Müftə kef-damaqlar yaşam çəmidi,

Ortalıqda yeyib, gəzir qıraqda.

 

Adam tanıyıram, heçdi mənliyi,

Öyünüb qürurla döyür döşünə.

Tula xislətlidi, tez duyur iyi,

Yem üçün az qalır yerə döşənə.

 

Adam tanıyıram, boşdu kəlləsi,

Boylanır dünyaya o, xumar-xumar.

Dəyməyib üzünə tale şilləsi,

Qoysan özbaşına Allahlıq umar.

 

Adam tanıyıram, "mübarək işi"

Quyruq bulamaqdı böyük yanında.

Kişisiz yerlərdə sayılır kişi,

İrsi nökərçilik qalıb canında.

 

Adam tanıyıram, bilmir nədi ar,

Üzündən, gözündən yaltaqlıq yağır.

Ucuz mədhiyyələr dilində şüar,

Gah məğrur görsənir, gah olur fağır.

 

Adam tanıyıram, çox yekəxana,

Ədayla oturur, ədayla durur.

Əvəzsiz ləzzətdi lovğalıq ona,

Olmayan qeyrətdən bol-bol dəm vurur.

 

Adam tanıyıram, bibərdən acı,

Ağzı açılanda zəhər tökülür.

Xışlayar hamını, olsa əlacı,

Kinli baxışından ürək sökülür.

 

Adam tanıyıram, irişir üzə,

Ən yaxşı dosta da badalaq qurur.

İçinin xıltını vermir büruzə,

Amansız zərbəni arxadan vurur.

 

Adam tanıyıram, bizlərdən iraq,

Lap köpək oğludu, desəm azdı.

Hey nöqsan axtarır əlində çıraq,

Vicdanı ləkəli bir yaramazdı.

 

Heyif ki, saf insan tapılır tək-tək,

Barmaqla sananır eldə-obada.

Xeylimiz qulbeçə, xeylimiz təlxək,

Alilər qəsd ilə gediblər bada.

 

İstərdim dəniz tək çırpınsın millət,

Çürük bəndələri qovsun özündən.

Qalmasın canında köhnə bir illət,

Nəsillər su içsin bulaq gözündən.

 

Düzlüyə, mərdliyə açılsın meydan,

Dolaşsın dünyanı şöhrətim-şanım.

Ehtiram bəsləsin insana insan,

Cənnətməkan olsun Azərbaycanım!

 

 

Dünya köçü

 

Köçür tanışlarım dünyadan bir-bir,

Çoxdan itirmişəm sadiq dostları.

Tənhalıq qüssəsi ürək göynədir,

Bu günün sabaha yox etibarı.

 

Məhrəm bir ülfətin tamarzısıyam,

Qocanın söhbətlə qarışır başı.

Rəhimli Tanrıma bəzən asiyəm,

Qəhətdir münasib çənə yoldaşı.

 

Götürüb açıram cib dəftərçəmi,

Gözüm sətirləri gəzir həsrətlə.

Qovmaq istəyirəm könlümdən qəmi,

Ömür çürütmüşəm mən bu xislətlə.

 

Bir anda heyrətdən quruyur qanım,

Qara xətt çəiklib bütün adlara.

Sağ deyil simsarım, bircə hayanım,

Kimlərə üz tutum, zəng edim hara?!

 

Keçir zaman-zaman hamı sınaqdan,

Tütyə insanların görünür yeri.

Pozuruq aranı çox vaxt nahaqdan,

Böyük qənimətmiş dostun hər biri.

 

Şirin düşüncələr çatır dadıma,

Soyuyur alnımda həyəcan tərim.

Xoş günlər, şən çağlar düşür yadıma,

Yaxşı ki, canlıdı xatirələrim!

2011 - Zaqatala

 

 

Dostlardan təvəqqəm

 

Bir gün olmayacam bu dünyada mən,

Həyata əlvida deyəcəm səssiz.

Mürdəşir biçəcək üç arşın kəfən, -

Məzar libasını geyəcəm səssiz.

 

Dostlar, dərd çəkməyin o anlarda siz,

Salın yadınıza mən necə varam.

Qəbrimin üstündə dedikləriniz

Halal qismətimə qatmasın haram.

 

Bol-bol təriflərə ehtiyac var?

Saxta mədhiyyələr bezdirib məni.

Riyadan hər zaman gəzmişəm kənar,

Heç vaxt sevməmişəm şit söz deyəni.

 

Bir rütbə ardınca yüyürməmişəm,

Mənim tox nəfsimi qınamaz heç kim.

Coşub kin qılıncı siyirməmişəm,

Çağlayıb könlümdə insana sevgim.

 

Alçaqlar önündə alçalmadım heç,

Dik tutdum həmişə məğrur başımı.

Yalançı bütlərə əl çalmadım heç,

Ehtiyac kəssə daim qarşımı.

 

Yaşadım ən ülvi bir diləklə mən,

Dedim qoy nəsillər bilsin qədrimi.

Hərarətlə qucsun boynumu Vətən,

Hopum yaddaşlara mərd insan kimi.

 

Budur, əzizlərim, sizdən təvəqqəm: -

Haqqım nəyə çatır, söyləyin onu.

Nəcib qəlbinizə xal salmasın qəm,

Xoş əhvalla duyun dost yoxluğunu.

2001

 

 

Vurnuxur

 

Şöhrət eşqi bəla olub başlara,

Hamı bir pay güdə-güdə vurnuxur.

Haqqı çatan qalıb tamam qıraqda,

Ortalıqda gədə-güdə vurnuxur.

 

Fitri ilham hədiyyədir Xudadan,

Hifz edilir qənşər gələn qadadan.

Qədəm qoyur bu meydana hər nadan,

Ömrü hədər gedə-gedə vurnuxur.

 

Babanlıyam, məşhur ismim Vidadi,

Şan-şöhrətə mən baxmışam çox adi.

Şair var ki, el dilində yox adı,

Ürəyi qövr edə-edə vurnuxur!

 

 

A canı yanmış

 

Bu necə baxışdı, baxırsan belə,

Yandırdın canımı, a canı yanmış.

Mənə qənim olub sənə heyranlar,

Tökdürmə qanımı, a canı yanmış.

 

Qəşəngsən, camalın göz qamaşdırır,

Şirin işvələrin ağıl çaşdırır.

Qocalıq dərdimi aşıb-daşdırır,

Verir divanımı, a canı yanmış.

 

Yoxdur gözəllərin sənə oxşarı,

Qıymaz Tanrı mənə sənin tək yarı.

İnsaf et, gözümə görünmə barı,

Qırma amanımı, a canı yanmış.

 

Tale Babanlını çox çəkib bərkə,

Alın yazısıdı bu sınaq bəlkə.

Yaman dilə salıb, bələmə çirkə

Təmiz ad-sanımı, a canı yanmış.

2011

 

 

Vidadi Babanlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 7 oktyabr.- S.5.