Bu günün və sabahın müəllifi

      

Bakı Slavyan Universitetində müxtəlif istiqamətlərdə seriya kitabların çapı həyata keçirilməkdədir.

"Azərbaycanşünaslıq etüdləri" seriyasında isə ilk olaraq böyük folklorşünas, prof. Məmmədhüseyn Təhmasibin ikicildlik "Seçilmiş əsərləri" (elmi redaktoru AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamal Abdullayev, tərtib edənlər f.e.d., prof. Məhərrəm Cəfərli, f.e.d., prof. Asif Hacıyev, f.e.n., dos. Elşən Şükürlü) çap olunmuşdur. Biz bu barədə bir qədər ətraflı dayanmağı özümüzə borc bilirik. Birinci cildə görkəmli folklorşünasın "Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri" adlı namizədlik dissertasiyası, məqalələri və tərtib etdiyi kitablara yazdığı ön sözlər, ikinci cildə isə "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsəri daxil edilmişdir. Onu da qeyd edək ki, M.Təhmasibin əsərlərinin böyük əksəriyyəti uzun illər bundan əvvəl nəşr olunmuş, bəzisi isə indiyə kimi çap olunmamışdır.

"Seçilmiş əsərləri" alimin 100 illik yubileyinə həsr olunmuşdur. Kitabın elmi redaktoru bu nəşr barədə yazır: "Bu gün M.Təhmasibin əsərlərinin külliyyat halında işıq üzü görməsi filoloq tələbələr və bu sahədə çalışan alimlərimiz üçün dəyərli töhfədir. Qeyd etmək lazımdır ki, bu əsərlər mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün də maraqlı olacaq.

Bakı Slavyan Universitetində elmi dəyərə malik olan əsərlərin nəşr olunması artıq bir ənənə halını almışdır. M.Təhmasibin əsərlərinin çap olunması da bu ənənənin layiqli davamıdır".

M.Təhmasib kimi görkəmli alimin əsərlərinin bu gün nəşr olunması olduqca sevindirici bir hadisədir. Prof. M.Təhmasibin (1907-1982) folklorşünaslığımızın təkamül və inkişafında böyük rolu olmuşdur. Azərbaycan folklorşünaslığının ən mütərəqqi ənənələrini öz elmi fəaliyyətində birləşdirən, dövrünün qabaqcıl elmi-nəzəri nailiyyətlərini milli folklorşünaslığımıza tətbiq edərək uğurlu tədqiqatları ilə zəngin irs yaratmış alim-ədibin həyatının, əsərlərinin öyrənilməsi çağdaş humanitar elmimizin sağlam ənənələr üzərində davam etdirilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir.

M.Təhmasibin yaradıcılığı çoxyönlü, genişəhatəli olmuşdur. Məhz bunu nəzərə alan tərtibçilər ikicildliyə görkəmli alimin müxtəlif sahələri əhatə edən əsərlərini daxil etmişlər. Həmin əsərlər "Adət, ənənə və mərasimlər", "Nağıl və dastanlar", "Xalq lətifələri", "Kərkük folkloru", "Uşaq folkloru" adı altında təsnif edilmişdir. Bu sırada onun mərasim folkloruna, mərasim və mövsüm nəğmələrinə, ilkin janrlara dair əsərləri xüsusi yer tutur. M.Təhmasib namizədlik dissertasiyası ilə mərasim folklorunun sistemli araşdırılmasının əsasını qoymuşdur. Ancaq onun mərasim folkloruna - mövsüm və məişət mərasimlərinə, ilkin janrlara münasibəti bununla məhdudlaşmayaraq bir sıra oçerk və məqalələrində də bu mövzuya müraciətlə nəticələnmişdir. İkicildliyin I cildində özünə yer tapmış "Üç hadisə ilə bağlı mərasimlərimiz", "Adət, ənənə, bayram" əsərləri də bu sıraya daxildir. M.Təhmasib mərasimləri xalqın dünyagörüşünün öyrənilməsində mühüm qaynaq saymışdır.

M.Təhmasibin folklorşünaslıq fəaliyyətinə başladığı 30-cu illərin sonu, 40-cı illərin əvvəlləri folklor nümunələrinin intensiv şəkildə toplandığı bir dövr olmuşdur. Rəşid bəy Əfəndiyev, Yusif Vəzir Çəmənzəminli, Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, Aleksandr Baqri, Hümmət Əlizadə, Əmin Abid kimi toplayıcı və tədqiqatçıların işini davam etdirməyə başlayan M.Təhmasib ömrünün sonuna kimi folklorşünaslıq fəaliyyətindən ayrılmamışdır.

M.Təhmasibin folklorşünaslıq fəaliyyəti, əsasən iki istiqamətdə olmuşdur. Birinci istiqamət onun toplama, tərtib və nəşr fəaliyyətini, ikinci daha aparıcı və mühüm istiqamət isə onun elmi araşdırmalarını əhatə edir.

M.Təhmasibin adı Azərbaycan nağıllarının, bayatılarının, dastanlarının, lətifələrinin, aşıq şerinin mühüm nəşrləri ilə bağlıdır. O, ən mühüm folklor nəşrlərində ya toplayıcı-tərtibçi, ya da redaktorön sözün müəllifi kimi iştirak etmişdir. Onun folklor toplularına yazdığı müqəddimələr, izah və şərhlər öz orijinallığı və mükəmməlliyi ilə diqqəti cəlb edir. Bu cəhətdən müəllifin ikicildliyin I cildinə daxil edilmiş xalq lətifələri ilə bağlı "Ön söz"ü öz dolğunluğu, əhatəliliyi ilə bir nümunə ola bilər.

M.Təhmasibin elmi yaradıcılığında folklorun mühüm janrları barədə araşdırmalar da mühüm yer tutur. Odur ki, "Seçilmiş əsərlərə" nağıl və dastanlarla bağlı "Əfsanəvi quşlar", "Azərbaycan xalq ədəbiyyatında div surəti", "Dastan yaradıcılığımız haqqında", "Dastanlarımızın bir növü haqqında" və s. məqalələrin salınması yerinə düşür.

Aşıq sənətinin nəzəri məsələləri ilə ardıcıl məşğul olan alim bir çox qüdrətli aşıqların yaradıcılığına da dönə-dönə müraciət etmiş, bu barədə mülahizələrini söyləmişdir.

"Seçilmiş əsərləri"n "Ustad aşıqlar" fəslinə daxil edilmiş məqalələri bir daha nəzərdən keçirdikcə bunun şahidi oluruq. Bunların içərisində Aşıq Ələsgərə həsr olunmuş məqalələr xüsusilə seçilir.

İkicildliyin ikinci cildində M.Təhmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsəri nəşr olunmuşdur. Azərbaycan eposuna həsr olunmuş bu əsəri tədqiqatçılar folklorşünaslığımızın tarixində mühüm bir hadisə hesab etmişlər. Prof. İ.Abbaslı bu barədə yazır: "M.H.Təhmasibin folklorşünaslıq fəaliyyətində orta əsrlər Azərbaycan xalq dastanlarına həsr olunmuş monoqrafiya xüsusi mərhələni təşkil edir. Bu araşdırma eposşünaslığın son nailiyyətləri və müəllifin uzun illər elmi-nəzəri təcrübəsi əsasında yazılmışdır. Əsərdə dastanların formalaşması prosesi müəyyənləşdirilmiş, aşıq sənəti barədə bir sıra maraqlı mülahizələr söylənmişdir. Ozan, yanşaq, aşıq istilahlarının söz açımı barədə fikirlər xüsusilə dəyərlidir. Bir janr kimi dastan, onun yaradıcıları, ifaçılıq ənənələri və özgə məsələlər tam mahiyyəti ilə geniş şərh olunmuşdur. M.H.Təhmasib bu əsərində həmçinin Azərbaycan xalq dastanlarının elmi təsnifini aparmışdır".

M.Təhmasib "Kitabi-Dədə Qorqud" üzərində uzun illər axtarışlar aparmış, silsilə məqalələrində, "Azərbaycan xalq dastanları (orta əsrlər)" monoqrafiyasında bu ədəbi abidə üzərində mürəkkəb məsələlərə dair öz mülahizələrini bildirmişdir. Son əsərlərindən biri olan "Bir tarixi həqiqətin eposdakı izləri" məqaləsində isə bu barədəki bir çox mülahizələrinə aydınlıq gətirmiş, onları yekunlaşdırmışdır. O, bu əsərində diqqəti oğuzlar və azərbaycanlılar haqqında həqiqətin eposdakı izləri məsələsinə cəlb edir. Tarixi məlumatları, yarımtarixi əfsanələri, "Kitabi-Dədə Qorqud" və qədim əsatiri Oğuz versiyalarını nəzərdən keçirərək aydınlaşdırır ki, həm "Kitabi-Dədə Qorqud" boyları, həm də əsatiri Oğuz eposu məzmunca zənn edildiyindən çox qədim əsrlərlə səsləşməkdədir. "Koroğlu" dastanını tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanlarının ən mükəmməli hesab edən müəllif, bu dastanın XVI-XVII əsrlərdəki ictimai hadisələrlə səsləşməklə yanaşı, ayrı-ayrı qollarının yaradılmasında daha qabaqkı əsrlərdə baş vermiş əhəmiyyətli tarixi hadisələrin hafizələrdə yaşayan rəvayət və əfsanələrindən də qidalanma, faydalanma olduğunu əsaslandırmışdır.

M.Təhmasib Azərbaycan dastanlarını qəhrəmanlıq dastanları, məhəbbət dastanları, ailə-əxlaq dastanları qruplarına ayırmış, onların hər birinin daxili tematik strukturunu təsvir etmiş, səciyyəvi xüsusiyyətlərini təhlil etmişdir.

Alimin yaradıcılığında dastanların tədqiqi çox mühüm yer tutur. Prof. K.Məmmədov hələ neçə illər bundan əvvəl bu barədə belə qənaətə gəlmişdir: "Azərbaycan xalq dastanları (orta əsrlər)" kitabının rus dilində və başqa dillərdə çap olunması Azərbaycan folklorşünaslığının şöhrətini daha da yüksəldərdi, birona görə ki, həmin kitab türkologiya aləmində yaxşı bir təşəbbüsün başlanğıcı, bütün türk xalqları, hətta Şərq xalqları şifahi ədəbiyyatının qarşılıqlı, əlaqəli tədqiqinin gözəl nümunəsidir. Həmin əsər yalnız folklorşünaslar üçün əhəmiyyətli olmayıb, həm də ədəbiyyatşünas, tarixçi, sənətşünas, dilçi, memaretnoqraflar üçün də lazımlı mənbələrdən biridir".

Bu əsərin nəşrindən 40 ilə yaxın bir vaxt ötür, lakin bu gün də M.Təhmasibin bu əsəri, eləcə də haqqında bəhs etdiyimiz bütün əsərləri öz əhəmiyyətini saxlamaqdadır. Bu da təsadüfi deyildir. M.Təhmasib fəaliyyətdə olduğu dövrün qabaqcıl elmi-nəzəri görüşlərini daşıyan nüfuzlu bir alim olmuşdur. O, dünya folklorşünaslığının nailiyyətlərinə də dərindən bələd idi, ümumtürk eposunun poetikasını yaxşı bilirdi.

M.Təhmasibin təkcə "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsəri deyil, "Seçilmiş əsərləri"nə daxil edilmiş irili-xırdalı əsərləri, eləcə də bu gün nəşrini gözləyən digər əsərləri sanballı tədqiqatlar, yaradıcılıq məhsullarıdır.

Bu cəhətə toxunan kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev yazır: "Bu ikicildlik də hələ hamısı deyil, deyə bilərik. Məmmədhüseyn Təhmasibin professional bir alim kimi yaradıcılığı onun zəngin bədii yaradıcılığının fonunda (və ya əksinə) ömür sürür. Azərbaycanın teatr və kinosevərləri onun əsərlərini yaxşı xatırlayır. "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" kimi unudulmaz filmlərin ssenarilərinin, "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) kimi romantik pyeslərin müəllifi Məmmədhüseyn Təhmasib bu günün və sabahın müəllifidir. Hələlik bu ikicildliyə M.Təhmasibin bədii əsərləri daxil edilmədi. Bu gələcək təhmasibsevərlərin öhdəsinə buraxıldı".

 

 

Oruc Əliyev

 

Xəyalə Əliyeva

 

Ədəbiyyat qəzeti.- 2011.- 7 oktyabr.- S.4.