Nizami hikməti, Şəhriyar
sözü
Bu günlərdə
İran İslam Respublikasının Mədəniyyət
qurumlarını təmsil edən nümayəndə heyəti
Azərbaycanda olaraq dövlətimizin rəsmiləri və
ictimaiyyətimizin üzvləri ilə müxtəlif
görüşlər keçirmişlər. Belə
görüşlərdən biri də M.F.Axundov adına Milli
kitabxanada təşkil olunmuşdur.
Ziyalı
kontingentin üstünlüyü ilə düzənlənən
bu konfrans Azərbaycan xalqının iki qüdrətli
şairinin əbədi xatirəsinə həsr edilmişdi:
"Nizami hikməti, Şəhriyar sözü". Öncə
milli kitabxananın direktoru Kərim Tahirov konfransı giriş
sözü ilə açaraq dahi Nizaminin və ustad Şəhriyarın
həyat və yaradıcılığına, bizim ədəbi
dünyamızda onların tutduqları yerə bir nəzər
salaraq bu tədbirdə iştirak edən iranlı alim və
şairləri də ürəkdən salamladı.
Sonra
söz Mədəniyyət və Turizm Nazirliyinin məsul
işçisi, şair Vaqif Bəhmənliyə verildi. O,
öncə iranlı qonaqları, konfrans
iştirakçılarını salamladı. Sonra Nizami və
Şəhriyarın ölməz ədəbi irsindən
nümunələri təhlilə çəkməklə
milli ədəbiyyat və mənəviyyatımızın
inkişafında bu iki qüdrətli şəxsiyyətin
rolundan danışdı. V.Bəhmənli İran-Azərbaycan
ədəbi əlaqələrinin inkişafında bu iki
şairin misilsiz xidmətlərini xatırlatdı. Natiq
bildirdi ki, ötən ilin sentyabr ayında İran İslam
Respublikasında Azərbaycan Mədəniyyəti günlərinin,
bir il sonra Bakıda İran Mədəniyyəti günlərinin
keçirilməsi ortaq dəyərlərə - eyni dinə,
tarixi doğmalığa, adət-ənənəyə malik
iki qonşu və qardaş xalqların bir-birinə daha da
yaxınlaşmasına, qaynayıb-qarışmasına real təkan
verir.
İran
İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət
Mərkəzinin sədri ağayi İbrahim Nuri Nizami Şəhriyar
poeziyasına həsr olunmuş bu konfransı yüksək dəyərləndirərək
gələcəkdə də belə tədbirlərin düzənlənməsini
arzu etdi.
Görkəmli
ərəbşünas alim, akademik Vasim Məmmədəliyev
Nizami və Şəhriyar poeziyası ilə bağlı dərin
elmi fikir və mülahizələrini konfrans
iştirakçılarının diqqətinə
çatdırdı. İranlı şair Əsgər
Şahın bir məsnəvisi ilə konfrans
iştirakçılarının davamlı
alqışlarını qazandı. AMEA-nın müxbir
üzvü, nizamişünas, prof. Teymur Kərimli türk təfəkkürünün
bəşəriyyətə bəxş etdiyi Nizami
dühası barədə mülahizələrini diqqətə
çatdırdı. Onu da əlavə etdi ki, "təəssüflər
olsun ki, bizim xain qonşularımız - ermənilər internet
saytlarında N.Gəncəvini fars şairi kimi təqdim edirlər".
Sonra T.Kərimli həmin saytların müəlliflərinə
ünvanladığı yazını oxudu.
Konfransda
şəhriyarşünas alimlər - İsmayıl Əmiri
(İran), Esmira Fuad (Azərbaycan) da çıxış edərək
ustad Şəhriyarın ölməz sənət incilərini
auditoriyanın diqqətinə yönəltdilər. Şair,
prof.Şahin Fazil isə ulu Şəhriyar poeziyasına xitabən
yazdığı təxmislərini oxudu.
Şair, fəlsəfə
doktoru Adil Cəmil N.Gəncəvi haqqında süni şəkildə
formalaşdırılan fikir və mülahizələrə
ciddi etirazını bildirdi. O, qeyd etdi ki, Nizami fars dilində
yazıb-yaratsa da, onun yaradıcılığı
başdan-başa türk təfəkkürünün və
düşüncəsinin məhsuludur. Nizamini müəyyən
mənada Gəncədən qoparmaq olar, lakin Gəncə
sözünü Nizamidən qoparmaq mümkün deyil…
Sonda
şair Ağacəfər Həsənli ustad Şəhriyarın
"Heydərbabaya salam" poemasından bir hissəni əzbər
söyləməklə o taylı, bu taylı
xalqımızın ulu şairinə rəhmətlər
oxutdu.
A.Savalan
Ədəbiyyat qəzeti.- 2011.- 7
oktyabr.- S.4.