Nazim
Hikmət ilə tanışlığım
Bu yazını yazmağıma səbəb
sayın Yücəl Feyzioğlunun Türkiyədə
yazdıqları oldu. O, mən ibtidai sinifdə oxuyarkən
Nazim Hikmətlə tanış olduğumu yazır. Guya mən
demişəm: "Mən ilk okuldaykən o, bizim sinfə gəldi.
Mən də ön sırada oturyordum, əlini başıma
qoyub sordu: Sənin adın nədir, evladım? Abbas Abdullayev -
dedim. Olmaz, ay oğlum, - dedi, sən Abbas Abdullaoğlusun,
dilimizi niyə bozuyorsun? Yarım türkcə, yarım rusca
isim olurmu? Və Abbas Abdulla o gündən sonra Abdullayev soyadını
kullanmamış, Nazim Hikmət heyran olmuşdu…"
Yücəl bəyin bu yazdıqları
başdan ayağa yanlışdır. Mən ona demişdim:
"Nazim Bakıda bir gəncə yaxınlaşıb ondan
soyadını soruşub. Gənc də təbii ki,
soyadını "ov"la deyib. Məsələn - Məmmədov…
Nazim ona deyib: "Kafasız çocuk, sən Məmmədov
deyilsən, Məmmədoğlusun, sən türksün,
"ov" ola bilmezsin…"
Təəssüf ki, Yücəl bəy
söylədiklərimi deyil, ağlına gələnləri
yazmışdır. Əvvəla, onu deyim ki, mən ibtidai məktəbdə
oxuyanda Nazimlə görüşə bilməzdim. Mən
1947-1951-ci illərdə I-IV siniflərdə, yəni ibtidai məktəbdə
oxumuşam. O illərdə mən harada idim, Nazim harada? Mən
Gürcüstanın Bolnis Kəpənəkçi kəndində,
Nazim isə Türkiyədə… Bir sözlə, mən o vaxt
Nazimlə görüşə bilməzdim. İkinci, mənim
soyadım heç vaxt Abdullayev olmamışdır, Acalov
(Hacalov) olmuşdur. Abdulla mənim atamın adıdır. Mən
şeirlərimi Abbas Abdulla imzası ilə çap
etdirmişəm. "Acalov" soyadımı isə 1970-ci
illərin sonunda pasportumda Hacaloğlu, milliyyətimi isə
türk yazmışam.
Mən Nazimi ilk dəfə 1958-ci ildə
Bakıda görmüşəm. Yəni mən onunla şəxsən
görüşməmişəm, sadəcə onu
görmüşəm.
Səhv etmirəmsə, Mirzə Fətəli
Axundzadənin yubileyi idi. Respublikanın məşhurları bu
tədbirdə iştirak edirdi. Mən universitetin ilk sinfində,
yəni birinci kursda oxuyurdum. Və bu yubileydə iştirak
edirdim. Nazim Hikmət yubileydə çıxış etdi.
Hamının yubilyara Mirzə Fətəli Axundov deməsinə
rəğmən, Nazim Mirzə Fətəli Axundzadə
deyirdi. Birdən necə oldusa Nazim də Axundov dedi və deyər-deməz
səhvini bilmiş kimi bir anlığa susdu. Sonra yenə Axundzadə
deyərək çıxışına davam etdi: o vaxt
Nazimin bir gənclə görüşdüyünü və
soyadını soruşduğunu danışırdılar. Mən
bunu - yəni bir az əvvəldə yazdıqlarımı
Yücələ danışmışdım. Təəssüf
ki, o, deyilənləri unudub, tamam başqa şey
yazmışdır, yəni olmayanları yazmışdır.
Mən Nazimi bir türk kimi
tanımışam və bir türk kimi sevmişəm. Sovetlər
birliyində türk sözü, türk milləti bizim
üçün qadağan olunanda o, bizim və
özünün türk olduğunu var səsi ilə elan
edirdi. Bütün bunları dilə gətirdiyimə görə
Türkiyədə millətçilər də, solçular
da mənə düşmən kimi baxırdılar.
Sağçıların kommunisti milliyyətçi kimi təqdim
etməyim xoşlarına gəlmirdi, solçuların da onun
kommunistliyini dilə gətirməməyim.
Mən sözümdən dönmürəm,
Nazim Sovetlər birliyində türk idi və
türkçü idi.
Abbas Abdulla
Ədəbiyyat
qəzeti.- 2011.- 9 sentyabr.- S.6.