Tofiq Abdin - 70

     

Hörmətli Tofiq Abdin!

Sizi - tanınmış şairipublisisti 70 illik yubileyiniz münasibətilə təbrik edirik!

Siz Salyan rayonunun Qırmızıkənd kəndində anadan olmusunuz. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almısınız.Əmək fəaliyyətinə Bakı kamvol fabrikində usta köməkçisi kimi başlamısınız. Ali təhsilinizi başa vurduqdan sonra Azərbaycan Sovet Ensiklopediyasında kiçik redaktor vəzifəsinə qəbul olunmusunuz. 1968-ci ildən 1993-cü ilə kimi "Qobustan" gözəl sənətlər toplusunda şöbə müdiri vəzifəsində çalışmısınız.

1993-cü ildən 2001-ci ilə kimi qardaş Türkiyə Respublikasında yaşamış, bu illər ərzində orada Azərbaycan ədəbiyyatını təbliğ etmisiniz. Vətənə döndükdən sonra doğma "Qobustan" toplusunda və "Ulduz" jurnalında əmək fəaliyyətinizi davam etdirmisiniz.

Sonrakı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, "Mədəniyyət qəzeti" redaksiyasında məsul vəzifələrdə çalışmısınız. Hal-hazırda "Xəzər" jurnalında baş redaktorun müavinisiniz.

Sizin ilk mətbu şeriniz 1960-cı ildə işıq üzü görmüş, sonrakı illərdə müxtəlif qəzet və jurnallarda yazılarınız nəşr olunmuşdur. İndiyə kimi "Etüd", "Nəğməli gecələr", "Ata sevgisi", "Bəlkə birgörüşdük", "Sahilsiz dünya", "Günlər Bəşirsiz keçir", "Ah, İstanbul, İstanbul", "Poeziya", "Proza" və s. kitablarınız işıq üzü görmüşdür. Sizin hazırladığınız "Əsrar Dədədən Orxan Kamala tək" adlı kitaba Türkiyə poeziyasından incilər toplanmışdır.

Siz Azərbaycan mətbuatında fəal çıxış edən publisistlərimizdənsiniz. Türkiyənin "TRT" televiziya kanalı sizin ömür və yaradıcılıq yolu haqqında sənədli film çəkmişdir.

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adını almış, bir illik Prezident mükafatı və digər təltiflərə layiq görülmüsünüz.

Hörmətli Tofiq Abdin! Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.- S.5.