Koreya şeirinin görkəmli nümayəndəsi
Elə şairlər var ki,
onların adı çəkiləndə birinci növbədə
həmin insanın mənsub olduğu xalq yada düşür.
Belə şairlərdən biri də Koreya ədəbiyyatının
banilərindən biri sayılan Çon Çxoldur. Xalqı
təmsil etmək, xalqın adından danışmaq hər sənətkara
nəsib olmur. Təsadüfi deyil ki, Çon Çxol Koreya
xalqının simvoluna çevrilmiş ədəbi şəxsiyyətlərdəndir.
Bu qüdrətli söz ustası öz əsərləri ilə
sübut etdi ki, Koreya dilində də insanın daxili
dünyasını, onun hiss və həyəcanlarını
gözəl bədii vüsətlə əks etdirən əvəzsiz
sənət inciləri yaratmaq mümkündür. Ana dilli
Koreya poeziyasının təşəkkülü və
inkişafında Çon Çxol böyük xidmətlər
göstərmişdir.
Çon
Çxol ədəbi aləmdə ''sonqan'' adı ilə
tanınmışdır. Bu kəlmə şam və çay
sözünün birləşməsindən əmələ
gəlmişdir. Təsadüfi deyil ki, Çon Çxol peyzaj
lirikasının görkəmli
yaradıcılarındandır. Onun poeziyasında dağlar,
meşələr, çaylar məhəbbətlə,
vurğunluqla tərənnüm olunur.
Çon
Çxol XVI əsrdə yaşayıb-yaratmışdır.
O, 27 yanvar 1537-ci ildə doğulmuş, 7 fevral 1594-cü ildə
isə dünyasını dəyişmişdir. Bu görkəmli
şəxsiyyət mükəmməl təhsil almış,
çox böyük dövlət vəzifələrində
çalışmışdır. Ona görə də onun həyatını
siyasi intriqalardan kənarda təsəvvür etmək
mümkün deyildir. Keçdiyi burulğanlı ömür
yolu onu daha da müdrikləşdirmiş, Çon Çxolu
dövrünün görkəmli siyasi xadiminə, filosofuna,
söz ustasına çevirmişdir.
Çon
Çxol ölümündən sonra Koreya yazarlarının təltif
olunduğu ən yüksək ada - ''Munçxon'' (ən parlaq
ədəbiyyat adamı) adına layiq görülmüşdür.
Onun oğlu atasının ölümündən sonra - 1632-ci
ildə bu görkəmli söz ustasının, filosofun,
dövlət xadiminin yeddi cilddən ibarət kitabını
çap etdirmişdir. Həmin kitablara onun 570 əsəri
daxil edilmişdir.
Çon
Çxol üçlük müəllifi kimi məşhurdur.
Koreya dilində üçlüyə ''sidjo'' deyilir. Ancaq əslində
Çon Çxolun üçlüklərinin hər
misrası iki yerə bölündüyündən
altılığa çevrilmişdir. Yığcamlıq,
lakonizm, az sözlə dərin məna ifadə etmək
şairin şeirləri üçün çox xarakterikdir.
Çon
Çxolun əsərləri dünyanın bir çox dillərinə
tərcümə olunmuşdur. Onun əvəzsiz poetik
nümunələrini rus dilində oxuyanda ürəyimdə həmin
nümunələri azərbaycanca səsləndirmək arzusu
baş qaldırdı. Koreya ədəbiyyatının klassiklərindən
biri olan Çon Çxolun dilimizə çevrilən ilk
poetik nümunələrini ''Ədəbiyyat qəzeti''nə təqdim
etməkdən böyük məmnunluq duyuram.
Rafiq YUSİFOĞLU
Ədəbiyyat qəzeti.- 2011.- 9
sentyabr.- S.5.