Ah, necə
də gözəldi iki zərif kəpənək,
Çiçəklərin
üstünə qonan zaman sevincək…
Ah, necə
də gözəldi, quşlar düşüb həvəsə,
Söyüdün
budağında verən zaman səs-səsə…
Baxıram
uzaqlara - qəm sayrışır gözümdə,
Hamı
cütdü, təkcə mən tənhayam yer üzündə…
***
Ay qoca, nəyə
görə götürmüsən bu yükü? -
Qoy sənə
kömək edim, cavan işidir bu ki!..
Uca, şux
qamətimə, güclü qollarıma bax,
Qətiyyən
çətin deyil mənimçün yük daşımaq.
Qəribliyə
salma gəl söylədiyim bu sözü -
Səninçün
yük deyilmi elə qocalıq özü?
***
Dağlarda
yaşayıram, ay dost, nə vaxtdan bəri,
Mənə
ətdən dadlıdı çölün otu, pencəri.
Qamışdan
tikdiyim dam səliqəli, təmizdi,
İlbizə
çanağı tək o da mənə əzizdi.
Hər
şey gözəldi, ancaq bir ah qopur sinəmdən,
Sevdiyim
uzaqdadı, tənha darıxıram mən…
***
Ay yağış, hey yağırsan,
payız olsun, ya bahar,
Görəsən doğrudanmı səndən qorunmaq olar?
Plaşım otlardandı, şlyapamsa samandan,
Axı hədəf seçmisən sən məni nə zamandan?
Paltarımı soyunub atdım
bir tərəfə mən, -
Daha səndən
qorxmuram, yağ nə
qədər istəsən!..
***
Toxundum komunqonun* bir mürgülü siminə,
Ürəyim sakit oldu,
düşdüm eşq
tilsiminə.
Başqa telə toxundum, o hönkürdü,
ağladı
Sevdalı ürəyimdə dərd sel kimi
çağladı.
Necə itsin qəm,
kədər? - Soruşdum ki, özümdən -
Bu qədər ki, ayrılıq vardır bu yer üzündə?!
***
Sakit suyun
üzündə titrəyən kölgəyə bax,
Körpünün üstü ilə gedir bir qoca monax.
Ay qoca, bu dünyanı
gəzib dolanmısan sən,
Bu ixtiyar çağında hara belə gedirsən?
Gərək siz görəydiniz
o nurani simanı,
Sakit göstərən zaman mənə sonsuz səmanı!
Tənha durna
Tənha durna
görəndə yerdə yanan işığı,
Qanadlarını
yığıb tez şığıdı aşağı.
İstədi
ki, insanlar görsün necə yaşayır,
Baxın,
o yer üzündə bir qəribə oxşayır.
Lələyini yolanda
o, gen qaça bilmədi,
Bir daha qanad
açıb göyə
uça bilmədi…
***
Qanadları
yolunmuş durna olsaydım əgər,
Çalışardım
günlərim ötüb keçməsin hədər.
Heç vaxt
ruhdan düşməzdim, ağrılara dözərdim,
Yaydan qopan ox kimi səmalarda süzərdim.
Uçuşan buludlara yenə sinə gərərdim,
O mavi, o lacivərd səmaları görərdim…
***
Kimsəsiz bir sahildə
mən səni səsləyirəm,
Niyə gəlmirsən, niyə? - Yolunu gözləyirəm.
Para aya baxanda gözümdə
şimşək çaxır,
Mən səni gözləyirəm, niyə
gəlmirsən axı?
Danlayıram özümü, yaş göynədir gözümü,
Doğrudanmı bir daha
görməyəcəm üzünü?!
***
Bir vaxt uça
bilirdim tez-tez qanad çalaraq,
Göylərdə süzə-süzə
xəyallara dalaraq,
Qəlbimdə ümid, işıq enirdim bir zirvəyə,
Sənin gözəl üzünü bəlkə
də gördüm deyə…
Bir də ora
uçmaram dalıb şirin xəyala,
Çünki qorxuram arzum mənim gözümdə qala…
Çon Çxol
* Altı simli musiqi aləti
Tərcümə edəni: Rafiq Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.- S.5.