Xalq yazıçısı Anara açıq məktub əvəzi
Hörmətli
Anar müəllim!
Açığını
deyim ki, bildiyiniz kimi, mən heç bir dəstənin
üzvü deyiləm. Bu
işlərdən də çox-çox
uzağam. Bu işləri
nəinki təqdir etmirəm, zəhləm gedir.
Nə üçün, niyə? Sualın
cavabı aydındır. Axı intriqadan
indiyə qədər qalib çıxan olubmu?
Uzun zaman idi ki,
xaricdə ezamiyyətdə idim. "Ədəbiyyat
qəzeti"nə abunəçiyəm. Mən olmayanda yığıb saxlamışlar. Gələndən
sonra oxumağa
başladım. 22 iyul 2011-ci il tarixli sayda
"Xalq şairi Fikrət Qocaya
açıq məktub"unuzu gördüm.
Onu da deyim
ki, sizin imzanıza rast gələndə laqeyd
qalmaq mümkün deyil. Mənim isə bir oxucu kimi bu
imzaya böyük
hörmət və ehtiramım var.
Görkəmli
xalq şairi, nasiri, publisisti Fikrət Qocaya məktubunuz məni
məcbur etdi ki, sizə
bir neçə kəlmə ilə
müraciət edim. Düzmü
oldu, səhvmi - deyə bilmərəm.
Xalq şairi Fikrət
Qocanı 60-cı illərdən - tələbə
vaxtından tanıyıram. Məndən ötrü
Fikrət Qoca
kimdir? Fikrət
Qoca müasir
poeziyamızın aparıcı simalarından biridir.
Bundan sonra o, bir sətir belə yazmasa (Allah eləməsin)
yenə də əbədi olaraq ədəbiyyatımızda
qalacaq.
Siz yaxşı bilirsiniz ki, Fikrət Qoca
sovet dövründə sosialist
realizmi deyilən metoda
sığışmırdı. Ona
görə də Mərkəzi Komitənin plenumlarında tənqid
hədəfinə çevrilirdi. Dövlət
Təhlükəsizlik Komitəsi onu xüsusi nəzarətdə saxlayırdı. DTK-ya rəhbər işə keçmişdim.
Günorta zəng vurdum
ki, "Cənub" mehmanxanasının
zirzəmisinə gəl." Orada bir bufet vardı. Oturub çörək yedik,
keçmiş günlərdən
danışdıq.
Fikrət
Qoca:
-
Ay Yasif, sən KQB-yə
gələndə sevindik ki,
öz adamımızsan. İndi
də sən məni doprosa
çağırmısan?
Mən:
-
Yox, Fikrət.
Çağırmışam ki, deyim ürəyin nə istəyir yaz. Məndən yuxarı getməyəcək.
Sən xalqımızın ürəyindən keçənləri
qələmə alırsan. Biz öz hisslərimizi, duyğularımızı,
dərdlərimizi, sevinclərimizi sənin əsərlərində
görürük.
Anar
müəllim!
Mətbuatı
oxuyuram, bəzi məsələlər mənə
qəribə gəlir. Bizim ən mötəbər
ziyalılarımızı ləkələməyə bir şey tapmayanda
DTK ilə hədələyirlər.
Yeri gəlmişkən,
şahidi olduğunuz bir misalı sizə xatırlatmaq istəyirəm.
SSRİ
dağılmışdı. Biz də
müstəqil olmuşduq. Siz də deputat idiniz, mən də. Bir nəfər millət vəkili
tribunadan ağzı köpüklənə-köpüklənə
deyirdi:
- KQB-nın
arxivləri açılsın. Xalq kimin-kimliyini
bilsin.
Mən
özümə dost-qardaş bildiyim mərhum Yusif Səmədoğlu
ilə yanaşı oturmuşdum. Gördüm ki, eynəyin
altından diqqətlə mənə baxır. Bu vaxt mən süni öskürdüm.
Tribunadakı adam məni başa
düşdü. O, həqiqətən səsini kəsdi. Bu Yusifin gözündən qaçmadı.
Sonralar
bu hadisəni qəribə bəzəyib özünəməxsus
danışardı. Mən durub tribunaya gedəndə zalın
ortasında adamla qabaq-qabağa gəldik. Yavaşcadan ona
dedim:
- Bu arxivlərdə
nə tapmısan?
Ədalət
naminə deyim ki, o adam bir daha arxiv
sözünü dilinə gətirmədi.
Möhtərəm
Anar müəllim!
Etiraf edim ki,
biz heç zaman, təəssüf ki, yaxın dost münasibətində
olmamışıq. Mən sizdən əvvəl
rəhmətlik atanız Rəsul Rzanı tanımışam.
Komsomolun Mərkəzi Komitəsində işləyirdim.
M.F.Axundzadənin yubileyi keçirilirdi.
Böyük türk şairi Nazim Hikmət
Moskvadan Bakıya gəlmişdi. "İnturist"
otelində qalırdı. Partiyanın Mərkəzi
Komitəsindən məni Nazim Hikməti müşayiət etmək
üçün ayırmışdılar. Rəsul müəllim hər gün şairin
yanına gəlirdi.
Mən
o vaxt Nazim Hikmətin və müxtəlif ölkələrdən
qonaq sifətində tədbirə gəlmiş görkəmli
yazıçı və şairlərin Rəsul Rzaya
böyük ehtiram göstərdiklərinin şahidi oldum. Hətta bir dəfə Nazim Hikmət Rəsul
Həmzətovun, Qaysın Quliyevin, Konstantin Simonovun,
Çingiz Aytmatovun, Mehdi Hüseynin…
yanında Rəsul Rzanın sağlığına badə
qaldıranda dedi:
- Rəsul,
qardaşım, sən adi şair deyilsən. Müasir
poeziyamızın peyğəmbərisən. Sənin mübariz, ölməz poeziyan
qarşısında baş əyirəm.
Stolun ətrafındakılar
ayağa qalxdı, böyük şairin
sağlığına içdilər. İllər keçsə də,
bu epizodu unuda bilmirəm. Sonralar mən daşıdığım
vəzifə çərçivəsində onunla
görüşərdim. İlahi, o, ziyalıları necə
də müdafiə edərdi!
SSRİ
dağıldı. Bir gün xalq yazıçısı, akademik Mirzə
İbrahimov İttifaqdan çıxıb evinə gedərkən
Yazıçılar Birliyinin qapısında bu gün müqəddəs
nəyimiz varsa ləkələməyə
çalışanlar bu müdrik, bütün həyatını
xalqına qurban vermiş insanın boynunun arxasına paslı
mıx yeritdilər. Və Mirzə müəllim
yorğan-döşəyə düşdü, bir daha
ayağa qalxmadı.
Bir
gün bir şairin yanına getmişdim. Kabinetə daxil olanda
gördüm ki, telefonla danışır. İşarə elədi ki, gəl. Oturdum. Məlum oldu ki,
tanınmış bir yazıçı ilə sizin ailə
barəsində söhbət aparır. Yazıçıların
növbəti qurultayı ərəfəsində idi. Axır sözlərini deyəndə məni dəhşət
götürdü.
- Yazmaq
lazımdır. Atasından da, anasından da,
özündən də. Beş nəfər inanmasa da, beş nəfər inanacaq. Biz elə
işləməliyik ki, onun namizədliyi irəli
sürülməsin.
Dəstəyi
yerə qoyub bir də götürdü. Bu dəfə zəng etdiyi
yaşlı xanım yazıçı idi.
- Kiçik
bazarlıq eləmişəm. İndi
sürücü gətirəcək. Yeri gəlmişkən
deyim ki, Anardan yazdıqlarınızdan çox xoşum gəldi.
Çox sağ olun. Xalq sizin
bu nəcib işlərinizi unutmayacaq. Biz susa
bilmərik. Onu axıra qədər ifşa etməliyik.
Prezidentin, ictimaiyyətin gözündən
salmalıyıq.
Sonra
üzünü mənə tutub dedi ki, sən çox şey
yaza bilərsən. Niyə yazmırsan, niyə
susursan?
- Yazaram! -
dedim.
Ancaq
ürəyimdə fikirləşdim ki, yazıq bu xalqa belə
xalq şairləri, xalq yazıçıları var.
Anar müəllim!
Yaxşı
bilirsiniz ki, mən heç vaxt Yazıçılar Birliyindən
heç bir xahiş etməmişəm. Yəqin ki, bundan sonra da etməyəcəyəm.
Mənim sizdən, sizin məndən
asılılığımız yoxdur. Ona
görə də indi bir neçə kəlmə sizin barədə
bildiklərimdən danışmaq istəyirəm.
Mənim
üçün bir neçə Anar Rzayev var: Anar - şəxsiyyət
(sözün əsl mənasında); Anar - böyük
ziyalı; Anar - xalq yazıçısı; Anar - görkəmli
kinossenarist; Anar - rejissor; Anar - istedadlı tədqiqatçı
və s. və i.a.
Bu təsnifatların
hər biri haqqında uzun-uzadı, saatlarla ürəkdolusu
danışa bilərəm. Lakin indi bunlara ehtiyac yoxdur.
Çünki məqsədim başqadır.
Bildiyiniz
kimi, mən 1967-ci ildə "Ulduz" jurnalının ilk
redaktoru olmuşam. Sizin böyük yazıçılığa gəlib
çatmağınız da, bir görkəmli ictimai-siyasi
xadim kimi yetişməyiniz də gözlərim
qarşısındadır.
Siz
hansı xalqın oğlu olsaydınız, o xalq sizinlə fəxr
edə bilərdi. Bu, həqiqətdir.
İndi
gələk mətləb üstünə.
1975-ci
ilin avqust ayı idi. Moskvadan qayıdıb gəlmişdim. Ulu öndərimiz Heydər Əliyev məni
yanına dəvət etdi. Bir qədər söhbətdən
sonra dedi:
-
İdeoloji işlərlə bağlılığını
nəzərə alaraq səni respublika Dövlət Təhlükəsizlik
Komitəsinin əks kəşfiyyatına rəhbər
göndərirəm. Get,
bizim elm, mədəniyyət, ədəbiyyat, incəsənət,
maarif işçilərinin qayğısına qal. Onların haqsız yerə ləkələnmələrinə
imkan vermə.
Bir
gün keçmiş işçim qoltuğunda iki
böyük qovluqla kabinetə daxil oldu. Sevincək halda:
- Yoldaş
polkovnik, hamısı Anar barədədir, - dedi.
Mən
gülə-gülə:
- Yoldaş
mayor, bu KQB-nin deyəsən Anardan başqa ayrı
iş-gücü yoxmuş?!
Qovluqlar
qaldı. İşçi getdi. Diqqətlə
oxumağa başladım. Oxuduqca tüklərim
biz-biz olurdu. fikirləşdim ki, anan
səni doğanda namaz üstə olub. Əgər
37-38-ci illər olsaydı, indi Müşfiq kimi qəbrinin yeri
də məlum olmazdı. Axırda təxminən belə
nəticəyə gəlmişdilər:
1. Anar Rəsul
oğlu Rzayev daima öz ətrafında gizli surətdə
türk ideyaları yaymaqla məşğuldur.
2. Anar Rəsul
oğlu Rzayevin anası bəy qızıdır. Onun çoxlu sayda
qohumları Türkiyədə yaşayırlar. Varlı insanlardır. İmkan
düşən kimi Anar ya Türkiyəyə qaçacaq, ya
da siyasi sığınacaq istəyəcək. Ona görə də onun Türkiyəyə getməsinə
qəti qadağa qoyulsun.
3. Əsərlərində
antisovet və türk ideyaları yaydığı
üçün rəhbər vəzifələrə çəkilməsinə
imkan verilməsin.
4. Anar Rəsul
oğlu Rzayev daim agentura nəzarətində
saxlanılsın.
Sənədləri
seyfimə qoyub bağladım. Dedim, qoy görüm
bu işin axırı necə olacaq. Məndə
böyük şübhə vardı ki, sizi gizli əməkdaşlığa
cəlb edəcəklər. Göstəriş
verdim ki, sizinlə işləyən agenturanın
siyahısını hazırlasınlar və mənimlə
"kontrolnı yavka" təşkil etsinlər.
Bir-bir,
ayrılıqda onlarla görüşdüm. Hiss edirdim ki, bəziləri məndən
xəcalət çəkir. Ən çox
intriqa ilə məşğul olan bir yazıçı
(İttifaqın üzvü idi, indi də Birliyin
üzvüdür) ilə saat yarım söhbət apardım.
"Raspiska"sını alıb DTK ilə əlaqəsinə
son qoydum. fikirləşirdim ki, yəqin
hərəkətlərindən utanar. Ayağa duranda dedi:
- Yasif müəllim,
nə vaxt istəsən, kimin üzünə desən dirənə
bilərəm. Hesab elə ki, mən bir
toxmağam, kimin başına istəsən vura bilərsən.
Diqqətlə
üzünə baxdım. Ürəyimdən keçdi ki,
alçağı nə döyərdim... Ancaq vəzifə
borcum imkan vermirdi.
Ətraflı
bir arayış hazırladım - Mərkəzi Komitəyə,
birinci katib Heydər Əliyevə.
Arayışın
axırında, təxminən yazmışdım ki,
yazıçı Anar Rzayev barədə toplanan materiallar həqiqətə
uyğun deyil və qərəzli xarakter daşıyır. O, əsl vətənpərvər
yazıçıdır. Xarici ölkələrə
səfərlərinə heç bir məhdudiyyət
qoyulmamalıdır.
Qovluqları
götürüb arayışla birlikdə DTK-nın sədri,
general-leytenant Vitali Krasilnikovun qəbuluna getdim. Söhbətlərim onun
xoşuna gəldi. Mənə təşəkkür
etdi. Arayışı alıb dedi:
- Sənin məktubunu
bu axşam yoldaş Heydər Əliyevə məruzə edəcəm.
Açığını
deyim ki, gecəni çox narahat yatdım. Necə reaksiya veriləcəyini
bilmirdim. Səhəri həmişəkindən
tez işə gəldim. Bizi birbaşa birləşdirən
zəhmli qara telefon susurdu ki, susurdu. Saat
12-yə qalmış telefon qışqırdı. Sədr idi. Yanına dəvət
edirdi.
Üçüncü
mərtəbədən ikinciyə necə endimsə heç
özüm də bilmədim. İçəri girəndə
o, gülümsəyirdi. Arayışı
mənə uzatdı.
- Təbrik
edirəm. Birinci katibin çox xoşuna gəldi.
Heydər Əliyev
arayışın üstündə rus dilində yazmışdı:
"Yol. Krasilnikov V.S.
Mən
Anar Rzayevi əla tanıyıram. Əsərlərinin
hamısını oxumuşam. SSRİ-nin ən
gözəl, ümidverən yazıçılarından
biridir. Anarı qara ünsürlərdən
qorumaq lazımdır".
Bundan
sonra sizin haqqınızda olan materiallara xitam verdim (bunun
üçün gərək inciməyəsiz).
Aradan üç gün keçmiş sizin ailəyə yaxın olan 7-ci şöbənin rəisi
polkovnik N.Zeynalov yanıma gəldi (sonra onun oğlu
MTN-in generalı oldu -
Baxşəli Zeynalov,
indi Moskvada yaşayır).
Xahiş etdi ki,
Türkiyəyə getməyinizə
icazə verim. Mən həmin gün
yazdıqlarımı ona
danışdım. Zarafatla
dedim ki, üzrlü say, iki
gün gecikmisən. Güldü.
Durub məni qucaqladı. Daha maraqlanmadım, o, sizə bu barədə
bir söz dedi, ya yox.
Anar müəllim, mən indi, bildiyiniz kimi, respublikada beynəlxalq təşkilatın rəhbəriyəm. Respublikada olan siyasi korpuslarla əlaqədəyik,
xaricdən çoxlu qonaqlar qəbul edirik. Təşkilatımızın onlara hədiyyələri
içində həmişə
sizin rus və türk dillərində çap edilmiş kitablarınız
da var.
Hazırda Birlik özünün
növbəti ali məclisinə hazırlaşır.
Yeri gəlmişkən deyim ki, sizin
rəhbərlik etdiyiniz
qurum heç zaman indiki kimi
böyük hörmətə
çatmamışdır. Sizin kollektiv - istər
katiblik, istərsə
də adi işçiləri şərəfli
insanlardır və Birliyin şərəfini də qeyrətlə qoruyurlar. Qaldı mətbu orqanlarınıza
- biz onlarla yalnız fəxr edə bilərik. Sağ olsunlar.
Sizin yenidən Yazıçılar Birliyinin
sədri seçilməyinizə
böyük məmnuniyyətlə
səs verəcəyik.
Siz böyük yazıçı olmaqla bərabər, həm də çox ləyaqətli insansınız.
Allah xalqın övladlarına
şər atan, yolunu azmış insanları doğru yola gətirsin.
Allah öz insafını heç kəsdən əsirgəməsin.
Yasif NƏSİRLİ,
əməkdar incəsənət xadimi,
yazıçı,
SSRİ-nin fəxri çekisti
30 avqust 2011-ci il
Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.- S.4.