Urmiyalı iki şairimizin əsərləri

     

 Əlyazmalar İnstitutu Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin vasitəçiliyi ilə XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi Mail Mirzə Həsən Əfşarın Tehranın Parlament kitabxanasında saxlanan farsca şeirlər toplusu - divanının surətini əldə etmişdir. 85 vərəqdən ibarət bu divanda şairin qəsidə, qitə, qəzəl və rübailəri toplanmışdır. Mail Əfşar barədə əlimizdə çox az məlumat vardır. 1965-ci ildə Urmiyada çapdan çıxmış "Bozorqan və süxənsarayane-Azərbaycane-Qərbi" ("Qərbi Azərbaycanın görkəmli şəxsiyyətləri və şairləri") adlı kitabdan (müəlliflər: Mahmud Ramiyan, Məhəmməd Təməddün, Ələddin Təkəş) öyrənirik ki, o, Urmiyada dünyaya gəlmiş, ilk təhsilini burada almış, sonra Tehrana gedərək görkəmli elm və mədəniyyət xadimlərinin yanında biliklərini artırmışdır. M.Əfşar xariciyyə vəzirliyində çalışmış, istedadı nəticəsində "məliküş-şüəra" ləqəbini almışdır. Sonralar Bəndələngərə xidmət etməyə göndərilən şair buranın cansıxıcı həyatına alışa bilmədiyindən işindən imtina etmiş, bundan sonra tapa bilməmiş, ehtiyac içində yaşayaraq XIX əsrin sonlarında təxminən 87 yaşında Tehranda vəfat etmişdir. Onun doğumölüm tarixləri dürüst müəyyənləşdirilməmişdir. Mailin Azərbaycan türkcəsindəki şeirlərində Füzuli təsiri özünü qabarıq göstərir. Ümid var ki, Mail Əfşarın yeni əldə edilmiş divanının hərtərəfli araşdırılması onun həyat və yaradıcılığına dair yeni məlumatların üzə çıxmasına kömək edəcəkdir.

"Bozorqam və süxənsarayane-Azərbaycane-Qərbi" kitabında başqa bir maraqlı faktla da rastlaşırıq. İndiyə qədər haqqında heç bir məlumatımız olmayan Azərbaycan şairi Əsədulla Məxfi Əfşar haqqında öyrənirik ki, o 1894-cü ildə Urmiyada doğulmuş, 1945-ci ildə vəfat etmişdir. Savadını şəxsi mütaliə ilə artırmış, şairlərlə dostluq etmiş, ticarətlə məşğul olmağa çalışsa da, bu sahədə uğur qazana bilməmişdir. Kərbəla ziyarətindən sonra ömrünün sonuna qədər güşənişin həyat yaşamışdır. Məxfi Əfşarın Azərbaycan türkcəsindəki şeirlərinin dili sadə və oynaqdır. Onlardan mahnı mətnləri kimi istifadə etmək olar. Şairin adı çəkilən kitabda verilmiş şeirlərindən biri diqqətimizi cəlb etdi. Bu, görkəmli müğənnimiz Yavər Kələntərlinin və digər müğənnilərin Bayatı kürd muğamı üstündə oxuduqları şeirdir. Mahnıda bəzi sözlərin dəyişdirildiyini görürük. Beləliklə, məlum olur ki, həmin sözlərin müəllifi Məxfi Əfşar imiş. M.Əfşarın əsərlərini, həyat yaradıcılığına dair məlumatları toplayıb onun adını ədəbiyyat tariximizdə qeyd etmək gələcək araşdırmalarının işidir. Şairin haqqında danışdığımız şeirini bütövlükdə təqdim edirik:

 

Səndən, sənəma, etməm gilə mən,

Etsəm düşərəm dildən-dilə mən.

Sən get gecələr əğyar ilə yat,

Qoy sübh eləyim min ah ilə mən.

Az qaldı sənin dərdindən öləm,

Divanələrə sər silsilə mən.

Dəryayi-qəmin qərq etdi məni,

Müşküldü yetəm bir sahilə mən.

Can nəqdini al, qol boynuma sal,

Şayəd yetişəm kami-dilə mən.

Gər istəyəsən min şerü qəzəl,

Bil istəmənəm səndən silə mən.

Bari-qəmini daim çəkərəm,

Bəlkə yetişəm bir mənzilə mən.

Bu niyyətilə müddətdi varam,

Məxfidə gedəm yarımgilə mən.

 

 

Paşa ƏLİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2011.-  9 sentyabr.- S.4.