Türkofobiyanın
növbəti residivi
XII yüzillikdə Yaxın və
Orta Şərqin poeziya göylərində bir ulduz kimi parlayan
Azərbaycanın dahi oğlu Nizami Gəncəvi (1141-1209)
sonrakı əsrlərdə mütərəqqi humanist fikirlərinin,
insan hüquqları və sosial ədalət uğrunda
mübarizəsinin və əlçatmaz poetik sənətkarlığının
sintezi olan yaradıcılığının
işığını bütün dünyaya saldı.
Nizami
dühası bu gün də dünya ədəbi-mədəni
və ictimai-fəlsəfi fikrində öz mövqeyi,
sayı-sanbalı olan qlobal əhəmiyyətli fenomenal hadisələrdən
biridir. Buna görədir ki, dünya ədəbi-elmi fikrində
Nizami sənətinə olan maraq heç vaxt səngimir,
zaman-zaman şairin ölməz əsərləri istər Qərb,
istərsə də Şərq dillərinə tərcümə
edilərək bəşəriyyətin mədəni-mənəvi
kamilləşməsi prosesində öz rolunu oynayır.
Təəssüf
ki, hələ də informasiya kasadlığından əziyyət
çəkən bəzi dairələrdə məlumatsızlıqdan,
ya da qəsdən Nizamini İran şairi kimi qələmə
vermək cəhdləri, böyük şairin türk
kökünü təhrif edərək başqa etnik qruplara
bağlamaq həvəsi də özünü göstərir.
Bu cür cəhdlərin qarşısını almaq yolunda ən
yaxşı vasitə - dahi azərbaycanlının əsərlərinin
onun doğma həmvətənləri tərəfindən
müntəzəm olaraq nəşri, təbliği və tərcüməsidir
ki, nizamişünaslıq sahəsində bu cür vüsətli
iş, İran da daxil olmaqla, başqa heç bir ölkədə
aparılmır.
Sovet
dönəmində SSRİ Yazıçılar Birliyinin
ölkə boyu şan-şöhrəti, hörməti var idi
və bu qurumun üzvləri doğrudan da həmin hörmətə
layiq idilər: əksəriyyəti klassiklərin humanist ənənələrinin
davamçıları idi. Cəhənnəm kimi kin və nifrət
püskürən "Arben Kardaş" adlı birisinin
Rusiya Yazıçılar Birliyinin üzvü olması ondan xəbər
verir ki, bir sıra insanlar, o sıradan da böyük rus
xalqının bəzi nümayəndələri faşizm
taununun yaralarını çox tez unudublar... İçində
qaynayan hansısa çirkabın təsirindən
ağız-burnundan irinli köpük gələn bu xəstə
təxəyyüllü varlıq, doğrudanmı "Literaturnaya qazeta"nın 2011-ci il 5-ci
sayında (indiyədək bu "qəzetin" cəmi 18
sayı çıxıb) yazıldığı kimi,
"pogt, prozaik, perevodçik"dir? Şair və
yazıçının missiyası insanları gözəllik
vasitəsilə tərbiyə etməkdir. İçi
çirkabla dolu olan birisi başqalarına hansı gözəllikləri
göstərə bilər?
Hələ
nə yaxşı ki, bu özündən müştəbeh,
türk sözü olan "Kardaş" soyadının
altında bir "tədqiqatçı" sözünü
də yazmayıb. "Vozvrahenie Nizami" adlı
cızmaqarasında özünün bütün
savadsızlığını açıb meydana qoyan, əsas
istinad nöqtəsi kimi türkofobiyanı seçən bu
"qardaş" "Axper" soyadını götürsəydi,
daha doğru olardı; çünki bu nifrət dolu
sayıqlamadan beynəlxalq cani və terrorçu bədnam Zori
Balayanın çirkabının üfunəti çox
aydın duyulur (Yeri gəlmişkən, elə "Arben"
adında da "b" hərfini "m" hərfi ilə dəyişmək
- mahiyyətini açmış olardı). Və bu kini
püskürməyə o qədər tələsir ki, məqalənin
başlığında Nizaminin doğum və ölüm
tarixlərini 1141-1209, birinci cümlədə isə 1140-1202 göstərdyinin
fərqinə belə varmır.
Ancaq
demək olmaz ki, bu erməni qafalı "qardaş" tamamilə
insafsızdır. Belə olsaydı, o, Dərbənd şəhərinin
yetirməsi Mirzə Kazım bəyi də ləzgi sayar və
onun haqqında "azerbaydjanes po nasionalnosti" sözlərini
yazmazdı. Bunun üçün
"qardaşımıza" xüsusi təşəkkür
bildirmək lazımdır. Hələ onu demirik ki,
böyük nizamişünas Vəhid Dəstgirdini də səxavətlə
Azərbaycan xalqına "bağışlayır".
Düşünmək olar ki, Nizamini
"aldığı" üçün bunlarla bizə təsəlli-kompensasiya
vermək istəyir. Düzdür, ardınca antropoloji "kəşflərini"
davam etdirib, böyük Azərbaycan alimi akademik Ziya
Bünyadovu da "talış alimi" adlandırır. Bu
"dahiyanə ozareniye"lərin isə onun qafasına
hardan girdiyini bir dürlü anlamaq olmur...
Doğrudan
da, insanda nə qədər həyasızlıq
olmalıdır ki, fars dilini bilmədən, Nizaminin əsərlərini
orijinalda oxumadan, ərəb əlifbası ilə yazılan
istənilən əlyazmasına dəvə nalbəndə
baxan kimi baxaraq dünya ədəbiyyatının ən
böyük dahilərindən biri haqqında söz deyəsən
və böyük elmi nüfuzlarla polemikaya girəsən? Azərbaycan
xalqında gözəl bir deyim var: "Utanmasan, oynamağa nə
var ki?"
"Qardaş"
utanmır və oynayır. Ancaq oyun qaydalarına əməl
etmir, cığallıq edir. Əslində, cızmaqaranın
ruhuna dərindən yanaşdıqda, Nizaminin milli mənsubiyyətinin
burada yalnız zahiri fon rolu oynadığını görmək
olar. Nizami - "qardaşın" türkə nifrətini
ifadə etmək üçün bir bəhanədir. Bu nifrətin
ifadəsi üçün hətta sünni-şiə
kartından da istifadə edən "qardaş" öz
savadsızlığı ucundan anlamır ki, Nizaminin
türklüyü ilə sünniliyi bir-birini inkar etmir. O biri
tərəfdən də, istər Nizami dövründə, istərsə
də hazırkı dövrdə sünni-şiə məsələsi,
"qardaşın" xəstə təsəvvürü dərəcəsində
kəskin deyildi və ksenofobiyadan uzaq olan, hətta xalqlar
arasında fərq qoymayan Nizami də sünni və şiə
müsəlmanlar arasında fərq qoymaq üçün
"qardaş" qədər cahil və kinli deyildi. Üstəlik,
böyük şairimiz poemalarının giriş hissələrində
Tanrıya və peyğəmbərə mədhlərdən
sonra Raşidi xəlifələrini də hörmətlə
yad edir və Əbu Bəkr, Ömər və Osmanla
yanaşı Əlinin də şəninə çox yüksək
sözlər deyir.
Dediyimiz
kimi, Nizaminin məzhəbi məsələsi zahiri pərdə
rolunu oynayır və əsas məqsəd - şiə məzhəbli
azərbaycanlılarla sünni məzhəbli ləzgilər
arasında düşmənçilik salmaq və bu ədavəti
hər vasitə ilə qızışdırmaqdır. Bunun da
köklərini görmək o qədər çətin deyil.
Erməni türkofobiyasının təzahür
formalarından olan "sadvalçılıq" ideyaları
bu çirkin fikirlərdə aşkar görünməkdədir.
Hətta
bu sayıqlamalar zülmətində Nizaminin
yaradıcılığında "şiələrlə
mübarizə aparması" cəfəngiyyatına qədər
irəliləyir. Həm də bu "mübarizə"nin
motivasiyası da guya şiələrin Allahın 99 keyfiyyəti
(?!) və 1001 adı olmasını qəbul etməmələri
imiş! Azacıq savadı olsaydı, bilərdi ki,
böyük İran şairi və mütəfəkkiri Ömər
Xəyyam da sünni olub və bu, heç də onun şiə
məzhəbli farslar arasında populyarlığına mane
olmur. Nizaminin İranda Firdovsi,
Xəyyam, Sədi, Hafiz qədər populyar olmamasının səbəbi
isə, onun məzhəbi deyil, Azərbaycan poeziya məktəbinə
mənsubluğudur. O məktəb ki, onun Xaqani, Nizami kimi
böyük nümayəndələri haqqında İran alimləri
və ədəbi dairələri "buye tork miayəd",
yəni "türk iyi gəlir" deyirlər.
Kardaşın istəyinə rəğmən isə "buye
ləzgi" demirlər.
Nizamişünaslıqda
çoxdan tutarlı elmi inkarını tapmış "Qum
versiyası"ndan dördəlli yapışan "ağac
atlı nizamişünas" anlamır ki, Bertels və Dəstgirdi
kimi Nizami yaradıcılığının öyrənilməsinə
ömür həsr etmiş nəhəng alimlərin
qarşısında çox gülünc görünür.
Bertelsi Stalinin tapşırığını yerinə yetirən,
Dəstgirdini isə azərbaycanlı olduğu
üçün Qum versiyasının inkarında təqsirləndirən
"Qardaş" görəsən bilirmi ki, bu iki alimdən
öncə məşhur ingilis şərqşünası
Çarlz Riyö də eyni fikri irəli
sürmüşdür.
Daha
sonra fars dili sahəsində "dərin biliklərini" də
nümayiş etdirərək belə bir kəşfə imza
atır ki: "A slovo "jemçujina" po-persidski
zvuçit kak "kum". Bu əcayib açıqlamanı
hansı lüğətdən götürdüyünü
deməsə də, təkcə bu faktın özü onun
savad, daha doğrusu, savadsızlıq dərəcəsi
haqqında kifayət qədər təsəvvür
yaradır. "Məlik üş şüəra"
(şairlərin başçısı) sözünü də
"Melgk Oş Şogra" kimi eybəcər bir hala
salması da fars dili sahəsindəki "zəngin" biliklərindən
xəbər verir. "Məlik"lə "mələk"i
bir-birindən ayıra bilməyən bu cür savadsızlara
Nizami özü də əsərlərində gülüb
deyirdi ki, "asiman"la (göylər) "risman"ı (kəndir)
ayıra bilmirlər. Bu savadsızlıqla Nizami mövzusuna
girişən bu miskin cızmaqaraçıya adamın lap
yazığı gəlir.
Farslar
belə yerdə deyirlər ki: "Elme şoma məlum
şod!" (Sizin elminiz məlum oldu).
Fars
dilini azacıq bilən adam belə Nizaminin "İqbalnamə"
poemasının giriş hissəsindəki "Qum" beytinin
sonradan artırma olduğunu anlayar. Halbuki, üstəlik bu beyt
doğrudan da qədim əlyazmaların heç birində
yoxdur və yalnız XVIII əsrdə, özü türk
oğlu türk olmasına baxmayaraq, fars təəssübkeşliyi
ilə seçilən Lütfəli bəy Azərin o qədər
də mötəbər olmayan "Atəşkədə"
təzkirəsindən sonra meydana çıxıb və bu təzkirədə
həmin artırma beyti oxuyanlar Nizaminin əslinin guya
İranın Qum şəhərindən olması
versiyasını irəli sürüblər. Lütfəli bəyin
bu beytinə (Lütfəli bəy Azər Bəydili həm də
şair olub) söykənən mərhum akademik Ziya Bünyadov
isə bunun İrandakı Qum şəhəri deyil, Qax
rayonunun Qum kəndi olması versiyasını irəli
sürüb. Halbuki, bu versiyanın heç poetexnik əsası
da yoxdur. Çünki Lütfəli bəyin beytində
"qoməm" (itmişəm) sözü ilə
"Ğoməm" (Qum şəhərindənəm)
sözü qafiyələnir. Ancaq Qaxın Qum kəndinin
adı "qoməm" sözü ilə qafiyələnə
bilməz - klassik poeziyada "o" saiti ilə "u"
saiti qafiyələnmir. Burdan da görünür ki, əgər
hətta bu beytin Nizamiyə məxsus olduğunu qəbul etsək
belə, Qaxdakı Qum kəndinin adı qafiyədən kənarda
qaldığına görə, beytin ikinci misrasına
düşməyi istisna olunur. Beləliklə də,
"Qardaş"ın əsas "arqumenti" əlindən
çıxır.
Qaynaqları
da istədiyi kimi təhrif edən başabəla "tədqiqatçı"
böyük ədəbiyyatşünas Firidun bəy Köçərlinin
Nizami haqqında yazısında yüngülvarı "redaktə"
aparmağı da unutmur. Nizamiyə münasibətdə
"şairimiz" sözünü yazan F.Köçərli hələ
1925-ci ildə, yəni guya Stalin Nizamini Azərbaycan xalqına
"bağışlamazdan" öncə çap etdirdiyi
kitabında şairin uçuq türbəsini ürək
ağrısı ilə təsvir etdikdən sonra yazır:
"Budur bizim (seçmə bizimdir - B.N., T.K.) fazil və həkim
bir şairimizin (seçmə bizimdir - B.N., T.K.) türbəsinə
olan hörmət!.." "Qardaş" həmin cümləni
özünə sərf eləyən kimi rus dilinə
çevirir: "Gto li naşe uvajenie k velikomu pogtu!"
Göründüyü kimi, orijinalda söhbət "bizim
şairimizdən" (yəni, Firidun bəyin dilincə, Azərbaycan
şairindən) getdiyi halda, tərcümədə
"böyük şairə" "bizim hörmətimizdən"
gedir.
Gəncənin
və başqa Azərbaycan şəhərlərinin və
başqa yaşayış məntəqələrinin ləzgi
şəhərləri olması, ömrü boyu saraylardan və
şahlardan uzaq olması ilə fəxr edən Nizaminin
Axsitanla dostluğu haqqında cəfəngiyyatdan
danışmağa belə dəyməz. Xəstə təxəyyülün
və savadsızlığın məhsulu olan bu cür
uydurmalara görə isə müəllifi doğrudan da
"prozaik" adlandırmaq olar. Bu cür nağılları
uydurmaqdansa, özünə bir balaca əziyyət verib elmi ədəbiyyata
nəzər salsaydı, akademik Kraçkovskinin Axsitanın məktubu
və Nizaminin ona cavabı barədə şərhindən
heç olmasa bu cümləni görərdi: "Trudno predstavit
bolee utonçennoy izdevki po adresu Şirvanşaxa, çem ta, kotoraya soderjıtsya v otvete Nizami."
Yox,
əgər qaynaqları axtarmağa tənbəllik edirsə,
heç olmasa, "Sankt-Peterburq Universitetinin Xəbərləri"
kimi mötəbər bir jurnalda Nizaminin milli mənsubiyyəti
barədə çap olunmuş sanballı bir məqaləyə
nəzər yetirsin (Dj. Mamedov. O nekotorıx spornıx voprosax
otnositelno rodinı i nasionalnosti
Nizami Qəndjevi / Vestnik Sankt-Peterburqskoqo universiteta. Seriə
13, vıp. 1. Mart, 2010, str. 106-117.)
XII
əsrdə təkcə Gəncə şəhərinin 40 min
əhalisi olmuşdur. Azərbaycanın başqa şəhərlərində
və yaşayış məskənlərində ən xəsis
hesablamaya görə üst-üstə 500 min adamın
yaşadığını qəbul etsək və son illərin
siyahıyaalmasına görə Azərbaycanda hazırda 180
minə yaxın ləzginin yaşadığı
faktını göstərsək, belə çıxır
ki, səkkiz yüz il ərzində ləzgi xalqı inadla
azalmağa doğru getmişdir. Halbuki, bunu ən cahil adam da qəbul
etməz. Onu da qeyd edək ki, bu məsələdə "Armenian
knowledge base" saytı Kardaşa öz qardaş köməyini
təklif etmiş və Vikipediadan götürdüyü
statistikanı (orada hazırda bütün dünyada 700 minə
yaxın ləzginin olduğu haqda məlumat verilmişdir)
öz köhnə təhrifedici erməni xasiyyətinə
uyğun şəkildə "üfürərək"
hazırda bütün dünyada 1,5 milyon ləzginin
yaşaması haqda "xoş" xəbəri səxavətlə
ermənifil "nizamişünasa" təqdim etmişdir.
Görünür, Ermənistanda da hazırda 1,5 milyon erməninin
qalması "dost dosta tən gərək" prinsipinin
işə düşməsinə səbəb olub. Belə yerdə
deyirlər ki: "Xoruzun quyruğu görünür".
Bütün
bunlarla yanaşı, Gəncə dahisi Nizaminin Azərbaycan
şairi və etnik cəhətdən türk olduğunun
sübutu bir neçə başqa arqumentə də söykənir:
1.
İstər şairin özü, istərsə də ondan
sonra Nizami haqqında yazmış bütün orta əsr
qaynaqları, onun 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən və XII əsrdə Azərbaycan
Atabəylər dövlətinin (1136-1225) paytaxtlarından biri
olmuş Gəncə şəhərində doğulduğunu
və ömrü boyu Azərbaycanda yaşayıb-
yaratdığını birmənalı şəkildə təsdiq
edir.
2.
Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl
Gəncə şəhəri və onun ətraflarında
yaşayan əhalinin əsas kütləsini türklərin təşkil
etdiyi də, V əsrdən başlayaraq Bizans, gürcü, erməni
və ərəb tarixçiləri tərəfindən təsdiq
edilmişdir.
3.
Nizaminin avtobioqrafik materiallarla ən zəngin poeması
"Leyli və Məcnun"da şair öz anasının
kürd qızı olduğunu bildirmiş, "Yeddi gözəl"
poemasında isə özünü saf türk sözü ilə
"ikdiş", yəni "metis" (iki müxtəlif
millətin nümayəndələrinin nikahından doğulan)
adlandırmışdır:
Nezami
ikdişe xəlvətneşinəst
Ke
nime serke nime əngəbinəst.
Tərcüməsi:
(Nizami xəlvətdə
oturan bir ikdişdir,
Yarı sirkə,
yarı baldır.)
Burada Nizami
"sirkə" deyərkən öz kürd anasını,
"bal" deyərkən isə türk atasını nəzərdə
tutmuşdur. Çünki əgər Nizaminin atası fars
olsaydı, eyni etnik qrupa aid olan kürd qızı ilə onun
nikahından doğulan uşaq "ikdiş" sayılmazdı
(Necə ki, məsələn, Azərbaycan türkü ilə
Anadolu, yaxud cığatay türkünün nikahından doğulan
uşaq ikdiş sayılmaz). Üstəlik də, şair bu
anlayışın ifadəsi üçün qəsdən türk
sözünə müraciət etmiş və bununla da öz
etnik mənsubiyyətini bir daha qabartmışdır.
Poemanın başqa
bir yerində isə "Torkiyəmra dər in Həbəş
nə xərənd" (Mənim türklüyümü bu Həbəşdə
almırlar) deyən Nizami yenə də öz etnik mənsubiyyətinə
birbaşa işarə vurmuşdur.
4. Dünya
mediyevistikasında "Azərbaycan poeziya məktəbi"
termini vardır və bununla, XI-XII yüzilliklərdə Azərbaycan
ərazisində dəri dilində yaranmış ədəbiyyat
nəzərdə tutulur. Çağdaş İran ədəbiyyatşünaslığında
da bunun sinonimi kimi "səbke Azərbaycani" (Azərbaycan
üslubu) anlayışından istifadə edilir, bu mövzuda
beynəlxalq elmi konfranslar keçirilir. Ən böyük
nümayəndələri Azərbaycan şairləri Xaqani
Şirvani və Nizami Gəncəvinin olduğu bu məktəb
dünya ədəbiyyatına Qətran Təbrizi, Fələki
Şirvani, Mücirəddin Beyləqani, İzzəddin
Şirvani və b. kimi dəri (orta fars) dilində yazan
böyük sənətkarlar bəxş etmişdir.
5. Bəşər
tarixində bir çox sənətkarların müəyyən
obyektiv və subyektiv səbəblər üzündən
öz doğma dilində deyil, həmin regionda işlək olan
dildə yazması hadisəsinə sıx-sıx təsadüf
etmək olar. Yaxın və Orta Şərqə gəlincə,
burada VII-X əsrlərdə ərəb dili yeganə ədəbi
dil olduğundan, etnik cəhətdən iranlı olan İbn əl-Müqəffə,
əs-Səalibi, ət-Təbəri və bir çoxları öz
əsərlərini ərəb dilində qələmə
almışlar. Eləcə də həmin dövrdə "əl-Azərbaycani"
nisbəsi ilə tanınan Azərbaycan alim və şairləri
də ərəb dilində yazmışlar.
Buradan belə
nəticə çıxarmaq olar ki, yalnız fars dilində
yazdığına görə Nizamini və orta əsrlər
Azərbaycan poeziya məktəbinin başqa böyük
nümayəndələrini "İran şairi"
adlandırmaq qətiyyən düz deyildir. Necə ki,
yuxarıda adlarını çəkdiyimiz ərəbcə
yazan iranlılar da ərəb ədəbiyyatına mənsub
sayılmazlar.
6.
Nizaminin bütün yaradıcılığından türkə
və türklüyə məhəbbət qırmızı
bir xətt kimi keçir. Əsərlərində bir çox
türk sözlərindən istifadə etmişdir. Onun əsərlərində
öz doğma xalqına - türk etnosuna məhəbbəti
açıq-aşkar duyulmaqdadır. Şairin öz əsərlərinə
söykənilməklə bu haqda çoxsaylı
araşdırmalar aparılımış və Nizaminin milli mənsubiyyətinə
görə türk olduğu artıq çoxdan, həm də
dönə-dönə sübuta yetirilmişdir.
Nizaminin
türklərə məhəbbəti özünü bir də
onda büruzə verir ki, şair yaratdığı müsbət
monumental obrazların əksəriyyətini ya türk kimi təsvir
edir, ya da onların müsbət insani sifətlərini
türklərlə müqayisə edir.
"Xosrov
və Şirin" poemasındakı Şirin obrazı da bu
baxımdan zəngin material verir.
İndiyə
qədər bəzi nizamişünaslar Şirini yanlış
olaraq "erməni şahzadəsi"
adlandırmışlar ki, bu da onun bibisi Məhin Banunun Ərmən
ölkəsində hökmdar olması ilə
bağlıdır. Bununla ilgili aşağıdakı arqumentlər
Şirinin və onun bibisi Məhin Banunun erməni etnosuna
heç bir dəxli olmadığını göstərir:
6.1.
Məhin Banu təkcə Ərmən ölkəsinin deyil,
bütövlükdə indiki Azərbaycan Respublikasının
ərazisinə daxil olan Aran, Muğan və Bərdə
ölkələrinin də hökmdarıdır. Ərmən
isə bu ölkənin yalnız dağlıq bir hissəsidir
ki, ondan yaylaq kimi istifadə edilir.
Poemada
Məhin Banunun ölkəsinin ayrı-ayrı rayonları belə
təsvir edilir:
(Məhin
Banu) hər bir iqlimdə və hər fəsildə
Özü
üçün müəyyən bir yer seçir.
Gül
fəslində yeri Muğandır ki,
Ayaq
basdığı yerlər yaşıllıq olsun.
Yayda
Ərmən dağlarına çıxar,
Payız
vaxtı Abxaza gələr.
Qışda
Bərdəyə meyl göstərər.
(Xosrov və Şirin. Bakı, 1981, s. 63.)
6.2.
Ərmən yalnız bir ərazi adıdır və erməni etnonimi ilə birbaşa əlaqəsi yoxdur. Köçüb gələrək məskunlaşdıqları ərazinin adı ilə "ərməni", yəni Ərməndə yaşayan adlandırılmış bu etnos özünə "hay" deyir və ölkəsini "Hayastan" adlandırır.
"Ərmən" sözü isə ərəbləşmiş "rum" və "romen" sözləri ilə bağlıdır.
6.3.
Nizami "Leyli və Məcnun" poemasında Leylini,
"Xosrov və Şirin"də isə Şirini və onun ətrafındakıları
dəfələrlə türk adlandırır. Poemanın bir
yerində isə Məhin Banu Şirinə öyüd verərkən
Xosrovu iranlıların əfsanəvi hökmdarı
Keyxosrovla, özlərini isə türklərin əfsanəvi
hökmdarı Əfrasiyabla müqayisə edir ki, bu da istər
Məhin Banunun, istərsə də Şirinin türk
olmasına heç bir şübhə yeri qoymur.
Gər u mahəst,
ma həm afitabim,
Vəgər
Keyxosrovəst, Əfrasiyabim.
(Əgər
o aydırsa, biz də günəşik,
Əgər
Keyxosrovdursa, Əfrasiyabıq.)
6.4. Şairin
son poemaları olan "Yeddi gözəl" və
"İskəndərnamə"də də türklüyə
məhəbbət, türk obrazının yüksək sevgi
ilə təqdimi - Fitnə, Nüşabə, Çin
şahzadəsi (əslində türk şahzadəsi)
obrazlarında da özünü açıq şəkildə
göstərir. Hətta şair öz sevimli qəhrəmanı
İskəndəri "Rum taclı türk"
adlandırır.
6.5.
"Xosrov və Şirin" poemasının sonunda sevimli qəhrəmanı
Şirinin ölümünü təsvir edərkən bunu
sevgili həyat yoldaşı, türk qızı Afaqın
ölümü ilə müqayisə edir və cavan ikən
dünyadan köçmüş arvadı üçün
göz yaşları tökərək yazır:
Əgər
torkəm şod əz xərgəh nehani,
Xodaya, torkzadəmra
to dani.
(Əgər
türküm çadırdan köçüb getdisə,
Xudaya,
türkzadəmi sən özün saxla.)
Sual olunur ki,
Nizami türk deyil, başqa etnik mənsubiyyətə malik
olsaydı, öz oğluna "türkzadə" deyərdimi?
Cavab aydındır.
7. Öz əsərlərində
sosial motivlərə, siyasi problemlərə geniş yer verən
Nizami, "Sirlər xəzinəsi" poemasında orta əsr
türk dövlət quruluşunu zəmanəsinin hökmdarlarına
örnək göstərib yazır:
Douləte
torkan ke boləndi gereft
Məmləkət
əz dad pəsəndi gereft.
Tərcüməsi:
(Türklərin
dövləti ucalarkən
Ölkə ədalətlə
idarə olunduğu üçün
bəyənilirdi.)
7.1.
Ksenofobiyanın nə olduğunu bilməyən Nizami, eyni
zamanda, öz doğma etnosu olan türklərə də məhəbbətini
gizlətməmişdir.
Beləliklə,
Gəncəli nisbəsi ilə bütün dünyada məşhur
olan İlyas Yusif oğlu Nizami Azərbaycanda doğulmuş, Azərbaycan
torpağının övladı olmuş, anası kürd
qızı, atası isə türk oğlu olduğundan
özünü "ikdiş" - metis adlandırmış,
bütün yaradıcılığında öz doğma
etnosu türklərə məhəbbətini və etnik mənşəyi
ilə qürur duyduğunu qabarıq şəkildə əks
etdirmişdir.
Yuxarıda
dediyimiz kimi, böyük humanist olan Nizami bütün xalqlara
hörmətlə yanaşmış, insanlarda insanlığı
əsas mənəvi göstərici saymışdır. Ancaq
eyni zamanda, şair öz milli mənsubiyyəti ilə də
qürur duymuşdur. "Xəmsə"də işlədilmiş
çoxlu türk sözləri, Azərbaycan hikmətli
sözlərinin fars dilinə tərcümədə verilməsi,
türk mənşəli obrazların əksər hallarda
müsbət planda təqdim edilməsi bunun sübutudur.
Poemalarında yeri gəldikcə eləcə də başqa
xalqların adını da çəkən Nizami, bir dəfə
də olsun "ləzgi" sözünü işlətməyib.
Elə təkcə buna görə Arben Kardaşın Nizamini
"qaytarmaq" cəhdi tam fiaskoya uğrayıb və ciddi
adamları özünə güldürməkdən başqa
bir nəticə verməyib.
Azərbaycan
xalqının müdrik bir sözü var: "Bar verən
ağaca daş atan çox olar." Dünya ədəbiyyatının
ən barlı-bəhərli, qollu-budaqlı ağaclarından
biri olan Gəncəli Nizamiyə də daş atılması təbiidir.
Ancaq bu dəfə böyük şairimizə daş yox,
çınqıl atılıb və o da hədəfə dəyməyib.
***
Məqaləsinin
ikinci hissəsinin başlanğıcında Kardaş
özü də bilmədən özünə "ayı
xidməti" göstərərək yazır:
"Ehe do
Nizami na Vostoke slojilas tradisiya, ixodyaşaya ot arabov i poluçivşaya
razvitie u persidskix avtorov, primenyaemaya ko vsemu krasivomu, izyaşnomu,
belosnejnomu i moquşestvennomu epitet "tyurk".
Ancaq nə qədər
böyük qələtə yol verdiyini yerindəcə
anlayaraq özünü sığortalayır və belə
bir "elmi kəşfə" imza atır ki,
"türk" deyərkən heç də türkləri
deyil, Çini və oradan gətirilən çini qablarla
kağızı nəzərdə tuturmuşlar (?).
Yaxşı, tutaq ki, çini qablarla kağızlar ağ
olduğu üçün onlara belə bir epitet
yapışdırılmışdır; bəs məqalə
müəllifinin özünün dilindən çıxan
"moquhestvennıy" epitetini hara yazaq? Və sən demə,
"Sirlər xəzinəsi"ndəki qarı da "derjava
törok" deyərkən Çin dövlətini qəsd
edirmiş.
Məqalənin
məntiqsizliyindən belə çıxır ki, Xəzər
dənizi ilə Çin arasında minillər boyu
böyük Türküstan-Turan heç yerli-dibli olmamış
və bu ərazilərdə də türklər deyil,
çinlilər yaşamışlar. Xalqların böyük
hicrətini, Romanın fəthini də türklər deyil,
çinlilər gerçəkləşdirmişlər. Bəs
onda türklər göydən düşmüş və
sonra da "Ləzgistan"ı işğal etmişlər?!
Daha bu qədər
də yox!
Gözünü
möhkəm tutmuş nifrət pərdəsini azacıq silərək
yunan və Roma coğrafiyaçılarının, elə pərəstiş
etdiyi qədim erməni tarixçilərinin, Avropa və rus
alimlərinin mötəbər əsərlərinə
baxsaydı, görərdi ki, çox qədim zamanlardan Xəzər
dənizinin dörd dövrəsində, eləcə də indiki
Dağıstan ərazisində və Kür-Araz vadisində
türklər yaşamış və qonşu xalqlarla sıx əlaqədə
olmuşlar və ondan sonra, erməni türkofobiyasının
"şedevrlərindən" biri olan "gəlmə azərbaycanlılar"
ifadəsini bir qədər az işlədərdi. Hələ
"Xəzər" və "Dağıstan" toponimlərinin
özünün də türk dilindən
alındığını demirik. Əgər bu ərazilərdə,
Kardaşın iddiasındakı kimi, ləzgilər
çoxluq təşkil etsəydilər, onda Xəzər dənizinə
"Ləzgi dənizi", Dağıstana isə "Ləzgistan"
deyərdilər. Nə yazıq ki, belə deyil!
Yəqin,
Kardaşın ağlına belə gəlmir ki,
"aborigen" və "miqrant" anlayışları
çox şərtidir və bəşər tarixi boyu xalqlar
dəfələrlə bir yerdən başqa yerə hicrət
etmiş, qaynayıb-qarışmış, bəziləri
ölüb getmiş, yeniləri tarix səhnəsinə
çıxmışdır. İnsanların və
ayrı-ayrı nəsillərin həyatı ilə müqayisədə
çox ləng gedən bu proses indinin özündə də
davam etməkdədir.
Çox vaxt
müəllifin şəxsi mövqeyini əks etdirən qədim
qaynaqlara söykənərək başqa xalqların, başqa
insanların hər hansı bir ərazidə yaşamaq
hüququnu məhdudlaşdırmağa cəhd edənlər
- onların "böyük rəhbəri" Adolf Hitlerin
aqibətini yaşamağa məhkumdurlar. Çünki Yer
üzərində xeyirxah insanlar, insansevər insanlar şeytan
nökərlərindən daha çoxdur və əvvəl-axır
xeyir şər üzərində qələbə
çalacaqdır.
Hətta bir
anlığa təsəvvür etsək ki, doğrudan da
bütün Qafqaz Kardaşın və onun əqidə
yoldaşı olan daşnakların xəstə təsəvvürüncə
erməni və ləzgi xalqlarının tarixi
torpaqlarıdır və bəşəri ədaləti bərpa
etmək üçün bu torpaqlar həmin
"seçilmiş" xalqlara verilməlidir; onda nə edək?
- bu ərazidə yaşayan bütün başqa xalqları
qılıncdan keçirəkmi?
İnsan
qanına (bu halda türk qanına) susamış Kardaş və
Balayan kimilər bu təklifə dördəlli səs verərlər.
Ancaq öz
xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində
qurmaq hələ heç kəsə nəsib
olmayıbdır.
Nizamini ləzgi
xalqına "qaytarmaq" həvəsinə
düşmüş (iştah diş altındadır!) bu
cür məntiqlə, daha doğrusu, məntiqsizliklə
düşünən, daha doğrusu, sayıqlayan xəstə
təxəyyüllü birisinə cavabı, yuxarıda
artıq qeyd etdiyimiz kimi, Nizaminin bütün
yaradıcılığından qırmızı xətlə
keçən türklüyə məhəbbət verir ki,
Kardaşın iddialarına rəğmən, bu cür
böyük məhəbbət nə Nizamiyəqədərki ərəb
şairlərində, nə də fars şairlərində
olmuşdur. Heç olmasa, Nizaminin sələfi Firdovsinin
"Şahnamə"sini rus dilində oxuyaydı və
görəydi ki, orada Nizamidə olan mənada
"türk" epiteti var, ya yox!
Kardaşın
Ginnesin rekordlar kitabına düşməyə layiq olan
çoxsaylı kəşflərindən biri də, Nizaminin
"həbəş" deyərkən Gəncədəki
"qaradərili kürdləri" nəzərdə
tutması haqqında düşüncəsizliyidir.
Görünür, bu məqaləni yazarkən o, çox
tez-tez tavana baxırmış. fars dilində "dərin"
bilklər nümayiş etdirdikdən sonra yenə də
Nizaminin orijinalında ləzgi sözləri (bir beytdə iki
söz!) axtarması isə bişmiş toyuqların
gülüş otağı üçün çox dəyərli
bədii materialdan başqa bir şey deyildir. "Bərəkət"
sözünün şəkildəyişməsi olan "təbarək"
("təbərrük" şəklində Azərbaycanda
indi də işlənir) sözünü isə aparıb ləzgi
"təbrək"inə (müəllifin dediyinə
görə, "kisə" deməkdir) soxmaq isə
bütün rasional məntiqi düşüncəyə həyasızlıqla
tüpürməkdir.
Ləzgi,
fars, hətta Azərbaycan türkcəsində "zəngin"
erudisiyasını nümayiş etdirən "poliqlot"
Kardaş ərəb dilinin qrammatikası sahəsində də
tayı-bərabəri olmadığını göstərmək
üçün meydana atılsa da, yenə özünü
gülüş obyekti etməklə kifayətlənməli
olur. Böyük Füzuli belə yerdə deyirdi ki:
Pəhləvanlar
badpalər səgridərkən hər yana -
Tifl həm
cövlan edər, əmma ağacdan atı var.
Oxucularına
ərəb dili dərsi verən Kardaş belə bir "kəşfə"
də imza atır ki, "NZM" kökündən
"Nizami, Nizam, Nəzm, Nazim" sözləri ilə
yanaşı, "Namaz, Mizan, Zəmanə, Zaman, Zəman"
(?!) sözləri də yaranır ki, əslində Nizaminin
öz ədəbi təxəllüsündə bu kökə
müraciətinin əsas səbəbi - onun ləzgi
sözü olan "Mazan"la səsləşməsi
imiş. Bu yerdə rusların belə bir hikmətli
sözü yada düşür: "Uslışal zvon, da ne
znaet qde on!" Belə çıxır ki, Nizami
yaradıcılığının başlıca qayəsi -
öz əsərlərində ləzgi sözlərini
kodlaşdırmaq imiş. Daha absurd bir düşüncəsizlik
təsəvvür etmək yəqin ki, mümkün deyil!
Görəsən,
Kardaş ləzgi dilinin, eləcə də başqa Qafqaz dillərinin
leksikasına və qrammatikasına Azərbaycan dilinin
böyük təsiri barədə obyektiv bir bilgiyə
malikdirmi? Əgər belə bir bilgisi olsaydı, çətin
ki, Nizaminin dilində ləzgi sözləri axtarmaq kimi
qaranlıq otaqda olmayan qara pişiyi tutmaq həvəsinə
düşərdi.
Doğrusu,
Kardaşın uydurma etimologiyaya əsaslanan "dəlillərini"
təkzib etmək ciddi alim ləyaqətindən kənardır
və ona görə də bu qısa qeydlərlə kifayətlənərək,
öz sözü ilə desək, türkün
böyüklüyünü, gözəlliyini, nəcibliyini
gözü götürməyən və öz kəsif nifrətini
püskürmək üçün Gəncəli Nizami kimi
dahi bir humanistdən, sosial ədalət və insanların bərabərliyi
carçısından, eyni zamanda böyük
türkçüdən çirkin məqsədlə istifadə
etmək istəyən cahil bir "şair, nasir, tərcüməçi
və hətta Rusiya Federasiyası Yazıçılar
Birliyinin üzvünə" (qəzetdəki imzasının
altında yazıldığına görə) Azərbaycan
xalqının müdrik sözü ilə ancaq bunu arzulamaq istərdik:
"Allah ağıl versin!"
Və bir az
da obyektiv ədalət hissi...
Çünki
bu halda insaf hissindən danışmağın mənası
yoxdur. Bu hiss gərək adamda anadangəlmə olsun.
Bəkir NƏBİYEV,
Akademik
Teymur KƏRİMLİ,
AMEA-nın müxbir üzvü
Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.-
S.1-3.