Mirzə
İbrahimov - 100
"Etiraf etmək
nə xoşdu ki, burada əyləşənlərin, eləcə
də müstəqilliyimizin təməlinə daş
qoymuş hər bir azərbaycanlının
qüdrətli şəxsiyyət, böyük
yazıçı Mirzə İbrahimova bir vəfa borcu var. Mənim özümün
də daxil olduğum
və sonrakı nəslin ondan öyrəndikləri
hesaba gəlməz. Təkcə "Gələcək
gün" romanının milli düşüncəmizin
formalaşmasında oynadığı rolu
etiraf etmək Mirzə müəllimin böyük məfkurə mübarizəsinin sərhədlərini
cızmağa bəs edər. Bizim ədəbi
nəsil vaxtilə Bakıya bir neçə
insanın işığına gələrdi ki,
o insanlar arasında
"Gələcək gün"
romanının müəllifinin yeri ən
öndə idi…"
Xalq
şairi, millət vəkili Sabir Rüstəmxanlı sentyabrın 6-da VHP-nin qərargahında xalq
yazıçısı Mirzə İbrahimovun
100 illiyi münasibətilə Dünya Azərbaycanlıları Konqresinin AMEA Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsilə
birgə reallaşdırdığı yubiley
mərasimini bu sözlərlə
açdı. Vurğuladı ki,
Mirzə İbrahimov heç
zaman, heç yerdə
söz borclusu olaraq qalmadı, o, son dərəcə ünsiyyətcil, dünyanın
gedişatını bilən bir insan kimi yaddaşlarda
yaşayır: "Bu mərasimin
təşkilatçılarından biri olan Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi də
Mirzə müəllimin yadigarıdı. Mirzə müəllim
son dərəcə böyük
düşüncə sahibi bir insan olaraq
milli qəhrəman səviyyəsində o taylı-bu taylı faciələrimizin, milli ağrılarımızın
panoramını cəsarətlə əks etdirirdi.
Azərbaycan dilinin dövlət dili səviyyəsində qəbul edilməsində
Mirzə müəllimin müstəsna xidmətləri olub. O, cəmiyyətin bütün
təbəqələri tərəfindən sevilən insan idi. Mənim ədəbi
xeyirxahlarımdan biri kimi
Mirzə müəllimin nəzərlərini həmişə
üzərimdə hiss etmişəm.
Vaxtilə məni işə dəvət edəndə dedim ki, mən artıq
"Ədəbiyyat qəzeti"ndə işləyirəm.
Ürəkdən sevindi. Məsləhət
gördü ki, sən
doktorluq işini Cənubi
Azərbaycan mövzusundan götür.
Mirzə müəllim əvvəlcə danışıb, sonra düşünən adamları heç cür qəbul etmirdi. O, təkzibolunmaz bir
məntiqin xəmirindən yoğrulmuşdu.
Dağlıq Qarabağ hadisələrinin
ilk çağlarında İttifaq
miqyasında Mirzə müəllim Azərbaycan həqiqətlərini
Qorbaçovun düz
üzünə söylədi. O, ömrü
boyu Azərbaycan ədəbiyyatını
bütün dünyada
ləyaqətlə təbliğ etdi, həmişə
qəribə bir təbəssümlə
vurğulayardı ki, biz
hələ çox yetişməliyik.
Mirzə müəllim bütün dönəmlərdə
ömür yoluna
çıxan aqressiyalara qarşı qibtə
olunan bir inamla dayanmağı bacardı…"
Professor Cəmil
Həsənli çıxışında vurğuladı ki, XX əsrdə Azərbaycan ədəbiyyatının
ictimai fikirdə böyük
əhəmiyyəti olması şəksizdir: "Həmin ədəbiyyatın
görkəmli nümayəndəsi Mirzə İbrahimovun
yüz illik yubileyinin dövlət səviyyəsində geniş şəkildə qeyd
edilməsi təbiidir. Mirzə İbrahimov
millətimizin ideya, məfkurə
inkişafına böyük təkan vermiş mütəfəkkirdir. O, görkəmli
bir yazıçı olmaqla
yanaşı həm də böyük siyasi xadim idi.
Mirzə müəllimin "Gələcək gün"
romanı əslində taleyimizin kitabı
olaraq sevilirdi.
Xalqımızın milli oyanış yolunda Mirzə müəllimin müstəsna
xidməti var. Bu yolda onun parlaq
şəxsiyyəti, milli ideologiyaya
bağlılığı apaydın görünür.
Sovet dönəmində milli
ideologiyanın parlaq
daşıyıcılarından biri kimi Mirzə müəllimin əvəzsiz rolu heç vaxt unudulmamalıdır. Cənubi Azərbaycanda
gedən milli oyanış hərəkatında
onun əvəzsiz xidmətləri olub. Milli dilimizin
dövlət dili kimi
tanınmasında Mirzə İbrahimov qədər
çaba göstərən çox az adam
tanıyıram. O dönəmdə millətin
formalaşmasında böyük vətəndaşlıq
duyğusu ilə xidmət edən insanlar arasında Mirzə müəllimin
müstəsna yeri var.
XX əsr Azərbaycan ədəbiyyatını onsuz təsəvvür etmək olmaz".
Xalq
yazıçısı Çingiz Abdullayev çıxışında Mirzə
müəllimi böyük insan, qüdrətli yazıçı və
şəxsiyyət kimi xarakterizə etdi, xatirələrini dilə gətirdi.
Filologiya elmləri
doktoru Rəhim Əliyev vurğuladı ki, Mirzə müəllim elə böyük şəxsiyyət idi ki, onu
anmaq ilk növbədə
milli-mənəvi dəyərlərə qiymət qoymaqdı:
"Mirzə müəllim həmişə özünü
xalqına borclu hesab edirdi, danışmaqdan çox
iş görürdü.
Onun şəxsiyyəti örnək idi…"
Ədəbiyyatşünas alim Şirindil
Alışanlı böyük
yazıçının yubileyi
qarşısında çalışdığı institutun xüsusi tədbirlər
planı hazırladığını, yeni
nəşrlər üzərində iş
getdiyini önə çəkdi,
yazıçının aşıq poeziyasının təbliği
sahəsində gördüyü işlərdən
söz
açdı.
Professor
Qəzənfər Paşayev
çıxışında ustad
yazıçı Mirzə İbrahimovun həm
də böyük tədqiqatçı
olmasından söz açdı,
vurğuladı ki, o,
Aşıq Ələsgəri həm də bir
filosof-sənətkar kimi təqdim edib, aşıq ədəbiyyatının
müstəsna yerini müəyyənləşdirib:
"Təsadüfi deyil ki,
aşıq obrazı ilk dəfə məhz
Mirzə müəllimin romanı əsasında çəkilən
"Böyük dayaq"
filmində əbədiləşdirilib".
Sonda
görkəmli yazıçının qızı Solmaz İbrahimova atasının
xatirəsini yaşadanlara dərin minnətdarlığını
bildirdi: "Ailəmizdə də belədi,
elə gün olmur ki, onu unudulmaz
duyğularla xatırlamayaq…"
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 9
sentyabr.- S.2.