AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyevə
Hörmətli
Bəkir müəllim!
Nizamiyə
həsr olunmuş yazı dərc edilən
"Literaturnaya qazeta"nı sizə
göndərirəm. Bu - bizim
illər boyu oxuduğumuz
və tanıdığımız "Literaturnaya
qazeta" deyil. Ona müxalif olan bir qrupun
buraxdığı alternativ rəqib qəzetdir.
Materialla tanış olanda
görəcəksiniz ki, bu
yalnız Nizamiyə deyil, ümumiyyətlə,
Azərbaycan xalqına təhqirdir və bizi
qardaş ləzgi xalqıyla
qarşı-qarşıya qoymaq məqsədi
güdən təxribatdır.
Müəllif
Nizaminin guya Qum kəndindən olduğunu,
bu kəndin də əskidən ləzgi kəndi
olduğunu "əsas" götürərək
şairimizi ləzgi sayır. Hansısa
ağılsız Puşkini Afrika şairi, Lermontovu şotland şairi, Gürcüstanda
doğulmuş Mayakovskini
gürcü şairi
adlandırsaydı, rus ziyalıları buna necə münasibət bəsləyərdi?
Konyuktur şəkildə
Stalinin adından istifadə edən müəllif
Bertels, Marr kimi görkəmli alimlərdən gətirdiyi
sitatları öz bildiyi
kimi, yəni özünə sərf edən
şəkildə yozur. Nizami
əsərlərinə sonradan əlavə
olunmuş beytlərə isnad
edir, dediklərinə zidd
olan sətirlərini isə sonradan əlavə sayır. Bir
sözlə, dələduzluğun (rusca buna moşenniçestvo
deyirlər) bariz nümunəsidir.
Əgər
Nizami doğrudan da ləzgidirsə, niyə heç
bir yerdə bunu etiraf etmir və ümumiyyətlə,
yer üzündə ləzgi millətinin
olub-olmaması haqqında bircə kəlmə də
yazmır. Müəllif nəyin bahasına olursa-olsun
Nizamini Gəncədən, Azərbaycandan,
türklükdən ayırmağa çalışır. Məlum
olmur nə əsasla Nizamini
sünni sayır. Tutalım, Nizami lap sünni
olub, bu o deməkdir ki, buna görə onu ləzgi
saymalıyıq? Bu nə məntiqdir belə?
Məgər türklər də sünni deyilmi və Azərbaycan xalqının da bir hissəsi sünni deyilmi? Firidun bəy
Köçərlinin əsərinə isnad
edir, amma deməyi
"unudur" ki, Firidun bəy
Nizamini məhz Azərbaycan ədəbiyyatına
həsr etdiyi əsərinə daxil edib.
Firdovsini, Xəyyamı,
Sədini, Hafizi, Süleyman
Stalskini bu əsərə
daxil etməyib ki… Süleyman Stalski demişkən,
yanılmıramsa bu ləzgi şairi ədəbi
yaradıcılığına Bakıda başlayıb və
azəri türkcəsində də şeirlər yazıb. Amma onu Azərbaycan şairi saymaq heç kəsin ağlına gəlmir. Müəllif
lap ağ eləyərək
Nizamini az qala türk düşməni
kimi qələmə verməyə
çalışır. Guya şairin dəfələrlə türklər
haqqında rəğbətlə danışmasından, Azərbaycan
atalar sözləri və rəvayətlərindən
istifadə etməsindən, Bərdə hökmdarı
Nüşabə obrazından xəbəri yoxdur.
Guya ömürlərini Nizaminin
tədqiqinə həsr etmiş, necə
deyərlər, çörəyi Nizamidən çıxan Azərbaycan
alimlərinin sanballı əsərlərindən xəbərsizdir.
Hələ Türkiyədə çıxan
araşdırmaları,o cümlədən M.Ə.Rəsulzadənin
"Azərbaycan şairi Nizami"
kitabını demirəm. Elə Bertelsin Moskvada çıxan kitabı da
"Azərbaycan şairi Nizami"
adlanır. Müəllif xəstə təxəyyülüylə
uydurduğu bir
mühakiməyə - guya ki,
Axsitanla Nizaminin
türklərə qarşı söhbətinə
sayıqlamadan başqa ad
vermək olmaz. Guya
müəllif bu söhbəti öz qulağıyla eşidib.
Doğrudan da, Azərbaycan
xalqına kin və nifrət bu türk soyadlı (Qardaş) adamın ağlını
başından alıb. Əlbəttə, burda
başqa barmaqların olması da istisna deyil.
Hörmətli
Bəkir müəllim!
Bu məktubu sizə,
yazını oxuduqdan dərhal sonra, bəlkə də bir
az hissə qapılaraq yazıram. Amma sizə müraciət etməkdə məqsədim
də var. Xahiş
edirəm rəhbərlik etdiyiniz institutda, yaxud Şərqşünaslıq
İnstitutunda Nizami irsi ilə məşğul olan
bir araşdırıcıya
tapşırasınız ki, bu cəfəngiyyata tutarlı, dəlil-sübutlu,
faktlara əsaslanan ciddi
elmi cavab yazsın. Rusca yazan olmasa,
azərbaycanca elə yazılmalıdır ki,
tərcümədə kəsərini itirməsin. Bu cavabı elə adı oğurluq
olan "Literaturnaya qazeta"ya da, əsl, həqiqi, ənənəvi "Literaturnaya qazeta"ya da göndərərək
dərc olunmasına çalışarıq.
Belə
bir təxribatı cavabsız qoysaq, tarix bizi
bağışlamaz.
Dərin
hörmətlə,
ANAR
13 iyun 2011
P.S. Ziya Bünyadovun talış alimi
adlandırılması necədir sizinçün?
Ədəbiyyat qəzeti.- 2011.- 9 sentyabr.-
S.1.