NİZAMİ
GƏNCƏVİ - 870
Nizami
öz mühitinin onun qədrini bilməyib,
böyüklüyünü qiymətləndirmədiyi haqda
söz açarkən əsərlərinin bir yerində
("Yeddi gözəl"də - red.) "türkcəsinin"
("torkiyəmpa" - "mənim
türklüyümü")
anlaşılmadığından şikayət edir. "Türklüyü"
burada məcazi şəkildə yüksək söz mənasında
işlədən dahinin danışıq dilinin həqiqətdə
türkcə olmadığını heç kimsə isbat edə
bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və
geniş kütlələr təşkil edən türklər
arasında yetişmiş olduğunu, boya-başa
çatdığını bilirik. Bunun izlərini əsərlərində
rast gəldiyimiz və dəfələrlə işlədilmiş
"türklük" söz və məfhumundan da hiss edirik.
Məhəmməd Əmin Rəsulzadə
("Azərbaycan şairi Nizami")
-----------------------------
Nizami
humanizmi insanın uca
duyğularını öldürən, alçaldan,
nəcib hisslərdən məhrum edən hər şeyi pisləyir, onu mənəvi
cəhətdən yüksəldir, insanı əhatə edən
mühiti, onun daxili aləminin dəyişməsini zərurət
kimi irəli sürür. Vəhşi
heyvanlarla ünsiyyət
bağlamış, amansız, ədalətsiz cəmiyyətdən
uzaqlaşmış Məcnunu təsvir edərkən Nizami deyir: "O daxilində
vəhşəti boğduğu üçün vəhşi heyvanları
özünə dost etmişdir".
Bu fikir nə qədər
də müasir səslənir. Əsrimizin
böyük ustadı Maksim
Qorki insanı öz
içərisindəki vəhşini öldürməyə
çağırırdı.
…Vaxtilə
böyük alman şairi Höte qeyd etmişdir ki, "insanın məhəbbət hissi Nizaminin əsərlərində
dahiyanə təsvir olunmuşdur". Nizami əsərlərinin dərin ictimai mənasını, fəlsəfi tutumunu bütün əzəməti
ilə təsəvvür etmək üçün
"faust" müəllifinin bu yığcam aforistik tərifi
əlbəttə, çox qiymətlidir.
Mirzə
İbrahimov
------------------------------
Dahi sənətkar
Nizaminin yaşayıb-yaratdığı dövr Azərbaycan mədəniyyətinin, Azərbaycan
ədəbiyyatının qızıl dövrü
idi. XII əsrdə Azərbaycan ədəbiyyatı
son dərəcə yüksəlmişdi.
Bu
dövrdə Əbül-Üla, Xaqani, Fələki, Məhsəti,
Qivami-Mütərrizi, Mücirəddin Beyləqani kimi böyük şairlər,
bu dövrki ədəbiyyatımızın
ən yüksək abidəsini yaradan Nizami kimi dahi
sənətkarlar yetişmişdir.
Həmid
Araslı
Ədəbiyyat qəzeti.- 2011.- 9
sentyabr.- S.1.