Dərin tədqiq təhlil işlərinin nəticəsi

     

  "Füzuli şeirinin bir bəstəkar qardaşı" olan dahi Üzeyir bəy "ana torpaqdan ayrı düşən Antey vəziyyətində qalmamaq üçün xalqdan ayrılmamağ"ın vacibliyini zəruri bilirdi. Eyni zamanda, bu mühüm tələb "bəzən öz yaradıcılıq vəzifələrinə subyektiv yanaşan xidmət etməli olduqları xalqı unudan bəstəkarlara da, təəssüf ki, aiddir" - deyirdi.

Üzeyir Hacıbəylinin əsl mənada böyük dərslik olan məşhur "Azərbaycan xalq musiqisinin əsasları" kitabına yazdığı ön sözdən "Muğamat xalq mahnılarının ifası haqqında" məqaləsindən parçalar təqdim edirik.

 

Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi Azərbaycan musiqi incəsənətinin daha artıq yüksəlişi üçün çox əhəmiyyətli olmaqla bərabər, sovet musiqişünaslığı sahəsindəki elmi-tədqiqat musiqi nəzəriyyəsi işlərinin mühüm bir cəhətidir.

Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir, o, Sovet İttifaqının bir çox xalqlarının qəlbinə yol aça bilir. Bu musiqi xüsusilə Zaqafqaziya Orta Asiya xalqlarına daha yaxındır. Ona görə Azərbaycan xalq musiqi incəsənətinin əsas məsələlərini onun qayda-qanunlarını tədqiq edib öyrənmək işi olduqca aktual bir əhəmiyyət kəsb edir.

Mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair bir ədəbiyyat, xüsusi elmi əsərlər, başqa bir vəsait olmadığına görə, mən ancaq öz şəxsi müşahidələrimin, apardığım diqqətli tədqiqatın nəticələrinə Azərbaycan xalq musiqisinin bütün nümunə formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum.

İllər boyu gördüyüm prosesində əldə etdiyim nəticələrin düzgün olub-olmadığını yoxlamaq məqsədilə mən müəyyən vaxtlarda musiqişünaslar Azərbaycan musiqisini yaxşı bilən şəxslər arasında elmi mübahisə mahiyyətində məruzələr etmişəm; bu məruzə mübahisələrdən məqsədim əldə etdiyim nəticələrin Azərbaycan musiqisindəki əsas cəhətlərə dair bu ya başqa məsələni həll etmək üçün gətirdiyim dəlillərin əsassız olduğuna məni inandıra biləcək əleyhdarlarla qarşılaşmaq idi. Mən öz məruzələrimdə Azərbaycan ladları səs qatarlarının ciddi konsekvent (kvarta quruluşu, kvinta quruluşu, kiçik böyük sekstalar quruluşu) bir qanun üzrə qurulub mütənasib bir sistemdən ibarət olduğunu izah etdikdə, bu, bəzi musiqiçilərə süni uydurma bir şey kimi gəlirdi. Lakin mən irəli sürdüyüm məsələlərin doğruluğunu Azərbaycan xalq musiqisi nümunələri ilə isbat edirdim.

Azərbaycan ladlarında musiqi bəstələmək, qaydaları (bu kitabın II hissəsi) haqqında verdiyim məlumatı yoxlamaq üçün, bu məlumata əsasən həmin ladlarda musiqi yazmağı bəstəkarlara təklif etdim; yazılmış musiqi əsərləri mənim şərh etdiyim qaydaların bütün təfərrüatına qədər doğru-dürüst olduğunu göstərdi.

Bu əsərdə şərh olunan bütün qayda-qanunlar illər boyu davam edən dəfələrlə yoxlanılmış dərin tədqiq təhlil işlərinin nəticəsidir.

Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir.

...Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım.

Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi. Sərbəst qurulmasına musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, "Koroğlu" operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı melodiyalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" operası xalqın doğma musiqi dilində yazılmışdır.

Azərbaycanlı olmayan dinləyicilərin "Koroğlu" operasına böyük diqqət yetirməsi o deməkdir ki, bu operanın milli xüsusiyyətləri nəinki onu başqa xalqlardan təcrid edir, əksinə, bunlar operanın beynəlmiləl əhəmiyyətini daha aydın göstərir.

 

***

 

Bundan başqa, şeir oxuduqda onun daxili məzmunu ilə maraqlanmalıdır. Əvvələn, sizə məlumdur ki, şeir misralardan düzəlir, cümlənin yarısını o biri misra tamamlayır. Sözlər musiqiyə qoşulduqda, buna fikir verib, şerin tələbinə görə oxunmalıdır. Bir görürsən ki, xanəndə şeiri bir-birinin dalınca deyir: bir misra bu şeirdən, o biri misranı o biri şeirdən. Beləliklə, bütün şeir pozulur. Elə xanəndə olur ki, o, cümlələri layiqincə öz yerində deməyə qadir deyil, ona görə cümlələri bir-birinin dalınca deyir ki, tez qurtarsın. Bunların hamısı ondan irəli gəlir ki, indiyə qədər bizdə hələ elə bir məclis qurulmamışdır ki, orada bir nəfər muğamat oxusun ona qulaq asılsın. Mən bunu əlbəttə ki, oxuyanları bir-biri ilə vuruşdurmaq üçün deyil, bir-birinə kömək etmək, bir-birindən öyrənmək məqsədilə deyirəm. Mənə belə gəlir ki, pis adətləri tərk etmək olar.

Əvvəllər musiqiyə qulaq asmaq çaxır içmək kimi bir iş hesab edilirdi. Ancaq indi musiqi mədəniyyətimiz yüksəlmiş və tələbatımız da artmışdır. Aktyor səhnəyə çıxan kimi, öz rolunu necə ifa etdiyi o saat hiss olunur. Mədəniyyət artdıqca, musiqiyə tələbat da artır. Bülbül oxuyanda onun ifasından camaat razı qalır; çünki o, düzgün və təsirli oxuyur. Səhnəyə gərək usta çıxasan; xam çıxdıqda camaat konsertdən narazı qalır. Buna görə də işdə olan nöqsanı burada qeyd etmək lazımdır; bir çox yeniyetmə qız və oğlan radioda öz bildikləri kimi oxuyur, maneraçılıq edir, sözləri dəyişdirirlər. Onlara deyilməlidir: niyə belə oxuyursan? Nədənsə üzərlərinə böyük vəzifələr düşən idarə rəhbərləri bu yolda heç bir iş görmürlər. Bunun nəticəsində istənilməyən hərəkətlər əmələ gəlir.

Mən bir misal da gətirmək istəyirəm. Yoldaş Sarabski əvvəllərdə çıxıb oxuyurdu, heç kəs də deməz ki, o pis oxuyurdu. Bununla belə o heç vaxt özünü öyməmişdir. Ancaq indi görürsən ki, bir dəfə birinin adı çıxıbdır ki, yaxşı oxuyur, o, öz tərifini eşidən kimi o saat deyir ki, gərək mənim qonorarımı artırasınız. Bir sözlə, "Arşın mal alan"da Soltan bəy dediyi kimi, "mənim adımı hamı əzbərdən bilir" - deyir. Çox təəssüflər olsun ki, belə adamları biz səhnəyə çıxarırıq...

 

 

  Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.1.