İnsaf və insanlığın beşiyi Asiya

 

Bizans mədəniyyəti Avropa üçün nədirsə,

Özbək mədəniyyəti Mərkəzi Asiya üçün odur.

 

Çingiz Aytmatov

 

Dünyanın ən ulu dağlarının, əzəmətli zirvələrinin vətəni Asiya! Planetimizin başı buludlara dəyən möhtəşəm dağ silsiləsi Himalay, babalarımızın "Tanrı dağları" deyə qürur duyduğu və güvəndiyi Tyanşan sənin sinən üzərində yüksəlmişdir. Bu ilahi məskəndə Tanrının xəlq etdiyi zirvələri sanki insan mənəviyyatının yaratdığı zirvələr tamamlayır. "Dədə Qorqud kitabı"nın, "Koblandı Batır"ın, "Alpamış"ın, min kitablıq "Koroğlu" və "Goroğlu" dastanlar silsiləsinin, bir milyon misralıq "Manas"ın doğma məskəni Asiya!.. Bizim ulu babalarımız sənin müqəddəs köksün üstündə ilk dəfə öz böyük səltənətlərini yaratmışlar, neçə-neçə sivilizasiyalara, Avrasiya miqyaslı imperiyalara imza atmışlar. Azlar, Aslar, Qazlar, Xəzərlər, Hunlar və neçə-neçə dünyada heç bir bənzəri olmayan türk birlikləri və etnosları, xalqları səni başdan-başa, qarış-qarış gəzib-dolanmış, səni öz qanlarıyla suvararaq, öz cismləri ilə doyuraraq böyütmüşlər. Öz canlarını qurban verib səni yaşatmışlar, Avropaya pərçim etmişlər. Və sənə Tanrının buyruğu, müqəddəs əmriylə "Asiya", "Aziya" deyə ad qoymuşlar, min illərdən bəri səni beləcə əzizləmişlər. Aslar, Azlar, Qazlar və başqaları - Asiyanın ilkin sakinləri. Onların şanlı adları yalnız qitənin deyil, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi qüdrətli türk dövlətlərinin, Qaqauzlar diyarının, Xəzərin, Qafqaz dağlarının və Qafqaz ölkəsinin mübarək adlarında da əbədiləşmişdir. Bəli, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" (Bakı, 2010) kitabını oxuyarkən, istər-istəməz, ulu və qədim Asiyanın təkcə bu günü və gələcəyi barəsində deyil, möhtəşəm keçmişləri haqqında da düşüncələrə dalırsan.

XXI yüzilin ikinci onilliyini türk dövlətlərinin tarixində yeni mərhələnin başlanğıcı saymaq olar. Sonuncu imperiyanın əsarətindən qurtulan bu ölkələr öz 20 illik müstəqillik yubileylərini qeyd etməyə başlayırlar. O cümlədən də Özbəkistan. Türk ellərinə şadyanalıq və qürur bəxş edən bayram günlərində qeyri-ixtiyari olaraq dünənə boylanırsan və soruşursan: Bu gün biz kimik və dünən kim idik? Ümumən, 20 illik məsuliyyətli və mürəkkəb, eyni zamanda, möhtəşəm tarix haqqında dərindən düşünərkən görkəmli və təcrübəli dövlət xadiminin müdrik fikir və arqumentləri o dövrü təsəvvürümüzdə yenidən canlandırır. Kitabın müqəddiməsində müəllif çox ibrətamiz bir dialoqu misal gətirir. Müstəqilliyin qazanılmasından cəmi bir neçə il keçəndən sonra Özbəkistan Ali Məclisində möhtərəm Prezidentin iştirakı ilə keçən bu dialoq qısa zaman kəsiyində baş verən hadisə və proseslərin mahiyyətini anlamağa, miqyasını təsəvvür etməyə imkan yaradır: "Burada biz bu son dərəcə mühüm məsələyə necə yanaşmağımız və onu mərhələli, ardıcıl şəkildə necə həll etməyimiz barəsində qısaca bəhs etməyi zəruri hesab edirik. O cümlədən 1994-cü ilin 22 sentyabrında parlament minbərindən yaxın keçmişimizdə başımıza gələnlər, yəni millətimizin qədir-qiyməti, qürur və namusunun aşağılanması, qədim tariximizin və müqəddəs dəyərlərimizin tapdanması haqqında bir çox dərdli, iztirablı fikirlər bildirilmiş, eyni zamanda, son dərəcə çətin, amma təbii suallar səsləndirilmişdi:

"-Özünüz fikirləşin, əziz dostlar, müstəbid cəmiyyət, müstəmləkəçilik dövründə biz kim idik?

- Taleyimiz, ixtiyarımız və azadlığımız kimlərin əlində idi?

- Kəbə deyə hara pərəstiş edərdik? Hər səhər çağı məşhur himn - mədhiyyə sədaları altında kimlərə təzim edib oyanardıq?

- Dilimiz, dinimizin əhvalı necə idi? İmam Buxari, İmam Termizi, Xoca Bəhavuddin Nəqşbənd həzrətlərinin müqəddəs xaklarına hörmət və ehtiram vardımı? Əmir Teymur, Babur Mirza və başqa ulu babalarımızın böyük adları, şan-şöhrətləri itib-batıb, torpaqlara qarışmamışdımı?

- Milli iftixarımız, insanlıq qürurumuz, adət və ənənələrimiz hansı anlayış və münasibətlərlə əvəzlənmişdi?

- Yaxşı, bəs özümüz? Özümüz özlüyümüzü anlayırdıqmı? Hansı mötəbər və müqəddəs torpağın, ulu əcdadlarımızın ölməz mirası ilə qidalanmış və böyümüş bir elin övladları olduğumuzu bilirdikmi?

- Özünüz deyin, o vaxtlarda Özbəkistanı dünyada kim tanıyırdı? Kim bizimlə hesablaşırdı?

- Yurdumuzun necə və nə qədər saysız-hesabsız sərvətlərin xəzinəsi olduğundan hansı birimiz xəbərdar idik?

- Guya milli iftixara çevrilmiş ağ qızıl əslində milli qürur əvəzinə boyunduruq olub, xalqımızı ayaqyalın, başımızı aşağı etmişdi, tənə və məlamətdən, əzab və zəhmətdən başqa bizə nə vermişdi?"

Həqiqətən, yaxın keçmişdə xalqımızın başına gələn bu cür əzab-əziyyətləri, milli taleyimizin uçuruma gəlib dirəndiyi o məşum illəri heç birimizin unutmağa haqqı yoxdur".

Hər bir millətin tarixindəki böyük və həlledici keçid dövrləri görkəmli şəxsiyyətlərin meydana çıxması ilə səciyyələnir. Bu həqiqətin təsdiqi kimi bəşəriyyət tarixindən onlarla parlaq misallar gətirmək olar. Tarixin yaradıcısı xalq olsa da, o sanki Tanrının seçdiyi və etibar etdiyi əvəzedilməz insanların çiynində keçmişdən gələcəyə doğru yol gəlir. Bu mənada böyük tarixin yolu həmişə zirvələrdən keçir. Tarix meydanına yenicə qədəm qoymuş və xalqın həyatındakı taleyüklü məsələləri həll edəcək o insan özünəqədərki milli və mənəvi yüksəkliklərin təbii davamı kimi özü də yeni bir zirvə olaraq ucalmağa başlayır. Amma xalqın qəlbində və tarixində ucalmağa başlayan yeni, möhtəşəm zirvənin mənşəyi, onun hansı yüksəkliklərin davamı və varisi olması zamandaşları da, təbii ki, gələcək nəsilləri də eyni dərəcədə düşündürür və maraqlandırır.

Özbəkistan Respublikasının Prezidenti möhtərəm İslam Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" kitabını oxuyarkən istər-istəməz qəlbində bu cür təəssürat və duyğular baş qaldırır. Diqqətəlayiq cəhəti bundadır ki, kitabın baş qəhrəmanı və müəllifi azı üç min illik qədim və zəngin bir mənəvi-mədəni mirasın varisi kimi gözlərimiz önündə canlanır. Kitab sanki bu gündən uzaq dünənlərə, ibrətamiz əhvalatlar və vaqeələrlə dolu, bir-biri ilə bəhsləşən və yarışan nəhəng şəxsiyyətlərlə, dövlət başçıları və sərkərdələrlə, dahilər və mütəffəkirlərlə dolub-daşan minilliklərə körpü salır, bizi müqəddəs mənəvi köklərimizə, ibrətamiz keçmişlərimizi isə bu günümüzə qaytarır.

Məlumdur ki, hər bir xalqın mənəviyyatını onun yaratdıqlarından, yalnız ona məxsus olan adət və ənənələrindən, xüsusən mənəvi irs və mədəni sərvətlərindən, qədim tarixi abidələrindən ayrı təsəvvür etmək mümkün deyil. Böyük və qədim Türküstan yalnız Şərqin deyil, bütün dünya sivilizasiyasının müqəddəs beşiklərindən biri kimi dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmişdir. Dünyəvi və dini elmlərin, xüsusən islam dini ilə bağlı biliklərin tarixən yüksək inkişaf səviyyəsinə çatmasında bu ölkədə doğulub boya-başa çatmış qüdrətli fikir və təfəkkür sahiblərinin misilsiz əməyini və zəhmətlərini xüsusi qeyd etməliyik. Tanrının mərhəməti və xalqın öz mənəvi irsinə, sərvətlərinə məhəbbəti sayəsində müxtəlif abidələr, mədəniyyət, memarlıq və incəsənətlə bağlı qiymətli inşaatlar bu günə qədər özünün gözəlliyini və əzəmətini saxlaya bilmiş, xalq mənəvi qüdrətinin bariz nümunələri kimi bu günümüzə qədər gəlib çatmışdır. Özbəkistan ərazisində mövcud olan dörd mindən çox maddi-mənəvi abidənin ümumdünya mənəvi sərvətlərinin nadir nümunəsi kimi YUNESKO-nun siyahısına daxil edilməsi də bu həqiqətləri yüksək səviyyədə təsdiq etməkdədir.

Ümumşərq və ümumtürk mədəniyyətinin tərkib hissəsi olan özbək mədəniyyətinin mündəricəsini ən qədim daşüstü, qayaüstü yazılar və bitkilər, şifahi xalq yaradıcılığının rəngbərəng nümunələri, qoşuq və nəğmələr, əsatir və əfsanələr, atalar sözləri və zərb-məsəllər, nağıl və ibrətamiz hekayələr, dünya mənəvi mədəniyyətinin zirvəsi sayılan dastanlar, eyni zamanda, müxtəlif kitabxana və mədəni fondlarda saxlanılan minlərlə əlyazmaları səciyyələndirir. Həm də dünyanın ən məşhur paytaxtlarındakı mötəbər və möhtəşəm muzeyləri, fondları və kitabxanaları bəzəyən bu əlyazmalarda bəşər elmi təfəkkürünün və incəsənətinin, demək olar ki, bütün sahələrinə və növlərinə rast gəlmək mümkündür. Bu qiymətli mənbələrdə əks etmiş və cəmləşmiş dövlət, siyasət, hərb və döyüş sənəti, əxlaq, fəlsəfə, fiqh, tarix, ədəbiyyat, incəsənət, tibb, riyaziyyat, memarlıq, mineralogiya, kimya, astronomiya, hüquqşünaslıq, əkinçilik və başqa sahələrə aid bu gün də öz əhəmiyyətini itirməmiş qiymətli əsərlər bütün bəşəriyyətin sərvətinə çevrilmişdir. Səmim-qəlbdən etiraf etməliyik, dünyada çox az xalqlar bəşər sivilizasiyasına və ümuminsanlıq tərəqqisinə, mənəvi-mədəni yüksəlişinə bu qədər saysız-hesabsız töhfələr verə bilmişdir.

"Yüksək mənəviyyat - yenilməz güc" kitabının qiymətli xüsusiyyətlərindən biri budur ki, onda vurğulanan mənəvi-mədəni yüksəkliklərin yalnız tarixi əhəmiyyəti nəzərə çarpdırılmır. Eyni zamanda, həmin böyük abidələrin çağdaş zamanımızla gözlə görünən-görünməyən daxili əlaqələri, qırılmaz bağları da ayrıca qeyd olunur. Möhtərəm müəllif "Avesta"nın məna və mahiyyətini səciyyələndirən məşhur "Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl" qayəsinə diqqətimizi cəlb edərək yazır: "Bu fikirlər, yəni xeyirxah niyyət, söz və iş birliyini cəmiyyət həyatının təməl qayəsi kimi anlamaq bizim hazırkı mənəvi ideallarımızla da nə qədər üzvi surətdə bağlıdır, bu hikmət görün, nə dərəcədə təbii və həyati əsaslara malikdir". Dünyanın ən qədim kitablarından birində ətraf aləmin tamlığı və bütövlüyü, insan həyatının təbiətlə uyğunluğu son dərəcə həssaslıqla əks etdirilmişdir. Demək, qədim zamanlarda da insan mənəvi dünyasının formalaşmasına təbiətin və varlığın bilavasitə, təsiri haqqında dərindən düşünmüş, ciddi fikir yürütmüşlər.

Möhtərəm Prezidentin kitabda müraciət etdiyi ikinci böyük abidə "Alpamış" dastanıdır. Bəşər mənəvi mədəniyyətinin ilkin və təkrarolunmaz səhifələrini təşkil edən epos mədəniyyətinin ən qüdrətli ocaqları və məktəbləri tarixən indiki Özbəkistanın hüdudlarında mövcud olmuşdur. Xüsusən, Nurata və Kurqan dastançılıq məktəbləri dünya epos mədəniyyətinə bir-birindən gözəl və cazibədar əsərlər bəxş etmişdir. "Alpamış" özbək xalqının bədii dühasının zirvəsidir. Kitabda vurğulandığı kimi, əgər xalqımızın qədim və şanlı tarixi bir dastandırsa, "Alpamış" bu dastanın şah beytidir. "Alpamış" məhz buna görə də çoxdan haqlı olaraq özbək xalqının rəmzinə çevrilmiş bir əsər hesablanır. "Dədə Qorqud kitabı" Azərbaycanın, "Manas" qırğızların, "Koblandı Batır" qazaxların, "Goroğlu" türkmənlərin, "Ural Batır" başqırdların, "Maaday Qara" Altay türklərinin, "Altın Arıq" xakasların, "Çora Batır" krım Tatarların, "Qırxqız" qaraqalpakların milli-mənəvi pasportu olduğu kimi, "Alpamış" da özbəklərin milli mənliyinin ifadəsi olan ölməz bədii sənəddir. Özbək mədəniyyətinin bir çox sahələri və inkişaf yönləri birbaşa "Alpamış"dan şaxələnir və qidalanır. Qardaş ölkənin dövlət başçısının diqqətini "Alpamış" dastanı bir sıra xüsusiyyətləri ilə özünə cəlb etmişdir. Bunlardan biri gənc qəhrəmanın ad alma, daha doğrusu, dastandakı adqoyma mərasimi ilə bağlıdır. "Alpamış"ın qəhrəmanı yeddi yaşlı Həkimbəyin öz babasından qalmış on dörd batmanlıq bürüncdən düzəldilmiş yaydan ox atıb dağın zirvəsindəki hədəfi vurması onun ən yüksək ada çatmasına səbəb olur. Həkimbəy el-yurdun ağsaqqallarının rəyi ilə "Alp" adına sahib olur. Kitabda qeyd edilmişdir: "Alp - hakimiyyət sahibi mənasını bildirdiyini nəzərə alsaq, bu dastan milli dövlətçiliyimizin bədii inikası kimi də qiymətli olmasına əminlik hasil edə bilərik". Ən çox müəllifi düşündürən və maraqlandıran isə, keçid dövründə yaşayan bir ölkənin başçısı kimi, dastanın yüksək tərbiyəvi təsir gücünə malik olmasıdır. Həqiqətən, "Alpamış" dastanında el-yurda sevgi və sədaqət, Vətənin taleyi və gələcəyi üçün məsuliyyət duyğuları, ata-anaya, ailəyə və qadına mədəni münasibət o qədər yüksək, zərif duyğularla tərənnüm edilmişdir ki, babaların mənəvi dünyası bu gün də bir çox demokratik dünyagörüşü və əxlaq nəzəriyyəçilərini sözün əsl mənasında heyrətləndirə bilər. Ona görə də "Dədə Qorqud kitabı" və "Alpamış"ı müqayisə edərkən min illər bundan əvvəl yaşayıb ömrünü başa vurmuş türk ozanının estetik dünyagörüşünün, bəşəri duyğularının sərhədləri, ümuminsani ideallarının həyatiliyi və müasirliyi qəlbimizi heyrət və iftixar duyğuları ilə riqqətə gətirir. Hər iki eposda təsvir olunan cəmiyyətdə Vətən və xalq mənafeyi ən yüksək məqsəd, ən müqəddəs borc kimi vurğulanır. Bu dastanları oxuyan insanlar heç bir vaxt öz elinə və yurduna naxələf çıxa bilməz, öz yaxınlarını və əzizlərini, öz qadınını və ailəsini, demək, Vətənini düşməndən qorumaq üçün heç nəyini əsirgəməz. Elə bu səbəbdən də, möhtərəm Prezident "Alpamış" dastanı haqqında aşağıdakıları vurğulayarkən yüz dəfə, min dəfə haqlıdır: "Bu ölməz və əbədiyaşar əsəri xalqımız yüz illər ərzində yaratmış, özünün iman və etiqadı kimi hifs edib qorumuş, neçə-neçə əcdadlarımız və övladlarımız "Alpamış" dastanı ruhunda tərbiyələnmiş, özünü və kimliyini anlamış, mənəvi cəhətdən zənginləşmiş və kamilləşmişdir. Demək, bu dünyada nə qədər xalqımız var, nə qədər biz yaşayırıq - Alpamışın ruhu və siması da ölməzdir, əbədidir".

Bir ictimai-iqtisadi formasiyadan başqasına keçid tarixdə həmişə ziddiyyətlər və iztirablarla müşayiət olunur. Bu ağır və mürəkkəb prosesi yüngülləşdirmək üçün ən düzgün və doğru yol seçilməsi nəticəsində qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür. Burada ən yaxşı və həyati meyar yalnız yüz illər ərzində sınaqdan çıxmış mənəvi dəyərlər və mərasimlər ola bilər. 90-cı illərin əvvəllərində keçmiş cəmiyyətin dağılması və yeni cəmiyyətin meydana gəlməsi proseslərinin müxtəlif respublikalarda özünəməxsus şəkildə baş verməsi fikrimizi təsdiq edir. Qardaş Özbəkistanın bu sahədəki təcrübəsi özünün milli-mənəvi həyat tərzinə son dərəcə həmahəngliyi ilə diqqəti cəlb edir. Məsələn, həmin dövrdə Özbəkistanda Novruz bayramına münasibətin kökündən dəyişməsi - xalqın min illərədn bəri qoruyub, yaşadıb, zənginləşdirib, günümüzə qədər yaddaşlarda hifs edib unutmadığı bayramının onun özünə qaytarılması çox böyük milli hadisə idi. Əminliklə söyləmək mümkündür ki, uzun əsarətdən və ölkə ictimai-siyasi müstəqilliyini qazandıqdan sonra həqiqi mənəvi azadlıq duyğusunu xalqın ruhunda oyatmaq və istiqlalın sevincini, nəşəsini yaşamaq üçün Novruz bayramı millətin qəlbinə məlhəm olan bir mərasim idi. Novruz bayramı, eyni zamanda, ölkənin qonşu və qardaş dövlətlərlə əlaqələrini, Mərkəzi Asiyada, demək olar ki, yanbayan və çiyin-çiyinə yaşayan özbəklər, qazaxlar, taciklər, qırğızlar, türkmənlər, qaraqalpaqlar və başqa xalqlar arasında səmimi birlik, qardaşlıq, həmrəylik duyğularını gücləndirən, Özbəkistanı Şərq və türk dünyasına daha da yaxınlaşdıran bir bayram kimi ürəklərdən yer aldı.

Müstəqillik mənəviyyatını formalaşdırarkən milli adət və ənənələr, mərasimlərlə bir sırada dini etiqad azadlığının təmin edilməsi də mühüm əhəmiyyətə malikdir. Müqəddəs dini dəyərlər hər bir xalqın özlüyünü və milli mənliyini qorumasında müqayisəyə gəlməz dərəcədə böyük təsir gücünə malikdir. Həqiqətən türk xalqlarının uzun və keşməkeşli tarixində onların yalnız milli özünəməxsusluqlarını deyil, zəngin mənəvi dəyərlərini, ilk növbədə dövlətçilik mədəniyyətini qoruyub saxlamalarında dinin əvəzedilməz rolu olmuşdur. Qədim Türküstan diyarı əzəldən din və mədəniyyətin yüksək inkişaf etdiyi məkanlardan sayılmış, Şərq xalqlarının bu sahədəki inkişafına gözəl və qiymətli töhfələr bəxş etmişdir. Bu həqiqətlər həmişə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilimiş, Şərq və müsəlman dünyası da bunu dəfələrlə etiraf etmişdir. Bütün dünyada nüfuzlu beynəlxalq təşkilat hesab olunan İslam Konfransı Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu - İSESKO tərəfindən Daşkənd şəhərinin 2007-ci ildə İslam mədəniyyəti paytaxtı elan edilməsi də həmin yüksək etiraf və ehtiramın parlaq ifadəsidir.

Mərkəzi Asiyada dünyəvi və dini mədəniyyətin zirvələri sanki Tanrının və taleyin möcüzəsi kimi həmişə qoşa yaranmış və qoşa dayanmışdır. Son iki min illik - min beş yüz illik tarixə nəzər salarkən bu heyrətamiz müvazilik və paralellik qəlbimizə qürur, iftixar duyğuları bəxş edir. Və özbək xalqı da əzəldən bu həmahəngliyə öyrənmiş, adət etmiş, özünün dünyəvi və dini dahilərini eyni dərəcədə yüksək qiymətləndirib, eyni məhəbbətlə əzizləmişdir. Dünya elmində cahanşümul yeniliklər yaratmış, bəşər sivilizasiyasına özlərinin elmi kəşfləri ilə misli-bərabəri olmayan töhfələr vermiş Məhəmməd Musa Xarəzmi, Əhməd Fərğani, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina, Mirzə Uluğbəy, Əli Quşçu kimi dünyəvi elm mütəfəkkirləri ilə yanaşı İmam Buxari, Əbu İsa Məhəmməd ibn İsa Termizi, İmam Maturidi, Bürhanəddin Mərğinani, Əbdülxaliq Ğijduvani, Bəhavuddin Nəqşbənd və başqaları kimi dini mədəniyyətin, mənəvi elmlərin yüksəlişində xidmət göstərmiş dahilərə də özbək xalqı öz qəlbində əbədi yer vermişdir. Onlar min ildən də çoxdur ki, Türküstanın ağıl və zəkasının, mənəviyyatının qüdrətini, şöhrətini bütün dünyada yayır, bu dahilər məmləkətini təmsil edirlər. Möhtərəm Prezidentin kitabında gətirilmiş onlarla faktlar, bir çox misallar göstərir ki, ulu babaların ağlından və mənəviyyatından doğulmuş möcüzələr təkcə keçmişləri rövnəqləndirmir, indini və hələ neçə-neçə əsrlər sonra gələcəyi də heyrətləndirəcək.

Mənəviyyat dahilərindən bəhs edərkən, islam aləmində "Mühəddislər sultanı" kimi şöhrət qazanmış İmam Buxarinin adını qeyd etmək kifayətdir. Bu dahi insanın qoyub getdiyi mənəvi mirasının zirvəsi sayılan ən dəqiq hədislər toplusu - "Əl-came əs-səhih" kitabı müsəlman dünyasında Qurani-Kərimdən sonra ikinci müqəddəs mənbə hesablanır. Bütün islam əhlinin dərin etiqadına və qəti inamına görə İmam Buxarinin hədislər toplusu yer üzündə insan tərəfindən yaradılmış və yazılmış ən böyük kitabdır. Bu müqəddəs kitab düz min iki yüz ildən bəri yüz minlərlə, milyonlarla insanları haqq və həqiqət yoluna səsləməkdə, onların qəlbinə iman nurları bəxş etməkdədir. Əbu İsa Məhəmməd ibn İsa Termizinin məşhur "Sunani Termizi" əsəri də müsəlman aləmində son dərəcə yüksək qədir-qiymətə malikdir. Dahi mütəfəkkirin əsərləri yüz illər ərzində alimlərin, üləmaların, ilahiyyatçıların əsas dərsliyi vəzifəsini yerinə yetirmiş, neçə-neçə nəsilləri insanpərvərlik və alicənablığa, insaf və ədalətə dəvət etmişdir.

Mədəniyyət tarixində sönməz ulduz kimi parlayan və sanki Tanrının bir möcüzəsi kimi İmam Buxarinin vəfat etdiyi ildə dünyaya gələn İmam Maturidinin mübarək və müqəddəs şəxsiyyəti xalqın qəlbində özünə əbədi yer tutmuşdur. O dahi insanın əsasını qoyduğu "Maturudiyyə məktəbi" Şərq ölkələrində geniş yayılmış və şöhrət qazanmış, onun əsərləri bütün mömin-müsəlmanların qəlbinə yol tapmışdır. Tarixdə heç kim ilə müqayisə olunmayan bu mötəbər insanın özünün isə "Müsəlmanların etiqadını düzəldən" kimi yüksək ada və şərəfə nail olması bu nadir şəxsiyyətin fövqəladə ağlından və zəkasından xəbər verir. Gözəl fərqanədə dünyaya gəlib, şöhrəti aləmə yayılan, islam hüquqşünaslığının dahi nümayəndəsi Bürhanəddin Mərğinaninin əsərləri də keçmişin qürur və iftixar oyadan parlaq səhifələrindən biridir. Bu mütəfəkkir insanın Şərq aləmində "Bürhanəddin və millə", yəni "Din və millətin sənədi" kimi ən yüksək ada layiq olması ona öz zamandaşlarının təkrarsız münasibətini ifadə edir. Min ilə yaxındır ki, dahi Mərğinaninin köhnəlmək bilməyən ölməz elmi mirası, xüsusən əlli yeddi kitabdan ibarət "Hidayə" - "Doğru yol" əsəri müsəlman məmləkətlərində mükəmməl və ən nüfuzlu hüquqi mənbə olaraq istifadə edilməkdədir. Vətənin ad-sanını bütün Şərq və müsəlman aləmində uğurla təmsil edən, islam mədəniyyətinin parlaq simaları Əbdülxaliq Ğijduvani və Bəhavüddin Nəqşbəndin xidmətlərini də xüsusi qeyd etməliyik. Neçə-neçə nəsillər yalnız böyük təfəkkür sahibləri kimi deyil, eyni zamanda, müqəddəs övliyalar kimi onlara pərəstiş etmişlər. Orta əsrlərin ən məşhur dini-fəlsəfi təlimlərindən sayılan "Nəqşbəndiyyə"nin banisi kimi şöhrət qazanmış Nəqşbənd həzrətlərinin "Dil bəyaru dəst bəkar" - "Qəlbin Allahda, əlin işdə olsun" qayəsi son dərəcə həyati və hikmətamiz mənasına görə öz zəmanəsi sərhədləri daxilində qalmamış, hətta bu günümüzlə ideal bir həmahənglik təşkil etməkdədir.

Prezidentin seçdiyi mənəvi zirvələr silsiləsində fundamental elmlərlə məşğul olub, eyni dərəcədə həm Qərbin həm də Şərqin etirafına nail olmuş dahilər diqqəti xüsusi cəlb edir. Burada Məhəmməd Musa Xarəzminin onluq say sistemini, alqoritm və alqebra - Əl cəbr anlayışlarını dünyada birinci olaraq elm sahəsinə tətbiq etməsini və onun əsasında dəqiq elmlərin inkişafı üçün öz vaxtında möhkəm əsas yaratmasını qeyd etmək vacibdir. Hər biri yalnız müəyyən bir dövrü və ya hər hansı dahi alimi deyil, yüzillikləri şöhrətləndirə bilən bu misilsiz elmi kəşflər özbək xalqının dünya elminin və bəşər sivilizasiyasının inkişafındakı danılmaz rolunu göstərən faktlardır. Fundamental elmlər sahəsində Əhməd Fərğaninin kəşfləri də dünya elm tarixində əbədilik hüququnu qazanmışdır. Onun elmi əsərləri eyni vaxtda həm Qərb, həm də Şərq alimləri üçün dərslik, dərs vəsaiti vəzifələrini yerinə yetirmişdir. Dahi alimin "Astronomiyanın əsasları haqqında kitab" əsəri isə hələ XII əsrdə latın və ivrit dillərinə tərcümə olunmşdur. Şərqdə Əhməd Fərğani, Avropada isə Əl-Fraqnus adı ilə tanınmış bu təfəkkür sahibininin şöhrəti o qədər yüksək idi ki, hələ XVI əsrdə avropalı alimlər Aydakı kraterlərdən birinə onun adını vermişdilər. Məşhur astronom alim Yan Geveli tərəfindən 1647-ci ildə nəşr edilmiş "Selenoqrafiya" kitabında isə Aydakı kraterlərdən ikisi iki böyük yurddaşımızın - Əhməd Fərğani və Mirzə Uluğbəyin adı ilə adlanmışdır.

 

(Ardı var)

 

Nizaməddin ŞƏMSİZADƏ,

filologiya elmləri doktoru,

professsor,

Azərbaycan Respublikası

Dövlət mükafatı laureatı

 

Yaşar QASIMBƏYLİ,

Azərbaycan Yazıçılar Birliyinin

və Özbəkistan Yazıçılar İttifaqının

üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.3.