Naxçıvan Dövlət Universitetinin muzeyləri

      

 Naxçıvan Dövlət Universitetində 1997-ci ildən yaradılan muzeylərin işi və fəaliyyəti təqdirəlayiqdir. Çünki hər bir muzey fərdin, şəxsiyyətin, bütövlükdə cəmiyyət həyatının inkişaf edib formalaşmasında, vətənin maddi və mədəni sərvətlərinin, mənəvi dəyərlərinin öyrənilməsi, mənimsənilməsi və gələcək nəsillərə çatdırılmasında çox mühüm vasitədir.

Ulu öndər Heydər Əliyev muzeylərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir. Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olması üçünvacibdir…"

Bu gün Naxçıvan Dövlət Universitetində 4 muzey fəaliyyət göstərir.

"Universitet dünyası" muzeyi universitetin Elmi Şurasının qərarı ilə 1997-ci ildə yaradılmış ilk muzeydir. Tədqiqat və sorğulardan məlum olur ki, tələbə və gənclər muzeyə maraq göstərir, ekspozisiyalara maraqla baxırlar. Ekspozisiya 3 zalda xronoloji ardıcıllıqla tərtib edilmişdir.

Ekspozisiyanın birinci zalına daxil olan hər bir şəxs ilk olaraq 1939-1954-cü illərdə Naxçıvanda fəaliyyət göstərmiş Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun fəaliyyətinə həsr edilmiş lövhələr və eksponatlarla tanış olur. Ekspozisiyanın bu hissəsində maraq doğuran sənədlər, fotolar, kütləvi foto-şəkillər, institutda işləmiş müəllimlər haqqında məlumatlar və digər materiallar öz əksini tapmışdır. 1951-1952-ci ilin məzunların foto - "Məzun çələngi" maraq doğurur. Çələnglərdə müəllim və tələbələrin fotoları, institutun direktoru Əbülfəz Həsənov, müəllimlər Əli Talıbov, Müzəffər Nəsirli, Qasım Mustafayev, Tofiq Bektaşi, Abbas Əliyev, Məmməd Əliyev, Əhəd Quliyev, Qurbanəli Əliyev, İbrahimxəlil Axundov, Cəfər İmanov, ikinci bir kütləvi foto-şəkildə müəllimlərdən Əli Hüseynov, Lətif Hüseynzadə, Murad Tutayuq, Əli Əliyev, Əli Talıbov, Müzəffər Nəsirli, 1945-ci ildə müəllim və tələbələrin birlikdə çəkdirdikləri fotoşəkillər maraqla baxılır.

"Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun məzunları universitetimizdə" adlı mətn və eyni zamanda, bu günümüz üçün əhəmiyyətli olan, öyrənilməsi gərəkli olan digər sənədlər də öz əksini tapmışdır.

Guşələrdən biri də "Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 1967-1972" başlıqlı lövhədir. Buradakı eksponat-sənədlər 1967-1971-ci illərdə tarix fakültəsinin buraxılışına aid foto-çələngdə institutun rektoru Haşım Ağayev, prorektoru Şükür Sadıqov, Naxçıvan filialının direktoru Səfərli Babayevb. tələbələrlə birlikdə göstərilmişdir.

Görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər Cəfərovun müəllim və tələbələrlə çəkdirdiyi fotoşəkil də bu otaqdakı guşədə öz əksini tapmışdır.

Digər bir lövhə "Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu 1971-1990" başlığı altında təqdim olunur. Bu görüntüdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarının surəti verilmişdir. İnstitutda işləmiş professor və müəllimlərin, fotoşəkilləri, dərs məşğələlərinin, elmi konfransların iştirakçıları haqda sənədlər vardır. Akademiklərdən Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, institutun alim-müəllimləri Yavuz Axundlu, İsa Həbibbəyli, Məhərrəm Cəfərli, Əli Məmmədov, Əsgər Qədimov, Arif Əliyev və başqalarının kollektiv fotoşəkilləri və digər sənədlər maraqlı hesab edilə bilər.

"Diyarın görkəmli yetişdirmələri" adlı lövhədə Naxçıvanın görkəmli və tanınmış alimləri, mədəniyyət, incəsənət, ədəbiyyat və teatr xadimlərinin, yaradıcı ziyalıların fotoları və onlar haqqında məlumatlar verilmişdir.

Dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevə həsr edilmiş guşə-lövhə ulu öndər Heydər Əliyevin bu sözləri ilə başlayır: "Yusif Məmmədəliyev böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadimdir".

Burada əks olunmuş fotolar, mətnlər, görkəmli alimin həyatından, elmi-ictimai fəaliyyətindən, onun alim dostları və yoldaşları ilə birgə çalışmalarından bəhs olunur.

Bu otaqda nəzər-diqqəti cəlb edən sənədlərdən biri də Naxçıvan Dövlət Universitetinə özünüidarə statusu verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamıdır.

Ekspozisiyanın ikinci zalında nümayiş olunan eksponatlar əsasən universitetin professor və müəllim heyətinin elmi-tədqiqat işləri haqqında məlumatlar, universitetdə professor adına layiq görülmüş müəllimlər haqqında şərhlərdən ibarətdir.

"Professorlarımız" adlı sərgi-lövhədə akademik İsa Həbibbəyli, akademik İsmayıl Hacıyev, əməkdar elm xadimi Səfərəli Babayev, Əli Əliyev, Cavad Heyət, Rudolf İvanov, Aqşin Əlizadə, Zöhrab Vəliyev, Asif Şirəliyev, Yavuz Axundlu, İbrahim Mollayev, Əkbər Nəsirov, Sevindik Vəliyev, Qasım Hüseynov və başqalarının fotoşəkilləri, onlar haqqında məlumatlar verilmişdir.

"Beynəlxalq əlaqələrimiz" ekspozisiya - sərgidə nümayiş olunan eksponatlar universitetin digər ali təhsil ocaqları ilə əlaqələrdən bəhs edilir. Xüsusilə Azərbaycanın digər ali təhsil müəssisələri ilə keçirilən birgə tədbirlər, beynəlxalq səviyyədə keçirilən simpoziumlar və görüşlər burada öz əksini tapmışdır.

Ekspozisiyanın üçüncü zalının ilk lövhəsində 1967-ci ildən ali təhsil ocağına rəhbərlik etmiş direktorlar, rektorlar, onların fəaliyyəti, tərcümeyi-halları, fotoları və digər məlumatlar verilmişdir.

Ekspozisiyanın zəngin materiallarla tərtib edilmiş guşələrindən biri xalqımızın ümummilli lideri Heydər Əliyevin, Respublikamızın Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Naxçıvan Dövlət Universiteti kollektivi ilə görüşləri, təbrikləri və digər tədbirlərdə iştiraklarına həsr edilmişdir. Burada fotoşəkillər, təbrik məktubları, diplomlarbaşqa sənədlər vardır.

Ekspozisiyanın digər bir lövhəsində "Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamının mətni verilmişdir.

Muzeyin bu zalındakı diqqəti çəkən sənədlərdən elmimizə və təhsilimizə diqqət və qayğı göstərən ulu öndərimiz Heydər Əliyevə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 9 oktyabr 1999-cu il tarixli 2 nömrəli protokol qərarı ilə fəxri doktorluq alimlik dərəcəsi verilməsi haqqında sənəd öz əksini tapmışdır.

Ekspozisiya ilə tanış olduqca müxtəlif, rəngarəng eksponatlarla rastlaşırıq. Keçirilən müxtəlif elmi-kütləvi tədbirlər, universitetə təqdim olunmuş təbrik məktubları, suvenirlər, professor-müəllimlərin elmi əsərləri, kitablar, müxtəlif adda məcmuələr və başqa sənədləri göstərmək olar.

Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov muzeyin rəy kitabında yazır:

"Naxçıvan Dövlət Universitetinin tarixini əks etdirən muzeyə həvəslə baxdım. İşiniz təqdirəlayiqdir və bu davam etdirilməlidir.

30 il ərzində Naxçıvan Dövlət Universiteti ölkəmizi yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək işində özünün layiqli töhfəsini vermişdir. Universitetin kollektivi öz keçmişi ilə bağlı hər şeyi əziz tutur, gələcəyə nikbin baxır. Sizə bu işinizdə müvəffəqiyyətlər arzulayıram."

"Məktəb tarixi" muzeyi 2007-ci ildə universitetin elmi şurasının qərarı ilə yaradılmışdır.

Muzeyin yaradılması universitetin tələbə-gənclərinin ictimai-pedaqoji fikir tariximizin daha dərindən mənimsənilməsi, alimlərimizin, yazıçı və şairlərimizin, mütəfəkkirlərimizin fikir və düşüncələrini dərindən öyrənmək məqsədi daşıyır.

Ekspozisiya ilə tanışlıq, tələbə və müəllimlərlə aparılan sorğulardan, söhbətlərdən bu qənaətə gəlmək olur ki, tədris prosesində eksponatekspozisiyalardan səmərəli şəkildə istifadə olunur, dərslərin əyaniliyi təmin edilir.

Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Məhsəti xanım, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məmməd Tağı Sidqi, Məhəmmədhüseyn Şəhriyar, Nəsirəddin Tusibaşqa yazıçı və şairlərimizin ekspozisiyada rəngli portretləri, fotoşəkilləri, onların elmi-ədəbi düşüncələrini şərh edən kəlamları mətnlər vasitəsilə göstərilir.

Muzeyin "Maarifçilik hərəkatı", "Cəlil Məmmədquluzadə-müləlim", "Naxçıvan Muxtar Respublikasının təhsil nazirləri", "Müstəqillik dövrünün məktəbləri", "Maarifçi yetirmələrimiz" bölmələri bacarıqla tərtib edilmişdir.

"Botanika muzeyi" universitetin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi müəllim və tələbələrin təşəbbüsü ilə təşkil edilmişdir. Muzeyə toplanmış əşyalar, eksponatlar və digər materiallar Naxçıvan Muxtar Respublikasının qədim və zəngin təbiətə malik bitki və minerallarını özündə əks etdirir. Bu materiallar elmi surətdə öyrənilir.

Muzeyin profilini əks etdirən ekspozisiyada yerli xammal əsasında alınmış dərman preparatları, bitkilərin quru halda qarışıqlarını dəmləmək üçün hazırlanmış məhsullar və onlar haqqında məlumatlar verilir

"İdman muzeyi" universitetin idman və bədən tərbiyəsi sahəsində fəaliyyətindən, idman yarışlarında qazanılan nailiyyətlərdən bəhs edir. Muzey 2007-ci ildən fəaliyyət göstərir.

"İdman muzeyi" universitetin "İdman kompleksi"ndə yerləşir. Muzeyi təşkil etməkdə məqsəd gənclərin müxtəlif idman yarışlarında əldə etdikləri nailiyyətlərə aid materialları toplamaq, sənədləşdirib nəfis şəkildə muzey sərvətlərinə uyğun tərtib və nümayiş etdirməkdir.

Muzeyin ekspozisiyasında nümayiş etdirilən maraqlı eksponatlar içərisində ilk öncə universitetin rektoru, akademik İsa Həbibbəylinin "Sizin idman jurnalınız - "Sportsman" toplusunun 2010-cu il iyul nömrəsindəki müsahibəsində universitet futbolçularının son illərdə nailiyyətlərindən bəhs edilir.

Muzeydə nümayiş etdirilən eksponatlar kuboklar, diplomlar, fəxri vərəqələr, fəxri fərmanlar, vimpellər, medallar və digər təltiflər, qaliblərə aid sənədlər vitrinlərdə, şkaflarda, lövhələrdə etiketləri yazılmış, tarixləri qeyd edilmişdir.

Müxtəlif idman yarışları, birinciliklər çempionatların qaliblərinin kuboku, təltif sənədləri, Naxçıvan Muxtar Respublika Ali Məclisi sədrinin mükafatları uğrunda keçirilən yarışların, Yeni Azərbaycan Partiyasının 15 illiyinə həsr edilmiş yarışlarda qalib gəlmiş komanda və ayrı-ayrı idmançıların təltifləri də muzeyin eksponatları arasında diqqəti cəlb edir.

Vitrinlərdə idmana aid bir çox jurnallar, qəzetlər, tələbələrin qalib komanda, eyni zamanda şəxsi qələbələrini əks etdirən fotolar nümayiş etdirilir.

Naxçıvan Dövlət Universitetində mövcud muzeylər, zəngin ekspozisiyalar, eksponatlar haqqında fikirlərimizi yekunlaşdıraraq belə bir qənaətə gəlmək olar ki, universitet rektorunun qayğı və təşkilatçılığı ilə yaradılmış bu muzeylər gələcək nəsillər üçün bir nümunəyə çevriləcək, gənc nəslin əsl vətəndaş kimi formalaşmasında böyük rol oynayacaqdır.

 

 

Sübhi KƏNGƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.2.