Riqada Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

  

Sentyabrın 14-də Riqada, Kiçik gildiyada, Azərbaycanın xalq yazıçısı, siyasi detektiv janrının ustası Çingiz Abdullayevlə görüş keçirilmişdir. "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin təşəbbüsü ilə keçirilmiş bu unudulmaz görüşün təşkilati dəstəyini Azərbaycan diasporunun fəal nümayəndələri Eldəniz Məmmədov və Əkbər Rzayev təmin etmişdi.

Çingiz Abdullayevin yazmaq istedadı hamıya məlumdur, bundan başqa, onun barəsində haqlı olaraq deyirlər ki, o "heykəli də danışdıra bilər". İki saat davam etmiş görüşün iştirakçıları bu mahir təhkiyəçinin söhbətlərini böyük maraqla dinləmişlər.

Çingiz Abdullayev özünün yaradıcılığı ilə bağlı çox maraqlı əhvalatlar danışmışdır: "Mən fəxr edirəm ki, mənim kitablarımı çox ölkələrdə oxuyurlar. Bu yaxınlarda bilmişəm ki, mənim kitablarımı Çin dilinə tərcümə etməyə hazırlaşırlar."

Tezliklə yazıçının "Dağılma" adlı dörd cildlik yeni əsəri çapdan çıxacaq. Bu əsərin yaranması prosesində Ç.Abdullaev çox qəribə tarixi faktlarla üzləşmişdir.

Çingiz Abdullayev 2000-ci ildə dünyanın bütün ölkələrindən olan 140 yazıçı, o cümlədən 5 Nobel mükafatı laureatı ilə birlikdə bütün Avropanı gəzməsi və dövlət başçıları ilə görüşməsi barədə söhbət açaraq demişdir: "İspaniya kralı Xuan Karlosla görüşümüz yaddaqalan oldu. Xuan Karlos bizi qarşılayaraq dedi: "Siz krallardan daha böyük adamlarsınız və mən sizin qarşınızda - öz milli ədəbiyyatını inkişaf etdirən insanların qarşısında baş əyirəm".

Ç.Abdullaev özünün sevimli yazıçısı haqqında suala cavab verərək qeyd etmişdir ki, uşaqlıqdan Heminqueyin vurğunu olmuşdur. Yazıçı demişdir: "O yalnız yazıçı deyil, onun həyatı nümunədir, bu, əsl kişi həyatıdır, fantastları sevirəm. Ümumiyyətlə, mən tradisionistəm, Remarkın əsərlərini oxuyuram".

Detektiv janrının ustasının əsərləri dünyanın 28 dilinə tərcümə edilmişdir. Çingiz Abdullayev beynəlxalq "statuslu" yazıçıdır, onun əsərlərini bütün dünyada maraqla oxuyurlar.

 

 

Nigar Hüseynova

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.4.