Gəldim səni gördüm

 

Hekayə

     

Qışın qarı ərimiş, havalar ilıqlaşmışdı. Əziz Novruz bayramı yaxınlaşırdı. Bayrama bərk hazırlıq gedirdi, evlər ağardılıb təmizlənir, yorğan-döşək günə verilib tozu çırpılırdı. Hamı bayramı yaxşı qarşılayıb yaxşı da yola salmağa çalışırdı. İnsanlar bayramın gəlişinə sevinirdi, xüsusən uşaqlar bu bayramı bütün bayramlardan çox sevirdilər. Çünki həm əyin-başları təzələnəcək, həm "baca-baca"ya gedib çoxlu yer-yemiş yığacaqlar. Onların özlərinə aid bir "sir"ləri də var idi. Novruz bayramı bitdikdən az sonra uşaqlar yay tətilinə çıxır. Uzun sürən dərs ilindən sonra düz ü…ç ay istirahət edəcəklər. Ata-anaları, mal-heyvanları ilə birlikdə dağlara köçüb dəyə quracaqlar, günlərini qayğısız yaşayacaqlar. Daha müəllimlərin tənəli sözlərini, ata-analarının danlaqlarını eşitməyəcəklər. Dağda-obada şehli otların üstü ilə qaçışacaq, hərdən obadan uzaqlaşmış mal-qoyunun ağzını bəri qaytaracaqlar. Hərdən də ən uca dağın zirvəsinə çıxıb dərəyə baxacaqlar.

…Çalaya düşüb silkələnən maşın mürgüləyən Həsənin yuxusunu dağıtdı. Bu nədir? Olmaya dağdan dərəyə düşdülər? Axı indicə dağın başından aşağı baxırdılar. "Bu yuxudur, nədir? Bu nə maşındır? Olmaya bu yay da kəndə gedə bilməyəcəm? Yəqin yenə şəhərdəyəm". Həsəni qüssə bürüdü. Ancaq sürücünün səsi onu tam ayıltdı. O, harada olduğunu anladı. "Hə… kənddəyəm, deməli neçə illik həsrətində olduğum doğma yurduma yetişə bildim. Sənə qurban olum, ay elim, ay obam! Siz nə qədər əzizsiniz, doğmasınız".

Həsən sevinclə, qürur hissilə ətrafa baxır, gördüklərini gözünə köçürmək, yaddaşına həkk etmək istəyirdi. Həsənin kənddə yaxınları, doğmaları qalmamışdı. Ata-anası dünyasını dəyişmiş, qardaş-bacıları ailə quraraq hərəsi bir səmtə getmişdi. Həsənin kənd nisgili, uşaqlığı, gəncliyi keçdiyi doğma el-oba həsrəti onun qəlbini korun-korun yandırırdı. Kənddə doğmalardan təkcə əmisi qızı Firuzə qalmışdı. Həsən əmisi qızıgilə qonaq gəlmişdi. Yay olduğundan Firuzəgil dağa köçmüşdü. Həsən yaşlaşmışdı. Ürəyi kəndini istəyirdi, qohum-qardaş istəyirdi, doğmalıq, istilik, məhəbbət istəyirdi. Doğma kənd, torpaq onu çəkib gətirmişdi. İsti ana qucağı gəzirdi, qızınmaq istəyirdi. Bunları arzulasa da, uzun müddət kəndə gələ bilməmiş, arzusunu ürəyində boğmuşdu. Dünyasını dəyişəcəyini hiss edirmiş kimi, doğma el-obası ilə, yurd yeri ilə görüşməyə, halallaşmağa gəlmişdi.

Həsən dağlara qonaq gedirdi. Yaylağa çatıb Firuzə ilə, onun əri və uşaqları ilə mehribanlıqla görüşdü. Əmisi qızı tez əl-ayağa düşdü, illərlə üzünə həsrət qaldığı əmisi oğlu üçün yemək tədarükü görməyə başladı. Sürünün içindən qaraquyruq bir quzu tutdurdu, oğluna kəsdirdi. Əmisi oğlundan soruşdu:

- Qağa, yeyəcəksən, de, onu bişirim.

Həsən fikrə getmişdi. Firuzənin səsini eşidib dalğın-dalğın dilləndi:

- Əmiqızı, toxmağın varsa, bir daş küftəsi bişir, yeyək.

Həsən bu istəyilə sanki bütün nisgilini büruzə verdi. Keçmişin arxasında qalmış uşaqlıq illərini xatırladı. Gözünün önünə anasının daşda toxmaqla ət döyməsi gəldi, toxmağın səsi qulaqlarında cingildədi. Ocağın üstündə bişən daş küftənin ətri burnuna doldu, dadını damağında hiss etdi.

Əmisi qızı çəmənlikdən, bulaq başından çöl nanəsi, mərzə kəklik otu yığıb küftənin içinə qatışdırmış, onu daha da ətirli etmişdi.

Xörək hazır oldu. Firuzə göy otların üstünə süfrə saldı, süfrənin üstünə kərə, pendir, qatıq, bal düzdü. Təzəcə sulanmış çörəyin ətri adamı iştaha gətirirdi.

Həsən bardaş qurub süfrənin qırağında oturdu. Çəmən çiçəklərinin, əzilmiş otların rayihəsi adamı bihuş edirdi. Həsən təmiz havanı ciyərlərinə çəkərək həsrətində olduğu daş küftədən doyunca, ləzzətlə yedi. Süfrəyə düzülmüş nemətlərin dadına baxdı. Çay xoş gəlsin deyə, fətir götürdü, arasına pendir qoydu, əmisi qızının yığdığı çöl pencərlərindən dürmək düzəldib iştahla dişlədi.

Firuzənin bulaq suyu ilə qaynatdığı samovar bayaqdan dızıldayırdı. Çöl çiçəklərindən dəmlənmiş çay samovarın dəmkeşində dəm alırdı. Firuzə bir stəkan çay süzüb Həsənin qabağına qoydu. Həsən süfrəyə qoyulmuş konfetə gözünün ucu ilə baxmadı, çayını dişləmə qəndlə içdi. Konfetlə içsəydi, çiçəklərdən dəmlənmiş çayın ətrini, dadını bilməyəcəkdi. Həsən "bəh-bəh"lə dalbadal iki-üç stəkan çay içdi. Hər dəfə ağzına çaydan bir qurtum aldıqda ləzzətini duymaq üçün gözlərini yumub yavaş-yavaş udurdu.

Həsən əllərini göyə açaraq Allaha şükr etdi. Əlini süfrədən çəkdi. Oturduğu yerdə gözgörəcəyi qədər üfüqlərə doğru uzanan dağlara baxdı, doyunca baxdı. Ürəyindən nələr keçdi, onu bir Allah bildi. Dilinin ucundan bu sözlər qopdu:

- Əmiqızı, Səməd Vurğun deyib ki, gedirəm, bəlkə bu dağlara bir gəlmədim

Əmisi qızı Həsənin fikrini dağıtmaqdan qorxub ustufca pıçıldadı:

- Əmioğlu, bunu Səməd Vurğun deməyib, Məmməd Araz deyib.

- Hə? Düz deyirsən, əmiqızı, dağları gördüm, fikrim çaşdı. - Sonra üzünü Firuzəyə döndərib:

- Mənim bir dəftərlik şeirim var, şəhərə qayıdım, onu sənə göndərəcəyəm - dedi, - saxlayarsan, bəlkə bir gün gəldi, lazım oldu.

- Əmioğlu, mən sənin şeir dəftərini neyləyirəm? Nə qədər olmasa, ora şəhər yeridir, yenə orada verib çap elətdirə bilərsən. Burada it-bata düşər.

Həsən incik və üzüntülü səslə dilləndi:

- Eh, nə bilim, ay əmiqızı, bəs mən onu kimə verim, heç kimə etibar edə bilmirəm.

Həsən yaşarmış gözlərini silib sözünə davam etdi:

- Nə isə, əmiqızı, mən səndən yerdən-göyə qədər razıyam, çox razıyam. Sən mənə qayğısız uşaqlıq çağlarımı xatırlatdın. Allah səndən razı olsun. İndisə icazə ver, gedim. Gəldim səni gördüm. Dağlarla, obamla görüşdüm. İndi gedim, yolçu yolda gərək, getsəm yaxşıdır.

Həsən əmisi qızı ilə, uşaqları ilə öpüşüb-görüşdü, həsrətlə bir dağlara baxdı ayaqlarını sürüyə-sürüyə maşına tərəf getdi. Firuzə yaşarmış gözlərini silib onun arxasınca bir stəkan su atdı.

Ancaq suyun aydınlığı olmadı; bu, Həsənin kəndə axırıncı gəlişi oldu.

 

 

Salatın Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.4.