Elxan İbrahimov
- 90
Tanınmış
ədəbiyyatşünas, tərcüməçi Elxan Xəlil oğlu İbrahimov 1921-ci il
sentyabrın 29-da Bakıda qulluqçu ailəsində
anadan olmuşdur. Orta məktəbin son
sinfində ikən "Azərneftlayihə" trestində çertyoj çəkən yanında şagird işləmişdir.
ADU-nun filologiya fakültəsinə daxil
olmuş, lakin ailə
vəziyyətinə görə təhsili
yarımçıq qalmışdır. 1942-ci ildə səfərbərliyə
alınmış, xəstəlik üzündən hərbi
xidmətdən tərxis olunmuşdur.
"Azərbaycan gəncləri" qəzeti redaksiyasında
ştatdankənar əməkdaşlıq etmiş,
yay ayları pioner
düşərgəsində işləmişdir. Bakı
şəhər Komsomol Komitəsində təlimatçı
vəzifəsində çalışmışdır (1943).
Lomonosov
adına Moskva Dövlət Universitetinin filologiya
fakültəsinə daxil olmuş,
xəstələndiyindən təhsilini yarımçıq qoyub həkimlərin təkidilə Cənubda
müalicə olunmuşdur. Eyni zamanda Azərbaycan
Dövlət Universitetinin filologiya
fakültəsində buraxılış imtahanı verib ali təhsil diplomu almışdır (1947-1948). Bakıda
SSRİ Bədii Fondu
Ümumazərbaycan şöbəsi bədii sərgi salonunun müdiri (1949-1950),
sonra Moskvada SSRİ Baş Poliqrafiya Nəşriyyatında
yerli nəşrlər şöbəsinin
redaktoru (1951-1954) vəzifələrində
işləmişdir. C.Cabbarlı adına
"Azərbaycanfilm"in ssenari
şöbəsində redaktor (1955-1958),
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Ekran" yaradıcılıq birliyində baş redaktor (1958-1962),
"Literaturnıy Azerbaydjan"
jurnalı redaksiyasında ədəbi işçi,
tərcüməçi (1962-1963), məsul katib
(1963-1966), Azərbaycan Dövlət Nəşriyyatında uşaq və gənclər ədəbiyyatı
redaksiyasının şöbə müdiri
(1966-1967), "Gənclik" nəşriyyatında baş redaktor (1967-1968), Xarici ölkələrlə dostluq
və mədəni əlaqələr Azərbaycan cəmiyyətində
nəşriyyat şöbəsinin redaktoru
(1968), müdiri və baş
redaktoru, "Sovetskaya
türkologiya" jurnalında ədəbi
şöbənin müdiri, məsul
katibi (1970-1972), Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyəti
idarəsinin məsul katibi (1975-1977),
"Azərbaycanfilm" kinostudiyasında dublyaj
sexinin redaktoru vəzifələrində
işləmişdir. Bədii tərcüməyə
1950-ci illərdən başlamış, klassik
rus yazıçılarının əsərlərini
doğma dilə çevirməklə
yanaşı, Azərbaycan sovet ədəbiyyatından
(M.Hüseyn, S.Rəhimov, Mir
Cəlal, Ə.Vəliyev, İ.Şıxlı, B.Bayramov, Y.Əzimzadə, İ.Məlikzadə,
Ə.Qasımov və b. əsərlərini)
rus dilinə tərcümələr
etmişdir. Mərkəzi qəzet
və jurnallarda ("Sovetskaya
jenşina", "Drujba
narodov" və b.) oçerk və publisist
yazıları, ssenariləri - "Bizim ikinci doğmamız" (1962), "Laqeydlik günahkarı" (1962), "Mənim
qızıl Lənkəranım" (1963) və "Azərbaycanın
yenilikçiləri" (1959-1964) müvəffəqiyyət
qazanıb.
1981-ci
il yanvarın 9-da dünyasını dəyişmişdir.
Bu ağır itki ilə bağlı həmin günlərdə
Elxan İbrahimovun
yaxın dostu akademik Kamal Talıbzadə ürək sözlərini
qələmə alıb, "Ədəbiyyat və incəsənət"
qəzetində dərc etdirib.
Ədəbiyyat qəzeti.- 2011.- 16
sentyabr.- S.4.