Dost itkisi

 

Dost itkisi ağır olur, ağır olur ona görə ki, hər dostluğun öz tarixi olur, öz ölçüləri - yaxın və uzaqlığı, öz məzmunu, heç bir itkiyə bənzəməyən öz ağrısı-acısı olur. Ancaq həmişə durub-oturduğun, tez-tez görüşdüyün, onun hər sevincinə, hər kədərinə bələd olduğun dost cəmiyyət üçün də faydalı bir şəxs olanda, zəhmət çəkən, əlləşən-vuruşan, nə isə görmək istəyən, nəyəsə nail olan, nəyəsə nail olmağa can atan, müəyyən məqsədlə yaşayan adam olanda, bu itkinin ağrısı ikiqat artır, ikiqat dərinləşir. Elxanın ölümü öz qələm dostlarının ürəyində məhz belə bir ağrı yaratmışdır.

Üç-dörd gün əvvəl qarşı-qarşıya dayanıb yaradıcılıq arzularını dinlədiyin, əlli illik enişli-yoxuşlu həyat yoluna yaxından bələd olduğun bir insanı - dostu qəflətən itirmək həqiqətən çox ağırdır, bu əbədi yoxluğun əbədiliyinə də adamın inanmağı gəlmir. Ancaq yadına salanda ki, sənin qələm dostun ömrünü mənasız keçirməyib, öz əməllərilə ürəklərdə, xatirələrdə bir iz qoyub gedib, təskinlik tapırsan, sənə elə gəlir ki, o yenə də əvvəlki kimi səninlə, dostları ilə, mühiti ilə ünsiyyətdədir, səninlə yanaşıdır.

Budur, yenicə yazıb qurtardığı sənədli povest öz nəşrini gözləyir, bəzi tərcümələri masasının üstündə qalıb, o, atası - görkəmli tərcüməçi və tənqidçi Xəlil İbrahimin əsərlərini nəşr etdirmək üçün də xeyli iş görmüşdür.

Lap elə bu günlərdə Bayram Bayramovun Moskvada nəşr olunmuş povestlərdən ibarət yeni kitabını nəzərdən keçirirdim, gözlərim Elxanın adına sataşdı, tərcümələrdən biri ona məxsus idi. Kədərimə bir sevinc qarışdı, ürəyimə bir sərinlik çökdü, fikirləşdim ki, yəqin ki, bundan sonra da vaxtaşırı belə kitablar çıxacaq, oxucular, dostlar beləcə onun adına vaxtaşırı rast gələcək, hər dəfə onun özü ilə yanaşı, işi də xatırlanacaq və o, beləcə unudulmaz qalacaqdır.

 

 

Kamal TALIBZADƏ

Yanvar, 1981-ci il

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.4.