Evim
Bir libasda,
bir geyimdə,
Həmişə kasıb evim.
Evlərə bayram gələndə,
Boynunu qısıb evim.
Pərdəsi qəmdən
çözülü,
İçini yandırır
çölü.
Göz görəndə kinayəli,
Əzilib, susub evim.
Əl açıbdı səsə-küyə,
Dua edib üzü göyə.
Qapımı bəxt döyər deyə,
Səbrini basıb evim.
Göynədim
O gedən yamanca bənzədi sənə,
Ürəyim alışdı, yandım,
göynədim.
Sənli günlərimi hey dönə-dönə
Həsrət dumanında andım, göynədim.
Dilim dillənmədi, qəlbim köz oldu,
Dərdim cilalandı, dərdim yüz oldu.
Bu bahar fəslində
əlim buz oldu,
Titrədim, üşüdüm,
dondum, göynədim.
Elə bil canımdan ruh bezib uçdu,
Boylandım yollara hey suçlu-suçlu.
Dost-tanış halıma yandı,
söz açdı,
Yenə sənsizliyi dandım, göynədim.
İradə Aytel
Ədəbiyyat qəzeti.-2011.- 16 sentyabr.- S.5.