Milli tarixşünaslığımızın uğuru

  

Tarix yazıdan başlanır - deyirlər. Mən keçilən yolu yox, tarix bilgisini nəzərdə tuturam. İnsanlıq çox uzun yol keçib, ancaq bilinən və tarixə dönən - daşa, ağaca, gil lövhəyə, sümüyə, kağıza köçüb yaşayanlardır. Qalanları unudulub gedib.

Biz türklər zamana hökm edən xalq olsaq da, elədiklərimizi yazıya almağın qayğısına qalmamışıq, yaxud da bu işi başqalarına tapşırmışıq.

Dünya bu gün saralmış kağızlardakı yalanlara daha çox inanır, nəinki hafizələrdə qorunan doğrulara... Dəlil-sübut zamanıdır.

Buna görə də tarix elminin əhəmiyyəti gündən-günə artır. Mövcud tarix, tez-tez deyildiyi kimi, daha çox hökmdarların və müharibələrin, başqa sözlə, dövlətlərin və dövlətlərarası müharibələrin tarixidir. Dünyanı İran-Yunan müharibələri müstəvisində görən Heredotdan - tarixin atasından üzü bəri belədir... Bir də dinin və daha çox kilsələrin tarixi yazılıb ki, çox hissəsinə kor təəssübkeşlik hakimdir.

Dövlətlərin tarixi yazılmalıdır, lakin bu tarixi bütöv görmək və dəyərləndirmək üçün ictimai və mənəvi həyatın başqa sahələrinin tarixi də öyrənilməlidir. Ayrı-ayrı şaxələri, qolları öyrənilmədən milli tarix haqqında təsəvvürlər həmişə səthi, dayaz və məhdud olacaqdır.

Əkinçilik tarixindən - yurdsalma tarixinədək, yazı tarixindən - ədəbiyyat tarixinədək, diplomatiya tarixindən - ordu tarixinədək onlarla belə əsas sahə var ki, onlarsız tariximizin ümumi mənzərəsini təsəvvür eləmək mümkün deyil.

Bu baxımdan milli varlığımızı borclu olduğumuz ən mühüm sahələrdən biri olan təhsilin yaranma və inkişaf yolunu bilməyimiz və öyrətməyimiz son dərəcə ciddi bir vəzifədir.

Təhsil tarixi öyrənilmədən xalqın yaradıcılıq və zəka gücünün, mədəni-mənəvi dəyərlər sisteminin qaynaqlarını, yaşam tərzindəki inkişaf mərhələlərini müəyyənləşdirmək olmaz.

Professor Misir Mərdanovun uzun illər davam edən araşdırmalarının, ağır zəhmətinin nəticəsi olan və ilk iki cildi bu il "Təhsil" nəşriyyatında buraxılmış "Azərbaycan təhsil tarixi" adlı əsəri bu baxımdan milli tarixşünaslığımıza böyük hədiyyədir.

Misir Mərdanov təhsil naziri kimi bu sahənin təşkili və idarəçiliyi ilə məşğul olur, bundan əvvəl də təhsil müəssisələrinə başçılıq edib, pedaqoji sahədə çalışıb. Universitet rektorluğu da, nazirlik də, xüsusən müstəqilliyin ilk illərində, hər şeyin təzələndiyi və yenidən qurulduğu illərdə çox çətin və məsuliyyətli işdir. Məhdud və zəif adamlar bütövlüklə bu işin içində itib-batır. Qabiliyyətli adam və əsl alim üçünsə bu işlər araşdırma və yaradıcılıq üfüqlərinin genişlənməsi üçün əlavə imkandır. "Azərbaycan təhsil tarixi"nin ilk iki cildini oxuyanda sevindim ki, Misir müəllim bu imkanı düzgün dəyərləndirərək, bütöv bir institutun işini təkbaşına görmüşdür.

Ön sözdə yazdığı kimi, "Azərbaycan təhsil və pedaqoji fikir tarixi ilə bağlı" bir sıra alimlərimiz "səmərəli tədqiqatlar apararaq, maraqlı elmi əsərlər yazmışlar". Bunu inkar etmək olmaz və Misir Mərdanov da öz alim dostları, sələflərinin zəhmətini hörmətlə qiymətləndirir, ancaq bu əsərin əhəmiyyəti təhsilimizin bütün tarixinin ilk dəfə belə geniş, fundamental, sistemli şəkildə ortaya qoyulması ilə yanaşı, Azərbaycan məktəbinin keçdiyi yola ilk dəfə tarixi həqiqətlər müstəvisində, kommunist ideologiyası buxovlarından azad və müstəqil dövlətin verdiyi obyektivlik, millilik imkanları şəraitində baxılmasındadır.

Şəxsən mənim fikrimcə, bu cəhət "Azərbaycan təhsil tarixi" ikicildliyinin ən başlıca keyfiyyətlərindən və onun müəllifinin ən mühüm uğurlarından biridir.

Aydın vətəndaş mövqeyi, obyektivlik, yüz illərlə yaranmış basmaqəlib təsəvvürləri dağıdaraq əsl həqiqətləri ortaya çıxarmaq cəhdi, milli təəssübkeşlik Misir Mərdanovun araşdırıcılıq və elmi peşəkarlığına hörmət doğurur.

Əslində təhsil təkcə məktəb, pedaqogika, savad işi deyil, bütövlükdə milləti millət eləyən tərbiyə mədəniyyətinin, bilik və intellekt potensialının formalaşma "mətbəxi", milli xarakterimizin qaynaq və köküdür. Bu baxımdan Misir Mərdanovun əsəri təhsil sərhədlərindən çox geniş bir sahəni əhatə edir və bu özəllik ön sözdə də vurğulanır.

Əlimizdəki cildlərdən birincisi keçdiyimiz yolun ən uzaq başlanğıclarından 1920-ci ilin aprel ayınadək, yəni Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, bolşevik işğalına qədər olan dövrü əhatə edir...

Çoxcildliyin ən dəyərli cəhətlərindən biri budur: yəni Azərbaycan təhsilinin ilk addımlarından bu günə - neçə min illik yoluna bütöv baxmaq cəhdidir.

İkinci mühüm xüsusiyyət Azərbaycan mədəniyyət və təhsilinə tarixən bağlı olduğumuz coğrafi genişlikdə baxmaq istəyidir. Kitabın ilk cümləsi müəllifin bu mövqeyini aydın göstərir: "Azərbaycan türklərinin bir neçə min il ərzində yaratdıqları mədəniyyət, o cümlədən təhsil və tərbiyə Baykal (Bay göl) gölünün sahillərindən Aralıq dənizinə, Balkanlara və Karpatlara qədər uzanan ərazilərdə, Xəzər və Qara dəniz ətrafında məskunlaşmış böyük türk etnosunun ümumi mədəniyyətinin ayrılmaz bir hissəsidir". Bu cümlə müəllifin bütövlükdə Azərbaycan varlığına yanaşmasının nə dərəcədə obyektiv və sovet dövründə xalqımızı kiçiltmək məqsədilə ortaya atılan yalançı stereotiplərdən uzaq olduğunu aydın göstərir. Əslində, bütün ana dili, ədəbiyyat, coğrafiya, tarix, mədəniyyət dərsliklərimiz və bu sahələrimizdəki elmi araşdırmalar bu tezis əsasında yazılmalıdır və hörmətli təhsil nazirimiz öz dəqiq elmi-tarixi prinsipini başçılıq etdiyi sahənin ümumi mövqeyinə çevirməlidir.

Kitaba, deyək ki, İbn Sina və ya İsmayıl bəy Qaspıralı haqqında məlumatların salınması, Azərbaycanın ədəbiyyatçı, maarifçi zəka sahibləri sırasında onların da xidmətlərinin qeyd olunması müəllifin Azərbaycan fikir və düşüncəsinin, təfəkkür mədəniyyətinin qaynaqlarına məhz belə coğrafi və tarixi genişliklə yanaşmasının təsdiqidir.

Bu fundamental cildləri bir məqalədə incələyib qiymətləndirmək imkan xaricindədir. Əslində bu iş kitab parça-parça dövri mətbuatda çap olunanda görülməli idi.

İlk iki cildin elmi, tarixi, pedaqoji əhəmiyyətindən ətraflı danışmaq fikrimiz yoxdur. Yalnız diqqəti cəlb edən və dəyərləndirilməsi vacib olan bir neçə məsələ üzərində dayanmaq istədik ki, onlardan da birincisi yuxarıda söylədiyimiz özəllikdir. Bu baxımdan "Azərbaycan təhsil tarixi" öz müəllifinin elmi yanaşmasının doğruluğu və vətəndaş mövqeyinin aydınlığı ilə diqqəti cəlb edir və yüksək qiymətə layiqdir. O, Azərbaycanın mədəniyyət və təhsil tarixinə yanaşarkən ideoloji və siyasi müstəmləkəçiliyin təsiri olan bir sıra zehniyyət basmaqəliblərindən uzaqlaşmağa nail olmuşdur. Bu, çağdaş dövlətçilik prinsiplərinə və milli maraqlara xidmətdir.

İndi Azərbaycan respublikasının siyasi sərhədlərindən kənarda qalan tarixi ərazilərimizdə təhsilin keçdiyi yolun tədqiqata cəlb edilməsi, adətən, diqqətdən kənarda saxlanılan qədim və orta əsrlərin ənənəvi dini təhsilinin ümumi təhsilin bir qolu kimi araşdırması da müəllifin peşəkarlığının, dəqiq elmi yanaşmasının göstəricisidir və ayrıca qeyd olunmalıdır.

Təhsil tarixi bir neçə xətt üzrə işlənilib: qədim dövlətlərimiz və təhsil; din və təhsil, böyük tarixi şəxsiyyətlər və təhsil, dəyişilən ictimai quruluşlar və təhsil.

Tədqiqatın neçə min ilin çox zəngin və mürəkkəb materialları və sənədləri əsasında aparılması və heç bir mühüm təhsil - məktəb hadisəsinin, tarixi şəxsiyyətin gözdən qaçırılmaması çox çətin, böyük zəhmət tələb edən işdir və müəllif ona əsasən nail olmuşdur. Əsasən ona görə deyirəm ki, xüsusən qədim tariximizin təhsil tarixini bütün təfərrüatı və özəlliklərilə canlandırmaq və ortaya qoymaq hələ ki, real görünmür. Mədəniyyətimizin bütün qaynaqlarını əhatə etmək də çətindir. Məsələn, qədim mədəniyyətimizin izlərini qoruyan yerlər sırasında (Qobustan, Gəmiqaya və s.) Dəlidağ yazılı daşlarının unudulması təəssüf doğurur. Halbuki bu gün düşmən əlində qalmış həmin açıq səma muzeyi adları çəkilən tarix yadigarlarından daha qədim və daha zəngindir.

Təhsil tarixinin ilk cildləri ensiklopedik xarakter daşıyır və bu sahə ilə bağlı mövcud bilgi və məlumatların mükəmməl şəkildə ümumiləşdirilməsi nəticəsində yaranmışdır.

Yeri gəlmişkən, kitabdan-kitaba adlayan bir yanlışlığa münasibətimi bildirmək istəyirəm.

Müsəlman xalqları aşağılamaq, onları qədim tarix və mədəniyyətlərindən qoparmaq, rus işğalına mədəni dünyaya qovuşmaq donu geyindirmək cəhdinin nəticəsi olaraq belə bir fikir formalaşmışdır ki, guya azərbaycanlılar 1920-ci ilə qədər başdan-başa savadsız olublar və bunu faizlə hesablayanda biz qonşularımızla müqayisədə qat-qat aşağı pillədə görünürük. Əslində isə bu faiz yalnız o vaxtın rus-Azərbaycan məktəblərini bitirənləri göstərirdi. Ənənəvi mədrəsə və molla məktəbi deyilən tədrisxanalarda oxuyan azərbaycanlılar bu statistikadan həmişə kənarda qalmışdır. Halbuki çarizm işğalına qədərki bu təhsil sisteminin yetirməsi olan dahilərsiz böyük Türk-İslam və Azərbaycan mədəniyyəti yarana bilməzdi.

Misir Mərdanovun bu yanlışlığı aradan qaldırmaq cəhdi və köhnə tədris sistemlərinin tarixi əhəmiyyətini göstərməsi də ayrıca qeyd olunmalıdır.

Tarix boyu yaranmış hər bir məktəbin təhsil tariximizdəki yerini göstərmək, onun qurucuları və yetirmələri haqqında ətraflı məlumat vermək, o cümlədən Azərbaycan təhsilində özəl yeri olan Qori seminariyası kimi məktəblərin bütün məzunlarının siyahısını dəqiqləşdirmək, onların pedaqoji fəaliyyətləri barədə ətraflı məlumat vermək, nadir fotoşəkillər, geniş elmi aparat - ən mühüm hadisələrin xronikası, adlar göstəricisi, ədəbiyyat siyahısı... çoxcildliyin elmi dəyərini artırır və əsərin bu sahədə hələ ki, ən mükəmməl bir tədqiqat işi olduğunu göstərir.

"Azərbaycan təhsil tarixi"nin 700 səhifəlik iri həcmli II cildi 1920-1991-ci illəri - yəni Sovet hakimiyyəti illərini, bu dövrdə təhsil sahələrində görülən işləri əhatə edir.

Milli hökumətin yerinə gələn Sovet rejimi 1920-30-cu illərdə azərbaycanlılara qarşı apardığı amansız repressiya və assimilyasiya siyasətinə, II Dünya müharibəsinin gətirdiyi ağır fəlakətlərə, şəklini dəyişsə də, davam edən erməni-bolşevik düşmənçiliyinə baxmayaraq, Azərbaycanın inkişafı dayanmamışdır. Bu illər təhsil elm və kitab mədəniyyətinə ağır zərbə vuran iki əlifba islahatına (ərəbdən latına, latından kirilə) baxmayaraq, Azərbaycanda savadsızlıq ləğv edilmiş, orta icbari təhsil həyata keçirilmişdir.

70 ildə çar Rusiyasından fərqli olaraq təhsil şəbəkəsi bütün ölkəni və əhalinin bütün təbəqələrini əhatə etmiş, iri şəhərlərimizdə onlarla ixtisas üzrə kadrlar hazırlayan ali məktəblər, institut və universitetlər açılmışdır.

Dərslik və proqramlara hakim olan sovet-kommunist ideologiyasının bütün antimilli xüsusiyyətlərinə baxmayaraq, o dövrün təhsil sistemi böyük ziyalı ordusu, elm və mədəniyyət xadimləri yetişdirmişdir. Azərbaycan Elmlər Akademiyası, onlarla elmi-tədqiqat mərkəzi və institutu yaranmış, alimlərimizin araşdırmalarının nəticələri beynəlxalq miqyasda tanınmağa başlamışdır.

"Azərbaycan təhsil tarixi"nin II cildi belə bir ideoloji, milli, dini qarşıdurmalar, savaş, depressiya, bütöv millətləri vətənindən qoparan deportasiya, hakimiyyət uğrunda mübarizə burulğanları dövrünü əhatə etdiyinə görə müəllifi ciddi çətinliklərlə üzləşdirmişdir. Üstəlik, bu dövrə münasibətlər bir-birindən köklü şəkildə fərqlənir: bir tərəfdə o dövr ideallaşdırılır, digər tərəfdə tamamilə inkar edilir.

Misir Mərdanovun fundamental tədqiqinə uğur qazandıran, elmi, təcrübi və milli əhəmiyyətini artıran cəhətlərdən biri radikal fikir ziddiyyətlərinə obyektiv yanaşaraq zamanın xaosundan dəyərli və yaşamaq, öyrənilmək haqqı olanları üzə çıxarmasındadır.

Heç bir dövrdə təhsilin keçdiyi yolları hakimiyyətin ümumi siyasətindən, ölkədə baş verən ictimai, iqtisadi, mədəni proseslərdən kənarda, hakim ideologiyanın məktəblərə təsirini nəzərə almadan araşdırıb təhlil etmək olmaz. Bu baxımdan müəllifin mövqeyi aydın və ardıcıldır. Buna görə də ikicildliyə yalnız təhsil tarixi kimi baxmaq olmaz. Bu kitabları, həm də Azərbaycanın ümumi tarixi və mədəniyyət tarixi haqqında dəyərli araşdırmalar adlandırmaq olar.

II cild Azərbaycanda "ümumi orta təhsilin inkişafı", "internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülü və inkişafı", "peşə təhsilinin inkişafı", "orta ixtisas təhsilinin inkişafı", "ali təhsilin inkişafı", "pedaqoji mətbuatın, elmi-pedaqoji kitabxananın, xalq maarifi muzeyinin təşəkkülü və inkişafı" adlı altı fəslə ayrılmış, ingilis və rus dilində xülasələr, ad göstəricisi (1768 ad) və istifadə olunmuş ədəbiyyatın siyahısı ilə tamamlanmışdır.

Təkcə fəsillərin adları və elmi aparatura müəllifin nə qədər ağır bir işin öhdəsindən gəldiyini aydın göstərir. Bu cilddə eyni zamanda Ermənistan, Gürcüstan və Dağıstanda Azərbaycandilli təhsil də ətraflı təhlil olunur. Məncə, prof. Misir Mərdanov təhsil tariximizi qələmə alarkən öz qarşısında bir əsas tələb qoymuşdur: təhsilimizə aid heç bir önəmli hadisəni, faktı, bu işdə rol oynamış heç bir şəxsiyyəti unutmamaq, hər dövrün və irəliyə doğru atılan hər addımın layiqli qiymətini vermək. O, bu istəyinə nail olmuşdur.

İkicildlik dövlət müstəqilliyinin verdiyi milli cəsarətlə yazılmışdır.

Millilik, tarixi reallılıqları obyektiv şəkildə nəzərə almaq, sələflərinin işinə səmimi ziyalı mədəniyyəti ilə qiymət vermək, təhsil işinə böyük məhəbbət, yüksək nəzəri hazırlıq... Bir müəllif kimi Misir Mərdanovu səciyyələndirən əsas xüsusiyyətlər, məncə, bunlardır. Təhsil tariximizin yazılması böyük pedaqoji, mədəni və elmi hadisədir. Bu münasibətlə həm müəllifi, həm də bu işdə əməyi olanları, bütün təhsil işçilərimizi ürəkdən təbrik edirəm.

Hər nazir tarixçi ola bilməz, şübhəsiz. Amma hər nazir sahəsinin tarixini yazdırıb nəşr etdirə bilər. Dövlətdən yardım gözləmədən. Misir müəllim bu cəhətdən gözəl nümunə göstərmişdir.

 

 

Sabir RÜSTƏMXANLI

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.5.