Yazıçılıq yolu

    

Bu yaxınlarda "Azadlıq" radiosunun hekayə müsabiqəsində Aslan Quliyev məni 50-55 yaşlarında bir yazıçı ilə tanış elədi. Bu kişi müsabiqədə mənimlə birgə ikinci mükafatı aldı. Orda bizə müsabiqənin 50 ən yaxşı hekayəsinin toplusunu təqdim etdilər.

Kitabı bağa apardım və Azad Qaradərəlinin hekayəsini oxudum, qəribə adı vardı: "Gilənar albalı olurmu?" Hekayə Nargilə adlı qaçqın qadının tarixçəsidir. Diqqətimi ilk cəlb edən qəhrəmanın qadınlığı idi. Bizim kənd prozasında bu adilik deyil. Azad isə həm deyim tərzi, həm təbiətə lirik münasibəti ilə bu yazıda kənd prozasına yaxın idi.

Onun sərt, şifahi danışığa yaxın təhkiyəsi də xoşuma gəldi. Azad hekayəsini şifahi dildə işlənən köhnə sözlərlə bəzəməyi xoşlayır və bu onun dilinin ifadə gücünü artırır. İlk hekayələrində, kənd müəllimi olanda yazdığı hekayələrdə onun dili hamar, normativ qəzet dilidir. Sonrakı hekayələrdə isə o, təsvir etdiyi mühitdə işlənən, amma yazıya az düşmüş sözləri işlətməyi xoşlayır. Onun bildiyi və işlətdiyi belə sözlərin sayı çoxdur. Azadın hekayələri bu baxımdan da çox maraqlıdır, xalq danışıq dilində hələ yazıya düşməmiş böyük imkanlardan xəbər verir. Görünür radio-pyeslər üzərində çalışması onda şifahi dramatik replikanın hədsiz imkanlarından istifadə bacarığı yaradıb.

Hekayədə həm insan taleyi, həm təbiət mövzusu, həm də qaçqınlıq məsələsi vardı. Birinci mənimçün daha əhəmiyyətli idi, çünki bu, əsl yazıçı istedadının əlamətidir. Yazıçı - ilk növbədə insanları duyan, sevən və onlar barədə danışmağı xoşlayan bir insandır. Qalan mövzular insana aid olduğu üçün dəyərlidir. Yaxşı yazıçılıq - insanı dərindən duya-duya göstərməkdir.

Hekayədə kompozisiya səliqəsizliyi vardı. Amma qəhrəmanlar yaxşı təsvir ediləndə bunun ziyanı olmur. Onun hekayəsində bir də Qarabağ müharibəsi mövzusu vardır. Sonra bu mövzunu onun əksər yazılarında izlədim. Burada qəzetlərdə verilən nalə və nifrət dolu müharibə yoxdur. Burada hər qəhrəmanın öz müharibəsi ilə üzləşirik, bu isə təzə bir müharibə obrazı yaradır. Azadın hekayəsində də itirilən torpaqlar barədə ümumi sözlər yox, insanın itirdiyi şəxsi evi, məhəlləsi, qohum-qonşusu ilə, qucağında böyüdüyü təbiətlə bağlı intim yaşantıları verilir. Bu bədii idi, təzə idi.

Məsələn, "Ulartı" hekayəsi nağıl metamorfozu üzərində qurulub. Bacısı erməni əsirliyində olan gənc xəcalətdən itə çevrilir və sahibsiz, baxımsız itlər kimi ulamağa başlayır. Sonralar Azad bu obraz üzərində daha əhatəli bir əsər yazdı: "Günəş tutulan yerdə" romanı. Bu əsər Qarabağ müharibəsi haqqında ən həyati yazılardan biri sayıla bilər.

Mən Azaddan oxuduğum bircə hekayə barədə qeydləri dostum Aslan Quliyevə dedim. Sonra biz ikinci dəfə görüşdük: Azad Qaradərəli sonuncu kitabını mənə gətirmişdi, hətta məni kitabın təqdimatına dəvət elədi. Öyrəndim ki, Azad Zəngilanda kənd müəllimi olanda onun ilk hekayələrini "Ədəbiyyat qəzeti"ndə işləyən Sabir Əhmədli çap edirmiş. Sabir müəllim özü də ədəbiyyata kənd müəllimliyindən gəlmişdi, ona görə xalq içindən gələn gənclərə həssas idi.

Azadın mənə bağışladığı kitab 2011-ci ildə "Qanun" nəşriyyatında çıxmış "Burda yer fırlanmırdı" kitabı idi, ordan başqa hekayələri də oxumağa başladım. Mənim qarşımda Azərbaycan kəndinin yeni bir obrazı açıldı. Bu, təzə bir yazıçının kəşfi idi. O yeni bir kənd obrazı təqdim edirdi. Bu kəndin sahibi və əsas adamları qadınlar idi. "Gədə", "Ən ağır yük", "Sınıqlıq", "Tamarzılar", "Hər gün səhər tezdən", "Toy olmayan günlər" kimi hekayələr müasir nəsrimizdə ədəbi hadisə sayıla bilər.

Azad Qaradərəlidə həqiqi, yazıçı səmimiyyəti var. O insanların, həyatın sərt üzünü də göstərməyi xoşlayır. Bununla o sələflərindən də seçilir. Azadın qadın obrazlarının əksəriyyəti sərt, amansız addımlar da ata bilən adamlardır.

Məsələn, "Hörgü" hekayəsindəki Ayişə belə bir qadındır. Müəllif balaca hekayədə onun bütün taleyini, bu taleyin sərt döngələrini də qələmə alır. Arvad hesabına kolxoz sədri olan əri öz katibəsini boğaz eləyəndən sonra Ayişə uşaqlarını da götürüb ərini tərk edir. Öz rayonlarına gedir. Yazıçı bunu müsbət bir hal kimi yox, həyat faktı kimi, öz daxili dəyərləri ilə yaşayan qadının seçimi kimi qələmə alır.

"Dəli Sərvərin dəli olmağı" hekayəsi müəllifin psixoloji dərinlik cəhətdən seçilən yazılarından biridir. Bu hekayənin də qəhrəmanı Kor Simuzər adlı vaxtı keçmiş qızdır. Bir təsadüf üzündən onun bir gözü uşaqlıqdan şikəst olub. Bir gün onu kənddə Sərvər adlı əsəbi, həm də qəribəlikləri olan birinə ərə verirlər. Simuzər daxili qadınlıq instinkti ilə Sərvəri duyur, onun dilini tapır və onların iki uşağı da olur.

Lakin Sərvərin anası öləndə tamahkar şəhərli qardaşları onun qapısının mal-qarasını kəsirlər, qan və ədalətsizlik görən Sərvər doğrudan-doğruya havalanır. Amma onun dəli olmasının əsl səbəbini ancaq Simuzər bilir və duyur. Onun fitri qadınlıq duyğusu hekayənin əsas bədii yeniliyi kimi açılır.

Azadın hekayələrinin bir qismi qısadır. Lakin onların hamısında həyat faktına, insan əməllərinə təzə bir baxış bucağı var. Onun süjetləri, qəhrəmanları hamısı özününküdür, öz mühitinin və bioqrafiyasının faktlarıdır. Onda ədəbiyyatdan və kitabdan gələn mövzular yoxdur. Əsl yazıçılar məhz belə olur. Onlar öz həyat biliklərinə və təcrübələrinə öz yazıçı baxışlarını qatırlar. Bu ancaq həqiqi yazıçı fəhmi sayəsində, adamları qeyri-adi duyma bacarığı sayəsində mümkün olur. Azadın hekayələrini sayca çox hesab etmək olmaz. Amma bu az hekayələrlə də o, müasir nəsrimizdə inanıram ki, iz qoyacaq. Çünki bunlar ancaq yaxşı hekayə deyil, onlar kənd adamına sözün həqiqi mənasında, bizim nəsr üçün yeni bir münasibətdir.

Bu münasibətdə sovet dövrü kənd prozasının sxem və tipajlarından heç nə yoxdur. Onun kəndi şəhərin əksliyi deyil, bu adamların öz evlərindəki, dükan-bazardakı, adam arasındakı ikiüzlü həyatının kənd qəsəbəsindəki davamıdır. Onun üçün kəndli bicliyi insanların fitrətindədir, yaşamaq üsuludur. O insanların adiləşən, vərdişə dönən əxlaqi qüsurlarını görür və yazır. Ona görə kənddən yazsa da, onu kənd prozasına aid etmək doğru olmazdı.

Onun adamları gözlənilməz deyil, bəlkə adidir. Amma qeyri-adilik Azadın bu adamların taleyinə qarşı tapdığı baxış bucağıdır. Bu bucaq adətən dərin və təzədir, qəhrəman kimi seçilən adamların taleyinə, əxlaqına yeni baxışdır. Bu baxımdan "Qoç əti" hekayəsi yaxşı misaldır. Həsənqulu kişi Rusiyaya işləməyə getmiş oğlunun qayıdışına bir buynuzlu qoçu üç il saxlayır. Qoç qəfildən öləndə arvadı Əfşan onu yoldan çıxarır: kişi murdar olmuş heyvanın dərisini soyur və aparıb yağlı əti bazarda satır. Azad bu hekayədə insanın özünü əxlaqdan azad etməsi prosesini göstərib. İndi hər yerdə xüsusi peşə - ölü heyvanların ətini yığıb satan adamlar əmələ gəlib. Əslində bu cəmiyyətdə əxlaqın və insafın deqradasiyasıdır, əşirət dövrünə qayıdışdır. Əşirət dövrü yemək üçün qaydasız mübarizə idi, indi pul üçün qaydasız mübarizə gedir.

Azadın yazıçı səmimiyyəti güclüdür. Bu səmimiyyəti onun "Uzun hekayə" adlı povestində görmək olar. Azad ancaq onu içəridən qızdıran, yandıran faktları yazır və bu yazılar bəzən lava kimi püskürür, oxucunun ürəyini də yandırır, onu kövrəldir. Bu əsər yataqxanalar haqqında söhbət kimi başlanır, amma onların hamısının mərkəzində müəllifin özünün həyat dramı və daxili iztirabları durur.

Azadda insanları fəhmlə duymaq, hiss etmək qabiliyyətindən dedik. Bu qabiliyyət sosial proseslər haqda yazanda qeyri-adi bir nəticə verir, sosial proseslərin parlaq mənzərəsi ortaya çıxır. İnsan ehtiraslarının dramı - həqiqi, səmimi, ağrılı dramı ortaya gəlir. "Uzun hekayə" ədəbiyyatımızda yeri boş olan parlaq bir romanın konspekti təsiri bağışlayır. (Şair Eldar Baxış barədə xatirələr istisna olmaqla, fikrimcə, Azad bu barədə ayrıca bir yazı yaza bilər).

Mənim üçün "Uzun hekayə"nin ən qiymətli cəhəti yenidənqurma başlayandan 1990-cı ilin avqustuna qədər, SSRİ dağılana qədər bir rayon mərkəzində baş verən azadlıq inqilabının təsviridir. SSRİ-nin dağılmasının Azərbaycan baxımından əsas hadisələri rayon mərkəzlərində baş verib və dağılma prosesinin əsl tarixi mənası bu hadisələrdə üzə çıxır. Çünki kommunist partiyası B.Yeltsin tərəfindən qadağan edilməmişdən əvvəl məhz bizim ucqar rayon mərkəzlərində öz rəhbər statusunu itirmişdi. Bu prosesi Azad, yazıdan göründüyü kimi, gözəl bilir, özü onun iştirakçısı olub, yolunu keçib.

Azad bu yolu dözümlə gəlib və məğrur-məğrur davam edir. Bu yazıçının savaşı və yazıçılıq savaşıdır. Bizdə bu savaş qələm adamının yoxsulluq, məişət qayğıları, işsizlik, tənhalıqla, ictimai rəyin yoxluğu ilə mübarizəsindən ayrılmazdır. Yazıçılıq bu savaşla başlanır və onunla qurtarır. Amma Azadın gücü və enerjisi hələ çoxdur. O, müasir nəsrə, müstəqil ədəbi hərəkata hələ böyük töhfələr verəcək.

 

 

Rəhim ƏLİYEV

 

Ədəbiyyat qəzeti.- 2011.- 16 sentyabr.- S.6.