Azərbaycan mədəniyyətinin ensiklopediyası

 

ADMİU-nun rektoru, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” kitabı haqqında 

     

  Bir müddət əvvəl professor Timuçin Əfəndiyev "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" adlı fundamental əsəri ilə oxucularını sevindirmişdi. Çox keçmədən müəllifin Azərbaycan mədəniyyətinin inkişaf mərhələlərini ensiklopedik şəkildə əks etdirən yeni bir kitabı işıq üzü gördü. Yüksək poliqrafiq səviyyədə hazırlanmış bu dəyərli əsərin ən başlıca məziyyəti, onun Azərbaycan mədəniyyətini tarixilik və müasirlik baxımından incəliklərinə qədər əks etdirməsidir. Prof.Timuçin Əfəndiyev elm, təhsil, mədəniyyət və incəsənət aləmində kifayət qədər tanınan şəxsiyyət olsa da, əvvəlcə onun haqqında kitabda verilmiş qısa tərcümeyi-halını geniş oxucu kütləsinə təqdim etməyi lazım bildik.

Qısa arayış: "Timuçin İlyas oğlu Əfəndiyev 1968-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, Respublika gənclər təşkilatında, Azərbaycan Milli Elmlər Akademiyasında işləmişdir. O, 1987-ci ildə Leninqrad şəhərində sənətşünaslıq ixtisası üzrə professor elmi dərəcəsini almışdır. 1972-ci ildə "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda namizədlik, 1998-ci ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Timuçin Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyir. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olmuşdur. 1987-ci ildən Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.

Timuçin Əfəndiyev elmlər doktoru, professor olmaqla yanaşı, həm də Azərbaycanın əməkdar incəsənət xadimidir. Xaricdə keçirilmiş bir çox elmi-nəzəri konfrans və simpoziumlarda məruzəçi kimi iştirak etmişdir. O, Azərbaycanda və xaricdə nəşr olunmuş onlarla kitab və monoqrafiyanın, yüzlərlə elmi məqalənin müəllifidir. Timuçin Əfəndiyev 2005-ci ildə təhsil və mədəniyyət sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İngiltərənin Kembric Universitetinin Beynəlxalq biblioqrafiq mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görmüşdür. "Humay", "Yaddaş", Akademik Yusif Məmmədəliyev adına mükafatların laureatıdır. "Jurnalistlərin dostu" fəxri media diplomu və bir çox fəxri fərmanlarla təltif edilmişdir."

"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" kitabında olduğu kimi, bu əsərində də prof.Timuçin Əfəndiyev ümummilli liderimizin Azərbaycan mədəniyyətinə göstərdiyi misilsiz qayğıdan söz açaraq yazır: "Fərəhli haldır ki, ulu öndərin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi qayğı bu gün onun siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəmizin elm və mədəniyyət xadimləri inkişafımıza öz layiqli töhfələrini vermiş və bu gün də verirlər. O, demişdir: "Bizim ziyalılar-alimlər, rəssamlar, şairlər, bəstəkarlar Azərbaycanı bütün dünyada məşhur etmişlər. Məhz bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsini, onun elitasını təşkil edirlər."

Müəllif Prezidentin sənət xadimlərimizə verdiyi bu yüksək qiyməti əsas götürərək, Azərbaycan mədəniyyətinin və incəsənətinin müxtəlif sahələrini elmi aspektdə araşdırmış, məşhur sənətkarlarımızın yaradıcılığı fonunda mədəniyyətimizin inkişaf mərhələlərini bütün dolğunluğu ilə əks etdirmişdir. Kitabda Azərbaycanın teatr, kino, musiqi sənəti, memarlıq və incəsənətinin keçdiyi inkişaf yolu tarixi ardıcıllıqla verilmişdir. Əsərdə kulturologiya və muzeyşünaslıq sahələrinin də həm tarixilik, həm də müasirlik baxımından işıqlandırılması salnamə tipli bu əsərin elmi dəyərini daha da artırmışdır.

Kitabın "Teatr sənəti" bölümündə Azərbaycan teatrının tarixi, ictimai və mədəni qaynaqları, əsası Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş dramaturgiyamızın keçdiyi yol, teatr sənətimizin spesifik xüsusiyyətləri konkret fakt və dəlillərlə təqdim edilir. Bu bölümün maraqlı hissələrindən biri XIX əsrin ikinci yarısında Azərbaycanda peşəkar teatrın yaranma mərhələsi ilə bağlıdır. Prof. T.Əfəndiyev bu barədə yazır: "10 mart 1873-cü il Azərbaycan milli teatrının yaranma tarixi hesab olunur. Azərbaycan dünyəvi peşəkar teatrının yaranması tarixi həm də Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi qəbul olunub. 1873-cü ildə Bakı realni məktəbin şagirdləri tərəfindən "Lənkəran xanının vəziri" komediyası tamaşaya qoyulur və bir qədər sonra "Hacı Qara" əsəri göstərilir."

Sonra müəllif Azərbaycanın məşhur yazıçıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, bəstəkarlar Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqa sənət xadimlərindən söhbət açır. Bu hissədə Cəlil Məmmədquluzadə dramaturgiyası da geniş işıqlandırılmış, sənətkarın "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Kamança", "Danabaş kəndinin məktəbi" pyeslərinin səhnə taleyindən danışılmışdır.

"Teatr sənəti" bölümündə Nəriman Nərimanovun ilk səhnə əsəri olan "Nadanlıq" dramından, ədibin tərcüməsi və rejissorluğu ilə tamaşaya qoyulmuş Qoqolun "Müfəttiş" əsərinin tamaşasından bəhs edilir, bu məşhur yazıçı və dövlət xadiminin teatr sənəti haqqında fikirləri əks etdirilir. Hüseyn Cavid yaradıcılığına dərindən bələd olan, bu haqda monoqrafiq əsərlər qələmə almış prof.Timuçin Əfəndiyev bu böyük sənətkarın yaradıcılığının formalaşmasında mütərəqqi türk ədəbiyyatının rolunu xüsusilə vurğulayır. O, dramaturqun "Ana", "Şeyx Sənan", "İblis", "Topal Teymur", "Səyavuş" və başqa pyeslərini Azərbaycan ədəbiyyatı və milli teatrımızın tarixində yeni hadisə və yeni mərhələ kimi dəyərləndirir. Dramaturgiyada milli romantizmin digər görkəmli nümayəndəsi olan Cəfər Cabbarlı yaradıcılığı da kitabda elmi prizmadan təhlil edilmişdir. Dramaturqun "Solğun çiçəklər", "Nəsrəddin şah", "Ulduz və ya Trablis müharibəsi", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Almaz", "Sevil" pyeslərinin tamaşaya qoyulduğu illər və bu əsərlərin həmin dövr üçün əhəmiyyəti kitabda bütün aydınlığı ilə göstərilmişdir. Bu pyeslər içərisində çoxlarına məlum olmayan "Bakı müharibəsi" dramı maraq doğurur. Müəllif yazır: "Cəfər Cabbarlı "Bakı müharibəsi" dramını 1919-cu ildə tamamlayıb. Əsər erməni daşnaqlarının 1918-ci ilin martında Bakıda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qanlı faciələrdən bəhs edir."

Əsərdə Azərbaycan dramaturgiyasında musiqili komediya janrının təşəkkül tarixindən də söz açılır. Burada dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyasının, "Arşın mal alan" operettasının və başqa əsərlərinin səhnə taleyindən danışılır.

"Teatr sənəti" bölümündə XX əsrin ortalarından etibarən Azərbaycan teatr və dramaturgiyasının yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edilir və bu mərhələnin sənətkarlarının yaradıcılığından söz açılır.

Məlumdur ki, müasir dramaturgiyamızda lirik-romantik üslubun formalaşması, xüsusən insanın mənəvi-əxlaqi və psixoloji cəhətdən dram sənətində kəşfi görkəmli dramaturq İlyas Əfəndiyevin adı ilə bağlıdır. Kitabda 60 illik yaradıcılığı dövründə pyesləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da məşhurlaşan sənətkarın "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Xurşidbanu Natəvan" və başqa əsərlərinin tamaşaya qoyulduğu tarixi mühit, bu əsərlərin quruluşçu rejissorları, aktyorları, rəssamları və bəstəkarları haqqında da ətraflı məlumat verilir. İlyas Əfəndiyevlə yanaşı, Azərbaycan Akademik Milli Dram Teatrında əsərləri tamaşaya qoyulmuş dramaturqlardan Mirzə İbrahimovun, Mehdi Hüseynin, Elçinin, Anarın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin və başqa qələm sahiblərinin yaradıcılığı da müəllifin tədqiqat obyekti olmuşdur. Burada eyni zamanda, aktyor sənətinin ən görkəmli nümayəndələrinin yaradıcılığı geniş təhlil edilmişdir.

Azərbaycanda teatrşünaslığın tarixi və bu günü də kitabda öz geniş əksini tapmışdır. Müəllif bu haqda yazır: "Azərbaycan teatrının inkişafı öz növbəsində teatrşünaslığın da inkişafına təkan vermişdir. Bir əsrdən artıqdır ki, Azərbaycan teatrşünaslığı ictimai və mədəni fikir tariximizdə öncül yerlərdən birini tutmaqdadır.

...Azərbaycan teatrşünaslığının elm kimi özünü təsbit etməsində AMEA-nın müxbir üzvü, professor Cəfər Cəfərovun, SSRİ xalq artisti, professor Mehdi Məmmədovun, AMEA-nın müxbir üzvü, professor Məmməd Arif Dadaşzadənin, professor Adil İsgəndərovun, yazıçı və ictimai xadim Şıxəli Qurbanovun ciddi xidmətləri vardır. Onların konseptual nəzəri görüşləri teatrşünaslıq elminin öz inkişafında yeni mərhələyə qədəm qoymasını təmin etmişdir."

Kitabda nəzəri cəlb edən əsas cəhət odur ki, müəllif Azərbaycan teatrşünaslığının inkişafından bəhs edərkən uzun illərdən bəri böyük səriştə və məharətlə rəhbərlik etdiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən söhbət açır, məşhur teatr xadimlərinin bu təhsil ocağında pedaqoji fəaliyyətini və buranın məzunları olan görkəmli teatrşünasların xidmətini dəqiqliyi ilə qeyd edir. Bu məqam kitabın "Kino sənəti", "Musiqi sənəti", "Memarlıq və incəsənət", "Kulturologiya" və "Muzeyşünaslıq" bölümlərində də aydın şəkildə öz əksini tapmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə mədəniyyətimizin sıx, qırılmaz əlaqələri konkret faktlarla göstərilmişdir.

Kitabın ikinci bölməsi Azərbaycan kino sənətinin təşəkkülü və inkişaf mərhələlərinə həsr olunmuşdur. Azərbaycan kinematoqrafiyasının tarixi qaynaqlarını araşdıran müəllif kinonun səssiz mərhələsindən tutmuş günümüzə qədər keçdiyi yolu maraqlı faktlarla əks etdirir. Azərbaycan aktyorlarının, o cümlədən Abbas Mirzə Şərifzadənin, Möhsün Sənaninin, Ağasadıq Gəraybəylinin, Mirzağa Əliyevin, Mustafa Mərdanovun, Kazım Ziyanın, Sona Hacıyevanın keçən əsrin 30-cu illərindən etibarən kinofilmlərə çəkilməsi, eyni zamanda 1926-cı ildə Azərbaycanda "Azərdövlətkino" qurumunun təsis olunması, bu işə milli kadrların cəlb edilməsi, xüsusən Cəfər Cabbarlının kino sahəsində gördüyü səmərəli işlər bu hissədə geniş işıqlandırılmışdır.

Kitabda kino tariximiz mərhələlərlə təqdim olunur. Belə ki, kinematoqrafiyamızın inkişafı ayrı-ayrı başlıqlar altında ("Azərbaycan kinosu səsli mərhələdə", "Azərbaycan kinosu müharibə illərində", "Azərbaycan kinosu 50-70-ci illərdə", "70-ci illərin Azərbaycan kinosu", "80-90-cı illərin kinosu" və "90-cı illər və müasir mərhələ") şərh edilir. Burada "Arşın mal alan", "fətəli xan", "O olmasın, bu olsun", "Bəxtiyar", "Böyük dayaq", "Koroğlu", "Axırıncı aşırım", "Bir cənub şəhərində", "Yeddi oğul istərəm", "Yaramaz", "Fəryad" və başqa filmlərdən söz açılır, onların bədii dəyəri müəyyənləşdirilir. Əsərdə Azərbaycanın kinorejissorlarından Səməd Mərdanovun, Həbib İsmayılovun, Rza Təhmasibin, Lətif Səfərovun, Əlisəttar Atakişiyevin, Hüseyn Seyidzadənin, Rasim Ocaqovun, Həsən Seyidbəylinin, Şamil Mahmudbəyovun, Kamil Rüstəmbəyovun və Vaqif Mustafayevin kino sənəti sahəsindəki xidmətləri onların yaratdıqları filmlərin təhlili fonunda açıqlanmışdır.

Kitabın bütün hissələrində olduğu kimi, burada da kino sənətimizin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqələrindən danışılır. Kitabda oxuyuruq: "ADMİU-da "Kinoşünaslıq" kafedrasının yaradılması, buraya mütəxəssislərin cəlb olunması, milli kadr hazırlığı, milli mədəniyyət strategiyasının tərkib hissəsi olaraq kinonun işıqlı gələcəyinə zəmin yaratmışdır." Sonra müəllif bu kafedranın professor-müəllim heyətindən, onların hazırladıqları monoqrafiya, dərslik və dərs vəsaitlərindən bəhs edir.

"Musiqi sənəti" bölümü də kitabın maraqlı hissələrindəndir. Musiqi mədəniyyətimizin tarixi köklərindən söhbət açan müəllif belə yazır: "Əcdadlarımızın musiqi mədəniyyətinə dair ilk nümunələri hələ eramızdan əvvəl IV-III minillikləri əhatə edir. Burada musiqi və rəqsin sarsılmaz vəhdəti, onların bir-birinə sinkretik bağlılığı müstəsna əhəmiyyət daşıyır. Bütün dünyada məşhur olan Qobustan qayaüstü rəsmləri Azərbaycanın qədim sakinlərinin musiqi dünyagörüşü haqda məlumatları bizim günlərimizədək çatdırmışdır."

Prof. T.Əfəndiyev kitabda Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafındakı müstəsna rolunu qeyd edir, bu dahi bəstəkarın müasirlərindən və yetirmələrindən danışır, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, Tofiq Quliyev, Səid Rüstəmov, Arif Məlikov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, firəngiz Əlizadə kimi bəstəkarları, onların yaratdıqları monumental əsərləri musiqi mədəniyyətimizin nailiyyəti kimi qiymətləndirir. İfaçılıq sənətinin korifeyləri olan Bülbülün, Rəşid Behbudovun, Müslüm Maqomayevin, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın yaradıcılığı da müəllifin tədqiqat obyektidir.

Yeni nəşrdə Azərbaycan musiqişünaslığının inkişaf mərhələlərinə də xüsusi yer ayrılmışdır. Dərin biliyə malik olan alim, bəstəkar, ifaçı, bir neçə musiqi alətinin ixtiraçısı Səfiəddin Urməvidən tutmuş, günümüzün tanınmış musiqişünaslarına qədər bu əhəmiyyətli sahə "Musiqi sənəti" bölümündə öz geniş şərhini tapmışdır. Bu günün musiqişünasları Zemfira Səfərova, Ramiz Zöhrabov, Gülnaz Abdullazadə və digərlərinin tədqiqat işlərində həm tarixilik, həm də müasirlik öz parlaq əksini tapmışdır.

Azərbaycan muğamının hamisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə "Muğam layihəsi" çərçivəsində nəşr edilən kitabların əhəmiyyəti də bu hissədə geniş işıqlandırılmışdır. Burada respublikamızda peşəkar musiqi təhsili sahəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rolu, xidməti müəllifin dili ilə belə verilmişdir: "Respublikamızda peşəkar musiqi təhsili sahəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xüsusi payı vardır. Bu nüfuzlu ali təhsil ocağı bir çox musiqi və incəsənət xadimlərinin yetişməsində böyük rol oynamışdır." Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycanın məşhur sənət xadimləri bu ali təhsil ocağında çalışaraq böyük bir nəsli - gələcəyin mədəniyyət işçilərini yetişdirmişlər. Görkəmli dirijor Niyazi, bəstəkarlar Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər Lütfiyar İmanov, Qulu Əsgərov, pianoçu Gülarə Əliyeva və başqaları uzun müddət burada işləmişlər.

Daha sonra müəllif ADMİU-nun musiqi sənəti fakültəsinin bu günündən söz açır, fakültənin müxtəlif kafedralarında çalışan, bu təhsil ocağının məzunları olan sənət xadimlərinin gənc nəslin yetişdirilməsində böyük zəhmət sərf etmələrini göstərir. Kitabda universitetin beynəlxalq əlaqələri də işıqlandırılmışdır. Fərəhli haldır ki, musiqi sənəti fakültəsində xarici ölkələrdən, əsasən qardaş Türkiyədən olan tələbələr də təhsil alır.

Mədəniyyətimizin mühüm sahələrindən biri də memarlıqdır. Müəllifin göstərdiyi kimi, Azərbaycanda tarixən memarlıq məktəbləri, bədii üslublar mövcud olmuş, inşaat sənətinin müxtəlif bədii və texniki xüsusiyyətləri formalaşmışdır. Respublikada elə bir bölgə tapmaq olmaz ki, orada kökü qədim dövrlərə gedib çıxan maddi-mədəniyyət abidələri mövcud olmasın. Bu abidələr dövlət tərəfindən qorunur, maddi mədəniyyət sərvətimiz kimi saxlanılır. Müəllif Azərbaycan abidələrindən söz açarkən Təbriz memarlıq məktəbini də unutmur, bu məktəbin özünəməxsus xüsusiyyətlərindən söhbət açır. Abidələrimizin bir hissəsinin bu gün Dağlıq Qarabağda erməni işğalçıları tərəfindən dağıdılması faktını prof. Timuçin Əfəndiyev ürək ağrısı ilə belə şərh edir: "Təəssüflə qeyd edilməlidir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzillərin, minillərin yadigarı olan bir çox milli abidələrimiz məhv edilmiş, zəbt olunmuş ərazilərdə qalmışdır. Burada işğalçılar qədim abidələrin başına min cür oyun açır, onları sökərək daşlarından müxtəlif məqsədlərlə istifadə edirlər."

Sonra müəllif İçərişəhərin Şirvanşahlar saray kompleksindən, Gəncədə mövcud olan müxtəlif dövrlərə aid çoxlu sayda tarixi-memarlıq nümunələrindən, Naxçıvan memarlıq məktəbinin xüsusiyyətlərini əks etdirən yüzlərlə abidədən, Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində ucaltdığı iki möhtəşəm sənət əsərindən - "Yusif ibn-Küseyr" türbəsindən və "Möminə Xatun" məqbərəsindən söz açır, Azərbaycan memarlığının təşəkkülündə Şəki sənətkarlarının da əməyini qeyd edir.

Azərbaycan memarlığının bu günü də kitabda öz əksini tapmışdır. Heydər Əliyev sarayı, Bakıda Milli Kitabxananın binası, Bakıdakı Muzey Mərkəzi və başqa tikililər yeni abidələrə misal ola bilər.

Kitabın "Memarlıq və İncəsənət" bölümündə "Təsviri sənət", "Monumental rəngkarlıq", "Teatr-dekor sənəti", "Kino rəssamlığı", "Qrafika", "Bədii layihələşdirmə. Dizayn. Moda", "Heykəltaraşlıq", "Dekorativ tətbiqi sənət" başlıqları altında Azərbaycan incəsənətinin bu sahələri tarixilik və müasirlik prizmasından işıqlandırılmışdır. Daha sonra müəllif "Xalçaçılıq", "Bədii tikmə", "Zərgərlik" sahələrində çalışan Azərbaycan sənətkarlarının da uğurlarını açıqlamışdır.

Kitabda Azərbaycan sənətşünaslığının tarixinə və bu gününə də xüsusi yer ayrılmışdır. Müəllif Azərbaycan sənətşünaslığında böyük xidmətləri olmuş alimlərlə bərabər bu sahədəki ənənələr zəminində yetişmiş gənc tədqiqatçıların da əsərlərinə müraciət edir. Müəllif bu sahəni də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müvafiq ixtisası ilə əlaqələndirərək yazır: "1982-ci ildə o zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinin tərkibində sənətşünaslıq qrupu yaradıldı. O zamandan ötən, demək olar ki, 30 illik zaman boyunca həmin ali məktəb - bugünkü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) respublikada sənətşünaslıq təhsilinin aparıcı bazası hesab olunur. Uzun illərdir ki, Universitetdə "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrası fəaliyyət göstərir."

Mədəniyyətimizin mühüm sahəsi olan kulturologiya müasir elm sahələrindən biridir. Bu elm sahəsi XX əsrin ikinci yarısından etibarən inkişaf etməyə başlamışdır. Kitabın "Kulturologiya" bölümündə bu elm sahəsinin predmeti, təşəkkül tarixi, kulturoloji məktəblər haqqında məlumatlar verilir. Müəllifin qeyd etdiyi kimi, Azərbaycanda kultrologiya elmi əsasən müstəqillik illərindən etibarən inkişaf etməyə başlamışdır. Burada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşri olan "Kulturologiya" dərsliyindən (universitetin prorektoru prof. Maral Manafovanın redaktəsi ilə) və başqa elmi tədqiqat işlərindən söhbət açılır. Bu bölmənin maraqlı hissələrindən biri "Azərbaycanda kulturoloji təhsil" adlanır. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsi bazasında kulturologiya fakültəsinin yaradılması bu sahənin ilk mükəmməl addımı oldu. Aradan keçən illər ərzində bu fakültə artıq respublikamızın kulturologiya sahəsindəki ən mühüm elm və təhsil mərkəzinə çevrilmişdir.

Kitabda "Bədii mədəniyyətdə vətənpərvərlik mövzusu əxlaqi-etik dəyərlər kontekstində" başlığı altında verilmiş şərh də maraqla oxunur. Ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş monumental əsərlərin Azərbaycan bədii mədəniyyətində əksi estetik və etik meyarlar baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin qəbirüstü abidəsinin kompozisiyasından söz açan müəllif yazır: "Kompozisiyanın ideya əsasını şəxsiyyət və cəmiyyət qarşılığı təşkil edir ki, bu da "Heydər-xalq" çağırışında öz əksini tapır. Kompleksin arxa hissəsində nəhəng monolit müstəvi üzərində Azərbaycanın mərmər xəritəsi həkk edilmişdir. Heydər Əliyevin tuncdan tökülmüş heykəli isə məhz Azərbaycanın fonunda dayanır. Kompozisiyanın bu şəkildə həll edilməsi özündə fəlsəfi məzmun əks etdirərək ulu öndərin məhz xalqına, Azərbaycana istinad etməsini, ona söykənməsini, ona tapınmasını obrazlı vasitələrlə ifadə edir."

Daha sonra müəllif "Şəhidlər xiyabanı" kompleksinin cəmiyyətdə əxlaqi-etik təfəkkür tərzinin formalaşdırılmasındakı müstəsna rolunu xüsusilə qeyd edir. Burada mənəviyyatımızın ən böyük problemlərindən olan milli özünüdərk stimulu da unudulmamışdır. Prof. Timuçin Əfəndiyevin qeyd etdiyi kimi, Ziya Gök Alpın Əli bəy Hüseynzadə ilə birlikdə irəli sürdüyü "türkləşmək, islamlaşmaq, avropalaşmaq" şüarı bu kontekstdə olduqca ibrətamizdir.

"Mədəniyyətdə tarixilik və müasirlik" kitabının sonuncu bölməsi müasir humanitar elmlər şəbəkəsində xüsusi yeri olan muzeyşünaslığa həsr olunmuşdur. Burada muzeyşünaslığın tarixi, metodologiyası, nəzəriyyəsi, muzeyşünaslıq və turizm problemlərinə toxunulmuşdur. Bu hissədə də müəllif muzeyşünaslıq təhsilinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə sıx bağlılığını real şəkildə göstərmişdir. Respublikamızda muzeyşünaslıq ixtisası ilə bağlı olan kafedra məhz bu təhsil ocağında yaradılmışdır. Bu bölmədə "Heydər Əliyev muzeyləri", "Muzeylərdə elmi-pedaqoji iş", "Bölgələrdə muzeylər" başlıqları altında verilmiş məlumatlar da diqqəti cəlb edir.

Məlumdur ki, respublikamızda Heydər Əliyev muzeylərinin yaradılması təşəbbüsü ulu öndərin sağlığında irəli sürülmüşdü. Müəllif yazır: "1997-ci ilin may ayında, ulu öndərin ad gününün qeyd olunduğu unudulmaz günlərdə, vaxtilə təhsil aldığı BDU-ya gələn Heydər Əliyev burada onun həyat və fəaliyyətini işıqlandıran muzeyi gəzmiş, eksponatlara, onun gəncliyini, tələbəlik illərini əks etdirən fotolara maraqla tamaşa etmişdi. Sonralar belə muzeylərin yaradılması ölkəmizin mədəni həyatında xoş bir ənənəyə çevrildi."

Kitabda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyi haqqında da geniş məlumat verilir. Bu muzey 1997-ci ildə, universitet ulu öndər Heydər Əliyevin göstərişi əsasında yeni bina ilə təmin olunduqdan sonra təşkil edilmişdir. Muzey ekspozisiyasının ümumi sahəsi 80 kv.metrdən artıqdır. Muzeydə müxtəlif eksponatlarla yanaşı, vaxtilə burada dərs demiş və indi də bu ali təhsil ocağında çalışan rəssamların əsərləri nümayiş etdirilir. Maraqlıdır ki, ADMİU-ya ABŞ, Türkiyə, Almaniya, Rusiya, Norveç, İtaliya, Yunanıstan, Misir, Belçika, Bolqarıstan və başqa ölkələrdən gələn qonaqlar bu muzeyin eksponatlarına maraqla tamaşa edir, xatirə kitabında öz ürək sözlərini yazırlar.

Prof. Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabı xalqımıza, onun mədəniyyətinə, tarixinə əvəzsiz töhfədir, daha dəqiq desək, xidmətdir. "Təhsil" nəşriyyatı tərəfindən əsərin məzmununa layiq nəfis şəkildə hazırlanmış kitab çoxsaylı fotosənədlərlə zəngindir. Mədəniyyət və incəsənətimizin qədim tarixini və bu gününü əks etdirən təxminən əlli çap vərəqi həcmində bu dəyərli əsərin nəşri təkcə tələbələr, aspirantlar, alimlər üçün deyil, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün də qiymətli məxəzdir.

Yeri gəlmişkən qeyd edək ki, 2013-cü ildə ADMİU-nun 90 yaşı tamam olur. Təxminən bir əsrə yaxın müddətdə bu sənət məbədinin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz rolu, təbii ki, öz geniş tədqiqatını gözləyir. Ümid edirik ki, bu əsər də prof. Timuçin Əfəndiyevin zəngin təcrübəsi və şəxsi müşahidələri əsasında onun qələminin məhsulu olacaqdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi unikal təhsil ocağına rəhbərlik edən, akademik Fuad Qasımzadənin təbirincə desək, "Sənətşünaslıq sərkərdəsi prof. Timuçin Əfəndiyev" çox gərgin və fədakar fəaliyyətilə bərabər elmi yaradıcılığını əzmlə davam etdirir, dərin məzmunlu əsərlərilə xalqına xidmət edir. Görkəmli alim, mahir elm, təhsil və mədəniyyət təşkilatçısı prof. Timuçin Əfəndiyevə bu şərəfli yolda daha böyük uğurlar diləyirik.

 

 

Aqşin Babayev

 

Ədəbiyyat qəzeti.- 2011.- 23 sentyabr.- S.3-4.