Hikmət
Mahmud - 75
Hörmətli
Hikmət müəllim!
Sizi -
istedadlı şairi, tanınmış alimi 75 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz
1936-cı ildə İsmayıllı rayonunun
Mican kəndində anadan
olmusunuz. 1956-cı ildə doğma
rayonunuzda orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin fizika, sonra isə geologiya-coğrafiya
fakültəsində təhsil almısınız.
1963-1964-cü illərdə Qazaxıstanın Aktyubinsk
vilayətinin Muqodjar geoloji
partiyasında texnik-geoloq, 1964-1965-ci illərdə
isə Mərkəzi geoloji-axtarış partiyasında geoloq, az sonra
rəis vəzifələrində
çalışmısınız. Elmə olan marağınız 1967-ci ildə
sizi AMEA-nın Geologiya İnstitutunun aspiranturasına gətirib. 1969-cu ildən həmin
institutda elmi işçi kimi çalışmağa
başlamış, 1971-ci ildə namizədlik, 1992-ci ildə
doktorluq işi müdafiə etmisiniz. Siz
respublikamızda aşkar edilən perlit yataqlarının
geokimyəvi xüsusiyyətlərini ilk öyrənən və
onları hərtərəfli tədqiq edən
tanınmış mütəxəsissiniz. Bir çox beynəlxalq və respublika səviyyəli
simpozium və konfranslarda Azərbaycan geologiya elmini layiqincə
təmsil etmisiniz.
Siz bədii
yaradıcılığa tələbəlik illərindən
başlamısınız. "Geoloq" adlı ilk
şeriniz 1967-ci ildə "Azərbaycan gəncləri" qəzetində
çap edilib. Sonrakı illərdə "Azərbaycan
vulkan şüşələri", "Qeyri-filiz faydalı
qazıntıları və onların tətbiqi",
"Faydalı qazıntılar və onların tətbiqi",
"Təbii ehtiyatların istifadəsi və təsnifatı"
və s. kimi elmi əsərlərinizlə yanaşı,
"Çiçəklərin intizarı",
"Danışanda, güləndə", "Qocalmağa tələsmə",
"Könül açaq, söz deyək", "Qıyma
gözəlliyinə", "Dünya, sənin nəyin
yoxdur" və başqa poeziya kitablarınız işıq
üzü görüb. Ömür yolunuzdan bəhs edən
"Hikmət Mahmudov: Biblioqrafiya" kitabı "Azərbaycanın
elm və mədəniyyət xadimləri" seriyasından
çap edilib.
Hörmətli
Hikmət müəllim!
Sizi bir
daha 75 illik yubileyiniz münasibətilə
təbrik edir, sizə uzun ömür, cansağlığı,
yaradıcılığınızda uğurlar arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2011.- 23 sentyabr.- S.5.