"Qoşqarı xatırla, Kəpəzi oxşa…"

 

Dünyadakı bütün pislikləri yaxşılıqla, munisliklə yumaq istəyi, çabası şair Hikmət Mahmudun yaradıcılığından işıq kimi keçir. Bu aydınlıqda o özü günəşə, aya ortaq bir insan ömrünün daşıyıcısı olmaq istəklisidi çiçəkləri körpə, təbiəti ana bilib onları hər bəladan qorumaq yolçuluğundan doymur ki, doymur. Bu doymazlığın nəsibi sadə, səmimi, duyğulu könül yarpaqları, oxunaqlı şeirlər olur. Yazdığı hər misra, hər söz onun nəcib, xeyirxah ruhunun şəkli kimi oxucuyla baş-başa qalır. Bu sima təbiətlə, yaşanmış illərin unudulmazlığıyla, insani münasibətlə, külli-kainatla həmahəngdi. Həssas bir qələm adamı olaraq H.Mahmud insanlığı ilkinliyə, ruhun kainatın harmoniyasına aparan yolun xeyir-duaçısı kimi yazıb-yaradır. Deyir ki:

 

Eşqin böyükdür təbiət qədər,

Odur ki, əzizlər təbiət səni.

Elminlə endikcə yerin təkinə

Göylərə ucaldır bu sənət səni.

 

O, qocalan dağların həmişəcavan xislətinin heyranlarındandı. Bu heyranlıq ruhundan, qələmindən söz-söz, misra-misra boylanır. Onun hər sözdə bir bahar görmək istəyi yazdıqlarının canından ipisti duyğu, hərarət kimi keçir. Bu səbəbdən oxunur, yadda qalır. Bu səbəbdən unudulmaz Hüseyn Arif Hikmətin xarakterindəki, düşüncəsindəki özəllikləri şeirin dililə, özünəməxsus könül genişliyilə təqdir, eyni zamanda da təqdim edir:

 

Vurğun doğulmusan torpağa, daşa,

Aran bir tamaşa, Kür bir tamaşa.

Qoşqarı xatırla, Kəpəzi oxşa,

Murovun köksündə döyün, qardaşım.

 

Qonaq qartalların qonduğu yurda,

Fərəh çapa-çapa, qəm uda-uda.

Hüseyn Arifi Hikmət Mahmuda

Bağlayan qəlbinlə öyün, qardaşım.

 

Sövq-təbii hiss edirsən ki, bu qardaşlıq, doğmalıq nədənliyi hər şeydən öncə insanlıq, istiqanlılıq ana təbiətə vurğunluqdan irəli gəlir. "Eyni qapını döyür eyni taleli, eyni ürəkli, eyni istəkli insanlar" deyimi bu yerdə özünü yüzdə-yüz doğruldur. Təbii ki, Hüseyn Arif kimi söz-məclis sərrafı boşuna yazmazdı, bayağı, bəsit tərəf müqabilinə üz tutmazdı ki:

 

İlk bahar fəslində söküləndə dan,

Qalxaq at belində İsmayıllıdan.

Bədoda su içək, sərinləsin can,

Lahıcda başlasın düyün, qardaşım.

 

H.Mahmudun sənət dünyasına maraq onun predmetlərə, ətrafına olan simsar, doğma münasibətindən qaynaqlanır. Bu simsarlıq oxucuyla qələm əhli arasında doyulmaz bir doğmalıq aurası yaradır, hər iki tərəf yazılanlar arasında bərabərhüquqlu müəllifə dönür:

 

Gözəldə gözəllik duymaq murazdı,

Hikmətəm, istəyim gül üzlü yazdı.

Ürək təbəssümlü, tellər bəyazdı,

Gəzirəm payızla yaz arasında.

 

H.Mahmudun "Qıyma gözəlliyə" kitabına maraqlı ön söz yazan xalq şairi Nəriman Həsənzadə çox doğru olaraq qeyd edir ki, onun söz ehtiyatının zənginliyi, bədii vasitələrdən yerli-yerində bəhrələnmə məharəti şairə poeziya aləmində layiqli yer tutmaq haqqı verir. Bu poeziya, Nəriman müəllimin yazdığı kimi, oxucuya sevgi, məhəbbət mənəvi qida mənbəyi kimidir. H.Mahmud öz oxucusunu təbiəti həyatı sevməyə, onu dərindən dərk etməyə çağırır, təbiəti insaniləşdirir, onun gözəlliyini həvəslə, məhəbbətlə tərənnüm edir. Bizi əhatə edən hər bir nəsnə H.Mahmudun şair qələmindən yaddaqalan ovqatı, obrazı ilə keçir. Şübhəsiz ki, bu çıraqbanlıqda onun doğulub boya-başa çatdığı İsmayıllı rayonunun əsrarəngiz, bənzərsiz təbiətinin xüsusi payı var. Yalnız bir şair kimi yox, alim-geoloq olaraq H.Mahmud poeziyasının şəhdi-ləbini ana torpaq, füsunkar təbiət şərtləndirir, yazdıqları dünya üzünə verilən salam kimi oxunur. Onun təsvirində saçaq-saçaq sünbüllərlə yar teli arasında seçilib-ayrılmaz bir bənzərlik, həmahənglik var. Bu bənzərliyi hərdən küləklər səhv salır. Onun yazdıqlarında doğma Azərbaycanımızın hər qarış torpağı, hər dürlü neməti önündə ehtiramla baş endirmək mərdanəliyi var. Hikmət Mahmud ata-ana, dost-sirdaş xatirəsinə vəfalı bir şair, ahıllığında gənclik ruhu yaşadan bütün zərif təbiətilə ətrafındakılara sirayət edən etibarlı bir alimdir.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 23 sentyabr.- S.5.