Demirəm ki, dağ
yaratdım
Yaz havası sərin olur,
İlk məhəbbət şirin olur.
Ağıl dərin, dil şirinsə,
Ürəklərdə yerin olur.
Söz yurdunda at oynatdım,
Demirəm ki, dağ
yaratdım.
Söz bostanı bitirib mən,
Kal başlara dəymiş satdım.
Doğru sözə yoxdu zaval,
Doğru danış, eldə ucal.
Baxma əsən hər küləyə,
Lap salsa
da min qalmaqal.
Gəda, nadan ucalmasın,
Kədər qəlbə yol almasın.
Göydə bulud qaralsa
da,
İnsan qəlbi qaralmasın.
Hikmət Mahmud, aç qəlbini,
Tök ortaya söz
təbini.
Qanmazlarla nə işin
var,
Qanana de mətləbini.
Döyür qapımı qocalıq
Baş ağarıb, diş tökülüb,
Güc azalıb, bel bükülüb,
Təbəssüm uzaq çəkilib
-
Döyür qapımı qocalıq.
Gözlər qalıb görməyindən,
Tor asılıb eynəyimdən.
Canım düşüb öz heyindən -
Döyür qapımı qocalıq.
Dil titrəyir, əllər əsir,
Baş-bədəndə yüz kəm-kəsir.
Canım dərmana müntəzir -
Döyür qapımı qocalıq.
Yorğan-döşəyə düşmə gəl,
Yoxsa işin olar əngəl.
Gedəsiyik axır-əvvəl,
Döyür qapımı qocalıq.
Övlad yaxşı övlad ola,
Qocalıqda qeydə qala.
Düşürəm gündə min hala -
Döyür qapımı qocalıq.
Vəzifəylə cah-cəlalın
Varsa əgər xoşdur halın.
Dəyişibdir hal-əhvalım,
Döyür qapımı qocalıq.
Gərəkdir
Allahın nəzəri üstündə olsa,
Küllü-aləm gələ, sənə batanmaz.
İxtiyar müdrikə, aqilə qalsa,
Hər yan behişt
olar, dünya güllü yaz.
Kaş iblis xislətdə
heç kəs olmaya,
Peyğəmbər övladı tuta hər yanı.
Ola hər insanın üzündə həya,
Təzə donda görək
qoca dünyanı.
İnsan gözdən düşər, söz qiymətindən,
Ağıl dil üstündə
hakim olmasa.
Yapış qocaların tut ki, əlindən,
Bir gün səninlə də dost olar əsa.
Ağsaqqal - böyük söz, böyük kəlamdır,
Bu ada hər yerdə
hörmət gərəkdir.
Ağsaqqal-ağbirçək qoşa qanaddır,
Bunu anlamayan nadan deməkdir.
Öz yerini bil
Kəsmə budağı,
Yaşıllıq solar.
Qoru bulağı,
Susuzluq olar.
Qapın açıqsa
Qonağın gələr.
Ev natəmizsə
El sənə gülər.
Elin-obanın
Qayğısına qal,
Ata-anadan
Xeyir-dua al.
Tanrıya sığın,
Elə arxalan.
Ağır otur-dur,
Yaxşı ad qazan.
Müdrikdən öyrən,
Aqilə bənzə.
Öz yerini bil,
Çox girmə gözə.
Hikmət Mahmud
Ədəbiyyat qəzeti.- 2011.- 23
sentyabr.- S.5.