Dağlar çiçək boyda kiçilən yerdə
Rəşad Məcid: ”10 sentyabr”
Min illərdi
ki, Şərq təfəkkürü elnən gələn bəlanın
toy-bayram olması təskinliyilə yola verir urcah olduğu qəzavü-qədəri.
Və elə həmin o minilliklər boyudur Qərb
düşüncəsi fikir babası olduğu olayların
"matryoşka" mahiyyətini qlobal miqyasda qitədən-qitəyə,
ölkədən-ölkəyə "bal ayı"na
çıxarmaqda davam edir. Baş verənlərin möhtəşəm
aldanışı hər şeydən öncə ədəbiyyatın
canından keçir. Siyasi şərhlərin haçalı
dilinə, talegüzgülərin fərqli təqdimatlarına
maraq azaldıqca, ədəbi faktın dəqiq hədəfi
daha qabarıq görünməyə başlayır,
yazıçı münasibəti daha çox
ötürücü mahiyyəti kəsb edir. İrəlidəki
zaman baş vermişlərə bu münasibətin
aydınlığından baxmalı olur, beləcə, ədəbiyyat
"tarixin yol yoldaşına dönür".
Belə
olmasaydı, istedadlı yazıçı, tanınmış
şair Rəşad Məcidin "10 sentyabr" hekayəsinə
olan oxucu marağı elə o ilkin təəssüratların
nastoljisi içindəcə əriyib gedər, öləziyərdi.
Amma yox, ruhun yaddaşı cismin yaddaşından daha
etibarlı çıxdıqca, yaddaşın da gözü əsl
mahiyyətə yönəlir və məhz həmin məqamda
"10 sentyabr"a yenidən qayıdış zərurəti
də araya gəlir. Beləcə, bu uğurlu hekayə
bütün gələcək zamanlar üçün
"xoş bir gözlənilməzlik (Elçin) olaraq
qalır.
Xalq
yazıçısı Anar üçün "10
sentyabr"ın ən uğurlu tapıntısı əli
boş qalan sürücünün boyun olduğu
qonaqlığı verməsidir. Məhz bu tipik hərəkət
əsl azərbaycanlı xarakterinin önə
çıxmasına yardımçı olur. Bu, ustad
yazıçının dəqiq müşahidəsidi. Ancaq
tapıntı öz yerində, bütövlükdə isə
"10 sentyabr"ın ən başlıca uğuru onun bəşəriyyəti
təhdid edən Domokl qılıncının diş
qıcatdığı bədnam aqibətdən agah etmək
missionerliyidi. Bu hekayə bütün mahiyyətilə 11
sentyabrın - qiyamət gününün həyəcan təbili
kimidi. Burada ilk titrəyişlər, "Allah
dünyamızı 11 sentyabrdan qorusun" (Seyran Səxavət)
təlaşı apaydın görünür.
Rəşad Məcid "10 sentyabr"da əslində
dəhşətin, faciənin özündən daha çox, "bu faciəni yaradan və bu faciənin özündən də dəhşətli
olan səbəbin" (Aqil
Abbas) nədənliyini təqdim edib, bu nədənliyin
köksündə dayanan laqeydlik,
biganəlik sindromunun gec-tez
hara aparıb
çıxaracağının kontrlarını cızıb.
İlk növbədə "istedadlı bir vətəndaş" (Elçin)
olması R.Məcidin "10 sentyabr"dakı uğurunu
təmin edib.
Lissabon
zəlzələsi baş verən günün səhəri tanınmış şair Fetin qəzet
səhifələrini bəzəyən məhəbbət
şeirlərini görəndə dahi
yazıçı Dostoyevski təəssüflə
"bu gün xalq öz şairini
dəfn etdi" - deyib. Yəni
insanlığın, bəşəriyyətin üzləşdiyi
problem anında göstərdiyi biganəlik
hər bir halda söz adamını xalq
gözündə ölümünə aparır, təbii ki, ictimaiyyət öz
ziyalısından əlini üzür. Bütövlükdə "10 sentyabr"
hekayəsi Rəşad Məcidin istedadlı bir
vətəndaş olaraq cəmiyyət həyatında
baş verənlərə biganə qala bilməmək durumunu
özündə etiva edir,
oxucu yaddaşında "qəribə,
ilıq, aydın bir boşluq"
(Afaq Məsud) qoyur.
Bu hekayə öz
"həqiqət anı"na (Nadir Cabbarov) sadiqliyilə seçilən,
dünyanın və fərdin taleyi
sarıdan dərin, zəruri narahatçılıq keçirən
bir yazıçının yetkin qələmindən çıxıb.
"Aydınlıq, sadəlik, sadəlikdə ciddilik
və realizm" (Bəsti Əlibəyli)
R.Məcidin fərdi xarakterindən süzülərək
"10 sentyabr"ın canına hopub. Bu hal Rəşadın təkcə
nəsrinə, publisistikasına xas olaraq qalmır, müxtəlif illərdə
yazıb çap etdirdiyi
şeirlərinin də ovqatı belədi. Onun
təkcə "Qırx il irəlidə
güllə açıldı - qəlpəsi dilimdə bir sözə dəydi" misrası "10 sentyabr" hekayəsinin bütöv
mahiyyətini özündə ən incə
çalarlarına qədər əks eləyir.
R.Məcidin yazdıqları
"dünyamızı kainatın işıq gələn səmtinə"
aparmaq cəhdinin prototipləri kimi yadda qalır. Ən çox yaddaşa, ən çox vaxta və bəxtə
işləyir; istər "10 sentyabr"
hekayəsi olsun, istər çeşidli
publisistikası, istər də iynəboyu şeirləri.
Yığcamlıq, lakoniklik bu yazılanların başlıca məziyyətləridi.
Onun yazdıqlarını aydın vətəndaş
qayəsi şərtləndirir. Elə bu səbəbdən də Rəşadın
istər nəsr, poeziya nümunələri,
istərsə də publisistik
düşüncələri, səfər qeydləri, yurd itkisinin ifadəçisi
olan yazıları eyni
ovqatla oxunur - təbii
ki, daxili təbəddülatları,
təəssübkeşliyi, hirsi-hikkəsi, ən
başlıcası, dünyagörmüşlüyü
ilə bir arada. Təkcə "Surətin surəti" məqaləsinin
ehtiva etdiyi göynəyi,
vətəndaş ağrısını fəhm etmək bəsdir
ki, R.Məcidin özünəməxsus publisist qələminin hansı
qaranlıqları, örtülü məqamları
aydınlığa çıxarmaq məramını duyub dərk edə biləsən. Təkcə "Sənə görədir" şeirinin poetik ovqatını yaşamaq bəs edər ki,
Rəşad Məcidin ruhunun
davasının kimə görə olmasının,
hamını nəyə görə sancmasının nədənliyini
birdəfəlik özün üçün kəsdirə biləsən.
Onun gözünün
önündə yellənən və hər dəfə durmadan üstünə yeridiyi
kəndirə, sağsız-solsuz yola, sona yetirən yola xofdan, ağrıdan daha çox məhrəmanəlik duyğusu
ilə baxırsan. Oxuyursan və bu zərif misralar əbədi
olaraq zehninə hopur, yol yoldaşına dönür,
lap elə öz könlünün
pıçıltısı kimi dilinə
gəlir:
Dərədə
möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik
önündə heç vaxt,
heç vədə
Belə
təzələnib durulmamışdım…
İnsan durulduğu yerdən aydınlaşır. Axar su üçün
bu məkan vaxtdı, zamandı.
Düşüncəyə hesablananda isə
gərək sözdən keçəsən. O sözün lap göz çəpərində Rəşad Məcidin
qələmindən süzülüb gələnlər
oxucuya qəribə bir
simsarlıqla əl edir. Dönüb
baxmaya, yerə, göyə, Tanrıya öz doğma münasibətinin
ifadəçisi kimi qəbul etməyə
bilmirsən. Tutaq ki, bu misraları:
Dağlar
çiçək boyu kiçilib,
enib -
Yaylaqlar təkliyi
dərd eyləyəndə;
Hüznlü ah kimi payız mehini
Çaylar dərələrə
səpələyəndə
Bir oğlan
gəzəcək yurd yerlərini -
Qəlbində,
könlündə, gözündə bahar…
Hər birimiz
qan qardaşımız kimi,
ruhən dartınırıq o gənc, bəxtəvər
oğlana sarı. O gözəl
oğlanın, o gül
oğlanın havası eyni zamanda da Rəşad Məciddən,
bir az da
yaxına getsək, "10 sentyabr"
kitabından gəlir.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 23
sentyabr.- S.6.