Həyati
müşahidələrin poetik ovqatı
Zaman-zaman söz sənətinə müxtəlif elmi yanaşmalar olub, ədəbiyyata müxtəlif təriflər
verilib. Son qənaət
belə olub ki, ədəbiyyat
ruhun ifadəsidir.
Əlbəttə,
mənə görə bu qənaət söz sənətinin estetik
mahiyyətini bütövlükdə dəyərləndirmək
baxımından olduqca dürüst
və mükəmməldir. Poeziya ədəbi
janrlar içərisində tarixən öz aktuallığını saxlamaq baxımından "ruhun
ifadəsinə" daha yaxındır,
desəm yanılmaram. Xalqımızın qədimdəki
sayaçı sözlərindən, oxşama,
layla və bayatılardan günümüzün
sərbəst, modern şeirinə qədər yol gələn poeziya hələ
də ruhumuzun ifadəçisidir.
Şeirlərini
xüsusi maraqla oxuduğum gənc şair
Nəzmiyyə Hicran öz
ruhunu ifadə etmək istedadı ilə mənim
diqqətimi çəkdi. Onun bədii həqiqətə
çevrilən real, həyati
müşahidələri insanı düşündürür,
duyğulandırır. "Bir elan" şeirində söhbət şəhərdəki
kafelərdən birinə yapışdırılmış əcaib
elandan gedir. Elanın
məzmunu belədir: "On səkkiz
yaşında ofisiant qız tələb olunur". Müəllif bu
bildirişin arxasında gizlənən
insanı şair emosiyası və vətəndaş,
yurddaş cəsarəti ilə ifşa hədəfinə çevirir:
Kim
idi
bu
elanın
ata-anası?!
Görəsən onun vardımı
on səkkiz yaşlı
qız balası?!
Sözügedən şeirin sonluğuna yaxınlaşanda
əvvəlki qəzəb
və nifrət
duyğusu sevinclə əvəzlənir:
Neçə
aydır asılıbdı
Bu
özünü gözlərimdən
asan elan.
Sevindim ki, bu
şəhərdə tapılmadı
aylarınan
axtarılan...
Nəzmiyyənin
şeirlərindəki özünəməxsusluq, yeni fikir,
yeni söz axtarışı, məlum stereotiplərdən
qaçmaq, mövcud qəlibləri sındırmaq cəhdi bənzərsiz
bir ovqatın təqdimi ilə sonuclanır. "Böyümədim"
adlı şeirində
müəllif sözün
gücü ilə özünün portretini yaradır. Bu şeiri bioqrafik etüd kimi də qəbul
etmək olar:
...Qızım
oyuncaqlarıyla
qırmızı rəng gətirdi
soyuq, solğun,
quzulamış əllərimə.
Qəfəs
ömrü yaşatdı-
bu həyata gəlməməyim
Bir
ömürə gəlməyimə.
Şairin
qənaətinə görə bir ömrə gəlmək hələ
bu həyata gəlmək deyil. Geniş anlamda həyat
ayrı-ayrı, fərdi ömürlərin toplumundan ibarətdir.
Və bu həyatın fərdlər tərəfindən
eyni şəkildə qəbulu, qavramı
mümkünsüzdür. Hər kəs
öz yaşam tərzini, əqidə, məslək və məfkurəsini
özü təyin etməyə çalışır.
Nəhayətdə "bir ömürə gələnlərlə"
"bu həyata gələ bilməyənlər"
arasındakı sosial-mənəvi uçurumlar meydana
çıxır...
Şeirlərindən görünür ki, N.Hicran yurdsevər,
torpaqsevər bir insandır. 1993-cü ildə
işğal olunmuş ana yurdu Kəlbəcər onun
yaddaşından və ürəyindən silinməyən əbədi
və əzəli mövzusudur. "Ağdaban
ağrıları" şeirində
o, bir tay
əsgər çəkməsini
predmetə çevirməklə baş vermiş qətliamın
mənzərəsini belə yaradır:
...Sədrəddindən
nişanə
qalmışdı çəkməsinin biri.
Kəsilən
başlardan,
tökülən qanlardan,
harayı heç yerə
çatmayan insanlardan
çox şey danışırdı
ölümdən öndə gedən
əsgər çəkməsinin dili...
Bilənlər
bilir ki, 1992-ci ilin aprel ayında (Kəlbəcərin
işğalından bir il öncə) erməni
quldurları qüdrətli saz-söz sənətkarı Dədə
Şəmşirin doğma kəndi Ağdabanda əsrin
böyük qətliamlarından birini törətməklə
özlərinin vəhşi və vandalist obrazlarını
yaratdılar. Ustad sənətkarın öz əlləri ilə
tikdiyi ev alova büründü, qan
qohumları tonqala atılıb diri-diri yandırıldı. Bu amansız işgəncələrdən sonra
Ağdaban qan gölündə üzdü. Nəzmiyyə
bu şeirdə həmin fəci günlərin mənzərəsini
verməyə çalışır və buna
nail olur. Dədə Şəmşirə
həsr etdiyi "Ziyarətə qəbrin uzaq" şeirində isə o, düşüncələrini
belə ümumiləşdirir:
Zülmə
düşən haqdan ayrı...
Başımız
papaqdan ayrı,
Kökümüz
torpaqdan ayrı,
Pöhrələnmədik,
Dədə.
Nəzmiyyənin
yurd ağrılı, torpaq niskilli şeirlərində ciddi
bir vətəndaş çağırışı var. Bu
çağırış onun belə şeirlərinin poetik
intonasiyasını və leytmotivini təşkil edir:
Yaraşırmı
bu millətə
Qara geyə ağ gəmidə!
Qız-gəlini
erməniyə
Oğul
doğa zirzəmidə!
("Haraylayır
ana torpaq")
Müəllifin
patetik misraları bizləri həyəcanlandırır,
mürgüləyən dərdlərimiz yuxudan ayılır,
bi anlıq da olsa gözümüzün qabağına
cahanşümul qələbələrlə süslənmiş
tarixi keçmişimiz, qəhrəman sərkərdələrimiz,
igid oğullarımız gəlir. Və
düşünürük ki, biz də onların gen
daşıyıcıları deyilikmi?! Elə
isə bu üzüntülər "yaraşırmı bu
millətə?!"
Nəzmiyyə
ictimai məzmunlu poetik nümunələri ilə bərabər
təbiət, məhəbbət mözusunda qələmə
aldığı, eyni zamanda, ata-anaya, övlada, dost-doğma
insanlara həsr etdiyi şeirləri ilə də oxucunu
düşünüb-duyğulandırmağa vadar edir.
Müəllif
uşaqlıq illərini keçirdiyi, qoynunda boya-başa
çatdığı doğma kəndini də unutmur, daha
doğrusu, unuda bilmir:
Düşdü
məndən uzağa
Xəyalımdan
ötən kənd.
Yaddaşımdan
itmədi
Yolu, izi
itən kənd.
("Xəyalımdan
ötən kənd")
Bu həmin
kənd, həmin torpaqdır ki, Nəzmiyyə o məkanda
bacısının və atasının məzarlarını
qoyub gəlib. Ona görə də "Torpaq" şeirində torpağa yanaşma tamamilə yeni bir düşüncənin məhsuludur:
Hərdən
məzar bilib ağlaram səni,
Hərdən
çiçək bilib qoxlaram səni.
Gözümün
üstündə saxlaram səni,
Necə
tapdalayım mən səni, torpaq?!
Torpağın
mahiyyətinə bu şeirdə tamamilə yeni dəyər
verən müəllif "Atamı saxlayan ata evimsən, Necə
tapdalayım mən səni torpaq" deməklə dünyadan
vaxtsız getmiş atasına övlad sevgisini ifadə edir - həm
də obrazlı şəkildə... Ümumiyyətlə,
Nəzmiyyə kimdən, nədən yazırsa, o yerdə onun
ya məhəbbəti var, ya da nifrəti. Şəxsiyyətindən,
ciddi xarakterindən irəli gələn bu xislət onun
bütün yaradıcılığını tənzimləyir.
Necə deyərlər, onun özü kimi
şeirləri də bir sifətlidir. Və cavan şair
bütün olmuşları, olacaqları alın yazısı
kimi qəbul edərək öz taleyi ilə barışmaq həddinə
gəlir:
Oduna əriyir
şəm pərvanənin,
Əyir
qamətini qəm divanənin.
Başına
nə gəlsə mən biçarənin
Deyirəm
taledi, barışıb ölləm.
("Deyirəm
taledi")
N.Hicranın
şeirlərində folklordan, xalq ədəbiyyatından gələn
incə bir lirizm, şirəli bir dil var. Bu da maraqlıdır
ki, müəllif ulu, qədim qaynaqlardan qidalanmaqla bərabər
çağdaş poeziyanın tələblərinə və
şərtlərinə də ciddi əməl edir. Əslində onun poetik
dünyasında ənənəvi şeirlə modern şeir,
heca şeiri ilə sərbəst şeir eyni ampulada
özünə yer ala bilir.
Mən
Nəzmiyyənin şeirlərini oxuyandan sonra qənaətim
bu oldu ki, ədəbiyyatımıza öz ruhunu ifadə etmək
əzmi ilə gələn bu cavan şairin şeirləri
oxucular tərəfindən tezliklə seviləcəkdir. Buna şübhə etmədən
N. Hicrana söz sənətinin labirintli yollarında yeni-yeni uğurlar diləyirəm.
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2011.- 23
sentyabr.- S.6.