Fikrət
Qoca: Özünə-sözünə sədaqət
Onun
çoxdankı şeiri
yadıma düşdü:
Biz yer
üzünə
Allahın
qəzəbindən düşmüşük
Yerimiz
dardı.
Başımızın
üstündə quşlar,
Suların
dibində balıqlardı.
Burda hər
zərrəni bölüşmüşük.
Elə olur
ki, çevirdiyin şeirlər öz şeirlərincə sənə
məhrəm olur. Əlbəttə, bu nadir hallarda baş
verir.
Fikrətlə
mənim aramızda olduğu kimi. Ümdə səbəb
poeziyasının orijinallığındadır. Fikrət
müqtədir, özünəməxsus, paradoksal şairdir.
Onun şeirlərində bütün bunlar, hətta biz
tanış olmasaydıq da, mənə yəqin ki, aşkar
olacaqdı. Amma çox şadam ki, Fikrətlə uzun illər
boyu şəxsən ünsiyyətdə olmuşam və
onunla hər görüşüm fərəh gətirib.
İnsan
istedad sahibidirsə, hər yönümdə
istedadlıdır.
İndi mənə
elə gəlir ki, tanışlığımızdan əvvəl
Toğrul Nərimanbəyovun çəkdiyi portretini
görmüşəm. Fikrətin sifətinin az qala
yarısın tutan zümrüd çalarlı iri gözləri,
uşaqsayağı sadəlövhlüklə (portretdə 25
yaşı olar-olmaz) qovuşuq bir ixtiyar müdrikliyindən xəbər
verən təəssürat. "Qoca" təxəllüsünü
seçməsi də təsadüfi deyil.
Vallah,
harada tanış olduğumuz yadımda qalmayıb. İstərdim
ki, onun müdhiş azara düçar olması
aşkarlandığı zaman özünü necə mətanətlə
apardığından, tox tutmasından söz açım.
O, heç
vəchlə, heç vaxt bir sarsıntısını, təşvişini,
sadəcə qanqaralığını büruzə vermədi,
hərçənd belə hallarda bu yaşantılar
qaçılmazdır. İnsan içində sanki vaxtı
ölçülmüş mina gəzdirir, mexanizm da
tıqqıldayır…
Öz-özümlə
savaşmışam,
Təpələr-dağlar
aşmışam.
İndi
ömrüm miyanadı,
Hər
gün bir addım yanadı.
Mən
qayanın qaşındayam,
Daha yolu o
yanadı.
Mansur Vəkilovun
tərcümə etdiyi həmin şeir belə bitirdi:
Qaranlıqlar
çəkiləcək…
Yoluma nur səpiləcək…
Mən
tamamilə əminəm ki, Fikrətin mətanəti dəhşətli
mərəzin öhdəsindən gəlməsində
böyük rol oynadı… O vaxtlar (otuz ilə yaxın öncə)
bir çoxları onunla "vidalaşmış"dılar.
Moskvada "Sovetski pisatel" nəşriyyatının
redaktorları (orada mənim tərcümələrimdə Fikrətin
kitabı çıxırdı), bir sözlə
nigarançılıqlarını bildirməsələr də,
yana-yana başlarını yellədirdilər. Söz demədən
də bu toplunu şairin son kitabı sanırdılar. Xoşbəxtlikdən
belə olmadı.
Fikrət
isə öz "repertuarında" idi. Deyirdi: "Həkim mənə
tapşırır ki, yelqovarda oturma! Sadəlövh adam! Elə bilir ki, mənim soyuq
dəyəsi yerim var!" (o vaxtlar
ağ ciyərinin birini kəsmişdilər).
…Mənim
yazıçılar haqqında "qeydlərimə" aid rəylər
içində "Sizcə, onların hamısı lap
yaxşı, düppədüz, fərasətli, istedadlı,
lap idealdılar. Nəyisə əcaibdir!"
kimi səslər də gəlirdi.
Axı,
ay möhtərəm cənablar, burada nə əcaiblik var? Mən sevdiyim adamlardan, uzun
illər tanıdığım insanlardan yazıram.
Kimi
dünyasını dəyişib, kimi isə, şükür
ki, sağdılar. Heç biri də ideal deyil və "müsbət
qəhrəmanlar" yaratmaq məni heç də
maraqlandırmır.
Gəlin,
dostlarımıza diqqətcil olaq, onları
düşünüb gözəl, xoş sayaq, - Bella
Axmadulinanın bu misraları mənim ifadə etmək istədiyim
ovqata çox uyğundur.
***
Fikrətin
mülahizələrindən: "Poeziya heç bir
qanun-qaydaya, göstərişlərə tabe olmayan, sırf fərdi
əməldir, ağrı kimi bir şeydir. Sən insana can
yandıra bilərsən, amma onun acı-ağrısını
özününkü kimi, şərti mənada yox,
realcasına yaşamaq bizə müşküldür. Biz tənha, təklikdə yazıb-yaradır, təklikdə
də ölürük.
Xalqa
yaxınlıq varsa da, bizdən asılı deyil, illah ki, əlbəttə,
hökumətdən… Bəlkə - zamandan,
dövrandan?
Odur ki,
sovet hakimiyyətinin ikibaşlı qondarmaları -
bütün bu "xalq", "əməkdar"
titulları hər hansı yaradıcı mənadan məhrumdur.
Hərçənd,
özün bu adı daşıyarkən bu barədə
danışmaq rəva deyil, amma mən bu barədə
çoxdan demişəm, yazmışam, bu gün yox,
çoxdan!"
Oğlum
Roman gərək ki, yeddinci sinifdə oxuyarkən Fikrətdən
onun məktəbində çıxış etməyi
xahiş etmişdim. Səksəninci
illərin əvvəlləri idi, yəni durğunluğun
"çiçəklənən" vaxtı, Fikrətin
görüşdə söylədiyi ilk sözləri: Biz sizlərə
mazut içində çabalayan Xəzəri, zəhərli
yağışlardan məhv olan meşələri qoyub
gedirik. Avtomobil püskürtüləri nəfəs
qaraldan şəhərləri qoyub gedirik. Əhalisinin
üçdə iki hissəsi aclıq çəkən,
üzərində ədalətsiz müharibələr gedən,
haqsızlıq meydan oxuyan planetimizi qoyub gedirik.
Çoxları
deyir ki, bəşəriyyət özü özünü
qıracaq məqama yaxındır, - bax belə bir
dünyanı sizlərə miras qoyuruq və siz bu
dünyanı haraya aparacağınızı
düşünüb-daşınmalısınız".
Müəllimənin
təşvişdən alacalanmış gözləri
yadımdadır. Lakin acı həqiqətləri canlı klassik,
laureat, ünlü qələm sahibi
açıqlayırdı. Əgər
deyirdisə, deməli, burada bir əsas vardı. Uşaqlar isə tamamilə normal reaksiya verir, maraqla
dinləyirdilər.
Fikrətlə
tanışlığımız dövründə dəfələrlə
vurğuladığı mətləbi xatırlayıram. Onun fikrini dəqiqliklə
olmasa da, mənasını çatdırıram.
Bizi
"şair xalq" adlandırırlar. Şübhə edirəm.
Bundan belə çıxmalıdır ki, xalq şeiri
oxuyur və anlayır. Bir də, düzdür, az qala hər kəs şeir yazır. Amma bu bir lətifədə deyildiyi kimi,
"çukça ne çitatel, çukça-pisatel"
iddiasını xatırladır. Hərdən mənə
elə gəlir ki, Azərbaycanda daha oxucu qalmayıb, hamı qələmə
sarılıb…
Əslində
isə həqiqi poeziya nümunəsi çox azdır. Və onu anlayan, duyanlar da.
Yazmağa gəldikdə isə, bəli, hamı yazır,
qoşur…"
Bu barədə
çoxdan yazdığı şeiri də var:
Ağaclar quruyur
Kür qırağında,
Elə
bil bir içim su tapmayıblar.
Gələn il bu yerə gələndə bahar
Sular nəğməsində
oxuyacaqlar.
Qovaqlar
yıxılır Kür qırağında,
Cavan pöhrələri,
yaşıl budağı
Qara
qovaqların üstə əyilir,
İndidən
düşünür, indidən bilir
Həyatın,
ömürün nə olduğunu.
Sonra da
yarpaqlar pıçıldayırlar.
Ağaclar
olubdur illər yorğunu
Qovaqlar
quruyur Kür qırağında.
…Heç
zaman yıxılmır böyürtkən kolu,
Qovaqlar
yıxılır Kür qırağında.
…Fikrət
Qoca rişğəndlə fikrini kəskinləşdirirdi.
…İnsan
dünyaya gələndə sinəsində bir körpə mələk,
bir körpə şeytan gətirir. İnsan yaşa dolduqca
onlardan hansısa daha çox kömək edirsə, o da
güclənir. İnsan yorulub zəifləyəndə
onlardan hansına kömək edibsə, hansını gücləndiribsə,
o da insanı idarə edir.
…Bir dəfə
Fikrətlə avtomobil qəzasına uğradıq -
üstündən neçə il
keçsə də, o günü xatırlamaq
ağırdır, Şüvəlanın dar küçəsilə
"samosval" maşını sürətlə irəliləyirdi,
saatda əlli-altmışla. Abşeron qəsəbələrinin
köhnə məhəllələrini, dolanbac, əyri-üyrü,
gözlənilməz döngələrini təsəvvür
edin.
"Samosval"
havalı-havalı gedərək dalbadal siqnal verirdi.
Sürücüsü
yadımda qalmayıb.
Yanımda Fikrət əyləşmiş, arxada ömür
yoldaşım, dörd yaşlı oğlum Yaşka… Lyuda və oğlumla Fikrətin bağına qonaq gəlmişdik,
dənizə, çimərliyə yollanırdıq.
Döngəyə
çatar-çatmaz ehtiyatla maşının "burnunu"
qabağa verərkən, "samosval"ın siqnalını
eşitmədim… Şiddətli zərbə… "Samaosval"
bizə çırparaq maşınımızı geriyə
tolazladı, bizi bəladan qurtaran yaxındakı məktəbin
qapalı darvazasına çırpılmağımız oldu
- qıfıl zay olduğundan darvaza taybatay açılaraq təkanı
"söndürdü", zərbənin gücünü səngitdi.
Allaha
şükür ki, ciddi xəsarət alan
olmadı. Bekara əzilmə, zədələr.
Düzü,
taleyin bizə rəhmi gəlmişdi. Maşının nə
kökə düşməsinə baxmaq isə dəhşətli
idi.
Tamamilə
çaş-baş qalmışdıq. Küçəyə
tökülüşən sakinlər halımızı
soruşur, kömək təklif eləyirdilər. Bizi dilə tutub öz evlərinə - bayram süfrəsinə
çəkib apardılar. Və süfrə
arxasında Fikrətin halı pisləşdi. Qəribədir ki, belə vəziyyətdə də
ən çox onu düşünürdü ki, ətrafdakıları
qayğılandırmasın.
Bir
neçə gün sonra ona baş çəkdim. Adətinə rəğmən
qaşqabaqlı görünürdü. "Yox
əşşi, hər şey qaydasındadır" - deyə
sorğu-sualımdan vaz keçdi. Sonra müəmmalı
tərzdə soruşdu: "Bilirsənmi,
"çıldağ" nədir?" Bilmirdim.
İzahını tamamladı: "Sözün qısası, biz
o bazar günü uğursuz keçdiyimiz yolu təkrarlamalıyıq,
amma bu dəfə şağ-salamat, arxayınlıqla. Ürəyimizdə qorxu-filan qalmasın. Beləcə də biryolluq xoşagəlməz xatirədən,
cansıxan sarsıntıdan üzülüşə bilək.
Necə fikirləşirsən?"
O vaxtdan
"çıldağ" kəlməsi yadımda qaldı.
Və bəzən uğursuzluq baş verəndə, deyirdim
öz-özümə: "çıldağın
yeridir". Belə də eləyir, toxdaqlıq
da tapırdım. Hərçənd,
lüğətdə bu sözün dəqiq mənasını
tapa bilmədim.
Yaşlı
çağlarımda, uzun fasilədən sonra maşın
sükanı arxasına keçəndə çətinliklə
sürürdüm. Tər tökməli olurdum.
Müdrik Fikrət
ürək-dirək verirdi: "Sən axı bilirsən ki,
şoferlər ağıl dəryası deyil. Bax,
gör. Di gəl, yaxşı
sürürlər maşını. Qəm
yemə, öyrənərsən!"
Və həmişə
olduğu kimi, əsl şair qəribə şeylər
söyləsə də, sözü haqlı çıxırdı.
Sovet
dövründə "Ədəbiyyat təbliği
bürosu" adlanan qurum vardı. Ayda bir-iki dəfə sovet
yazıçıları dəstə-dəstə bir-birlərinə
qoşularaq, necə deyərlər, xalqa yaxın olmaq,
onların dərd-sərindən agah olmaq üçün əmək
kollektivlərilə görüşlərə gedirdilər.
Biz Fikrətlə
çox vaxt eyni qrupa düşərdik, - onun oxucularla
ünsiyyətinə baxmaq həmişə xoş idi.
Heç bir gəlişigözəl
söz, qılığa girmək cəhdi… Və
başqasının daha hərarətlə, daha "gur"
qarşılanmasına səmim-qəlbdən sevinməsi
(Axı şairlərin hətta ən ağıllı-kamallı,
ən istedadlılarında başqasının uğuruna
qadınsayağı qısqanmağı var). Fikrətdə həsəddən əsər-əlamət
yox idi.
Haçansa
mənim şeirlərimdən bir silsilə çevirib
çap etdirmişdi. Məncə,
tərcümələr gözəl alınmışdı, -
hərfi sözlər deyil, ovqat, havacat çatdırılmışdı…
"Torpaqda
yarpaq ölüşü. Kölgələr xəstə.
Tez-tez yeni il gələcək, bu ilin
üstə. Bu il ağır ilim oldu…"
O zaman
doğrudan da ömrümün çox çətin
vaxtları idi. Şükür ki, yanımda
dostlarım, hayanlarım var idi. Fikrət də
o sırada.
Qocalıq
haqlayanda biz başqalaşırıq. Boris Slutski yazdığı kimi:
Yox, səhv
etməyə nə vaxt, nə təpər
qocaya yetər,
o son, keçilməz sədd
yaxınlaşmaqdadı.
Odur ki,
baş çəkir tez-tez qocaya
nurani ucalıq, münəvvər ziya…
Bu
yaxınlarda Fikrətin müsahibəsində həmin ovqatdan
xəbər verən sirayətedici sətirlər oxudum, onlarla
da yazımı tamamlayıram. "Mən artıq o adamam
ki, Allaha dua edəndə hansı tərəfə üz
tutacağımın fərqinə varmıram. Hökm deyil ki, Kəbəyə, Qibləyə
üz tutasan. Mən Tanrıya səcdə
qılıramsa, hara baxıramsa da, ona üz tuturam. Mənim
içimdə yaşayan təzə adam da
bunu dərk edir".
Aleksandr Qriç
Tərcümə edəni: Səyavuş Məmmədzadə
Ədəbiyyat qəzeti.- 2011.- 23
sentyabr.- S.5.