Ümid nə yaxşıdı
Görkəmli
yazıçı Vidadi Babanlının bu günlərdə "Şərq-Qərb"
nəşriyyatında nəfis şəkildə çap edilən "Bulanlıq dünya" romanında müasiri
və şahidi olduğumuz
bir çox əxlaqi-mənəvi
təbədüllatların, çalpaşıq həyat tərzinin
təzadları öz əksini tapıb. Birinci fəsildə
İqtisad Universitetinin
tələbəsi kimi təqdim edilən Əfsun
Zamanlı tələbkar müəllimi Cəmil
İmanlının iradəsilə üzbəüz
qaldığından imtahanlara ciddi hazırlaşmaq qərarına gəlir. İlk andan oxucuya elə gəlir ki, Əfsun
doğru yola qayıdıb,
heç nədən yaranan
müəllim-tələbə öcəşməsi az keçməmiş yoluna
qoyulacaq. Ancaq hadislər
gözlənilmədən başqa məcraya
yönəlir. Gənc tələbənin kitabxanaçı Durna xanımla ilk
tanışlığı rahat
gün-güzəranı ilə diqqət çəkən bir ailənin faciəsinə çevrilir.
Həyasızlığını özünə bəlgə
edən Əfsun kitabxanaçı xanımın gözəlliyindən
məst olur və yağlı dilini işə salır. Öz
mənfur, çirkin niyyətinə yetmək
üçün o, hər
cür oyunbazlığı özünə
rəva bilir. Bir yandan da sevib
ailə qurduğu Bəhlul müəllimə
övlad bəxş edə bilməyən
Durnanın mənəvi sıxıntıları onu Əfsunun ağuşuna
doğru sürükləyir. Qadın taleyin ona qarşı
oynadığı oyuna oyunla
cavab vermək istəyir. Qərara alır
ki, gənc tələbəylə gizli görüşsünlər, ola bilsin ki,
bu münasibət ona övlad payı verər, beləliklə də
o, tezliklə qayınanasının tənəsindən
azad olar. Bir yandan onun
taleyilə oynamaq hərisi olan
gəncin atəşin, ehtiraslı
çağırışları, bir tərəfdən
də sonsuzluq qorxusu onu yolundan
çaşdırır. Nəticədə Durna
qır-saqqıza dönüb ondan istədiyini almayınca əl çəkməyən
Əfsunu illər boyu bir
yastığa baş qoyduğu
sevimli ərinə ən yaxın qohumu kimi təqdim edir. Beləliklə, xoşbəxtlik umduğu yad kişinin evinə əmin-arxayınlıqla gəlib-getməsinə,
yatağına soxulmasına şərait yaradır. Xəyanətinin üstü
açılan zaman o,
heç də geri
çəkilmir, əslində Əfsunu sevdiyini
ərinin düz gözünün
içinə söyləyir. İllər boyu
içində gizlətdiyi ehtiras hissi gözlərini bağladığından
dərk edə bilmir ki,
əslində Əfsun məqsədinə çatmaq
üçün onun uğursuz taleyindən bir
vasitə kimi istifadə edir,
az keçməmiş ondan
bezib-usanacaq. Bu təzadlı
münasibətlər ailənin əvvəlki sabitlik
və cazibəsini pozur, sədaqət
aynasına xal düşür.
Ehtiras pərdəsilə gözləri
bağlanmış Durna xanım Əfsunun
xəyanət və şəhvətpərəstliyinin
qurbanı olduğunu dərk edəndə
isə artıq bəraətə heç
bir tutalğa yeri qalmır. Bu uçurum önündə onun
yeganə xilas yolu ömür-gün yoldaşının
insanlığı, ilk sevgisinə olan hədsiz bağlılığı olur. Həyat insani
münasibətlərə əyləncə kimi
baxan Əfsunu da bəlkə
elə bu bağlılığa olan amansız müdaxiləsinə görə
cəzalandırır. O, məqsədinə nail
olandan sonra yeni eşq macəraları
axtarır, Durnanı yarı yolda atıb gedir, həbsə düşür
və zəlil şəklində onun
yanına dönüb sevgi,
sayqı əvəzinə pul dilənir. Lakin artıq başı daşdan-daşa
dəyən qadın onu rədd edir. Vaxtilə kirayə qaldığı evə
sığınmaq zorunda qalan
Əfsun bu halal ailənin
də heysiyyəti ilə oynayır, ona
qapı açan qadının nəvəsinə
göz yetirir.
Pul,
şan-şöhrət naminə hər cür
rəzilliyi özünə rəva bilən, dondan-dona,
cilddən-cildə girən Əfsun azadlıq uğrunda
mübarizə aparan insanların
böyür-başında özünə yer
eləməyi də bacarır, şəhid
oğullarımızın dəfni üçün
toplanan ianə pullarını çirkin məqsədləri naminə
küçə qadınlarına yem edir. Bu dəfə də tale onu cəzalandırır.
Gözü tutan gənc
qızla fahişəxanada rastlaşır, bütün
əsər boyu Əfsunun
insanlığı ilk dəfə
oyanır ki, o gənc
qızı bilməyərəkdən düşdüyü
əxlaqsızlıq yuvasından xilas etsin. Baxmayaraq ki, həmin ana
qədər talelərlə oynayıb, hər cür
şərəfsizliyi özünə rəva bilib,
həbsdə vicdan mücəssiməsi olan müəlliminə şər atıb,
üzünə dirənib, azadlıq şəhidlərinin ruhunu incidib, çirkli əməlləri sayəsində
qazandığı pulların üstündən keçib millət vəkili kreslosuna doğru rəzil bir yol başlayıb. Olub bütün bunlar. Ancaq bütün bu
bulanlıqlar dünyasının yaşantısı
içindən sivrilən aydınlıq kimi
açılan o bircə
yaxşılıq əməli tutalğa verir ki, hələ də onun insanlıq yoluna
qayıtması fürsətinin, tövbə imkanının
qapıları açıqdı. Mövlanə Cəlaləddin
Rumi demiş, hansı
əməllə, hansı dinlə - məstəvlə
dönürsənsə-dön, təki sən bu
qapıya gəl, onu sidq
ürəklə döy, ümidli,
inamlı ol. Xalq şairi Məmməd Arazın
yazdıqları bu yerdə fikrimizi alıb aparır: "Ümid
nə yaxşıdı, ümidlə sönən məhəbbət
qayıdır, sevgi qayıdır…"
Elə
"Bulanlıq dünya" da bu böyük
əxlaqın mahiyyətinə varır. Baxmayaraq ki,
müəllif əsərdə Bəhlulun ailə məsələlərindəki
ifrat layallığa, süstlüyə bəraət
qazandıran əsaslı zəmin hazırlamayıb, baxmayaraq ki, ilk anda Durna
xanımın Əfsuna olan mütiliyi çox qurama, süni görünür, ancaq
bütövlükdə bu əsər
get-gedə cəmiyyətə daha
ağrılı şəkildə sirayət edən problemlərin
nədənliyinə zəruri vətəndaş diqqəti
yönəldir, xeyirə xidmət edir.
S.Aranlı
Ədəbiyyat qəzeti.- 2011.- 23
sentyabr.- S.4.