Azərbaycan ədəbiyyatı müstəqillik illərində

      

  Sentyabrın 28-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş elmi sessiya keçirildi. Mərasimi sözügedən institutun direktoru, akademik Bəkir Nəbiyev açaraq dedi:

- Xalqımız öz dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsindədir. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2001-ci ildə verdiyi mübarək sərəncam böyük məmnunluqla qarşılanıb, hər yerdə maraqlı tədbirlər həyata keçirilir. Elə ötən həftə AMEA-nın böyük zalında iştirakçısı olduğumuz dəyərli konfrans həmin qəbildən idi. Sentyabrın 25-də "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İNK-na yardım (AVCİYA) deyilən qurumun son yığıncağında İlham Əliyevin 30 dəqiqəlik ingiliscə nitqi də bu problemin çözülməsinə həsr edilmişdi. Nizami adına Ədəbiyyat İnstitutunun bugünkü elmi-praktiki konfransı da bu mühüm mövzuya həsr olunmuşdur.

Heç şübhəsiz ki, hər bir xalqın, dövlətin azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi o xalqın tarixinin ən parlaq səhifələrini təşkil edir. Hər bir milli ədəbiyyatın ən başlıca mövzu və obrazlarının azadlıq, istiqlaliyyət problemləri ilə bağlı olmasının səbəbi də ədəbiyyatın milli həyata, xalqın tarixi keçmişinə və indisinə dərin köklərlə bağlı olmasından irəli gəlir.

Təkcə Məhəmməd Hadinin "Yox millətin xətti bu imzalar içində" yanğılı misrasını, təkcə Yusif Vəzirin "Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli iradəsi ola bilər. Milli iradə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər" bədii-publisist bəyanatını, yaxud Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Əli bəy Hüseynzadənin, Sabirin, Abbas Səhhətin, Abdulla Şaiqin və digər ədib və şairlərimizin yaradıcılığındakı vətən və millət ideyalarını, azadlıq və qurtuluş motivlərini xatırlatmaq yetərlidir ki, Azərbaycan milli ədəbiyyatının da öz azadlıqsevər xalqının mübarizə ənənələrinə sədaqətindən və məhz onun arzu və iradəsindən boy verməsi haqqında təsəvvür yaratsın.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Neçə-neçə millət öz dövlətini yaratmağa müvəffəq olmamış, neçə-neçə dövlət öz müstəqilliyinə qovuşmamış, yaxud qovuşubsa da onu qoruya bilməmişdir. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin ömrü də çox qısa oldu. O cəmi 23 ay fəaliyyət göstərə bildi. Amma Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" kimi peyğəmbərcəsinə söylədiyi sözlər tarixi təsdiqini tapdı. Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi.

Lakin bu dəfə də Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi düşmən qüvvələr tərəfindən təhdid edildi.

Onda xalqımız tarixin inkişaf meyllərini və perspektivlərini dərindən dərk edən görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət edib onun ətrafında birləşdi. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı, Azərbaycanın tarixi dövlətçiliyi bərpa edilib möhkəmləndirildi.

Biz bu ötən 20 il ərzində azad bir xalq kimi dünya dövlətlərinin, xalqlarının cərgəsinə qoşulmuşuq, tam hüquqlarla beynəlxalq təşkilatların üzvüyük, bayrağımız BMT-nin əzəmətli binası qarşısında dünyanın digər milli bayraqları ilə bir sırada dalğalanır. Dövlətimiz tam müstəqil siyasət yeridir, milli maraqlarımızı qoruyur. O, dünya miqyasında lazımi mövqeyini tutmaq üçün öz enerji siyasətinin əsas prioritetlərini müəyyən edib, bu gün "Əsrin müqaviləsi" üzrə Azərbaycan neftini və qazını müxtəlif istiqamətlər üzrə Avropa bazarlarına çatdırır. İndi respublikamızın ərazilərində heç bir dövlətin hərbi bazası yoxdur. Azərbaycan özünəməxsus inkişaf yolu keçərək regional liderə çevrilmişdir. Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi daimi və dönməzdir. Heç bir xarici dövlət Azərbaycanın müstəqilliyini əlindən ala bilməyəcək!

Ötən 20 illik müddətdə keçdiyimiz yoldan danışanda 70 il kommunist ideologiyası çərçivəsində, "sosializm realizmi" deyilən bir metodla işləməyə məcbur olmuş ədəbiyyatçılarımızın bu çərçivədən çıxaraq, milli konsepsiyaya, xalqın arzu və iradəsinə uyğun yeni-yeni yaradıcılıq uğurları əldə etməsini qeyd etməmək mümkün deyil. Qədim Azərbaycanın - vahid bir xalqın və məmləkətin param-parça edilməsi, Azərbaycan Demokratik Xalq Cumhuriyyəti dövrü, repressiya illəri, mühacirət, erməni-müsəlman münaqişələrini əks etdirən ədəbiyyatımızın qaranlıq səhifələri açılmış, ədəbiyyat tariximiz yeni meyarlarla, təzədən yazılmışdır. Şair, yazıçı və dramaturqlarımız öz əsərlərində insanların düşüncə və xarakterində baş verən dəyişiklikləri əks etdirməklə canlı obrazlar yaratmaq, hadisə və proseslərin insana təsirini açıqlamaq yolu ilə onların mahiyyətini əks etdirmək imkanlarını sərbəst surətdə nümayiş etdirirlər. Biz yeni dövrün poeziyasında, dramaturgiyasında, nəsrində zamanın dinamik hərəkət ritmini hiss etməklə yanaşı, keçmişin dumana salınmış donuq problem və hadisələrinin də canlandırıldığını görürük. Ədəbiyyatımız keçmişlə bu gün arasında yeni mənəvi körpü salmaqla hansı milli və mənəvi dəyərlər naminə mübarizə aparmağımızın zəruriliyini qabardır. Ən yaxşı əsərlərdə xalq öz müstəqilliyini müdafiə etməyə çağrılır. Dərin kök və ənənələrə malik bu ədəbi meyl son 20 ildə Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Anar, Elçin, Sabir Əhmədov, Sabir Rüstəmxanlı və digər görkəmli müasirimizin əsərlərində canlanıb pərvəriş tapmışdır.

AMEA-nın müxbir üzvü Teymur Kərimli elmi sessiyada "Nizami adına Ədəbiyyat İnstitutu müstəqillik illərində" mövzusunda məruzə edərək bidirdi ki, 20 il əvvəl Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi bir xilaskar kimi ikinci dəfə siyasi hakimiyyətə dəvət etməyə özündə kifayət qədər siyasi müdriklik tapdı: "Məhz həmin vaxtdan iqtisadi və ictimai həyatımızın bütün sahələrində, o sıradan milli elmimizdə də gələcək inkişafın strateji bünövrəsi qoyuldu… Bu, elə bir dövr idi ki, ulu öndər milli dövlətçiliyimizin varlığı uğrunda ölüm-dirim mübarizəsi aparırdı və vəziyyətin nə qədər ağır olduğunu özü də dərk edərək bütün ziyalılar və alimlər başda olmaqla, bütün xalqın bu çətinliklərdən çıxması üçün savaşa qoşulmasının vacibliyini vurğulayaraq əlavə edirdi: "Ədəbiyyata, elmə, mədəniyyətə qayğı, diqqət həmişə olmalıdır. …Yaradıcı adamlar, ziyalılar, mədəniyyətimizi, elmimizi yaradanlar, inkişaf etdirənlər daim cəmiyyətin və dövlətin qayğısı ilə əhatə olunmalıdırlar".

Ümummilli liderin qarşıya qoyduğu tarixi vəzifələri yaxşı anlayan institutumuzun rəhbərliyi bu gün azərbaycançılıq ideologiyasının ədəbi-elmi zəmində inkişaf etdirilməsi və zənginləşdirilməsi yolunda üzərinə düşən vəzifələri eyni ciddilik, məsuliyyət və məmnunluq hissilə yerinə yetirirMüstəqillik dövrü ədəbiyyatşünaslığımızın xarakterik xüsusiyyətlərindən birini də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat və mədəniyyət problemlərinin tədqiqinə böyük diqqət ayırması təşkil edir. Ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığının, xüsusi halda isə Nizami adına Ədəbiyyat İnstitutunun son beş ildə əldə etdiyi uğurlar sırasında 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin ilk dörd cildinin işıq üzü görməsini, qalan cildlərin isə son tamamlama və redaktə prosesində olduğunu qeyd etmək lazımdır… Müstəqil Azərbaycan Respublikasının ilk dövlət mükafatına layiq görülmüş "Heydər Əliyev və zaman" monoqrafiyası da ədəbiyyatşünaslığımızın son illərdəki parlaq nümunələri sırasındadır".

Məruzəçi Azərbaycan Prezidentinin sərəncamı ilə dəyərli ədəbiyyat nümunələrinin nəfis şəkildə çap edilərək kitabxanalara hədiyyə edilməsini də mədəniyyətimizə olan ən qiymətli töhfə kimi olduğunu vurğuladı.

Elmi sessiyada "Azərbaycan ədəbiyyatı müstəqillik illərində" mövzusunda məruzə edən filologiya üzrə fəlsəfə doktoru Elçin Mehrəliyev də müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, təcavüzə qarşı ümumxalq mübarizənin təşkili, suveren hüquqların qorunması ideyalarının yeni dövrdə bədii yaradıcılığa, ədəbiyyatşünaslıq elmimizə istiqamət verməsini önə çəkdi: "Dərin kök və ənənələrə malik bu ədəbi meyl öncə poeziyada (X.R.Ulutürk, B.Vahabzadə, M.Araz, Qabil, C.Novruz, N.Xəzri, H.Arif, F.Qoca, İ.İsmayılzadə, F.Sadıq, M.İsmayıl, E.Baxış və başqalarının yaradıcılığında) və publisistikada (İ.Şıxlı, Anar, Y.Səmədoğlu, S.Rüstəmxanlı, M.Oruc, İ.Vəliyev, R.Səməndər, Ə.R.Xələfli, Z.Məhərrəmli və digərlərinin əsərlərində canlanıb pərvəriş tapdı. Azərbaycan ədəbiyyatı bir çox xarakterik xüsusiyyətlərinə görə keçən əsrin əvvəllərini xatırladan yeni tarixi sınaq mərhələsində də xalqla bir yerdə olduğunu, mühüm həyati problemlərin həllinə çalışdığını bir daha təsdiq etmişdir. Biz istər poeziyada, istərsə də publisistikada bir tərəfdən xalqın üzləşdiyi faciələrə, verdiyi ağır itkilərə görə dərin təəssüf, kədər, digər tərəfdən isə qazanılan azadlığa və bu yolda fədakarlığa görə qürur, iftixar hisslərini görür və qiymətləndiririk.

Hadisələrin tədricən dərinləşməsi və milli faciələrlə müşayiət olunması poeziyada lirik düşüncələrin get-gedə dərinləşməsinə - aparıcı ifadə vasitələri kimi çıxış edən ritorik pafos və patetik ruhun tədricən qaçılmaz reallıqlarla bağlı həyəcan doğuran məzmun və məna çalarları ilə əvəz edilməsinə, publisistikada isə hərbi-siyasi qəsd və təxribatların mahiyyətinə varmaq, Azərbaycan torpaqlarını ələ keçirmək niyyətlərini ifşa etmək, tarixin ibrət dərslərindən nəticə çıxarıb yaxın gələcəklə bağlı proqnozlar verməyə gətirib çıxartdı.

Həyatın gedişatı mövzu-problem seçimi və təsvir anlamında ədəbi prosesin ümumi axınından bir qədər geri qalan bədii nəsrin də canlanmasına təkan verdi. Nəsrdə həyatın kəskin surətdə dəyişməsinə baxış xeyir-şər mübarizəsi - azadlıq, sülhsevərlik, quruculuq arzuları ilə işğalçılıq, talançılıq, dağıdıcılıq məkr və niyyətlərinin toqquşması kontekstində formalaşıb inkişaf etdi. Gerçəkliyin doğurduğu hiss və həyəcanları daha canlı, daha dolğun ifadə meyli nəsrdə janr-üslub müəyyənliyi kimi formalaşdı ki, bu da ədəbiyyatımızın təbii inkişaf qanunauyğunluqlarından biri idi.

Müstəqillik dövrü ədəbiyyatında obyektiv tarixi düşüncəni genişləndirmək niyyəti özünü sonrakı illərdə memuar yaradıcılığına meylin artmasında hiss etdirir. Xüsusən də yaşlı nəsli təmsil edən şair, yazıçı və dramaturqlarımız sovet dönəmində toxuna bilmədikləri bəzi problemlərə diqqət yetirməyə çalışırlar.

Müstəqillik dövrü ədəbiyyatının qan-qada içində yaranıb boy verməsinə baxmayaraq, humanist ideallara sadiqliyini qoruyub saxlaya bilməsi onun mühüm xüsusiyyətlərindən biri kimi diqqəti cəlb edir. Milli ədəbiyyatımız, ötən əsrin əvvəllərində olduğu kimi, yenə də bir milləti digər millətin üzərinə qaldırmamaq niyyətindən uzaqdır, əksinə o, dinc birgəyaşayışa, ali insani dəyərləri qorumağa çağırır.

Ədəbiyyat kəskin sosial və siyasi dəyişikliklərin mahiyyətinə varmağa, cəmiyyətdə gedən proseslərin subyektiv və obyektiv şərtlərini tədqiq və təhlil etməyə, baş vermiş faciələrin, mövcud problemlərin səbəblərini, köklərini axtarmağa cəhd edir. Biz həyatdakı proseslərin, insanların psixologiyasındakı, düşüncələrindəki dəyişikliklərin həssaslıqla təhlilinə meylin get-gedə artdığını da görürük. Müstəqillik dövrümüzün birinci onilliyində Sabir Əhmədovun "Axirət sevdası", Anarın "Otel otağı" və s. kimi əsərlərdə qabarıq hiss olunan bu meyl ikinci onillikdə başqa yazarlarımızın yaradıcılığında daha da qüvvətlənir. Məsələn, Elçinin "Bayraqdar", "Sarı gəlin", "Araba", "Qarabağ şikəstəsi" kimi povest və hekayələrində təcavüz zamanı itirilmiş torpaqlarımızın, viran edilmiş yurdlarımızın həsrət və kədərinin ifadəsi, atəşkəs dövründə məcburi köçkünlük, qaçqınlıq həyatını yaşayan soydaşlarımızın sıxıntı və iztirablarının təsviri öz əksini tapmışdır. Bu kimi əsərlərdə insanın şərəf və ləyaqətinin alçaldılması problemlərini qabartmaqla yazıçı ictimai fikri azadlığın sözdə deyil, sosial-psixoloji yaşantı gerçəkliyində reallaşması həqiqətinə yönəldir. O, göstərir ki, qaçqın həyatı səfalətli həyatdır, etnik mədəniyyəti, el-oba adət-ənənəsini, insan mənəviyyatını güvə kimi içindən yeyib-dağıdır, pambıq içində od kimi korun-korun yandırıb külə döndərir.

Elçin "Ah, Paris, Paris", "Mən sənin dayınam", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir" kimi komediyaları vasitəsilə, görkəmli tənqidçimiz Y.Qarayevin qeyd etdiyi kimi, "dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaratdı. Onların əsasında duran mənəvi-əxlaqi, ideoloji stereotipə, normatik düşüncə və rəftar tərzinə ən müasir ayıq, ədəbi, estetik münasibət ifadə etdi". Anarın taleyimizlə bağlı nigaran düşüncələrin təhlili xarakteri daşıyan "Ağ qoç, qara qoç" povestində gələcəyimizin bədii düşüncədəki görüntüsü, təsviri - Azərbaycan üçün işıqlı, yoxsa qaranlıq dünya qisməti məharətlə inkişaf etdirildi. Elçinin, Rüstəm İbrahimbəyovun son illərdə qələmə aldıqları pyeslərdə mənəvi iflas problemi reallıqla psixoloji məqamların qarşıdurması üzərində dramaturji həllini tapdı.

Bu və ya digər qüsurlarına, inkişafdan doğan yaradıcılıq çətinliklərinə baxmayaraq müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı inamla irəliləyir, öz dövrünün bədii salnaməsi olmaq sahəsində fikri-bədii axtarışlarıı davam etdirir."

Edilən məruzələr ətrafında söz açan professor Məhərrəm Qasımlı təklif etdi ki, kifayət qədər dolğun və əhatəli olan bu məruzələrin nəşr edilməsi ədəbi prosesin mənzərəsini göz önünə gətirməyə yaxşı bir xidmət olardı. Burada tarixə dolğun baxış sərgilənib: "Bizim əksəriyyətimiz haqqında söz açılan zamanı, dövrü yaşamışıq. Məruzələrdə deyilənləri böyük qədirbilənlik faktı kimi dəyərləndirirəm".

M.Qasımlı çıxışında İnstitutun nəzdində nizamişünaslıq şöbəsinin açılmasının da arzuolunan olduğunu vurğuladı.

Professor Vaqif Arzumanlı müstəqilliyimizin 20 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini tarixə hörmətin təzahürü kimi dəyərləndirdi.

Filologiya elmləri doktoru Sabir Əmirov da müstəqillik dövrümüzün inkişaf tempindən ətraflı söz açdı, nəzərə çatdırdı ki, bu tipli məruzələrdə Cənubi Azərbaycan ədəbiyyatı problemlərinə də ətraflı nəzər yetirmək ehtiyacı var.

Elmi sessiyanı akademik Bəkir Nəbiyev yekunlaşdırdı, məruzə və çıxışlarda səsləndirilən bir çox məqamlara aydınlıq gətirdi.

 

 

Hazırladı: SƏRVAZ

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.1-2.