İnsaf və insanlığın beşiyi Asiya

  

(Əvvəli 16 sentyabr 34-cü sayımızda)

 

Təbii ki, Şərq yalnız humanitar və mənəviyyat elmlərinin vətəni deyil. Son min illik ərzində bu regionda yaranmış, fundamental elmlərin aparıcı mövqeyə malik olduğu məşhur elm məktəbləri və akademiyalar fikrimizin təsdiqidir. Onların bir çoxunda isə şərqli alimlərlə bir elm məskənində Qərbdən gəlmiş, Avropadan təşrif buyurmuş elm fədailəri də çalışırdılar. Bu cəhətdən Bağdaddakı "Beytül-hikmə" və Xarəzmdəki məşhur Məmun akademiyalarının fəaliyyətini xüsusi qeyd etməliyik. Mərkəzi Asiyadan yetişib çıxmış, şan-şöhrəti bu günümüzə qədər gəlib çatmış məşhur mütəfəkkirlər bu akademiyalarda üstünlük təşkil edirdilər. Xüsusən, Məmun akademiyasının əsas elmi istiqamətlərini müəyyənləşdirən qüdrətli alimlər Orta Asiya torpaqlarında doğulub boya-başa və kamala çatmış təfəkkür sahibləri idi; Əbu Nəsr ibn İraq, Mahmud Xocəndi, Əhməd ibn Həmid Nəysəburi, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina, Əhməd ibn Məhəmməd Xarəzmi və onlarla başqalarının misilsiz elmi cəsarətlərini çağdaş dünya yaddan çıxarmamışdır. Onu da unutmamalıyıq ki, uzaq orta əsrlərdə müsəlman ölkəsindəki elm mərkəzində yüksək dərəcədə ümuminsanilik hökmran olub, dini-milli tolerantlıq yüksək səviyyədə idi. Zira, Məmun akademiyasında yalnız başqa millətlərdən olan elm mütəxəssisləri deyil, eyni zamanda, özgə dinlərə mənsub böyük alimlər də sərbəst işləmək və tədqiqat aparmaq hüquqlarına malik idilər.

Qədim Şərqin alimləri və elm məskənləri təbiətən, mahiyyətən beynəlmiləl və ümuminsani xarakterə malik olduqlarına görə də onların elmi yaradıcılığı və şanlı fəaliyyətləri islam ölkələri sərhədləri daxilində qalmayıb, daha geniş arenaya - Qərbə və Avropaya, bütün dünyaya yayıldı. Ələlxüsus, Məhəmməd Musa Xarəzmi, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina kimi hər biri dünya elmi tarixində möhtəşəm bir era və epoxa sayılan dahilərin xidmətlərinə müasir dünyanın minnətdar münasibəti fikrimizin parlaq təsdiqidir. Təsadüfi deyil ki, Şərq elm və mədəniyyətinin ən parlaq ulduzlarından biri olan, böyük vətəndaşımız Əbu Reyhan Biruninin elmi kəşflərini layiqincə qiymətləndirən amerikalı elm tarixçisi Sapton XI əsri "Biruni əsri" adlandırmışdı. Belə bir yüksək ada bəşəriyyətin mədəniyyət və elmi təfəkkür tarixində çox az, nadir insanlar layiq olmuşdur. Əbu Reyhan Biruninin ağıl və zəkasının müqayisə olunmazlığı, heyrətamiz ensiklopedik təfəkkür və biliklər qazanması, özündən sonra hələ yüz illər ərzində bir çox elmlərin inkişafına güclü təsir göstərməsi onun belə bir bənzərsiz etirafa nail olmasına gətirib çıxarmışdır. Orta əsrlərin başqa bir ensiklopedik dahisi Əbu Əli ibn Sina haqqında da yuxarıdakı yüksək fikirləri söyləmək mümkündür. Dahi həkimin dünyada misli-bərabəri olmayan "Tibb qanunları" çoxcildlik əsəri müqayisə olunmayan kitablar kitabı sayılmış, neçə yüz illər ərzində Avropanın ən nüfuzlu universitetlərində və ali təhsil ocaqlarında əsas dərslik kimi tədris edilmişdir. Əbu Əli ibn Sinanın xidmətlərini qiymətləndirmək və təsəvvür etmək üçün təkcə onu söyləmək kifayətdir ki, böyük bir elm sahəsi kimi dünyada qəbul edilmiş "Medisina" terminoloji adının və istilahının mənşəyi, kökü bilavasitə bütün zamanların böyük həkiminin adı ilə bağlı olub - Sina sözündən törəmişdir. Ümumən, "Medisina", "Sağlam həyat tərzi" və bir çox başqa mühüm elmi anlayışların təməlini, tibb elmindəki əsas sahələrin fundamental bünövrəsini İbn Sinanın əsərləri formalaşdırmışdır.

Amma bu da həqiqətdir ki, qeyd etdiyimiz dahilərin hamısı öz ömürlərini sakit və firavan tərzdə axıra çatdıra bilməmiş, elmi yaradıcılıqlarını bəzən çox ağır çətinliklərə sinə gərərək davam etdirməli olmuşlar. Bu cəhətdən böyük alim və mütəfəkkir Mahmud Zəməhşərinin həyat və yaradıcılıq yolu ibrətamizdir. Uşaqlıqdan cismən şikəst olmasına baxmayaraq, əzab-əziyyətlərə qatlaşaraq Xarəzm diyarından uzaq Ərəbistana yola düşüb, ərəb dilini mükəmməl dərəcədə mənimsəyib və öz zəmanəsinin ən mükəmməl ərəb dili qrammatikasını yaradan Mahmud Zəməhşəri elmin bir çox sahələrində heyrətamiz uğurlar qazanmışdır. Dahi alimin bir çox Şərq ölkələrinə səfərə çıxıb, onlarla yaxından tanış olması, öz dövrünün bir çox elm sahələrinə və dərin biliklərinə sahib olması, islam mədəniyyətini və ilahiyyatşünaslığı zənginləşdirən əsərləri bu gün də nəsilləri mənəvi kamillik zirvəsi kimi duyğulandırmaqdadır.

Möhtərəm Prezidentin "Yüksək mənəviyyat - yenilməz güc" kitabında müstəqillik mənəviyyatının və ümumən, çağdaş milli-mənəvi aləmin söykəndiyi, bilavasitə qidalandığı böyük mənəviyyat zirvələrindən söhbət açılır. Amma kitab müəllifi milli inkişaf və mənəvi-mədəni tərəqqi tarixinin bütün nümayəndələrini və onların fəaliyyətini ümumiləşdirməyi qarşısına məqsəd qoymamışdır. Zatən, belə bir məqsəd seçmək və böyük Türküstanın bütün elm, maarif, mədəniyyət və mənəviyyat mütəfəkkirlərindən bir və ya bir neçə kitabda bəhs etmək imkan xaricindədir. Məhz buna görə də, kitab müəllifinin bu məsələ ilə bağlı həssas bir qeydini sizin nəzərinizə çatdırmağı lazım bilirəm: "Əgər bizim bu mübarək zəminimizdə doğulub boya-başa çatan, öz həyat və fəaliyyəti ilə yalnız doğma tariximizdə deyil, eyni zamanda, bəşəriyyətin dünənki və bugünkü inkişaf mərhələlərində silinməz izlərini qoyan dahi alimlərimiz və böyük mütəfəkkirlərimiz, bütün islam dünyasında etiraf olunan müqəddəslərimiz və övliyalarımızın hamısından söhbət açmalı olsaq, düşünürəm ki, bu barədə uzun zamanlar danışmaq lazım gələr.

Bizim qarşımıza qoyduğumuz məqsəd isə belə ulu insanların həyat yolunu və bugünkü nəsillərə qoyub getdiyi elmi-mədəni irsi tam şəkildə, başdan-ayağa bəyan etmək olmayıb, milli keçmişimizin ən böyük nümayəndələri misalında elm və maarif, mədəniyyət, din və başqa sahələri özündə cəmləşdirən xalqımızın mənəviyyatının nə qədər zəngin və rəngbərəng olmasını vurğulamaqdan ibarətdir. Belə nadir və əvəzsiz mənəvi sərvətləri dərindən və hərtərəfli öyrənmək, onların məzmununu və məna sirlərini övladlarımıza anlatmaq, gələcək nəsillərə çatdırmaq hamımızın, birinci növbədə isə ziyalılarımızın, bütün ictimaiyyətin vəzifəsi, müqəddəs borcudur. Çünki özümüz - bu gün bu yurdda yaşayan elsevər və vətənpərvər insanlar bu vəzifələri öz boynumuza götürməsək, özümüz bu işləri yerinə yetirməsək, heç kim başqa yerdən gəlib bunları bizim əvəzimizə edə bilməz".

Bəli, möhtərəm Prezidentin vurğuladığı kimi, Türküstanın dünyaya bəxş etdiyi bütün mənəviyyat və təfəkkür dahilərini bir və ya bir neçə kitaba sığışdırmaq mümkünsüzdür. Amma öz doğma xalqı və insanlıq tarixində fövqəladə xidmətlər göstərmiş, yaxın və uzaq yaddaşlara əbədi nəqşlənmiş şəxsiyyətləri diqqətdən kənarda saxlamağa ixtiyarımız və mənəvi haqqımız yoxdur. Bu mənada böyük babalardan söz açarkən Sahibqıran Əmir Teymur həzrətlərindən əlahiddə bəhs etmək zəruridir. Sahibqıran - bəxtli ulduz altında doğulan deməkdir. Məhz belə bir ilahi başlanğıc dünyanın ən qüdrətli sərkərdələrindən, təvəzökar dövlət başçılarından birinin taleyini həll etmişdir. Böyük bir imperiyanın yaradıcısı, iştirak etdiyi döyüş və müharibələrin heç birində yenilməyən, ömrü boyu məğlubiyyət acısını dadmayan fövqəlşəxsiyyət sadəcə olaraq özünü "Əmir" deyə adlandırmış, yüksək titul və adlardan imtina etmişdir. Kitabda vurğulandığı kimi, cəsarət və şücaətdə tayı-bərabəri olmayan, şəxsiyyəti mərdlik və müdriklik rəmzinə çevrilmiş bu mübarək və mümtaz sima böyük səltənət yaradıb, dövlətçilik sahəsində aləmşümul uğurlar qazanıb, özündən sonra həm əməli, həm də nəzəri əhəmiyyətini heç vaxt itirməyən möhtəşəm miras qoydu, elm-təhsilin, mədəniyyətin, din və mənəviyyatın, ölkədə möhtəşəm quruculuq və abadlıq işlərinin çiçəklənməsinə geniş yollar açdı.

Böyük Əmir Teymur səltənətindən bugünkü nəsillərə milli iftixar və qürur oyadan bir çox memarlıq inciləri yadigar qalmışdır. Qardaş Özbəkistanın Səmərqənd, Buxara, Xivə, Daşkənd, Şəhrisəbz, Qarşı, Termez və bir çox başqa dünya şöhrətli şəhərləri müdrik və uzaqgörən dövlət başçısının mənəvi qüdrətinin ifadəsi olan bənzərsiz sənət və mədəniyyət abidələri ilə bəzənmişdir. Təkcə Özbəkistanın böyük şəhərlərində deyil, bu gün bir sıra qardaş və qonşu türk məmləkətlərində də Əmir Teymur və Teymurilər zamanında inşa edilmiş Ağsaray, Göysaray və Altın saraylar, möhtəşəm məscid və mədrəsələr, müxtəlif təyinatlı inşaatlar və memarlıq abidələri yaşamaqda, hələ də öz əzəli gözəlliyini və əzəmətini nümayiş etdirməkdədir. Məhz buna görə də çağdaş nəsillər öz dahi babalarının yaratdığı, bütün Şərqə gözəllik və nəfislik bəxş edən möhtəşəm saraylara həkk etdirdiyi "Əgər bizim qüdrətmizə şübhə etsəniz, yaratdıqlarımıza baxın" hikmətini minnətdarlıqla xatırlayırlar. Əmir Teymur hikmətlərindən söz düşmüşkən, müdrik dövlət başçısının öz üzüyünə həkk etdirdiyi məşhur "Güc - ədalətdədir" kəlamını da yada salmaq lazımdır.

"Yüksək mənəviyyat - yenilməz güc" kitabının təcrübəli və müdrik bir dövlət başçısının həyat, mənəviyyat və dövlətçilik haqqında səmimi mülahizə və düşüncələrindən doğulduğunu xüsusi vurğulamaq vacibdir. Möhtərəm Prezidentin ən ciddi məsələlərə, mürəkkəb həyat hadisələrinə və böyük tarixi şəxsiyyətlərə yanaşmasında da biz bu səmimiyyətin bariz şəkildə əks olunduğunu görürük. Bu cəhətdən görkəmli dövlət rəhbərinin öz uzaq sələfi haqqında aşağıdakı düşüncələri qəlbimizdə qürur oyadır: "Şəxsən mən "Teymur tüzükləri"* ni hər dəfə oxuyanda sanki ondan ruhi qida, mənəvi güc-qüvvət alıram. Öz iş fəaliyyətimdə bu kitaba təkrar-təkrar müraciət edib, ondakı heç zaman köhnəlməyən, insanın mənəvi aləmi üçün bu gün də qida verən hikmətli fikirlərin nə qədər həyati olduğuna əminlik hasil edirəm. Məsələn, "Təcrübəmdən görmüşəm ki, əzmkar və qətiyyətli, tədbirkar, ayıq, mərd və şücaətli bir insan min dənə tədbirsiz, laqeyd adamdan yaxşıdır" kimi hikmətli sözlər həyati və mənəvi əhəmiyyətini bu gün də zərrəcə azaltmamışdır.

Əmir Teymur babamızın belə dərin mənalı həyati hikmətləri xalqımızda qədimdən mövcud olan "Biləyi güclü birini, biliyi güclü minini yıxar" məsəli ilə hamahəng olub, insanı həmişə ağıl-idrak, ədalət və yüksək mənəviyyatla yaşamağa dəvət etməsi ilə diqqətəlayiqdir".

Mirzə Uluğbəy həzrətləri haqqında da kitabda yüksək səmimiyyətlə bəhs edildiyini vurğulamaq istəyirik. Əmir Teymurun ən sevimli nəvəsi olan bu nadir şəxsiyyət öz babasının səltənətinə qırx ilə yaxın başçılıq etmişdir. Amma Mirzə Uluğbəy insanlıq tarixində böyük bir səltənət və hakimiyyət başçısı kimi deyil, daha çox elmi və fəlsəfi təfəkkür sahibi kimi qalmışdır. Zamandaşlarının və tarixçilərin şəhadətinə görə, onun faciəli qismətində bax bu ikiliyin rolu az olmamışdır. Məhz buna görə də Mirzə Uluğbəy tarixdə bir şahzadə, qırx il Türküstanda hökmranlıq etmiş şahənşah kimi deyil, daha çox Qərbdə və Şərqdə ilk dəfə olaraq minlərlə ulduzların hərəkətini özündə cəmləşdirən mükəmməl astronomik cədvəlin yaradıcısı kimi tanınmışdır. Son dərəcə maraqlıdır ki, bu cədvəldə əks olunmuş elmi məlumatların və informasiyaların nə qədər dəqiq, doğru-düzgün olduğunu bugünkü ən yeni cihazlar da təsdiq etməkdədir. Elm tarixində "Zici cədidi Körəqani" adı ilə məşhur olan Mirzə Uluğbəyin məşhur astronomik cədvəlinin hələ orta əsrlərdə latın dilinə tərcümə olunması və Avropa alimləri arasında geniş yayılması böyük alimin və Teymurilərin dahi övladının o zamankı aləmşümul elmi nüfuzundan və şöhrətindən bizə xəbər verir.

Qədim Türküstanın ən yüksək mənəviyyat və təfəkkür zirvələrindən biri olan Mirzə Uluğbəyin elmi cəsarətindən və cahanşümul şöhrətindən söz açarkən möhtərəm Prezidentin bir vətəndaş və yurddaş kimi necə qürur duyduğunu sözlə ifadə etmək çətindir. Özü də yeni və müstəqil bir dövlətin banisi və başçısı kimi dünyada kifayət qədər tanınan və şöhrətli bir insan olan müəllifin aşağıdakı ürək sözləri bizim qəlbimizi də riqqətə gətirir: "Mirzə Uluğbəy babamızın dünya şöhrətindən bəhs edərkən istər-istəməz, 1996-cı ildə Parisdə YUNESKO-nun o dövrdəki baş katibi Federiko Mayor cənabları ilə aramızda olan bir söhbət yadıma düşür. Onda cənab Mayor Mirzə Uluğbəyin elmi irsini yüksək qiymətləndirib, onun ulduzların hərəkətinə aid hesablamalarını bu gün kompyuterin köməyilə yenidən yoxlayarkən cəmi bir neçə dəqiqə səhv etdiyi müəyyən olunmuşdur, deyə bildirdiyi fikri xüsusi qeyd etmək istəyirəm. Bu cavabı eşidəndə mən ona yox, cənab Federiko Mayor, Uluğbəy səhv edə bilməz, bəlkə kompyuterlər səhv etmişdir, - dedim. Düzdür, bu cavab səmimi və dostcasına bir lütf kimi söylənmiş olsa da, düşünürəm ki, onda dərin həqiqət öz əksini tapmışdır".

Dünyanın ən yüksək mənəviyyat və bədii təfəkkür zirvələrindən sayılan Əlişir Nəvai zirvəsi ilə bütün Şərq və türk dünyası həmişə fəxr etmişdir. Bu zirvə də Mirzə Uluğbəy və Əli Quşçu zirvəsi kimi Teymurilər səltənətinin mədəniyyət və sənət sütunları üzərində ucalmışdır. Məlum həqiqətdir ki, Teymurilər dövlətinin yaratdığı ictimai-siyasi və mənəvi qüdrət olmadan Əlişir Nəvai yaradıcılığı bu dərəcədə möhtəşəmlik və əzəmətlilik kəsb edə bilməzdi. Bütün türk dövlətlərində tarixən formalaşmış müqəddəs və əzəli ənənə - elmə və mədəniyyətə, sənətə və sənətkara yüksək hörmət-etibar olduğunu yadda saxlayaraq onu qeyd etməliyik ki, Teymurilər dövlətində, məşhur Teymuri padşahlardan Hüseyn Bayqara sarayında bədii və elmi yaradıcılığa sözün əsl mənasında, əsas və baş dövlətçilik məsələsi kimi yanaşılmışdır. Bu Sahibqıran Əmir Teymurdan başlayan, onun alim və mütəfəkkir nəvəsi Mirzə Uluğbəydən gələn və sonrakı dövlət başçılarının da sədaqətlə əməl etdikləri bir ənənə idi. Türk dünyasının dahi söz sərkərdəsi Əlişir Nəvainin bəxtinə, sonralar böyük Məhəmməd Füzulinin arzu və qibtə edəcəyi, qədirbilən bir tale qismət olmuşdu. Son dərəcə heyrətamiz olanı odur ki, doğma dövlətinin yüksək diqqəti və qayğısı sayəsində Əlişir Nəvai təkbaşına bütün bir ədəbiyyat, bütün bir mədəniyyət yaratmağa nail oldu. Özünəqədərki farsdilli və türkdilli poeziyanın uğurlarını Əlişir Nəvai öz yaradıcılığında misilsiz bir məharətlə birləşdirə və ümumiləşdirə bilmişdir. Tarixdə heç bir bədii düha öz qarşısına bu dərəcədə böyük və əzəmətli məqsədlər qoymamış, deməli, həll etməmişdir. Öz Teymuri babaları kimi şeirin və sənətin vurğunu olan, elm və mədəniyyətin qardaş diyardakı böyük hamisi sayılan möhtərəm İslam Kərimovun Nəvai haqqındakı ürək sözləri bizim qəlbimizdə də əks-səda verir: "Əlişir Nəvai xalqımızın şüuru və təfəkkürü, bədii mədəniyyəti tarixində bütöv bir dövr yaradan nadir şəxsiyyətdir, milli ədəbiyyatımızın heç kimlə müqayisə olunmayan nümayəndəsi, millətimizin özlüyünü və şərəfini, iftixar və qürurunu dünyaya nümayiş etdirən dahi söz sənətkarıdır. Əgər belə demək mümkünsə, yer üzündə türkcə və farsca danışan elə bir insan yoxdur ki, o Nəvaini tanımasın, Nəvaini sevməsin, həzrət Nəvaiyə etiqad və məhəbbətlə yanaşmasın". Müəllifin dahi sənətkarın mənəviyyat və mədəniyyət tariximizdəki rolunu və yerini son dərəcə dəqiq və aydın şəkildə səciyyələndirən, elmi vüsətinə və fəlsəfi pafosuna görə, ən peşəkar filoloq alimləri belə dərindən düşündürən aşağıdakı mülahizələri də diqqətəlayiqdir: "Əgər bu ulu insanı övliya adlandırsaq, o, övliyaların övliyasıdır, mütəfəkkir adlandırsaq, o, mütəfəkkirlərin mütəfəkkiridir, əgər şair deyə tərif etsək, o, şairlərin sultanıdır".

Beləliklə, aydın olur ki, müstəqillik mənəviyyatının memarı və yaradıcısı olan möhtərəm Prezident yeni və azad dünya qurucularını, müstəqil ölkə vətəndaşlarını öz talelərinin və öz vətənlərinin sahibi olmaq, bu dünyada bəxtiyar və azad yaşamaq üçün onlara hansı zirvələri nişan verir. Gələcək tarix və tale yollarından sərbəst keçib getmək, öz ana vətənini göz-bəbəyi kimi qoruya bilmək və doğulacaq nəsillərin bizim davamımız olması üçün tariximizin, keçmişimizin hansı zirvələrinə söykənmək zəruriliyini, ana vətənin keçmişlərinə və gələcəyinə nur saçan hansı zirvələrə can atmaq gərəkliyini bizə anladır.

Kitabın böyük dərslərindən biri məhz budur.

"Yüksək mənəviyyat - yenilməz güc" kitabının bizə təlqin etdiyi başqa bir mühüm və həyati həqiqət isə ondan ibarətdir ki, müasir mürəkkəb və şiddətli zaman axınında dünyada öz yerini tapmağa can atan hər bir xalq və millət ümumbəşəri tərəqqi nailiyyətlərini dərindən və mükəmməl mənimsəməlidir. XX əsrin əvvəllərində Türküstanda vüsət almağa başlayan cədidçilik hərəkatının və ideyalarının banilərindən biri sayılan görkəmli mütəfəkkir və maarifçi Mahmudxoca Behbudi öz zamandaşlarına xitabən "Dünyada yaşamaq üçün dünyəvi bilik və elm lazımdır, zəmanə biliklərindən və elmindən kənarda qalan millət başqalarına qul olar" - deyərkən məhz bunları nəzərdə tuturdu. Bütün Türküstan xalqlarının idrakını və milli şüurunu oyatmağa çalışan böyük maarifçinin uzaqgörənliklə söylədiyi bu sözlərin nə qədər həqiqət olduğunu çağdaş elmi-texniki inqilablar, müasir mürəkkəb təfəkkür tərzi və bir-birini yüksək sürətlə əvəzləyən texnologiyalar zamanı isbat etməkdədir. Həqiqətən də, Prezidentin vurğuladığı kimi, hazırkı dövrdə əgər dünyəvi bilik və elmləri, çağdaş elm və texnologiya yeniliklərini yetərincə mənimsəməsək, təkcə keçmişimiz, tariximizlə, qədim əcdadlarımızın kəşfləri ilə lovğalanıb onlara məftunluqla yaşasaq, xalqımızın qiymətli maddi-mənəvi mirasını qoruyub, daha da zənginləşdirib, ona öz müvəffəqiyyətlərimizi əlavə etməsək, zamanla ayaqlaşmasaq, dünya meydanında özümüzə layiq yerdən ayrıla bilərik. Son dərəcə ciddi məsuliyyətlə söylənmiş bu mülahizələr həm də mühüm xəbərdarlıqdır. Onu da etiraf etməliyik ki, maarifçi və mütəfəkkir babaların düz yüz il əvvəlki vətəndaşlıq yanğısı ilə yoğrulmuş narahatçılığı və nigarançılığını bugünkü nəsillər də eynən o cür narahatlıqla bölüşməkdədir. Milli istiqbalın və xoşbəxt talenin yolları isə, yüz il əvvəlki kimi, yenə də təhsil və tərbiyədən keçir. Bu haqda düşünərkən, XX əsr özbək maarifçi ədəbiyyatının başqa bir görkəmli nümayəndəsi Abdulla Əvlaninin "Tərbiyə bizim üçün ölüm-dirim, nicat və ya əsarət, səadət və ya fəlakət məsələsidir" kimi dərin mənalı sözlərini xatırlayırıq. Müəllifin yüksək hörmət-ehtiram və minnətdarlıq duyğusu ilə vurğuladığı kimi, böyük maarifçi babamızın keçən əsrin əvvəllərində söylədikləri millətimiz üçün nə dərəcədə mühüm və taleyüklü məsələ idisə, indiki vaxtda da bizim üçün düz o qədər, bəlkə ondan da çox zəruri və həyati əhəmiyyət kəsb etməkdədir.

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" kitabı insan mənəviyyatının və dövlətçilik mədəniyyətinin əsas atributları haqqında kitabdır. Müdrik və təcrübəli dövlət başçısının bilavasitə iştirakçısı və yaradıcısı olduğu onlarla ictimai-iqtisadi yeniliklər və dəyişikliklərə, qlobal dövlətçilik proseslərinə, XX yüzilin ən böyük hadisələrindən sayılan - Sovet İttifaqının dağılması və suveren, müstəqil dövlətlərin meydana gəlməsinə, tamamilə yeni ictimai-iqtisadi və siyasi münasibətlərin formalaşmasına və başqa bir çox həyati proseslərə özünəməxsus yanaşması ensiklopedik miqyasa və mündəricəyə malik bu kitabda dərindən əks etmişdir.

Möhtərəm Prezidentin kitabı yalnız çağdaş ictimai-siyasi və mənəvi ehtiyaclardan deyil, həm də tarixi-ənənəvi bir ehtiyacdan və zərurətdən doğulduğunu burada qeyd etmək vacibdir. Bir neçə minillik dövlətçilk tarixinə malik türk xalqlarının başçıları həmişə ya şair, ya da alim-mütəfəkkir olmuşlar. Ona görə də dövlət başçılarının kitab yazması və yaratması milli-etnopotensialın və ənənənin təkrarsız bir ifadəsinə çevrilmişdir. Əmir Teymur həzrətlərinin böyük zəmanəsindən və səltənətindən "Teymur tüzükləri" və "Zəfərnamə", Mirzə Uluğbəydən "Zici cədidi Körəqani", Zahiriddin Məhəmməd Baburdan "Baburnamə", başqa Teymuri hökmdarlardan da onlarla kitablar və divanlar hazırkı nəsillərə qədər gəlib çatmışdır. Özü də şəcərəsinə və əsil-nəcabətinə görə Teymuri olan dahi Əlişir Nəvaidən isə tam böyük bir ədəbiyyat, bütöv bir mədəniyyət bizə - bugünkü nəsillərə yadigar qalmışdır. Bu mənada akademik İslam Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" kitabı müqəddəs və türkanə bir ənənənin gözəl davamı kimi də ibrətamizdir.

Müstəqilliyinin 20 illiyini təntənə ilə bayram edən qardaş Özbəkistanın bu dövr ərzində qazandığı böyük nailiyyətlər üç min illik mədəniyyət və mənəviyyat tarixinin bir-birindən uca və əzəmətli zirvələrindən güc alıb irəliləyən xalqın azad və demokratik inkişaf yoluna çıxdığını parlaq şəkildə isbat etməkdədir. Qədim və müdrik tarixin aləmşümul zirvələri çoşqun əhval-ruhiyyə ilə qurub-yaradan qüdrətli xalqın bu gününü və heç şübhəsiz, gələcəyini nurlandıran zirvələrə çevrilməkdədir.

Müstəqillik dövründə Azərbaycan-Özbəkistan münasibətlərinin fundamental şəkildə yenidən qurulmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu öndərin və Özbəkistan Respublikası Prezidenti İslam Kərimovun qarşılıqlı səfərləri nəticəsində iki qardaş məmləkət arasında çoxtərəfli əlaqələr formalaşdırılmış, bu gün uğurla inkişaf etməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin son illər ərzində həyata keçirdiyi dövlət səfərləri isə ölkələrimizin qardaşlıq və dostluq münasibətlərini yeni səviyyəyə qaldırmışdır. Biz qardaş Özbəkistan istiqlalının 20 illiyinə həsr etdiyimiz bu yazını da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağdaş əlaqələrimizi dərindən təhlil edən və səciyyələndirən müdrik kəlamı ilə bitirmək istərdik: "Ümumi tarixi və mədəni köklərimiz, xalqlarımız arasındakı ənənəvi dostluq və müstəqillik dövründəki sıx əlaqələrimiz bizi yaxından birləşdirir. Azərbaycan və Özbəkistanın inteqrasiyası yalnız bu iki dövlət üçün deyil, bəlkə bütün Mərkəzi Asiya, Qafqaz və Xəzəryanı regionlar üçün mühüm əhəmiyyət daşıyır".

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

 

Yaşar QASIMBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.3.