Əncir ağacı

 

Yarpaqlarını südlə bəsləyən,

südü acı

əncir ağacı.

Məhəbbət kimi şirindi meyvəsi,

Qumlu torpaqların

yatmış dəvəsi.

Gün altında

bütün canlıların talvarı oldu.

Yarpağı Adəmlə Həvvanın

ilk paltarı oldu.

İçdiyi su çox vaxt şor olan,

Sevib-sevildiyi diyar Abşeron olan

Ana kimi dözümlü bir ağacdı,

Meyvəsi min bir dərdə əlacdı.

Bağımın başında yaşıl tacı

əncir ağacı olub.

Dərdimi bölüşdüyüm ana, bacı

əncir ağacı olub.

Bu gecə yaşamaqdan yorulub

əncir ağacı yıxılıb torpağa.

fəlakət üz verib bağa.

Bu səhər bütün ağacların budağı

sənə baş əyib baxır.

Bu səhər hər yarpağın gözündən

yaş axır.

Payız vida mövsümüdür,

əlvida anam, bacım,

əncir ağacım.

Biz ağacları dəfn etmirik.

Başlayanda şaxtalı çağlar

Bağban səni doğrayacaq,

Ya satıb qazanacaq,

Ya da yandırıb oduna qızınacaq.

 

 

Gözlərinin rəngi

 

Bilmirəm nə vaxt, haçan

Cənnətdən bezib qaçan

Bir mələksən, gözəl qız,

Mənim yolumu kəsən

Bir fələksən, gözəl qız.

Bu yayın istisində

Gözlərin nə sərindi.

Gözlərin nə sakitdi,

Getdikcə ağlım gedir,

Gözlərin nə dərindi.

Məni hara aparır

Gözlərinin ovsunu.

Getdikcə yaxınlaşır

Azadlığımın sonu.

Gözlərindir kainat;

Hər halda mənim üçün,

Orda başlayır həyat,

Orda qurtarır həyat.

Mənə elə gəlir ki,

Gözlərindi qoruyan

Dünyanın ahəngini.

Gözlərində yaşadım,

Amma görə bilmədim

Gözlərinin rəngini.

 

 

Məhəbbət

 

Məhəbbət ölüm kimi bir şeydi

Atılırsan qoynuna

Gedirsən sonsuzluğa kimi,

sənsizliyə kimi.

Heç özün də bilmədən

Niyə, nədən?!

Qayıtmaq istəmədən

Gedirsən, gedirsən…

Məhəbbət taledi, qəzadı, qədərdi.

Məhəbbət o dünyadan da

o yana qədərdi.

"Yox!" -deyib

özünü aldatma

çalış sonuna çatma…

Bu məhəbbətdi -

şirin dərddi.

Bu dərdin qoynunda

ölmək səadətdi.

 

 

Dayanın

 

Altı qitədə

dörd milyard insan

simsiz telefonla danışır.

Danışmaqda hamı

bir-biri ilə yarışır.

Hələ radio dalğaları

fərqli dillərdə

söz selləridi.

Havaya yüklənir

ayrılıqlar, görüşlər,

öpüşlər, söyüşlər.

Düşünən yoxdur ki,

bu udduğumuz havadı,

aldığımız nəfəsdi.

Təkcə maşınların,

təyyarələrin tüstüsü bizə bəsdi.

Bunlar ciyərimizdən süzülür,

Yarpaqların yaşıllığına ləkə salır,

torpağın,

suyun yaxşılığına ləkə salır.

Bütün bu sözlər, səslər,

duyğular, hisslər,

Raketlər, sınaqlar, yanğınlar, hislər…

Anaların bətnində övladına hopur,

Ağacın çiçəyinə, meyvəsinin dadına hopur.

Sonra da deyirik fırtınalar hardan gəlir,

qiyamət niyə qopur.

Hər an sinəmdən

milyon insan nəfəsi keçir.

Birinin ölüm ayağında fəryadı,

Birinin məhəbbət nəğməsi keçir.

Suda boğulan balıqların fəryadı var,

Havada havasızlıqdan boğulanların

Uydurma bir xəstəlik adı var.

Evində beş yüz kanalı tutan televizor,

Qarşısında üç növ mobil telefon,

Notebook, internet

işin zor gedir, zor!

Xanımının, balalarının duyğusuna yadsan,

Elə bilirsən xoşbəxtsən,

hər şeydən azadsan.

Əslində yaşadığın bu xaosun içində

sən heç zadsan!

Hamımız sərnişinik bu səyyarədə.

Bu səyyarə də

bir təyyarədi.

Havasının, suyunun qərəli var,

Hər kəsin öz yeri,

insan sayının qərəli var.

Bir siqar tüstünün

hamıya zərəri var.

Hələ gediləcək uzun yol,

uzun zaman var.

Hələ bizdən sonra da dünyaya gələcək

İnsan, insan, insan var.

Dayanın!

Oyanın!

Gələcək nəsillər hardan biləcək.

Suyumuz su olmayıb, havamız hava olmayıb,

insan robot olmayıb,

müqəvva olmayıb.

 

 

Bəlkə var

 

Allahım, mən ayağın altında

Ağrıyan bir hüceyrəyəm.

Ağrımı mütləq duyursan

Amma məhəl qoymadan

Ayağını yerə döyürsən.

Mən anlaya bilmirəm

Yəqin mənə nəsə deyirsən.

Bilirsən mən ölsəm də

Sənə bir şey olan deyil, -

Nə də yer üzü dağılacaq.

Elə həmin an

Yerimdə yeni hüceyrə doğulacaq.

Heç kəs əbədi deyil, ancaq

Hər kəsin bir ölməzlik anı var.

Bəlkə ayağın altındakı bu hüceyrənin də

Ölməzlik imkanı var.

Nə olar aman ver, Allah

Bir an gözünün ucu ilə mənə sarı bax.

 

 

İnsan necə...

 

Axşam quşlar yuvasına qayıdır,

Gedənlər yenə bahara qayıdır,

Yuvası olmayanlar hara qayıdır?

Yuvası olmayan insan necə?

Yuvasızlar öz tənhalığına qayıdır hər gecə.

 

 

Uşaqlar üçün tapmaca

 

Nə yeyilir, nə içilir,

Əkilmir, hər gün biçilir.

(Kişilərin saqqalı)

 

 

Hovuzda

 

Hovuzda su büllur kimi,

Nur kimi

təzə-tər.

Dibinə iynə düşsə görünər,

Yumşaq işıqlı bir sudu.

Elə bil körpə yuxusudu-

Yuxuda körpə gülüşüdü,

Allah, bu nə qəribə işdi;

Dəli ürəyimdən qəribə istək keçdi.

"Hovuza qarmaq atım

bəlkə balıq düşdü".

 

 

Ağıllanmır

 

Gözlərimin gördüyünü

ağlım danmır.

Ürəyim görmək istədiyini görür,

ağıllanmır ki, ağıllanmır.

 

 

Gəlməsə

 

Göz yaşıyla sönən deyil

Məhəbbətin yanğısı.

Söndürəmməz, özü yanar

Bu atəşə daman su.

 

Bu bəlanı Allah qıymır

Hər adama, hər kəsə.

Vaxt varkən sən özün get

Bəla sənə gəlməsə.

 

 

Yeri get

 

Heç vaxt olmur haqsızlığın,

Nə də haqqın yarısı.

Ya öldürdün, ya da öldün

Bir olacaq ağrısı.

İçindədir hər adamın

Baş əydiyi Tanrısı,

Geri baxma, yeri get.

Xəcil olsan yerə baxma,

Görmədiyin yerə bax.

Haqsız yerdə ayaq saxla,

Ağac olmuş pirə bax.

Hirslənəndə sus! Səbr elə,

Sakit axan Kürə bax.

Geri baxma, yeri get

İnsan gəldik, insan gedək

Ömrümüzü başacan.

Dünya gördüm, heç görmədim

Bu dünyadan baş açan.

Bədən varkən azad oldu

Bu gödəndən baş haçan?

Geri baxma, yeri get.

Hər səyyarə bir qəfəsdir -

Sirlər ilə doludur.

Dedilər ki, Yer kürəsi

İnsanlığın yoludur.

Burda hər kəs yaranandan

Taleyinin quludur

Geri baxma, yeri get.

(Arxivimdən)

 

 

Yaşayıram

 

Can sıxıldı, ruhum uçdu,

Döşəmə daş, tavan daşdı.

Ürəyim ağrıyan dişdi

Daşnan daşın arasında.

 

Söz üyütmə xısın-xısın,

Dözürsən döz, sınırsan sın!

Dil hansı haqdan danışsın

Dişnən dişin arasında.

 

Gödənim başımı yenib,

Canım boş köpüyə dönüb.

Boynum qıl körpüyə dönüb

Başnan leşin arasında.

 

Dünya, səni boşuyuram,

Gözlərimi boş qoyuram.

Bir ölüməm, yaşayıram

Gözlə qaşın arasında.

 

Yalan haqdı, haqq yalandı,

Bel büküldü, can talandı.

Ömrüm yolda tapdalandı

Evnən işin arasında.

 

Sahibi ölmüş bir bağam,

Nə ölmüşəm, nə də sağam.

Mən saralmış bir yarpağam

Yaynan qışın arasında.

 

Zamanda bir aman olmaz,

Məndən imdad uman olmaz.

fikrətdən qəhrəman olmaz

Məğlub qoşun arasında

1991

 

Xonçasa içində nə var?

Nə fərqi nəyə bükülür.

Evlər çölündən tikilir,

Mənzil içindən sökülür.

1991

 

 

Fikrət Qoca

  

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.5.