XX əsr ədəbiyyatımızın görkəmli simalarından unudulmaz sənətkarımız İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən 15 il keçir.

  

Fədai

 

Xalq yazıçısı, qüdrətli dramaturqumuz İlyas Əfəndiyevə

 

Cəfər Cabbarlının ustad varisi

İlyasla səhnəyə nur axdı, gəldi.

Verginin cövhəri, təbin xalisi

"Bahar suları" tək gur axdı, gəldi.

 

Teatr - ən ülvi məbədgah, ehram,

Ucuz şan-şöhrətə qapısı bağlı.

Sənətin əlçatmaz zirvəsi - dram,

Sıldırımlı yolu qarlı-sazaqlı.

 

Neynək…

Dünya dolu gəldi-gedərlə,

Sənət meydanı da doludu, heyhat!

Sərçə öz içində ciggiltilərlə,

Qartal əzəmətlə açır qol-qanad.

 

Asiman qaralar günəşsiz-aysız,

Böyük el yoluna bəzəkdi karvan.

Dəniz dayazlaşar nəhrsiz, çaysız,

Səhnə sənsiz olar dənsiz dəyirman.

 

Dünyaya gətirən gətirib səni,

Mirzə Fətəlilər sonsuz qalmasın.

Cavid təxəyyülü, Vurğun yelkəni

Üfüqdə varissiz qanad çalmasın.

 

Vaxtında yetirib yetirən səni,

Boşluğun əlinə keçmədi fürsət.

Böyük ehtiraslar böyük səhnəni

Bu saat səninlə qaldırır əlbət.

 

Bir var ötəri səs, ötəri nəfəs,

Gül-çiçək ötəri, alqış ötəri…

Beşgünlük afişa - ötəri həvəs,

Ötəri cəlb edir fikri-nəzəri.

 

Bir də var - anadangəlmə - elə sən,

Fədai olasan, Fərhad olasan.

Qaçıb xırım-xırda şirnikmələrdən,

Əsərdən-əsərə ustad olasan.

 

Bir var - bir yol dəyə güllən hədəfə,

Kifayətlənəsən - "Dəydi ki… bəsdir!"

Düz nişan alasan - bir var hər dəfə,

Bu, fitrətdən gələn sonsuz həvəsdir.

 

Yox-yox, bir düşünüb-daşınım gərək,

Təkcə "həvəs" sözü azdır, məncə, az.

İti külüng gərək, zorlu qol gərək,

Bir həvəs gücünə dağlar çapılmaz.

 

Əsl sənətkarlıq çətin bir aləm,

Səhnə yazarlığı çətindən çətin.

Məkr və məhəbbət, sevinc ilə qəm

Baxtına paylanır neçə surətin.

 

Gəzirəm surətlər xiyabanında,

"Şeyx Xiyabani"ylə salamlaşıram.

O deyir: "Səhnənin bu dastanında

Təzə ümidlərlə coşub-daşıram".

 

Ən nadir zərrəbin - sənətkar gözü,

Həm görür, həm də ki, göstərir aşkar.

Ən adi hökm də - sənətkar sözü,

Uçur bünövrəsiz "Büllur saray"lar.

 

Atayevlərin də tale kitabı

Bir gün varaqlandı sənin əlinlə.

Nargilə qızların pünhan əzabı

Şölə çəkib yandı sənin əlinlə.

 

Tutmusan nəbzini günün-rüzgarın,

Ürəklərdən keçir sənətin yolu.

Yaşıl pöhrəsidir Natəvanların

Qırmızı komandir - Baltaçı oğlu.

 

Qəribə taleli sevgililərin

Qiyamətə qaldı vüsalı, ustad!

Yaman təzələdi təzə əsərin

Bu köhnəlməz dərdi, məlalı, ustad!

 

Gəncliyin həyatı çağlar çay kimi,

Əbədi nəğməndir bu axar sənin.

Gəncliyin həyatı Günəş, Ay kimi,

Gün nurlu, ay bərqli aynan var sənin.

 

Səhrayi-Kəbirdə tikan deyilsən,

Mehdi var, Sabit var, Ənvər, Mirzə var.

Heç kimdən təmənna uman deyilsən,

Bayrağın sancılmış neçə zirvə var.

 

Səhnə ulduzları parlayır bir-bir,

Ad alır, san alır, şöhrətə çatır.

Təzə aktyorlar nəsli yetişir,

"İlyas teatrı" məktəb yaradır.

 

Tarix yetişdirib Şekspirləri,

Görməmiş deyildir bəşər övladı.

Ancaq misilsizdir məndən ötəri

Xalqımın fədai oğlunun adı.

 

Eh…

Nə payız…

Nə qış, nə ömür, nə yaş?!

Yelkən qabarırsa, ümman daşırsa.

Bahar fəslindəsən - sənə ki, qardaş,

Hər ilk tamaşada gül yaraşırsa.

 

 

Qabil

 

Ədəbiyyat qəzeti.- 2011.- 30 sentyabr.- S.2.